18 oktyabr bizə şans verib!

İqbal Ağazadə: «18 oktyabrın qeyri-iş günləri siyahısından çıxarmaq siyasi sifarişdir»

 Azərbaycanın Dövlət Müstəqilliyinin 20-ci ildönümü ilə əlaqdar dövlət səviyyəsində keçirilən tədbirlər yox səviyyəsinə qədər azalıb. Hətta hakimiyyətin siyasi siafrişi ilə müstəqil və müxalifət təşkilatlarına əyləncə və istirahət mərkəzlərində belə tədbirlər keçirməyə qeyri-rəsmi qadağalar tətbiq edilir. Hakimiyyətin 18 oktyabr tarixi ilə bağlı ögey münasibəti demək olar ki, illər uzunu sistemli şəkildə davam edib. Məhz bir neçə il əvvəl Milli Məclis «Əmək məcəlləsi»nə dəyişiklik edərək 18 oktyabr bayramını rəsmi dövlət bayramları siyahısından çıxardı.

Lakin həmin dəyişikliklər edilən plenar iclasla bağlı dünən maraqlı bir video material əldə etdik. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bu dəyişikliklə bağlı çox sərt formada etiraz etsə də, qanun qəbul olunub. Redaksiyamıza təqdim edilən həmin video materialda İ.Ağazadənin çıxışını qısa ixtisarla qeyd edirik. Qeyd edək ki, məcəlləyə dəyişikliyi millət vəkili Hadı Rəcəbli təqdim edib.

– Mən hesab edirəm ki, bu gün heç də Hadı müəllimin dediyi kimi Azərbaycan Respublikasının «Əmək məcəlləsi»nə dəyişiklik etməyə ehtiyac yoxdur. Bu gün bu dəyişiklik elə təqdim olunur ki, guya xalq bütövlükdə ayaq üstə dayanıb bu qərar layihəsini gözləyir. Bu təqdimatın özü də ondan xəbər verir ki, təklif səmimi deyil. Hadı müəllim çıxışında qeyd edir ki, milli-mənəvi dəyərləri qorumaq baxımından biz Novruz bayramının, Ramazan bayramının, Qurban bayramının qeyri-iş günləri kimi qeyd edib, istirahət günlərinin sayını artırırıq. Bunun əvəzində isə dövlət müstəqilliyi günü iş günü hesab olunur.

1967-ci ildən başqa sovetlər dövründə hansı milli bayram rəsmən qeyd edilib? Niyə unudulur ki, o Novruz Bayramını da, Qurban bayramını da, Ramazan bayramını da Azərbaycan xalqına bayram kimi yaşadan, rəsmən qeyd etmək üçün imkan yaradan 18 oktyabr dövlət müstəqillik günüdür?!

Həmin gün müstəqillik elan olunmasaydı, bu gün bu milli bayramlar hansı şəkildə qeyd olunardı? Hesab edirəm ki, dövlət müstəqilliyi günü birmənalı şəkildə, ya ayrıca qeyri-iş günü kimi, ya da digər bayramların sayını azaltmaqla rəsmən bayram günü kimi qeyd olunmalıdır.

Azərbaycanın dövlət müstəqilliyinə belə münasibət yaramaz. Dövlət müstəqilliyi bayramı gününü bu şəkildə qeyd etmək, nə «Əmək məcəlləsi»nə dəyişikliklə bağlıdır, nə də Hadı Rəcəblinin təqdim etdiyi kimi Azərbaycan vətəndaşının sosial rifah halının yaxşılaşdırılması üçündür. Bu, sırf siyasi qərardır və hesab edirəm ki, Azərbaycanın müstəqilliyi günü bayram günü kimi qeyd edilməlidir. O cümlədən Konsititusiya günü də, Milli Dirçəliş günü də bir günlük bayram statusunu saxlamalıdır.»

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button