2003-cü ildə mənə “satılma”, 2010-cu ildə xüsusi imtiyazlarla millət vəkili olma təklif olundu

daşqın1

Daşqın Ağalarlı: “Müsavat partiyasının üzvüyəm, amma seçki məsələsində Milli Şuranın mövqeyini məqbul hesab edirəm”

 

“16-1” layihəsinin budəfəki qonağı 1992-1993-cü illər hakimiyyətində Dövlət Yanacaq Komitəsinin müavini vəzifəsində işləmiş Daşqın Ağalarlıdır. Daşqın bəylə uzun müddətdir Azərbaycan ictimai fikrinin – mətbuatının əlaqəsi yoxdur. Onu danışdırmaq və düşüncələrini öyrənmək istədik. Və Daşqın bəylə çox maraqlı təfərrüatlarla zəngin bir müsahibə alındı. Hazırda mühacirət həyatı yaşayan minlərlə insanlarımızdan biri olaraq, o da problemlərin girdabındadır. Özü bu məsələlərə – təbii ki, aça bildiyi qədər – münasibət bildirib və ən əsası odur ki, cəmi bir neçə gün işlədiyi vəzifə haqqında səmimi cavablar verib. Və… maraqlıdır ki, prezident onu daha yüksək vəzifəyə təyin edərkən, “təcrübəsizəm” deyə birinci müavinliyi qəbul edib.

Yəni zamanında nümunə yaradan adamlardan biridir Daşqın Ağalarlı. O zaman buyurun, əziz Oxucular…

 

 

6 ay Gürcüstanda həbsdə qaldım

 

Azərbaycandan aralı düşməyinizin səbəbi nədir?

– Azərbaycandan tamamən aralı düşməyimin əsas səbəbi siyasi təqibdir. Mənə nə ağılın, nə də məntiqin izah edə bilməyəcəyi (eynilə həbs edilmiş hüquq müdafiəçiləri, siyasilər, jurnalistlər barədə olduğu kimi) ittihamlarla cinayət işi acıblar və məni İnterpol axtarışına veriblər. Guya mən vergidən yayınmışam, həm də külli miqdarda. Bu işi o adam haqqında qaldırıblar ki, o, 1993-cü il noyabrın 15-dən öz ölkəsində cəmi 14 gün formal olaraq bir yerdə calışıb (?). Ümumiyyətlə mən 1993-cü ildən sonra həyatımın təxmınən yarısını Azərbaycandan kənarda keçirmişəm, ailəmi əsasən ölkə xaricində qazandığım çörək pulu ilə saxlamışam. Amma o zamanlarda ilin yarısını da evimdə keçirmişəm.

– İndi harada məskunlaşıbsınız?

– Hal-hazırda Gürcüstan ərazisindəyəm. 2014-cü il martın 1-də Türkiyədən Gürcüstana keçərkən Sarp sərhəd keçid məntəqəsində Azərbaycan Respublikası DİN tələbilə Gürcüstan sərhədçiləri və polisi tərəfindən saxlanıldım və sonra həbs edildim. 6 ay həbsdə qaldım. Azərbaycan siyasi müxalifətinin, hüquq müdafiəçilərinin, Gürcüstan və beynəlxalq hüquq müdafiəçilərinin, bir çox dostlarımın, vəkillərimin tələbi və mudafiəsi nəticəsində, ittihamın uydurma oldugu sübut ediləndən sonra 2014-cü il avqustun 29-da həbsdən buraxıldım. Lakin məsələ hələlik tam həllini tapmayıb, mənim heç bir statusum yoxdur…

Mühacirətin də problemləri olmalıdır, hansı ciddi problemləri var?

– Mən statuslu mühacir deyiləm. Ailəmdən aralı düşmüşəm. Həbsimin ilk günlərində tələsik Azərbaycana təhvil verilməyimlə bağlı problem olduğundan, həbsimin sırf siyasi fəaliyyətimlə əlaqədar olduğunu əsas gətirib Gürcüstan prezidentinə siyasi sığınacaq barədə müraciət etdim. Bu mənə şans verirdi ki, müraciətimə baxış müddətində təslim edilməyim. Sonradan müdafiəm də təşkil olundu və mən azad edildim.

 

daşqın

Rövşən Cavadovun, Afiyəddin Cəlilovun və Heydər Əliyevin müdaxiləsi nəticəsində azad olundum

 

– Hakimiyyət dəyişən zamanlarda repressiyaya məruz qalanların sırasında sizin adınız olmadı, ya da mən elə xatırlayıram, nədən məhz indi bu hakimiyyətin yadına düşdünüz?

– Əvvəla, onu qeyd edim ki, deyəsən mən bu hakimiyyətin yadından heç vaxt çıxmamışam. 1993-cü ilin yayında Gəncə hərbi prokurorluğunun tələbi, Daxili İşlər naziri Vaqif Novruzovun əmri ilə iyulun 16-da İsa Qəmbərlə eyni gündə iş otağımdan həbs edildim və iyulun 25-də Rövşən Cavadovun, Afiyəddin Cəlilovun və sonda Heydər Əliyevin müdaxiləsi nəticəsində azad olundum. Bu arada bir arayış verim ki, mən Heydər Əliyevlə o Naxçıvan MR Ali Məclisinin sədri olduğu və mənim də Dövlət Yanacaq Komitəsi sədrinin I müavini olduğum dövrdə, xidməti qaydada bir neçə dəfə görüşlərim olub. Mən Naxçıvanın donmaması, iqtisadi həyatın minimum səviyyədə də olsa fəaliyyəti üçün bütün qışı fasiləsiz çalışmışam. Bundan ötrü 2 dəfə İranda və Naxçıvanda olmus, hər birində bir həftə gecəli-gündüzlü fəaliyyətdə olmuşam. Bir neçə dəfə Heydər Əliyevlə Məclisin binasında və qaldığı evdə uzun-uzadı müzakirələrimiz olub… 1993-cü il iyun qiyamından və çevrilişdən sonra Heydər Əliyev mənim onun komandasında çalısmağımı istədiyini dəfələrlə bildirmişdi. Mən də çətin dövr olduğu üçün, Heydər Əliyevlə münasibətlərim normal olduğu üçün, o zamankı  hakimiyyətdən çəkilən dövlət rəhbərliyinin də təklifi ilə vəzifəmdə qalıb çalışmağa davam etdim. Lakin bildirdiyim kimi, əvvəlcə həbs edildim, sonra isə bu qarışıq komandanın əsas üzvlərinin niyyətlərinin yalnız talamaq olduğunu görüb, torpaqlarımızın isğalının siyasi hakimiyyətin düşünülmüş və keçici siyasəti olduğu qənaətinə gəlib… dəfələrlə Heydər Əliyevə istefamı qəbul etməsini xahiş etdim və nəhayət, 13 noyabr 1993-cü ildə Heydər Əliyev mənim müraciətlərim əsasında deyil, öz sərəncamı ilə məni işdən azad etdi. Lakin yaxın ətrafında mənimlə münasibəti olan bəzi adamlara da başqa sahədə mənə iş verə biləcəyini dedi. Amma mən imtina etdim… Sonradan da mənə dəfələrlə müəmmalı tələblərini qəbul edəcəyim  müqabilində iş təklif olundu. Amma mənim cavablarım həmişə sərt və rədd oldu. 2003-cü ilin yayında mənə “satılma” təklif olundu. 2010-cu ildə xüsusi imtiyazlarla millət vəkili olma, amma lazım gəldikdə (lənət şeytana!) hakimiyyəti dəstəkləmək və müxalifətlə debata cıxma təklif olundu və mənim qara günlərim də başladı. 2012-ci ilin payızından başlayaraq, 2013-cü il prezident seçkilərində siyasi partiyalardan kənarda, neytral bir keçici namizədin vahid namizədliyi fikrini dəstəkləyənlərdən biri idim. Hətta bu çalışmalar start götürməzdən əvvəl bir qrup, əsasən xaricdə təhsil almış gəncin bütün dünyada tanınmış bir akademikimizlə görüşünü də təşkil etdim… Həmin dövrlərdə absurd ittihamlarla, bəzən də guya şahid kimi tez-tez istintaqa çagırılır və əsasən xəbərdar olunurdum. Bəziləri də elə bilirdi ki, mən müxalifətə maliyyə qaynagı tapmaqda yardımçı oluram. Təhdidlər şiddətləndikcə, mən ölkədən çıxmağa məcbur oldum. (Onu qeyd edim ki, o vaxt mənə qarşı irəli sürülən xəbərdarlıq ittihamlarının indiki ittihamlara dəxli yoxdur, məzmunca bənzər olsalar da). Demokratik Qüvvələrin Milli Şurası və vahid namizədin elan olunmasından sonra biz Ukraynada ciddi propaqanda – təbliğat və Ukraynada yaşayan Azərbaycan vətəndaşlarının konsul qeydiyyatından keçməsi istiqamətində geniş fəaliyyətə başladıq. Həmin vaxt Ukraynada olan Qənimət Zahidov, Fəhmin Hacıyev, Yalçın Qəhrəmanoğlu və ətrafındakı gənclər Ukrayna vətəndaşı olan çoxsaylı ziyalılarımızın da dəstəyi ilə böyük bir forum keçirdik. Hakimiyyətin yaratdığı “diaspor” təşkilatının vilayət şöbələrindən çoxsaylı qopmalar oldu və Milli Şuraya dəstək verdilər…Və bu da hakimiyyəti fəaliiyətə keçirdi. Təkliflər, hədə-qorxular və nəhayət, əməli repressiya özünü göstərdi. Mənə qarsı yenidən cinayət işi açıldı və tələsik Ukrayna DİN-ə müraciət göndərildi. Mən yerli xeyirxah rəsmilər tərəfindən xəbərdar edildim və mənə Ukraynanı tərk etmək təklif olundu. Mən Türkiyəyə, İstanbula keçdim. Seçki dönəmindəki fəaliyyətimiz ilgili səxslərə bəllidir… Seçkidən sonra mən əsasən “Seçki hüququ zorlanan millətin üsyan hüququ var!” kəlamının təbliğinə başladım. Haqqımda İnterpola müraciət olundu. 20 yanvar ərəfəsində bir çox hərəkətlərimiz, sonralar isə mətbuata ayaq açmamız yuxarılardan sərt reaksiyalara səbəb olurdu. Nəhayət, fevral ayının 20-də hörmətli Cahit Kılıç hoca ilə birlikdə “Bizim Kafkasya” proqramındakı canlı veriliş vəziyyəti dözülməz hala gətirdi, yerli əmniyyət tərəfindən Türkiyəni tərk etməm tələb olundu. Əks təqdirdə, Azərbaycanın iadə tələbini yerinə yetirməyə məcbur olacaqlarını bildirdilər… Mən Gürcüstana, oradan isə Ukraynaya keçmək qərarına gəldim… və martın 1-də Sarpda gürcü polisi tərəfindən həbs edildim…

 

daşqın3

Elçibəy tərəfindən Yanacaq Komitəsinə sədr vəzifəsi təklif olundu, ancaq…

 

– Siz milli hökumətdə Yanacaq Komitəsinin sədr müavini işləmisiniz, öz göstəricilərinizi deyə bilərsinizmi? Siz gələndə vəziyyət nə cür idi, siz gedəndə vəziyyəti necə qoyub getdiniz? Yəni Azərbaycan üçün nə etdiniz?

– Mən AXC İcrayyə Komitəsinin üzvü, söbə müdiri və Ali Məclis üzvü kimi vəzifəyə ən son təyin olunanlardan olmuşam. (Detallara toxunmaq istəmirəm. 1992-ci ilin yayı da eynən sonrakı ilin yayı kimi ciddi müzakirə və araşdırmaya ehtiyac duyur). Mənə rəhmətlik Elçibəy tərəfindən Yanacaq Komitəsinə sədr vəzifəsi təklif olunmuşdu. Lakin bir az məlumatlanmaq və təcrübələnmək üçün bir müddət I müavin işləmək istədiyimi bildirdim. Bəy sevindi və bir neçə aydan sonra bu məsələyə yenidən baxacağını bildirdi. Həmin dövrün şahidləri bilirlər ki, bizim təyinatımız dövründə, milli hökumət olmasına baxmayaraq, hətta Bakıda belə yanacaqdoldurma məntəqələrində növbənin uzunluğu bəzən bir neçə yüz metrə çatırdı. Çox qısa müddətdə bu problem həll olundu və artıq oktyabrın sonlarında sərhəd rayonlarından basqa digər bölgələrdə də vəziyyət sabitləşdi. Bizim hakimiyyətə gəldiyimiz dönəmdə bir neçə strateji enerji daşıyıcısını Rusiyadan və basqa ölkələrdən alırdıq. Aİ-95 benzin istehsal etmirdik. Müharibə aparan ölkə olaraq, 3 cür hərbi texnikaya lazım olan yağlar istehsal etmirdik. Avia kerosinimiz aşağı keyfiyyətdə idi… Bunların istehsalı Yanacaq Komitəsinin funksiyası olmamasına baxmayaraq, biz alimlərimizi və texnoloqlarımızı səfərbər etdik və artıq 1993-cu ilin martından sadaladığım məhsulları özümüz istehsal etməyə başladıq. Yanacaq Komitəsi yeniliklərə o qədər də açıq olan bir dövlət strukturu deyil. Buna baxmayaraq, gərəkli vaxtlar funksional dəstəklərimiz çox olurdu. Ölkədə ilk dəfə rus rublu hələ dövriyyədə olarkən Azərbaycan sərhədlərindən 100-120 km-lik içərimizə doğru arealda yanacaq məhsulları yalnız Azərbaycan manatına satılmağa başladı. Bir neçə aydan sonra Nazirlər Kabineti bizim bu qərarımızı ləgv etməyə məcbur oldu. Amma o zaman, əsas nəgd pul dövriyyəsinin yanacaqdan əmələ gəldiyi vaxt, rus rublunun və digər valyutaların da manata dəyişmək zərurətinin ortaya çıxmasıyla hansı dividentlərin gəldiyini maliyyəçilər daha yaxşı bilirlər. Milli hakimiyyət dönəmində ilk dəfə olaraq işlənmiş yağların hər yerdən və sərfəli qiymətlərlə toplanıb ixracını təskil etdik və bu, ölkəyə xeyli valyutanın gəlməsinə səbəb oldu. Nə yazıq ki, bir çox reallaşmaqda olan layihələrimiz sonradan hakimiyyəti qəsb edənlər tərəfindən durduruldu…

 

daşqın2

…hakimiyyətsiz də parça-parçayıq

 

– Qarşıdan seçkilər gəlir, namizədliyinizi vermək imkanınız olmaz, amma düşüncələriniz maraqlıdır?

– Əvəz bəy, məlumunuz olsun ki, mən Müsavat partiyasının üzvüyəm, 1999-cu ildən… Mənsub olduğum partiya seçkidə iştirak qərarı verib. Mən isə fərd olaraq bu məsələdə Milli Şuranın mövqeyini məqbul hesab edirəm. Amma partiya tərəfindən qərar qəbul edilib, namizədlər verilib, müzakirə bitib. Bütün namizədlərə mümkün olduqca uğurlar arzulayıram. Mən demokratik seçki mühitinin, xalqın konstitusion hüquqlarının pozulmadığı bir mühitin bərpası uğrunda ardıcıl, prinsipial etiraz Hərəkatının tərəfdarıyam. Etirazçıların say tərkibi bəhanə ola bilməz. Bütün böyük hərəkatlarımız azsaylı insanların qətiyyətli duruşundan sonra başlayıb, özünüz də 1988, 1989, 1991 və nəhayət, 1992-ci il may hadisələrinin şahidisiniz.

– Hakimiyyətdə olub indi xarici ölkələrdə məskunlaşan mühacirlərdən əlaqədə olanınız varmı?  Görüşürsünüzmü, hansısa düşüncələriniz, birliyiniz varmı?

– Mühacirətdə olan milli hökumət mənsubları ilə əvvəllər daha çox əlaqələrim var idi. Ara-sıra görüşə də bilirdim. Son vaxtlar bu imkanlarım yoxdur. Ümumilikdə bu sahədə ciddi fəaliyyətsizlik və digər problemlər var. Mühacir dünyamızı hakimiyyət çox parçalayıb. Amma hakimiyyətsiz də parça-parçayıq. Müxalif partiyalararası problemlər oralarda daha kəskindir. Nə yazıq ki, bu belədir. Və elə bu yerdə sonuncu sualınıza da cavab vermək istəyirəm. Mən hansı ölkələrdə olmuşamsa dostları partiya mənsubiyyətinə görə yox, konkret hədəf hərəkətlər ətrafında fəalliyyətə dəvət etmişəm. Bu mövqedə olan insan sayısı 2, ya 3 nəfər olanda dərhal uğur qazanır və onlarla dünən didişən dostlar birgə fəaliyyət göstərə bilirlər. Nə yazıq ki, bu gün “mutilşiklər” daha çox mühacirətdə olanlardır.

– Gələcək haqqında nə kimi planlarınız var?

Əgər sərbəst həyatım tezliklə təmin olunarsa, harada olmağımdan asılı olmayaraq əməlin qeybəti üstələdiyi bir mühit təşəbbüsündə olmaq istəyirəm. Başqa bir neçə ciddi olduğunu düşündüyüm planlar var. Bunlardan ən ümdəsi çevik hökumət strukturunun üzərində çalışmaqdır. Kabinet-filan yox ha… (gülür…), struktur.

Deyəcəklərimi əsasən suallarınız ətrafında dedim. Ciddi və əhatəli suallarınıza görə, gerçəkdən sizə təşəkkür edirəm. Demək istədiklərim bir çox şeylər də var. Bəzisinin zamanı deyil, bəzisi isə qalsın başqa söhbətə.

 

Söhbətləşdi:

Əvəz Zeynallı

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button