20-dən çox şagirdin səhhəti pisləşib
Oktyabrın 24-də Bakının Binə qəsəbəsində 88, 117, 121, 149 nömrəli tam orta məktəblərdə təhsil alan 21 şagirddə müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib.
Bu barədə məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsi yayıb.
Bildirilib ki, şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsində iaşə xidməti məkanlarından birindən dönər alıb yediklərini deyiblər.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə “Turan”a bildirilib ki, Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 21 uşaq hospitalizasiya olunub: “Bir uşaq ailəsinin iltizamnaməsi ilə ambulator müalicə üçün artıq evə buraxılıb. Digərlərinin vəziyyəti stabildir”.
Məsələ ilə bağlı uşaqların valideynləri ilə danışmaq mümkün olmayıb.