2013 də təhlükəyə düşdü?

  «Ərəb baharı»nın Azərbaycana təsiri ilə bağlı müzakirələr zamanı ölkə siyasətinin içində olmuş bəzi politoloqlar fərqli mövqe tutdular, «Azərbaycandakı dəyişiklik daha çox Rusiyadan asılıdır» deyə.

Əvvəlcə müəyyən tərəddüdlər olsa da, az keçməmiş, yəni Ərəb dünyasında başlayan total etiraz aksiyaları və dəyişikliklərdən tükümüzün belə tərpənmədiyini və bir-iki aksiyanın qarşısını hürkmüş hakimiyyətin dəhşətlə aldığını görəndə politoloqların mövqeyi gücləndi. Azərbaycan doğrudan da geopolitik baxımdan Rusiyanın siyasi atmosferindən qurtula bilməyib və Qərbin cəhdləri hələlik heç bir səmərə vermir: ölkəmizə seçki texnologiyası da, siyasi nəzəriyyələr də Rusiyadan idxal olunur və demokratiya çağırışlarından hakimiyyət üzünü Moskvaya çevirməklə xilas ola bilir.

Ona görə də Rusiyadakı prosesləri izləmək siyasi perspektiv barədə düşüncələr üçün daha praqmatik nəticə vəd edir. Rusiyada isə…

Dünən «Vahid Rusiya» partiyasının qurultayında Medvedyev əqidədaşlarından xahiş etdi ki, prezidentliyə Putinin namizədliyini dəstəkləsinlər. Keçmiş prezident, hazırkı baş nazir Vladimir Putin isə bu təklifə razılığını bildirdi.

Demək, 2000-2008-ci illərdə iki dönəm prezident seçilən və ölkə Konstitusiyasına uyğun olaraq, üçüncü dəfə namizədliyini vermək imkanından məhrum olan Putin bir dönəm Medvedyevi prezident kürsüsündə müqəvva kimi oturtmaqla yenidən prezidentliyə qayıdır.

«KQB» polkovniki Putinin belə ssenari çızdığı hələ 2008-ci ildə səslənirdi və görünür, hazırkı baş nazir insan tanımaqda Avropadan fərqli olaraq, daha mahirmiş. Çünki Avropa Medvedyevin reformator və loyal olması faktından istifadə edərək, onu Rusiyanın yeni lideri kimi açıq-açığına dəstəkləməkdən çəkinmirdi. Ancaq 2012-ci ilin prezident seçkilərində Medvedyevin qələbəsini təmin etmək və «Şovinist Putin»nin siyasi karyerasına balta çalmaq demokratik Qərbə nəsib olmadı.

Qərbi Medvedyevi dəstəkləməyə şirnikləşdirən də Putin-Medvedyev münasibətləri idi. Oynayırlarmış, Qərbin maraqlarını ortaya qoymasına daha artıq imkan tanıyırlarmış və artıq oyun başa çatdı.

Bu ssenarini illər öncə Ermənistanda sınaqdan keçirmişdi Rusiya. Zatən bu ölkə Rusiyanın poliqonudur, sınaq meydançasıdır. Putin bu ssenarinin praktik tətbiqindəki nəzəri yanlışlıqları özünə qədər düzəltdi və Medvedyevin üstündə dayanmaqda bir daha haqlı olduğunu göstərdi.

Ssenari özünü doğrultdusa və Azərbaycanın siyasi ab-havası Rusiya küləyindən asılıdırsa, onda düşünmək olarmı ki, növbəti təcrübə meydançası Bakı olacaq?

İlham Əliyevin hətta 2009-cu ildə iki dəfədən artıq prezident seçilməyi qadağan edən Konstitusiya düzəlişini həyata keçirəndən sonra 2013-cü ildə namizədliyini verəcəyi ehtimalı yüksək deyil. Rusiya və Ermənistan etmirsə, Azərbaycanın bu siyasi addımı atacağı mübahisəlidir. Bəs onda kim olacaq 2013-də İlham Əliyevin əvəzləyicisi? İlham Əliyev atadanqalma kürsüsünü müvəqqəti olaraq – 5 illiyinə – kimə icarəyə verəcək, kimə etibar edəcək? Komandasında etibar ediləcək sima varmı?

Yox! – yalnız bir nəfərdən başqa!

Son siyasi gəlişmələr – Ayaz Mütəllibovun vəfat edən xərçəng xəstəsi oğlunun Heydər Əliyev Fondu tərəfindən müalicəsi və eks-prezidentin oğlunun dəfnində iştiraka şərait yaradılmasıyla «Bakı-Şirvan» klanına edilən jest, Kəmaləddin Heydərovun iqtisadi gücünün əlindən alınmasına yönələn addımlar, – hətta BBC-nin son reportajı ilə rüşvətxorluğunun isbatına yönələn cəhd, – bir neçə bölgəni birləşdirən şəxslərin Fondun çətirinin altına yığılması və s. Azərbaycanda kürsü dəyişiminə gedən ssenaridən xəbər verir. İddiasız Artur Rasizadənin bu vaxta qədər baş nazir saxlanılmasının da səbəbi var: 2013-ə doğru Mehiban xanım Əliyevanın baş nazir olması ehtimalına nə deyirsiz?

Ancaq hörmətli xanımın Medvedyev funksiyasını icra edəcəyinə inanmıram. İlham Əliyevdə Putin uzaqgörənliyi olmadığı kimi, Mehriban Əliyeva da Medvedyev iradəsizliyindən xalidir və onun «müvəqqəti icraçı» olacağı ağla batmır. Görünür, hakimiyyətdaxili dirənişlərin bir səbəbi də budur.

Bütün hallarda isə 2013 oyunu başlayıb…

“Xural” qəzeti,

il 9, sayı: 042 (450), 25 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button