1976 cı il: SSRİ Türkiyə hərbi təyyarələrini niyə vurub?

teyare turk esas.jpg

Siyasi təhlilçilər Rusiya ilə ABŞ arasında olan gərgin münasibətləri “soyuq müharibə” dövrü ilə müqayisə edirlər. Bu iddiada müəyyən qədər oxşarlıq olsa da, əslində, SSRİ ilə Amerika münasibətləri daha sərt və amansız çalarları ilə fərqlənib.

Tamam ayrı ideoloji sistemlərdə yaşayan iki superdövlət dünyanın bölüşdürülməsi üçün hər şeyə hazır idilər. Bu baxımdan, hər iki dövlət himayəsində olan Varşava Müqaviləsi Təşkilatı ilə NATO hərbi bloklarını kəllə-kəlləyə qoymuşdu. Sərt geopolitik maraqlar bu bloklara üzv olan ölkələri belə istənilən təhlükəyə sürükləyirdi.

Sizə təqdim edəcəyimiz bu araşdırmada baş vermiş hadisə SSRİ ilə ABŞ-ın kəskin rəqabəti fonunda gedən amansız savaşın bir detalıdır.

1976-cı ilin yayında bütün Türkiyə mətbuatında ölkənin Hərbi Hava Qüvvələrinə məxsus iki hərbi təyyarənin SSRİ tərəfindən vurulması xəbəri manşet idi. Məlumatda deyilirdi ki, Türkiyənin  iki səsdən iti F-100 “Super Seybr” qırıcı–bombardamançı təyyarəsi SSRİ-nin Ermənistanda yerləşən 7-ci ordusunun HHM qüvvələri tərəfindən vurulub. Pilotlardan biri katapultla təyyarədən tullana bilmişdi.

İctimai rəyi sarsıdan bu xəbər ciddi ajiotaj yaradaraq türk hökümətindən buna müvafiq cavab verilməsini tələb edirdi. SSRİ-də gizlədilən bu hadisənin detallarını 7-ci Zaqafqaziya Hərbi Dairəsinin ordu komandiri olmuş ordu generalı Stanislav Postnikov özünün memuarlarında açıqlayıb.

Ərzurumdan qalxan 2 türk qırıcısı SSRİ sərhəddinə doğru niyə gəlirdi?

General yazır ki, SSRİ 1976-cı ilin yayında az qala Türkiyə ilə hərbi qarşıdurmanın şahidi olacaqdı.

“Avqustun isti günlərinin birində Hava Hucumundan Müdafiə qoşunlarının rəisi, polkovnik Kozlopolyanski mənə məruzə etdi ki, Qars tərəfdən Ermənistanın Leninakan (Gümrü) istiqamətinə 2 hava hədəfi yaxınlaşır. O bildirdi ki, HHQ-nin komandiri ilə əlaqə saxlayıb və oradan bildirilib ki, iki diviziya döyüş növbəsindədir və hədəfi izləyirlər”, – deyə Postnikov yazıb.

Bir neçə dəqiqədən sonra SSRİ HHQ-nin rəhbərliyi gözlənilməz əmr yollayıb: “Mənə türk HHQ-nə məxsus iki təyyarənin SSRİ hava sərhəddini pozaraq 6-12 km içəri daxil olması barədə məruzə edildi. Briqada komandirinə iki buraxılış raket sistemi ilə onları məhv etmək əmri verildi. Türkiyənin bir təyyarəsi SSRİ ərazisində vuruldu. İkincisi isə zədəli halda olsa da sərhəddi keçərək o tərəfdə yerə düşdü. Bu nadir hadisə barədə 7-ci ordunun komandanı P.Melnikova məruzə etdim. Bundan sonra briqada ilə təyyarənin düşdüyü yerə yollandıq. Hər şey təsdiq olundu”.

Bu hadisədən bir neçə saat sonra Moskvadan, Hava Hücumundan Müdafiə Qüvvələrinin baş komandanının müavini A.Mikoyanın rəhbərliyi ilə dövət komissiyası Ermənistana gəlib. Türkiyə ilə birgə aparılan analizdən sonra türk tərəfi SSRİ-nin hava sərhəddinin pozulmasını təsdiq edir və hədəfin məhv edilməsi ilə bağlı briqada komandirinin əmrinin düzgünlüyünü təsdiqləyir. Bir müddət sonra həmin komandir “Qırmızı Bayraq” ordeni ilə təltif olunur və yeri dəyişdirilərək digər regiona göndərilir.

Sovet ordusunu qorxu altında saxlayan 3 ay

Qalmaqaldan sonra Türkiyə KİV-lərində başlanan etirazlar və hədələr SSRİ-də narahatlıqla izlənir. Postnikov yazır ki, türk KİV-ləri Türkiyə hava sərhəddini pozan sovet təyyarələrini vurmağı tələb edirdilər. Bunun üçün müəyyən bir əsas da ortada olur.

“Ermənistanın “Parakar” aerodromu Türkiyə ilə dövlət sərhəddinin 10 km-də yerləşirdi. Mülki təyyarələr dövlət sərhəddi boyu dövrə vuraraq hava limanına enirdilər. Bu zaman bəzi təyyarələr öz qanadı ilə hava sərhəddini bilmədən pozurdular. Türk KİV-ləri məhz bu faktoru əsas tutub sovet təyyarələrini vurmağı tələb edirdi. Amma məsələ burasındadır ki, biz mülki deyi, hərbi təyyarəni vurmuşduq. Bu hadisədən sonra Yerevana uçan təyyarələrin ekipajı 2-3 ay ehtiyat və qorxu ilə enirdilər”, – deyə Postnikov yazır.

Hadisənin yaratdığı diskomfort o qədər böyük olur ki, sovet ordusu Ermənistandakı ordu–təlim mərkəzi olan “Oktemberyan”da keçirdiyi diviziya təlimləri zamanı tank və artilleriya atəşlərinin məsafəsini xeyli daraltmağa məcbur olur. “Atəş istiqaməti Türkiyə ilə sərhəd istiqamətində idi. Bu isə müəyyən narahatlıq yaratmışdı.  Odur ki, şəxsi heyətə 15-20 km məsafəyə atəş açmaq qadağan edilmişdi”, – deyə general yazır.

…Türk qırıcılarının Qarsdan qalxaraq Ermənistana tərəf nə üçün uçmaları barədə təfərrüatlar açıqlanmır. Sonralar Türkiyə HHQ-nin veteranı Yarali bu hadisə barədə qeyd edərək yazırdı ki, qırıcılardan birinin pilotu xilas ola bilmişdi.

SSRİ-nin əldə etdiyi məlumata görə, Ərzurumdakı aviabazadan qalxan F-104G Ermənistan SSRİ-nin sərhədyanı ərazilərinin foto çəkilişlərini aparmağa cəhd edib. Zenit qurğusundan açılan atəş nəticəsində zədələnən təyyarənin pilotu katapultla xilas olaraq İğdır ərazisinə düşə bilmişdi.

SSRİ ilə münasibətləri gərginləşdirməmək üçün Türkiyə höküməti heç bir nota ilə çıxış etmədi. Hər iki tərəf bu barədə susmağa üstünlük verdi. Hər bir halda sovet raketlərinin zərbəsindən həlak olan türk ekipajının acı taleyi “soyuq müharibə”nin amansız nəticələrindən sayılmalıdır.

Xaqani SƏFƏROĞLU

strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button