16 saylı cəzaçəkmə müəssisəsinin rəisi İlham Baxşəliyev zonda özünü Allah sayır

Xural.com-a daxil olan məlumata əsasən, 16 saylı cəzaçəkmə müəssisəsində məhkumlarla Almaniyanın konslagerlərində necə davranırdılarsa, o cür münasibət var. Bu haqda hazırda müəssisədə cəza çəkən məhkumların ailələri məlumat veriblər. Onların sözlərinə görə müəssisənin rəisi İlham Baxşəliyev məhkumların sayəsində özünə geniş “biznes” şəbəkəsi qurub.

Məhkumların qanuni haqqı olan telefon danışıqlarından tutmuş, ailə görüşlərinədək hər addım pul qarşılığında həyata keçirilir. Suyun olmaması və ya qısa müddət ərzində verilməsi məhkumlar arasında qarşıdurma yaradır. Dəfələrlə bu haqda Ombudsman Aparatına da edilən şikayətlər öz nəticəsini verməyib. Problemi aradan qaldırmaq əvəzinə müəssisənin rəisi İlham Baxşəliyev şikayətçi olan məhkumları “karsa” salmaqla, onlara qarşı “istədiyi vaxt” təxribat törətməklə, hətta Qobustan qapalı cəzaçəkmə müəssisəsinə “etap” etdirməklə hədələyir:

“Siz təsəvvür edin ki, yayın bu qızmar günlərində suyun olmaması nə deməkdir?”, deyən mənbəmizin sözlərinə görə, 500 nəfər üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsində hazırda 1500-dən çox insan məhkumluq həyatı yaşayır. 1000 nəfərdən çox məhkum yerə döşək salıb, yatır. Çünki bunun başqa yolu yoxdur. Yeməkxananın yeməklərinə əl uzatmaq mümkün deyil. Halbuki elə məhkumlar var, onları qohumlarından ziyarət edəni yoxdur və onlar acından ölməmək üçün yeməkxananın yeməklərinə möhtacdırlar.

Məhkumların aldıqları hava belə pulludur. Pulun yoxdursa, ona qarşı heç bir insani münasibət də yoxdur. Hər məhkumu ziyarət edən ailə üzvündən evdən gətirdikləri azuqə üçün müəyyən məbləğdə pul tələb olunur. Necə deyərlər, “damarına baxıb, qan alırlar”.

Müəssisənin təmir və səliqəsindən söz belə gedə bilməz. Televiziya efirləri və Pentensiar Xidmətin rəhbərliyi üçün sanki tamaşa salonu yaradılıb. Onlar gələn kimi tamaşa qurulur və ictimaiyyətə, dövlət rəhbərliyinə yalnış məlumat verilir.

“Üstü bəzək, altı təzək” prinsipi ilə fəaliyyət göstərən  müəssisədə insan kimi yaşamaq qeyri-mümkündür: Bir də onu nəzərə alın, buradakı məhkumların böyük bir qismi azadlıqda haqqını tələb edən və buna görə də məmurların saxta ittihamları ilə həbsə atılan insanlardır. Günahsız cəzaçəkməkləri bir yana, digər tərəfdən də İlham Baxşəliyev və onun komandası onlarla qatil, resedivist kimi davranır. Burada bir çox məhkumlar müəssisəyə daxil olan kimi “sındırılıblar”. Onlara “daş atdırmaqla”, saçlarını dibdən qırxdırmaqla, əyinlərinə uniforma şəklində qara paltar geyindirməklə, şəxsiyyətlərini alçaldırlar. Hər gün bir olay olmadan yaşanılmır. Mütləq şəkildə çalışırlar ki, məhkumlar qiyam qaldırsınlar. Kim səsini çıxarıb, qanuni haqqını tələb edirsə, dərhal qarsa atıb, “nizam-tərəzi” dərsi keçirlər. İlham Baxşəliyevə elə gəlir ki, o zonda Allahdır. Qəddarlığının həddi-hüdudu yoxdur. Kimsə nəyəsə görə öz etirazını, problemlərini bildirə bilməz. Dərhal əmr verir və “karsa” saldırır. Həmin məhkum “yaralarının sağalması üçün” ən az 10 gün başqalarının gözünə görünmür.

16 saylı cəzaçəkmə müəssisəsilə bağlı kiçik bir araşdırma apardıq. Məlum oldu ki, bu müəssisəyə zaman-zaman rəhbərlik edən şəxslər xüsusi amansızlıqları və qəddarlıqları ilə seçiliblər. İlham Baxşəliyev də onların qoyduğu ənənəni davam etdirir. Gözdən, qulaqdan uzaq olan və Ramana həbsxanası kimi tanınan müəssisəyə rəis gəldiyi gündən buranı şəxsi obyektinə çevirib.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin, 16 saylı Cəzaçəkmə müəssisəsinin rəisi İlham Baxşəliyevin, Ombudsman Aparatının münasibətini öyrənməyə çalışdıq. Bayram günləri olduğundan telefonlarımıza cavab verilmədi. Hər bir halda onların da məsələ ilə bağlı münasibətlərini öyrənib, tamaşaçılarımızın diqqətinə çatdıracıq.

 

 

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button