ƏVƏZ ZEYNALLI YENİDƏN BAKI İSTİNTAQ TƏCRİDXANASINA KÖÇÜRÜLDÜ

Безымянный02.08.2013

Fəaliyyəti məcburən dayandırılmış “Xural” qəzetinin hazırda həbsdə olan təsisçisi və baş redaktoru Əvəz Zeynallı 10 saylı cəzaçəkmə müəssisəısindən yenidən Bakı İstintaq Təcridxanasına köçürülüb.

Buna səbəb 2 il əvvəl “Xural” qəzetinin Mətbuat Şurasına qarşı qaldırdığı iddiaya Nərimanov Rayon Məhkəməsinin hakimi Məzahir Sadıxov baxmaqdan imtina etmiş və iddiaçı “Xural” qəzeti  Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdi. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxladığından iş Ali Məhkəməyə təqdim olunmuşdu. Ali Məhkəmə isə həm Nərimanov rayon Məhkəməsinin, həm də Apellyasiya Məhkəməsinin qərarlarını yetərli əsasların olmaması səbəbilə ləğv edərək, işi yenidən birinci instansiya məhkəməsinə – Nərimanov Rayon Məhkəməsinə göndərib.  Bu il iyulun 23-də Nərimanov rayon Məhkəməsinin hakimi M.Sadıxovun sədrliyilə keçirilən iclasda Mətbuat Şurasının səlahiyyətli nümayəndələri iştirak etmədiyindən işə baxılması qeyri-müəyyən müddətə təxirə salınıb.

Qəzetin hüquqlarını müdafiə edən Media Hüququ İnstitutunun vəkili Elçin Sadıqov bildirib ki, prosesdə iştirak etmək üçün, hazırda həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının da iştirakının təmin edilməsi xahiş olunub.

Baş redaktor özü şəxsən məhkəmədə iştirak etmək və rəhbərlik etdiyi qurumun hüquqlarını müdafiə etmək niyyətindədir. “Mənim qədər bu məsələ haqda məlumatlı olan, o səbəbdən də qəzetin hüquqlarını mənim qədər müdafiə edəcək adam ola bilməz. O baxımdan, vəkillərimdən xahiş etmişəm ki, mənim prosesdə iştirakımı təmin etsinlər”, -deyə Ə.Zeynallı bildirib.

Xatırladaq ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Xural” qəzetinə qarşı məhkəmədə iddia qaldırmasından sonra Mətbuat Şurası qəzeti “reket qəzet” elan edib və gündəlik nəşrə başlayan qəzetin fəaliyyətini dayandırmaq üçün onu “qara siyahıya” saldığını bəyan etmişdi. Baş redaktor isə həbsindən 1 ay əvvəl baş verən bu hadisəni “siyasi sifariş” kimi dəyərləndirib və Mətbuat Şurası haqqında məhkəmə qarşısında idiia qaldırıb. Ə.Zeynallı onu da bildirib ki, Nərimanov rayon Məhkəməsi işə ədalətli baxmadığı təqdirdə, bütün instansiyaları keçəndən sonra işi Avropa Məhkəməsinə qədər aparacaqlar: “Aydındır ki, bunlara tapşırıq haradan gəlir. Mətbut Şurasının Azərbaycan mətbuatının şərəfi ilə oynamasına imkan verilməməlidir. Sifarişlə mətbuatı qətl edənlər isə qanuni cəzalarını almalıdırlar” – deyə Ə.Zeynallı vurğulayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button