“20 yanvarda SSRİ Bakıda öldu!”-Qarabağ Komitəsindən Bəyanat

Qarabağ Komitəsi 1990-cı il 20 yanvar hadisələrinin 30 illiyi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir. Xural.com-a daxil olan bəyanatda deyilir:

“1990-сı il 20 yanvarında keçmiş SSRİ imperiyasının qoşunları ovaxtkı sovet dövlətinin və Azərbaycan respublikasının qüvvədə olan qanunları və beynəlxalq hüquq normaları kobud şəkildə pozulmaqla, Azərbaycan xalqının totalitar kommunist rejiminə, müstəmləkəçi sovet-rus imperiya müstəmləkəçiliyinə qarşı, azadlıq, demokratiya və dövlət müstəqilliyinin bərpası uğrunda milli azadlıq və demokratik hərəkatını boğmaq, təşkilatı strukturunu və lider kadrosunu məhv etmək, bununla SSRİ-də milli və demokratik azadlıqlar uğrunda mübarizə aparan digər xalqlara dərs verib qorxutmaq, sovet-kommunist quruluşu və imperiyanın çöküşünü dayandırmaq və onu dağılmaqdan xilas etmək məqsədi ilə Bakını və digər rayonlarımızı işğal etmiş, Azərbaycan Respublikasına qarşı sialahlı təcavüz aktı, Azərbaycan xalqına qarşı cinayət, o cümlədən hərbi cinayət aktı, vəhşilik və milli qırğın aktı törədilmişdi.
Qarabağ Komitəsi xatılatmağı zəruri sayır ki, 20 yanvar hadisələri ərəfəsində əsrlər boyu Ermənistanda yaşayan yüzminlərlə azərbaycanlı soyqırıma məruz qalmış və deportasiya edilmişdi. Dağlıq Qarabağın Azərbaycanla əlaqələri süni surətdə və zorakılıqla qırılmış, Dağlıq Qarabağ Xüsusi İdarə Orqanı adı altında Azərbaycanın suverenliyindən çıxarılaraq Moskvaya tabe edilmiş, sənaye və digər təsərrüfat vahidləri birbaşa SSRİ və ya Ermənistan nazirliklərinə birləşdirilmişdi. DQMV faktiki olaraq silahlı terrorist dəstələr və seperatçıların, əslində Ermənistanın nəzarəti altına keçmişdi. 1989-ci ilin sonunda Ermənistan Dağlıq Qarabağın ilhaq edilməsi barədə qərar qəbul etdi və 1990-cı ilin yanvarında silahlı terrorist qruplaşmalar DQMV ərazisindən kənara çıxaraq Xanlar, Göygöl, Gəncə zonasında silahlı əməliyyatlara başladılar. Məhz belə bir məqamda Bakının yüz minlərlə sakini SSRİ-nin digər yerlərindən Azərbaycan gətirilməyə başlamış qoşun hissələrinin Bakıya deyil, Qarabağ və Ermənistanla sərhəd zonasına göndərilməsi tələbilə kütləvi dinc aksiyalara çıxmışdı. Odur ki, SSRİ – rus imperiya ordusunun 1990-cı il 20 yanvar zərbəsi konkret olaraq Azərbaycan xalqının Qarabağ uğrunda, öz torpaqları uğrunda, Vətən uğrunda milli müqavimətinə qarşı yönəlmişdi və bu müqavimətin məhvi üçün həyata keçirilmişdi.
1990-cı ilin 20 yanvarında və sonrakı günlərdə imperiya ordusunun Azərbaycana silahlı təcavüzü nəticəsində yüzlərlə dinc insan həlak olmuş və yaralanmışdı, on minlərlə insan tutulmuş, işgəncə verilmiş həbs və repressiya edilmişdi.
20 yanvar 1990-cı ildə minlərlə insanın qətlə yetrilməsinə, yaralanmasına, həbsinə baxmayaraq təcavüz və təcavüzkar öz məqsədinə çatmadı. Sovet ordisunun ən seçmə silahlı və təlim keçmiş hərbi hissələrdən ibarət cəza dəstələrinin respublikanı hərbi cəhətdən işğal etməsinə baxmayaraq, Bakıda on minlərlə adamın iştirak etdiyi etiraz mitinqləri 20-22 yanvarda atəş altında davam etdi və respublikanın bütün şəhər və kəndlərini bürüdü. 20 yanvar şəhidlərinin dəfninə işğal, işğalçı əleyhinə şüarlar səsləndirən milyonlarla adam çıxdı. Azərbaycanda elan edilən milli matəm və ümumi tətil şəhidlərin 40-na qədər davam etdi. Tarix və dünya bu miqyasda dirəniş görməmişdi! Bu dirəniş qarşısında Azərbaycan xalqını sındırmağa gələn sovet hərb maşını özü sındı. SSRİ-ni xilas etmək etmək məqsədi güdən 20 yanvarda SSRİ Bakıda öldu!

1990-cı ilin 20 yanvarı heç şübhəsiz Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. Eyni zamanda 20 yanvarda Bakıda baş verən hadisələr öz təsirinə və əhəmiyətinə görə Azərbaycan, SSRİ miqyasından kənara çıxaraq ümumdünya əhəmiyyəti kəsb edir, müasir dünya tarixinin ən mühüm hadisələrindəndir!
Qarabağ Komitəsi bu şanlı tarixi yaradan xalqımıza görə şərəf və qürur hissi keçirdiyini bildirir və bu tarixin qəhrəmanları olan şəhidlərimizə eşq olsun deyir! Qəti əminik ki, 1990-cı ilin 20 yanvarında dünyanın fövqəl hərbi gücü qarşısında əyilməyən, ona məğlub olmayan şanlı, qəhrəman xalqımız erməni təcavüzünü də dəf edəcək, Qarabağ müharibəsindən zəfərlə çıxacaq və torpağımızı işğaldan qurtaracaqdır!
Bununla birlikdə Qarabağ Komitəsi ötən 30 il ərzində 20 yanvar hadisələrinin istintaqının başa çatdırılmamasını və ədalət məhkəməsinin keçirilməməsini dərin bir anlaşılmazlıq, şahidlərimizinn xatirəsinə hörmətsizlik kimi qeyd edir. Qarabağ Komitəsi xatırladır ki, bu hadislərin təfsilatını aydınlaşdırmaq, Kommunist Partiyasının, SSRİ-nin və Azərbaycan SSR-in əlaqədar vəzifəli şəxslərinin hüquqi və siyasi məsuliyyətlərini müəyyən etmək üçün AR Ali Sovetinin 1990-cı ilin 22 yanvar tarixli qərarı ilə deputat-istintaq komissiyası yaradılmış, həmin Komissiya öz işini 1992-ci ilin yanvarında başa çatdırmış, Komissiyanın rəyi əsasında Azərbaycan Respublikasının Ali Sovetinin 19 yanvar 1992-ci il tarixli qərarına əsasən prokurorluq orqanları cinayət işi başlamış, xüsisi əməliyyat istintaq qripu yaradılmışdı. Lakin törədilməsindən 30 il keçməsinə baxmayaraq, Azərbaycan xalqına qarşı bu ən ağır cinayətə dair bir məhkəmə hökmü belə yoxdur! Qarabağ Komitəsi bu rüsvayçılığa görə görə həmin dövr ərzində Azərbaycanda iqtidarda olmuş siyasi hakimiyyətləri və hüquq mühafizə orqanlarının vəzifəli şəxslərini şiddətlə qınayır və hesab edir ki, bu məsələyə aydınlıq gətirilməli, ədalət öz yerini tapmalıdır.
Hər gün Qarabağ, hər yer yer Qarabağ!
Təcavüzə qarşı müharibə – Vətən müharibəsi!
Yaşasın Azərbaycan!”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button