Sevgi şeirləri…

Elman Cəfərli
Bakı Avrasiya Universiteti, filologiya və jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi

Yalan imiş

Sevənin qəm-əzabından,
Zalımlar kam alan imiş.
Sevgi yoxmuş bu həyatda,
Leyli-Məcnun yalan imiş.

Unutmuşdum sevməyi mən,
Fələk yada salan imiş.
Qarşılıqsız sevmək isə,
Ağlı başdan alan imiş.

Dünyanın cah-cəlalından,
Xoşbəxt keçən məqamından,
Toyundan və büsatından,
Qara torpaq qalan imiş.

Sevgi bağının gülləri,
Cəh-cəh ötən bülbülləri,
Sevənlərin könülləri,
Viran imiş, talan imiş.

Yağış və Sən

Hər yağış damlasında,
Sevdalı bir bayatı var.
Hər sevdalı bayatıda,
Bir sevginin həyatı var.

Nə zaman yağış yağsa,
İlk sən düşürsən yada.
Biləndə ki, sən yoxsan,
Qəlbim gəlir fəryada.

Düşünürəm ki, sənlə,
Kaş yağışda islanaq.
Sonra da nəmli-qəmli,
Yollarda addımlayaq.

Yağışın damlasında,
Həzin pıçıltısında,
Buludların arasında,
Səni görmək istəyirəm.

Yağışda sən, yağmurda sən,
Canımda sən, qanımda sən,
Kaş olaydın yanımda sən,
Sənlə olmaq istəyirəm.

Hər yağış yağdığında,
Göydən sanki sevgi yağar.
Mənim aşiq ürəyimdə
Təkcə sənin sevgin yaşar.

“Birisi”nə həsr olunub

Sevginin yalan olduğun,
Dünyanın qalan olduğun,
Saf sevginin insanı,
Gözdən salan olduğun,
Öyrətdi mənə birisi.

Başımdan aldı ağlımı,
Bir kəz sormaz əhvalımı,
Hər gün, hər an kef -halımı,
Yerlə bir etdi birisi.

Naz-qəmzən amansız,
Sevməyim boş, zamansız,
Görəndə də salamsız,
Keçib-getdi birisi.

Bu dünyanın işi belə,
Gəlişi-gedişi belə,
Çəkilən hər dişi belə,
“Əvəz edər” birisi.

Həyatdakı inamımı,
Sevgidəki gümanımı,
Dəyərli vaxt-zamanımı,
Apardı getdi birisi.

Sevməkdə çox peşəkar,
Aldatmaqda adətkar,
Olduğumu məcazkar,
Deyən olub birisi.

Sevgidən xəbərsiz canan,
Olmaz səndən eşqi qanan,
Mənim tək eşqinlə yanan,
Çətin olar birisi.

Yolunda can verməyə,
Qanıyla qan verməyə,
Ən sonunda ölməyə,
Tapılarmı birisi?

Sevmişdim bilməm necə,
Unutmaq çətin eləcə,
Həyatımdan beləcə,
Ötüb-keçdi birisi.

“Xural” qəzeti
il: 9, sayı: 012(420), 27 mart-02 aprel 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button