21 illik birləşmə tarixi

Elmir Mirzoyev

Bu gün, 3 oktyabr Almaniyanın birləşməsinin 21-ci ildönümü qeyd edilir. 1990-cı ildə məhz bu gün 40 ildən uzun sürmüş 2 alman dövlətinin varlığına son qoyuldu, silinmiş sərhədlər sırf mənəvi amil kimi tamamilə yoxa çıxmasa da, birləşmə artıq baş tutdu. İndinin 20 illik yüksəkliyindən inamla demək olar ki, almanlar II Dünya Müharibəsinin ağır nəticələrindən birini qismən də olsa, yenə bildilər. Bu mövzunun bizim cəmiyyət üçün xüsusi vacibliyi olduğu üçün bəzi məqamlar üzərində dayanmağa dəyər.

“Berlin divarı bundan 50 və ya 100 il sonra da yerində duracaq!” – hələ 89-un fevralında ADR-in rəhbəri Erich Honecker bu sözləri təkrar edirdi. Və indi, dünya tarixinin vektorunun dəyişməsindən xəbər verən bu hadisənin üstündən 21 il keçdikdən sonra, indinin zaman yüksəkliyindən əminliklə demək olar ki, məşhur kommunistin bu sözləri həqiqətdən o qədər də uzaq deyilmiş. Əlbəttə ki, çox tezliklə, elə həmən 89-un noyabrında divar artıq uçuruldu. Lakin hamımıza gözəl məlum olduğu kimi, beyin və qəlblərdə qalan səddləri aşmaq daha çətindir – tikanlı məftillər çox zaman buradan keçir, nəinki sərhədlərdən, məncə buna biz, birlləşə bilməsək də tariximizin son illərinin timsalında əmin ola bildik.

Ossi (şərqi alman mənasında işlədilir, Osten – Şərq, kəlməsindən alinan sözdür) və Wessi (Westen – Qərb deməkdir, müvafiq olaraq qərbi alman deməkdir) qarşıdurması artıq 20 illik postbirləşmə dövrünü yaşayan müasir Almaniyanın ən böyük psixoloji problemidir. Cəmi 40 illik bölünmə xalqın tarixində gözlənildiyindən daha dərin izlər buraxıbmış. Optimislərin “baxın, bu gün ölkəni idarə edən kansler Angela Merkel şərqlidir, 20 il bundan öncə bunu təsəvvür etmək belə mümkün deyildi!” kimi fikirlərinə rəğmən əhalinin bir hissəsi indiyədək 3 oktyabr – birləşmə gününü bayram hesab etmir. Bu bizim üçün əsla təəccüblü deyil, görəsən neçə nəfərimiz oktyabrın başqa gününü, 18-ni özü üçün bayram hesab edir? Sonradan məlum oldu ki, o zaman Milli Məclisdə bunun əleyhinə səs verənlər qarışıq əhalinin çox cüzi bir hissəsi. Müstəqilliyin əleyhinə səs vermiş həmin insanların çoxları indinin özündə hakimiyyətdə çox yüksək postlarda təmsil edilib, bəziləri isə taleyin istehzası kimi hətta “İstiqlal” ordeninə layiq görülüblər.

“Stern” jurnalının bir neçə il öncə bütün Almaniya üzrə apardığı sorğuya görə isə məlum olmuşdu ki, Qərbi Almaniyanın hər 5-ci sakini divarın yenidən öz yerinə qayıtmasını istərdi, Şərqi Almaniyada bu rəqəm 14%-i əhatə edir, 61% şərqi alman isə “qərb demokratiya”sından narazı idi. Doğrudan da, artıq 21 ildir ki, birləşmiş ölkə daxilində iqtisadiyyat, həyat səviyyəsi (tutalım, eyni görülmüş iş üçün, məsələn Leipzig və Düsseldorfdakı maaşlar tamamilə fərqlidir), işsizlik, infrastruktur və s. məsələlərdəki fərqlər indiyədək hiss edilməkdədir.

Avropa Birliyinin son illər çox genişlənməsi və avronun pul vahidi kimi meydana çıxması isə onsuz da Berlindəki siyasətçilərin baş ağrısına çevrilmiş bu problemləri daha da kəskinləşdirdi. 2008-in payızındakı krizisin ağır nəticələri isə indiyədək aradan götürülməyib və Şərqdə bu problemlər ozünü 21 il ərzində buradan Qərbə köçən 1,5 milyon insanın şəxsində özünü qabartmaqdadır. Lakin iqtisadiyyat nə qədər vacib olsa da, istənilən halda 40 illik totalitar rejimin ağır “varidatı” və bundan meydana gəlmiş mənəvi-psoxoloji problemlər ictimai şüurda dərin izlər buraxmışdır.

Məşhur alman rejissoru Wolfgang Becker’in 2003-də lentə aldığı tragikomediya janrında çəkilmiş “Good Bye Lenin!” filmində bu məsələlərdən bəhs edilir. Şərqi Almaniyada o zaman baş verən hadisələri çox qabarıq şəkildə canlandıran bu sənət əsərinin qəhrəmanlarının da taleyi bunlardan çox uzaq deyilmiş. Filmdə baş rolun ifaçılarından biri olan Katrin Saß vaxtilə DDR kinosunun ulduzlarından olub, birləşmədən sonra tamamilə heç kimsəyə gərəksiz və işsiz bir insana çevrilibmiş. Aktrisanın kinoya yenidən qayıdışı və həyatda dirçəlişinin səbəbi məhz “Good Bye Lenin!” filmi oldu. Sonradan sağa-sola müsahibələr verən aktrisanın həyatı diqqət mərkəzində olduğundan çox şeylər aşkarlandı, məlum oldu ki, “Stasi” arxivində onun da işi varmış. Və illüstrasiyadan sonra öz işinə göz gəzdirən aktrisa dərin mənəvi sarsıntı keçiribmiş: onun haqda bu müdhis idarəyə “donos” yazanlardan biri də onun “Kazimir” ləqəbi altında “çalışan” ən yaxın rəfiqəsi olubmuş. Bəli, totalitar rejimlərdə belə işlər təəssüf ki, çox adi, sıradan bir hal alır. Görəsən bizim arxivlər açılsaydı nələr olardı, İlahi…

“Xural” qəzeti,

il 9, sayı: 050 (458), 03 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button