2 aprelçilərin ailə üzvləri aclıq aksiyasına başladı

Xeyli sayda insan onların ziyarətinə getdi

 Dünən Müsavatın qərargahında aclıq aksiyasına başlayan siyasi məhbusların valideynləri Arzuman Məcidli (Elnur Məcidlinin atası) və İbrahim Hacıbəyliyə (Rüfət Hacıbəylinin atası) AXCP sədri Əli Kərimli və onun müavinləri Gözəl Bayramlı, Nurəddin Məmmədli, Razi Nurullayev və Asəf Quliyev, eləcə də bir neçə partiya fəalı baş çəkib. Əli Kərimli bildirib ki, bu aksiya həbsdə olan siyasi fəallara mənəvi güc verəcək. AXCP lideri aksiya iştirakçılarının yaşı və səhhətini nəzərdə tutaraq, onların aclığa başlamasını təqdir etmədiyinin qeyd etsə də, əslində ailələrinin bu cür addımlarla siyasi dustaqların arxasında dayandıqlarını nümayiş etdirmələrinin anlaşılan olduğunu bildirib. “Əgər onların arxasında olmasaydınız, bu, təəccüb doğurardı”, – deyə Əli KƏrimli əlavə edib.

Məhbus Ailələri Komitəsinin sədri Arzuman Məcidli deyib ki, səhhətləri imkan verdiyi qədər aksiyanı davam etdirəcəklər: “Ən azı üç gün aclıq edəcəyik. Tələbimiz 2 aprel aksiyaçıları ilə yanaşı Ruslan Bəşirli, Cabbar Savalanlı, Bəxtiyar Hacıyev, hüquq müdafiəçisi Vidadi İsgəndərli və bütün siyasi məhbusların azad olunmasıdır. Məhbus analarından da aksiyaya qoşulmaq istəyənlər var. Növbəli formada olsa da, tələblərimizə reaksiya verilənədək aksiyanı davam etdirəcəyik”.

Aclıq aksiyasına başlayanlara siyasi partiya nümayəndələri, ictimai xadimlər baş çəkib.

Məlumat üçün bildirək ki, Məhbus Ailələri Komitəsinin 18 üzvü var. Komitəyə 2 aprel mitinqində tutulanlarla yanaşı Ruslan Bəşirlinin, Cabbar Savalanlının, Bəxtiyar Hacıyevin, Vidadi İsgəndərlinin ailələri daxildir. Aprelin 2-də müxalifətin Bakıda keçirdiyi aksiyaya görə biri şərti həbs cəzası almaqla 14 aksiyaçı azadlıqdan məhrumetməyə məhkum olunub.

“Xural” qəzeti,

il 9, sayı: 060 (470), 15 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button