2018-ci il dövlət büdcəsinin icrası haqqında hesabat niyə gecikib?

Qubad İbadoğlu

ADR Hərəkatının sədri

 

22,7 milyard manatlıq büdcəsini icrasına dair qanun layihəsi 1 saat ərzində yekunlaşıb

 

Dünən Milli Məclisin növbədənkənar sessiyası çağrılıb və “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Bununla əlaqədar olaraq aşağıdakı qeydlərimi bildirmək istərdim.

1) Əslində, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə görə, “Dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi təsdiq olunmaq üçün növbəti ilin may ayının 15-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunur. Hesabat özündə digər məlumatlarla yanaşı, bütün dövlət borcları, il ərzində götürülən dövlət borcları, o cümlədən buraxılmış dövlət qiymətli kağızları və verilən dövlət zəmanətləri və dövlət büdcəsinin Ehtiyat Fondunun, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitlərindən il ərzində istifadə, məqsədli büdcə fondlarının və yerli gəlirlərin vergi və digər ödəniş növləri üzrə icrası haqqında məlumatları da əks etdirir”. Əgər hökümət parlamentə “2018-ci il dövlət büdcəsinin icrası haqqında” hesabatı vaxtında təqdim etsəydi, yəqin ki, Milli Məclis yay tətilinə çıxmadan, yənu iyunun 1-dək bu sənədi hər iki oxunuşda qəbul edə və qanun layihəsi də vaxtında imzalanardı. Görünür ki, ötən ilin büdcəsi ilə bağlı hökümətin hesabatı ləngiyib. Bu ləngimənin nədən baş verdiyini büdcə müzakirəsində səsləndirilməyib. Çünki “2018-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun birinci oxunuşda mayın 31-də qəbul olumuşdu. Dünən isə ikinci oxunuşda sənəd qəbul edilib.

2) Hakimiyyət bölgüsünün fəlsəfəsinə görə, “Dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi” Milli Məclisdə hökümət, adətən Baş Nazir və ya Maliyyə naziri tərəfindən təqim olunur. Bu dəfə 2018-ci ilin dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi”ni Milli Məclisin “İqtisadi siyasət, sənaye və sahibkarlıq” komitəsinin sədri Ziyad Səmədzadə təqdim edib.
Amma Milli Məclisin saytında yerləşdirilən məlumatdan və eyni zamanda mətbuatda dərc olunanlardan belə başa düşülür ki, müzakirələrdə nə Maliyyə naziri, nə də Baş Nazir çıxış etməyib. Ümumiyyətlə, ötən ilin 22,7 milyard manatlıq büdcəsini icrasına dair qanun layihəsi 1 saat ərzində yekunlaşıb.

3) Nə Milli Məclisin, nə Maliyyə Nazirliyinin, nə də Hesablama Palatasının saytında “Dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi” yerləşdirilməyib. Yalnız Hesablama Palatası verdiyi rəy əsasında hazırladığı xülasəni sayta qoyub. Rəsmi mətibu orqanlar da nə hesabatı və nə də Qanun layihəsini dərc etməyib. Həmin qəzetlərdə əsas material Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə bağl olub, ötən ilin büdcəsinin icrası ilə bağlı epizodik materiallar yerləşdirilib.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button