16 oktyabr məhbusları arasında ayrı-seçkilik etdilər!

 Ramiz Mirzəoğlu: «İsa Qəmbər prezident seçkisinə qədər başqanlıqdan getməyəcək»

Sabah 2003-cü ilin 16 oktyabr hadisələrinin 8 ili tamam olur. Cəmiyyətdə hələ də dartışılan və Müsavat partiyasını «qələbəni qazanıb, amma qoruya bilməyən» ittihamı ilə üz-üzə qoyan bu seçkisonrası olayla bağlı müxtəlif fikirlər səsləndirilir.

Maraqlıdır ki, bu müxtəlifliyin içində Müsavat üzvləri də az deyil. Fikirlərinə görə partiyadaşları arasında heç də birmənalı qarşılanmayan Ramiz Mirzəoğlu da 16 oktyabrla bağlı faktlar açıqlaya biləcəyini dedi və redaksiyamıza gələrək o günlərə bir daha öz pəncərəsindən aydınlıq gətirdi.

Söhbətimiz isə daha əhatəli alındı… 16 oktyabr hadisələrinə fərqli baxışıyla seçilən müsahibimiz Müsavat məclisinin üzvü Ramiz Mirzəoğludur.

 Bu yolun sonunda ölüm də var

 – Müsahibə vermək istədiyinizi bildirəndə dediniz ki, 15-16 oktyabr hadisələrini hökumətlə bir yerdə müxalifətin içindəki bəzi qüvvələr planlaşdırmışdı.

– Bəli.

– Kimləri nəzərdə tutursunuz, məsələn?

– Ad çəkmək düzgün olmazdı, çünki onları iş başında tutmamışam. Amma fakt odur ki, həmin gün saat 4-də «Qələbə» kinoteatrının qarşısındakı meydanda icazəli mitinq keçirilməliydi. Bakı şəhər İcra Hakimiyyəti həmin mitinqə razılıq vermişdi. Bir vardı həmin meydana müxalifət 5-6 min nəfərlə daxil olaydı, bir də vardı ki, 50-100 min nəfərlə…

– Nəticə eyni olmayacaqdımı?

– Yox. Ona görə ki, razılaşdırılmış mitinqdə iştirakdan insanlar çəkinmirdilər və bu da say çoxluğuna gətirib çıxaracaqdı. Böyük bir hərəkat başlaya bilərdi. İcazə verilməyən meydana əhalinin 70-80 faizi gəlməkdən imtina etdilər.

– O zaman bu məsələ ilə bağlı öz mövqeyinizi, münasibətinizi bildirmişdinizmi?

– Müzakirə getdi ki, mövqeyimi də ortaya qoyaydım?! Oktyabrın 15-də Yasamal Seçki Dairəsindən seçkilərə nəzarət mənə tapşırılmışdı. Gecə hər kəsə xəbər verildi ki, hamı qərargaha gəlsin. Etirazımı bildirdim ki, ən həlledici məqamda məntəqələləri niyə müşahidəçisiz qoyurlar? Təsəvvür edin ki, məntəqələrdən bütün nümayəndələrimizi Müsavatın qərargahına geri çəkdik. Bunun özündə bir anormallıq var idi.

– Kim idi nümayəndələri qərargaha dəvət edən?

– Rəhbərlik…

– Ramiz bəy, ümumiyyətlə, siz 16 oktyabrda həbsdə oldunuz?

– Bəli. 15-16 oktyabr hadisələrinə görə ilk məhkəmə bizim olub. Özü də həbs olunanların içərisində Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları məni 10 gün saxladılar.

– İşgəncələr oldumu?

– Mənə verilən işgəncələr də müstəqil ekpertiza tərəfindən müəyyən olunaraq məhkəməyə təqdim olundu. Yəni həmin bu iqtidarın müstəqil həkim ekspertlərinin verdiyi rəy əsasında sübut olundu ki, bədənimdəki bütün yanıqlar işgəncə əlaməti idi – Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin Banditizmə qarşı mübarizə şöbəsinin rəisi Vaqif Məmmədov tərəfindən qarın nahiyəmdə bir qutu siqaret söndürülmüşdü. Kürəyimdə yanan siqaretlə «Müsavat» sözünü yazmaq istəmişdi, huşumu itirmişdim.

– Nə danışırsınız?!

– Hamı bu hadisəni yaxşı xatırlayır. Sadəcə, mən bunu özümə fəxr ediləcək bir hadisə hesab etmədiyim üçün onun haqqında yerli-yersiz açıqlama verməmişəm. Mən bu yolu seçmişəmsə, onun sonunda ölüm də ola bilərdi, bu nədir ki! Düz 10 gün orada saxladılar. Məqsəd də o idi ki, mən televiziyaya çıxıb səhv yolda olduğumuzu insanlara deməli idim. Həmin vaxt çoxları televiziya ekranlarına çıxdılar. O adamlar müxalifəti də, İsa Qəmbəri də ittiham etdilər. O vaxt Vaqif Məmmədova tapşırılıb ki, o adam köhnə hərəkatçılardandır, nə etsəniz, o televiziyada çıxış etməyəcək. Vaqif Məmmədov da deyib ki, «hələ bu günə kimi bu zirzəmidə əlimdə sınmayan oğul olmayıb». Tərsliyinə salıb məni düz 10 gün orada saxladı, hər gün də işgəncə verdi. Oktyabrın 21-i həbs olunmuşam, 31-də isə məni Bayıl həbsxanasına göndəriblər. Sərdar Cəlaloğlu, İbrahim İbrahimli, Sülhəddin Əkbər, Pənah Hüseyni 2 gün orada saxladıqdan sonra Bayıla göndərdilər. Bu iqtidardan ondan başqa nə gözləyə bilərdik ki?

 Bu «media kapitanları» gəmiləri batırabatıra gedirlər

 – Müsavatın daxilində hansı hadisələr cərəyan edirdi?

– O şey ki plansız və təşkilatsız həyata keçirilir, deməli, orada müəmmalı olan şeylər axtarmağa dəyər. Təsəvvür edin ki, Lenin muzeyinin (Xalçaçılıq muzeyini nəzərdə tutur – Red.) qarşısından hay-küylə, daşla mitinqçilər polisə müqavimət göstərdilər, onlar da çəkildilər. Sonra qərargahın qarşısına gəldilər. Bir az keçdi, «Azadlıq» meydanına girmək haqda qərar qəbul olundu. Meydan qapalı yerdir və hər tərəfdən də polislər tərəfindən mühasirəyə alınıb. Əgər bunlar həqiqətən də öz etirazlarını bildirmək istəyirdilərsə, o zaman polis geri çəkiləndə artıq anlamaq olardı ki, qurulmuş plan var və hər şey də o plana əsasən həyata keçirilir. Yəni polis oradan geri çəkiləndən sonra qərargahın qabağına gələcəkdilər, oradan da cəmiyyətdə tanınmış «siyasi liderlər» odlu-alovlu çıxışlar edəcəkdi və mitinqçiləri öz arxalarınca meydana tərəf aparacaqdı. Əvvəlcədən o nəzərdə tutulmuşdu ki, aksiya iştirakçıları meydana toplaşdıqdan sonra onları hər tərəfdən əzib, bu narazılığı birdəfəlik yatırdacaqdılar. Əgər bu həqiqətən də planlı şəkildə insanların seçkilərin nəticələrinin qanunsuzluğu ilə əlaqədar keçirdikləri etiraz yürüşü idisə, qərargahın qabağına gələndən sonra yenidən Meydana istiqamət götürməyə ehtiyac yox idi. Meydanda polislər dörd bir tərfdən karton düzmüşdülər və onun arxasında meydandan on dəfə artıq insan var idi.

– Yenə o sual aktuallaşır. Hakimiyyətə işləyən adamlar kim idi?

– Bunu ölkənin göysatanları da yaxşı bilirlər. 2005-ci ildə deputat seçkiləri keçirildi. Niyə mən digərləri kimi məhkumluğumun üzərimdən götürülməsini və seçkilərə qatılmağım üçün imkan yaradılmasını xahiş edəndə, bunu mənim üçün etmədilər? Ancaq mandatı əlindən alınmış eks-deputatın məhkumluğunu üzərindən götürüb onu seçkiyə də buraxdılar, deputat da elədilər. Bəyəm cəmiyyət bilmir ki, İqbal Ağazadəyə bu güzəşt niyə edildi?

– Sözünüzdən belə çıxır ki, hakimiyyətə işləyən müxalifətçilərdən biri də İqbal Ağazadə idi?

– Biri odur. İndi sizə bir fakt deyim. Bu hakimiyyət üçün mən – Ramiz Mirzəoğlu təhlükəli olaram, yoxsa Rauf Arifoğlu və ya digərləri? Nədən məni 10 gün «Banditizm»in zirzəmisində olmazın işgəncələr verib, yarımcan türməyə göndərirlər, o adamlar isə Ramil Usubovun nəzarətində Bayıl həbsxanasına gətirilirlər? Xeyir ola?

– Siz konkret olaraq adlarını çəkdiyiniz adamları ittiham edirsiniz?

– Mən onların haqqında konkret olaraq heç bir ittiham irəli sürə bilmərəm. Ancaq bir daha deyirəm ki, bu hakimiyyət üçün məndən çox o adamlar təhlükəli idilər. İndi siz də onlara «media kapitanları» deyə bir ad qoymusunuz. Bunlar elə kapitandırlar ki, bu günə qədər gəmiləri batıra-batıra gedirlər.

– Siz həbsxanadan çıxandan sonra niyə sizə qarşı bir cür, onlara qarşı isə daha mülayim davranıldığının səbəbini özlərindən soruşdunuzmu?

– Yox.

– İsa Qəmbərdən soruşa bilərdiniz…

– Soruşmadım. Yolunu bilmədim.

– Mətbuat vasitəsilə soruşa bilərdiniz…

– O vaxt biz həbs olunanda, siz mətbuatın keçirdiyi kampaniyanı xatırlayırsınızmı – «Siyasi liderlərə azadlıq!» Bu qədər əxlaqsız və tərbiyəsiz bir kampaniya təsəvvür edə bilmirəm. Necə yəni «siyasi liderlərə»? Bəyəm biz insan deyilik? Mənim qolumun üstündə 19 yaşlı Alqayıt Məhərrəmli dünyasını dəyişdi. 7 saylı cəzaçəkmə müəssisəsində bir yerdə idik.

– Ona da işgəncə vermişdilər?

– Onu da 22 saylı Polis bölməsində döymüşdülər, təfərrüatını bilmirəm. Ancaq bu uşaq o qədər enerjili idi ki… Eşikdən də xəbər gəlmişdi ki, 31 dekabrda, Həmrəylik Günündə prezidentin əfv fərmanı çıxacaq. Mən də ona deyirdim, sən bu qədər özünü zorlama. Sənə nə qədər cəza kəsiblərsə, onun ən pisini fkirləş, amma tezini fikirləşmə. Çünki belə şeyləri daha yaxşı bilirdim. 1993-cü ildə Heydər Əliyevin, 2003-cü ildə İlham Əliyevin andiçmə mərasiminin hər ikisini Bayıl həbsxanasındakı birinci korpusun 36-cı kamerasında qarşılamışam.

– Bu qədər təsadüf olmaz…

– Bəli. Hər iki prezidentin andiçmə mərasimini eyni yerdən izləmişəm.

– 1993-cü ildə nədən həbs olunmuşdunuz?

– AXCP-nin qərargahını əllərindən alanda məni həbs etdilər və özləri də düşünməyə başladılar ki, hansı maddə ilə məni həbs etsinlər – tiryəklə, yoxsa  silahla? Axırda da qərara gəldilər ki, silahdan istifadə etməyə görə cəza kəssinlər. Halbuki heç bir günahım yox idi.

– 2003-ci ildə neçə il yatdınız?

– Bizə 5 il iş kəsmişdilər. 7 ay Bayılın 5 saylı korpusunda, «Ölüm korpusu»nda qaldıq, mayın sonlarında 17 saylı cəzaçəkmə müəssisəsinə keçirildik. Əfv ərizəsi almaq üçün yanımıza gəldilər, ancaq heç kim əfvi istəmədi. Məndən əlavə 4 nəfər idi. Alqayıt da rəhmətə gedəndən sonra Xası, Zaur, Mahir və bir də mən qalmışdıq. Mart ayında prezidentin əfvi çıxdı, bizi buraxdılar.

– O hadisədən sonra yenidən Müsavata qayıtdınız, yoxsa dərhal istefa verdiniz?

 

Bu hakimiyyət kimi, müxalifət də xalqdan ayrı şüb

 

– 2005-ci ildə Müsavatın qurultayı keçirilirdi və mən sərbəst Məclis üzvü seçildim. Rauf Arifoğludan 76 səs artıq yığmışdım. O zaman da, indi də deyirəm ki, zəifik. Ona görə zəifik ki, «siyasi lider» dediyimiz insanlar cəmiyyətin içinə çıxmırlar, evdən işə, işdən evə gedirlər, ya da xaricə görüşlərə…

– Xalqdan qopublar?

– Bəli. İqtidar kimi, müxalifət liderləri də xalqdan ayrı düşüblər. Bu gün Azərbaycanda siyasi lider boşluğu var. Əbülfəz Elçibəydən nəyə görə narahat olurdular? Bilirdilər ki, Əbülfəz bəyin yanında ən azı 300 nəfər ölməyə hazır fanat var. Amma bu gün deyə bilərsinizmi ki, ya Əli Kərimli, ya da İsa Qəmbər üçün bir nəfər ölümə getməyə hazır olan adam var?

– İsa Qəmbərin Müsavat partiyasına rəhbərlik etməsi partiya üzvlərini qane edirmi? Ümumiyyətlə, Nizamnaməni dəyişdirmək yolu ilə İsa Qəmbərin başqanlıq müddəti uzadıla bilərmi?

– Məncə, Nizamnaməni dəyişdirməyəcəklər, sadəcə, prezident seçkilərinə qədər Müsavatda başqan seçimi olmayacaq. Bu da mənim şəxsi qənaətimdir. Artıq Təşkilat Komitəsi yaranıb və axırıncı Məclisdəki hesabata görə, cəmi 18 rayonda partiyanın konfransı keçirilib. 80 rayonun 18-də bu konfrans keçirilibsə, bunun özü də artıq bir şeyləri deyir. 2012–ci ildə də ortaya çıxacaq ki, prezident seçkiləridir…

– Yəni İsa Qəmbərin başqanlıqdan getməsi real deyil?

– Bir daha təkrar edirəm, İsa Qəmbər prezident seçkilərinə qədər Müsavat başqanlığından getməyəcək.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 060 (470), 15 oktyabr 2011

Əlaqəli məqalələr

3 şərh

  1. Bravo, Ramiz! Gözlərindən öpərəm!
    Sənin kimi qocaman hərəkatçıdan yalnız bu gözlənilirdi…
    Dediklərin hamısı həqiqətdir. Ancaq təəssüflər olsun ki, əksəriyyətimiz başımız “əhlət” daşına dəyəndən sonra həqiqətləri söyləyirik. Yenə də həqiqətləri söylədiyin üçün dərin təşəkkürlər…
    Sənə bundan sonrakı mübarizədə böyük uğurlar arzu edirəm.

  2. Bir müsavatçı olaraq(keçmiş müsavat partuyasının üzvü və bu gün də özümü Rəsulzadə ideyasının daşıyıcısı hesab edirəm)Ramiz bəyin dediklərini təsdiqləyirəm.Təxminən bu mözuda 2003 də mənim müsahibələrim çıxıb.O vaxtdan heç nə dəyişməyib.Mən də təsdiq edirəm ki,İsa bəy” razılaşmanı “pozaraq Başqanlıqdan getməz.

  3. Müsahibe pis deyil.Ve hemishe oldugu kimi ,daha dogrusu hami kimi ,Ramiz bey de ad chekmek istemir. Ne qeder ki, her sheyi yarimchiq edeceyik, melum ya melum olmayan sebebler üzünden , o qeder de bele veziyyetde yashamaga ve mübarize aparib meglub olmaga düchar olacagin. Göy satanin da bildiyini demeyen Ramiz bey ,istintaq zamani ,size verilen ishgencelere baxmayaraq susmaginizi eqidenizden dömemeyinizi ,sinmamaginizi basha düdhürem. Eqide ,Veten ve xalq yolunda … Ancaq bu gün yenede hem özünüzü hemde herakata yeni qoshulanlari ugursuzluga düchar etmekle meshgulsunuz. Men sizi günahlandirmiram,buna haqqim yoxdur. Ancaq siz adlari chekmemekle ne etdiyinizin ferqindesinizmi?! Sabah gec olacaq. men istemirem ki meni penah sabah da satsin. ya iqbal.rauf ise her günsatir hakimiyyeti hakimiyyet qazetlerinden de yaxshi teblig ve müdafie edir. Ad chekin…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button