1991-ci ilin bu günü İstanbula endik…

Əvəz Zeynallı

 20 il keçdi!

 Hə, dilə kolay gəlir, amma gerçəkdir. Düz 20 il bundan əvvəl, 1991-ci ilin oktyabr ayının 14-də İstanbul hava limanına endik. Səhər saatlarında Bakı hava limanından bizi əzizlərimiz yola saldı və biz təyyarələrə minəndə ürəyimiz sinəmizi deşəcək dərəcədə çırpınırdı. 50 nəfər idik. Yenicə qəbul olunduğumuz üçün bir-birimizi tanımırdıq. Bizi Türkiyəyə aparan müəllim heyətinə Vurğun Əyyub, Sabit Bağırov, Ələsgər Siyabov və Nəsib Nəsibli daxil idi. SSRİ adlanan dəmir pərdə hələ yerində dururdu. Dostlar sevinir, bədxahlar geri qayıtmayacağımızı düşünürdü. Bunu hətta üzümüzə deyənlər vardı.

Bakıda dünəni – yəni ayın 13-də Elçibəylə görüşmüşdük. Bu, mənim onunla ilk rəsmi görüşüm idi. Görüşdə indi ölkənin Xəqani Has kimi tanıdığı Xəqani Həsənov, mən və yanlış xatırlamıramsa, Bayram Əsgərov iştirak edirdi. Biz bu görüşə ümumi görüşdən sonra gəlmişdik. Bəyə məxsusi suallarımız vardı və Bəydən Türkiyədəki fəaliyyətimizi formalaşdırıcaq məsləhətlər almaq istəyirdik.

İstanbula enəndəki halımı heç unutmaram. Mən bir neçə ay əvvəlki əsgərlik həyatımda yaxın 30 ildə Türkiyəyə getməyi və Məhəmməd Əmin Rəsulzadə ilə Mustafa Kamal Atatürkü ziyarət etməyi planlaşdırmışdım, amma nə qərib bir taledir ki, bir neçə ay sonra müqəddəs bildiyim Türkiyə torpaqlarına gəlmişdim.

Bizə ilk olaraq 50.000 lirəlik pul vahidi verdilər. Sevincimizdən uçurduq. Türk pulu görmüşdük. Ürəyimiz dağa dönmüşdü. Bu pul Azərbaycan Xalq Cəbhəsinin fondundan verilmişdi. 50.000 lirə o zaman təxminən 10 dollar pul edirdi. Bir şey deyildi, ancaq mən o pulu təxminən 10 il saxladım. Zaman Türkiyəni də, lirəni də adiləşdirdi və bilmirəm o 50.000 lirəlik hara qeyb oldu? Bəlkə də arxivlərimdə durur hələ, bilmirəm…

İstanbulda qalmadan Ankaraya hərəkət etdik. Gecə idi Ankaraya çatanda. Bizi Kral Bilən qarşıladı. Bizi «TİGEM» mərkəzinə gətirdilər. Bura Kənd Təsərrüfatı Nazirliyinin pansionatı kimi bir yer idi. Biz bugünkü mənada dümağ, böyük və səliqəli otaqları o zaman gördük. Aşağı və yuxarı korpuslarda qaldıq. Öz aramızda bu hissələri də «Malıy Kababnı» və «Bolşoy Kababnı» adlandırdıq. 46 oğlan idik, 4 qız.

İki həftə keçmədi ki, bizi Türkiyənin 4 şəhəri arasında böldülər. Yenicə isinişmiş, hətta TTT – Turan Tələbələr Təşkilatı deyə bir təşkilat yaratmış, onun Yönətim Kurulunu qurmuşduq. Amma sən demə, bizim qısa keçən bu qayğısız günlərimiz uzun müddət davam edən tələbəlik illərinə çevriləcəkmiş. Biz elə bilirdik ki, elə burada da yaşayacağıq. Türkiyədə seçkilər keçirilirdi. Ayağımız düşmüş, Süleyman Dəmirəl qalib gəlmişdi.

50 nəfərlik qrupu 4 böyük şəhər arasında paylaşdırdılar –Ankara, İstanbul, İzmir vəBursa. Ən çox İstanbula düşdü tələbələrimiz. 13 nəfər Ankarada qalası olduq. Təxminən 12 nəfər Bursaya, bir o qədər də İzmirə getdilər. Mən bölüşümdə Ankaraya düşmək üçün dirəndim və Ankaradan və hüquq fakültəsindən başqa haraya düşsəm, geri qayıdacağımı bildirdim. Ankarada da qaldım. Siyasi mərkəzdə qalmaq istəyirdim. Siyasətin ortasında yer almaq istəyirdim.

Budur, aradan 20 il keçdi. Dünənin pırıl-pırıl arzularla Türkiyəyə göndərilən tələbələrinin bir hissəsi geri qayıtmadı. Qızlarımızın deyəsən 4-ü də orada qaldı. Oğlanlarımızdan da gələnlər az oldu. Bəziləri xəbərsiz-ətərsiz itdi. Gələnlər Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan işlərdə çürüməklə məşğuldurlar – Aqil Səmədbəyli, Ələsgər Məmmədli, Xəqani Has, Rəşad Mahmudov, Çingiz Bayramov və s. Bizim uşaqlar yaxşı komanda idilər. Onlar Azərbaycan üçün mühüm işlər görürlər və inanıram ki, gələcəkdə daha önəmli işlərə imza atacağıq.

20 il keçdi. Biz artıq gənc deyilik. Amma arzularımız yenə həminki təravətdədir. İddialarımız da. Biz bu ölkənin reallıqları ilə barışmadıq, barışmırıq. İndi də elədir. 20 il bundan əvvəl nə düşünürdüksə, indi də onu düşünürük. Biz hələ öz sözümüzü deməmişik…

O zaman «Azadlıq» qəzeti bizdən müsahibə götürmüşdü. Avqustun 16-da dərc olunan saydakı müsahibədə mənim bir fikrim vardı:

«Buynuzlarımızı itiləməyə gedirik, qoç döyüşünə qoç dayanar»…

Taleyimiz elə də oldu. Buynuzlarımızı itilədik. 20 ildir bu ölkədə qoç döyüşü aparırıq…

Sizi təbrik edirəm, əziz tələbələr, möhtəşəm 50-lik!

Sizi təbrik edirəm, Vurğun Əyyub, Sabit Bağırov, Ələsgər Siyabov, Nəsib Nəsibzadə!

Səni təbrik edirəm, Əbülfəz Elçibəy!

Biz Sizin etimadınızı doğruldacağıq!

 

“Xural” qəzeti,

il 9, sayı: 060 (469), 14 oktyabr 2011

 

Əlaqəli məqalələr

2 şərh

  1. SEVGİLİ EVEZ BEY,BENİ FAZLASİLE HEYECANLANDIRDIN.OGÜNLERİ SİZLERLE BERABER YAŞIYAN BİR AĞABEYİNİZ OLARAK GÖZLERİM YAŞARDI I.ŞİMDİ İSE BAŞTA SİZ OLMAK ÜZERE,HEPİNİZLE İFTİHAR EDİYORUM.XURALDA YAZMAKTA BANA AYRI BİR ZEVK VERİYOR.HERHALDE BENDE VATAN GÖREVİMİ YERİNE GETİRİYORUM.SELAM VE SEVGİLERMİ SUNUYORUM.prof.dr. yahya taşdelen.ANKARA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button