20 illik inaqurasiya çıxışları…inkişaf, sərmayə, sabitlik, ordu

Natiq Cavadlı

Çıxışların heç birində ifadə azadlığı sözü yoxdur

2003-cü il 

“Azərbaycan Respublikasının Prezidenti seçilməyimlə mənə göstərilmiş bu böyük etimada görə Azərbaycan seçicilərinə, Azərbaycan vətəndaşlarına, bütün Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirirəm. Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.

2008-ci il 

“İlk növbədə, mənə yenidən böyük etimad göstərmiş, məni Prezident vəzifəsinə seçmiş bütün Azərbaycan xalqına öz dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqını yenidən əmin edirəm ki, mən bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı üçün öz səylərimi əsirgəməyəcəyəm”.

2013-cü il 

“İlk növbədə, mənə yenidən böyük etimad göstərmiş, Prezident vəzifəsinə seçmiş doğma Azərbaycan xalqına dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqını əmin etmək istəyirəm ki, mən bundan sonra da ölkəmizin hərtərəfli inkişafı, xalqımızın rifahı üçün əlimdən gələni əsirgəməyəcəyəm, doğma xalqımıza bundan sonra da sədaqətlə xidmət edəcəyəm”.

2018-ci il 

“İlk növbədə, bir daha mənə bu seçkilərdə göstərilən yüksək etimada görə doğma Azərbaycan xalqına dərin təşəkkürümü bildirmək istəyirəm. Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm”.

2024-cü il 

“İlk növbədə, Prezident seçkilərində mənə yenidən böyük etimad və dəstək göstərən doğma Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

Bəli, bu sitatlar ölkə başçısı İlham Əliyevin son 20 ildə andiçmə mərasimlərindəki nitqlərinin giriş hissələridir. Fərqlər çox cüzidir. Prezidentin andiçmə mərasimlərindəki nitqlərini ardıcıllıqla izlədikcə, maraqlı tapıntılarla rastlaşırsan.

Hər 5 ildən bir siyasi mənzərə dəyişsə də, bunlar ölkə başçısının inaqurasiya niqtlərinə təsirsiz ötüşmür, amma çıxışların ümumi məzmunu qalır. Yəni daha çox inkişaf, sabitlik, sərmayə, ordu sözləri çoxluq təşkil edir. Və ölkə başçısının nitqləri bu sözlərin əsasında olur.

Maliyyə-iqtisadi böhranının inaqurasiya nitqinə təsiri

Məsələn, 2003-cü il inaqurasiya mərasimində Əliyev 14 dəfə sərmayə, investisiya, 10 dəfə inkişaf, 7 dəfə sabitlik, 5 dəfə Heydər Əliyev siyasəti, 4 dəfə neft strategiyası, islahat sözünü 2, demokratiya, söz azadlığı, siyasi plüralizm sözlərini isə 1 dəfə işlədib. Sərmayə sözünün üstünlük təşkil etməsi neft gəlirlərinin hələ gəlməməsi ilə əlaqələndirilə bilər. Çünki 5 il sonrakı andiçmə mərasimindəki çıxışda tamam fərqli məzmun ortaya çıxır. Belə ki, 2008-ci il seçkisindən sonra andiçmə mərasimində Prezident daha çox islahat, yaxud islahatlar ifadəsini səsləndirir – 20 dəfə. Ardınca inkişaf-17, sabitlik-5, sərmayə, investisiya-5, Heydər Əliyev siyasəti sözünü isə 1 dəfə dilə gətirir. Əliyevin nitqində islahat sözünə bu qədər çox müraciət etməsi həmin ilin ümumdünya maliyyə-iqtisadi böhranı ilə əlaqələndirmək mümkündür. Çünki neft istehsalçısı olan ölkələr kimi Azərbaycan dünya bazarında neftin qiymətinin ucuzlaşması ilə əhəmiyyətli zərərə məruz qaldı. Böhrana qədər bareli 150 dollar olan neft böhrandan sonra 30-49 dollara qədər ucuzlaşdı. Bu, ölkənin neft gəlirlərinə ciddi təsir göstərdi. Büdcəsinin 75 faizindən çoxu neft sektoru hesabına formalaşan, ixracatı neft məhsulları hesabına təşkil edilən Azərbaycanda həmçinin bir çox irihəcmli infrastruktur layihələr təxirə salındı.

Əliyev söz azadlığı, demokratiya sözlərinə müraciət etmir

İlham Əliyev. 2008-ci il. Andiçmə mərasimi. Foto: lib.aliyevheritage.org

2013-cü il seçkisinin andiçmə niqtində inkişaf sözü yenidən əvvəlki liderliyini bərpa edir. Prezidentin dilindən 26 dəfə inkişaf, sərmayə, investisiya-14, islahatlar-8, sabitlik-6, demokratiya 4, Heydər Əliyev siyasətini isə 3 dəfə eşidirik.

2018-ci ildə də inkişaf sözü liderliyini qoruyur. Prezident 20 dəfə inkişaf sözünə müraciət edir. Sabitlik-8, islahatlar-11, sərmayə, investisiya-4, demokratik inkişaf isə 3 dəfə eşidilir.

Bu il – 2024-cü ilin fevralın 14-də andiçmə nitqi tamamilə fərqli mənzərəni ortaya qoyur. Ölkə başçısının çıxışında Azərbaycan (68), Ermənistan (36), xalq (26), müharibə (18), ordu, silahlı qüvvələr (17) ifadələri üstünlük təşkil edir. Ardınca işğal (10), inkişaf-9, qaz (9), anti-terror (8), Xankəndi (8),sərmayə, investisiya, investor (8), neft (4), qeyri-neft sektoru (3), işsizlik (3), islahat (2), yoxsulluq (2) yer alır. 14 fevralda ölkə başçısı demokratiya, müxalifət, söz azadlığı sözlərinə müraciət etmir.

Əliyev “rəqibləri” və müxalifət haqda

Maraqlı məqam odur ki, İlham Əliyev 20 ildə keçirilən inaqurasiya çıxışlarında yalnız 1 dəfə – 2018-ci ildə müxalifət barədə danışaraq onları anti-milli qruplaşma adlandırıb:

“O ki qaldı antimilli qruplaşmaya, onlar tam marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun”.

Nəzərə alın ki, müxalifət 2003-cü ildən sonra ilk dəfə idi vahid namizədlə seçkidə iştirak edirdi, Milli Şuranın sədri, professor Cəmil Həsənli dəstəklənirdi.

Həmçinin, İlham Əliyev 5 inaqurasiya mərasimləri arasında 2 dəfə -2008-2018-ci il seçkilərində “rəqibləri” haqda danışıb və onları alqışladığını deyib:

“Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənmişdir, mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir. Qeyd etməliyəm ki, Prezident seçkiləri kampaniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq və dəyərli təkliflər nəzərə alınacaqdır. Fürsətdən istifadə edərək, seçkilərdə iştirak etmiş bütün namizədlərə öz təşəkkürümü bildirirəm, onlara gələcək fəaliyyətlərində uğurlar diləyirəm” (2018-ci il).

Yalnız bir dəfə müxalifət sözünü işlədib, onu da…

Lakin İlham Əliyevin 5 andiçmə mərasimindəki çıxışlarında yalnız 1 dəfə, 2008-ci il çıxışında müxalifət sözünə rast gəlinir. Amma burda da söhbət onu seçkidə dəstəkləyən müxalifətdən gedir və Əliyev onlara təşəkkür edir:

“Bu seçkilərdə məni dəstəkləmiş bütün siyasi qüvvələrə, o cümlədən müxalifət nümayəndələrinə öz təşəkkürümü bildirirəm. Mən ümid edirəm ki, bu seçkilər və seçki kampaniyası Azərbaycanda yeni siyasi mədəniyyətin möhkəmlənməsində öz rolunu oynayacaq, yeni ənənələri Azərbaycana gətirəcək və bundan sonra Azərbaycanda siyasi mübarizə yalnız və yalnız sivil yollarla aparılacaqdır. Bu fürsətdən istifadə edərək, məni qələbə ilə təbrik etmiş prezidentliyə digər namizədlərə, onların göndərdikləri təbriklərə görə öz təşəkkürümü bildirirəm”.

Beləliklə, Əliyev hətta seçkidə ona “rəqib” olanları da müxalifət adlandırmır, AXCP və Müsavatı isə anti-milli qruplaşma sayır. Sonuncular isə 20 illik siyasi fəaliyyətləri dövrlərində yalnız 2003 və 2013-cü il seçkilərində iştirak ediblər.

“Bizə sərf edən müsbət təcrübə Azərbaycanda tətbiq edilməlidir”

Foto: president.az

Siyasi sistemin gələcəyinə gəlincə, Əliyev 2008-ci il çıxışında bildirir ki, son beş il ərzində Azərbaycan siyasi islahatların aparılmasında çox böyük bir yol keçib:

“Mən dəfələrlə demişəm və bu gün də təkrarlamaq istəyirəm ki, Azərbaycanda siyasi sistem təkmilləşməlidir, bütün inkişaf etmiş demokratik ölkələrdə mövcud olan müsbət təcrübə Azərbaycanda tətbiq olunmalıdır. Bizim beynəlxalq təşkilatlarla əməkdaşlığımızın bir istiqaməti bundan ibarətdir. Bizə sərf edən, bizim üçün məqbul olan, Azərbaycan xalqına yad olmayan müsbət təcrübə Azərbaycanda tətbiq edilməlidir. Bir sözlə, siyasi sahədə islahatları bundan sonra da davam etdirəcəyik və artıq son beş il ərzində görülən işlər deməyə əsas verir ki, biz bu yoldan kənara çıxmayacağıq”.

Amma 15 il ötsə də, siyasi sistemdə köklü dəyişikliklər nəzərə çarpmayıb. Yəni çoxpartiyalılıq oturuşmadığından parlamentdə fraksiyaçılıq yaranmayıb. Çoxpartiyalılıq sisteminin möhkəmlənməməsini 2002-ci il referendumunda proporsional seçki qaydasının ləğvi ilə izah edirlər. Nəticədə müxalif partiyaların seçki komissiyalarında iştirakı yox səviyyəsindədir.
Parlamentin hökumətə təsir imkanları isə yoxdur. Əksinə ötən 15 ildə icra hakimiyyəti gücləndirildi, 2016-cı il referendumuyla Prezidentlik müddəti 5 ildən 7 ilə uzadıldı, ölkə başçısının səlahiyyətləri də artırıldı. Nəticədə Əliyev istədiyi zaman Milli Məclisi buraxıb hər hansı hüquqi izahat vermədən yeni seçkilər keçirə bilər. O cümlədən, Prezident seçkisinin keçirilməsi haqda sərəncam imzalayar. Necə ki, 2018 və 2024-cü il Prezident, 2020-ci il parlament seçkiləri növbədənkənar keçirildi. Eyni zamanda, sonuncu referenduma əsasən Azərbaycanda vitse-prezidentlik institutu təsis olunub və ölkənin I xanımı Mehriban Əliyeva I Vitse-prezident təyin edilib.

Nəhayət, 25 il əvvəl əsası qoyulan bələdiyyələrdə də müxalifətin olmaması yerli özünüidarəetmə sisteminin “beşikdəcə boğulduğu” təəssüratını gücləndirir. Bütün sadalananların fonunda ölkədə siyasi məhbus probleminin qalması siyasi sistemin son 15 ildə sərtləşdiyini deməyə əsas verir.

Düzdür, İlham Əliyev sonuncu andiçmə mərasimində yeni dövrün başlandığını söylədi. Amma yeni dövrün prioritetlərini açıqlamadı. Yalnız xarici siyasətdə Türk Dövlətləri Təşkilatına doğru hədəfin götürüləcəyini vurğuladı:

“Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik“.

Korrupsiyaya qarşı mübarizə…icra başçılarının həbsi çərçivəsində

Əliyev korrupsiya və rüşvətə qarşı mübarizəyə 2013 və 2018-ci il çıxışlarında daha çox “ASAN-Xidmət” kontekstində toxunur. Ölkə başçısı 2013-cü ildə deyir:

“Növbəti illərdə korrupsiya və rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılacaqdır. Bu mübarizənin gözəl nəticələri vardır və bu istiqamətdə dövlət siyasəti birmənalıdır. Çox güclü siyasi iradə var ki, bu xoşagəlməz hallar Azərbaycandan götürülsün. Burada həm inzibati tədbirlər, cəza tədbirləri və sistem xarakterli islahatlar əminəm ki, növbəti 5 il ərzində bu sahədə daha da böyük nailiyyətlərə gətirib çıxaracaqdır. Böyük ümidlərim əlbəttə ki, elektron xidmətlərədir. “Elektron hökumət” layihəsi icra edilir, elektron xidmətlərin sayı artmalıdır. “ASAN xidmət”in qısa müddət ərzində böyük rəğbət qazanması bu əminliyi daha da artırır. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ümumxalq işi olmalıdır. Dövlət öz siyasətini aparacaqdır, ancaq, eyni zamanda, ictimaiyyət də bu işlərə fəal qoşulmalıdır, vətəndaşlar biganə qalmamalıdırlar və bütün xoşagəlməz hallar haqqında məlumatlar vaxtında dövlət orqanlarına çatdırılmalıdır”.

Andiçmə mərasimi 2013-cü il. Foto: president.az

2018-ci ildə qeyd edir ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparılır, bundan sonra da aparılacaqdır:

“Bu istiqamətdə inzibati tədbirlər, cəza tədbirləri görüləcək və ən böyük səmərə verən sistem xarakterli tədbirlər, institusional islahatlar həyata keçiriləcəkdir. “ASAN xidmət” onların arasında xüsusi yer tutur. Azərbaycan vətəndaşları görürlər ki, biz tədricən bu qurumun funksiyalarını genişləndiririk”.

Bundan əlavə Azərbaycanda 2019-cu ilin dekabrından icra başçılarının həbs dalğasına start verilib. Ağstafa, Yevlax, Neftçala, Biləsuvar, İmişli, Cəlilabad, Kürdəmir və Şəmkir rayon icra hakimiyyətlərində əməliyyatlar keçirilib. Adları çəkilən rayonların başçıları həbs olunub.

Amma bu həbslər ölkədə korrupsiya və rüşvətxorluğun köklü aradan qaldırılmasına təsir göstərməyib. İqtisadçılar institusional islahatlar aparılmazsa, həmin neqativ halların aradan qaldırılmasını mümkünsüz hesab edirlər.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ” ifadəsi tarixdə qaldı

Diqqətçəkən məqamlardan biri o idi ki, Əliyevin 2003-2018 il inaqurasiya nitqlərindəki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ ifadəsi bu il “Ermənistan-Azərbaycan münaqişəsi, yaxud Azərbaycan-Ermənistan münasibətləri” ilə əvəzləndi. Amma Əliyev bütün andiçmə mərasimlərindəki çıxışlarında Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyini əminliklə bildirirdi. Məsələn, 2013-cü il çıxışında ölkə başçısı “Şuşada, Xankəndidə Azərbaycan bayrağı qaldırılmalıdır və əminəm ki, belə də olacaqdır”,-deyə bildirib.

P.S. Əliyevin 2003-cü il nitqi “Yaşasın azad və müstəqil Azərbaycan!” cümləsi ilə bitirsə, 2008-ci ildə “Yaşasın Azərbaycan!, Eşq olsun Azərbaycan xalqına!”, 2013-2018-ci illərdə isə “Eşq olsun Azərbaycan xalqına!” sözləri ilə yekunlaşır!

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button