263 YAŞLI CAVAD XAN!

İradə Aytel

20 may Cavad Xanın doğum günüdür…

Cavad xanın doğum günü heç vaxt anılmır. Hətta 5 il bundan əvvəl Gəncə şəhərində 20 may günü keçirilən bir məclisdə mən öz çıxışım zamanı ilk olaraq gəncəliləri və Azərbaycan xalqını böyük sərkərdənin doğumu münasibətilə təbrik edəndə, əksəriyyət mənim “yersiz söhbətimə” ağız büzdü. Yeganə olaraq Nüşabə xanım Məmmədli alqışlamağa başlayanda, məclis də ona qoşuldu. Mənə çox maraqlıdır, yanvar ayının 3 və 4-nü böyük təntənə, bayram, səs-küylə keçirən gəncəlilər (təbii ki, burada xalq yalnız iştirakçıdır, söhbət güc strukturlarından gedir) heç düşünmürmü ki, fəxarət dolu şəhidlik, ucalıq gününü qeyd etməklə yanaşı, onun doğum gününü də yada salmaq təqdirəlayiq olardı…

Qacarlar nəslindəm olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının axırıncı xanı Cavad xan Şahverdi xan oğlu Ziyadoğlu Qacardan söz açacam. Məlumdur ki, Cavad xanın qəhrəmanlığından, şücaətindən bu günə qədər çox ədiblərimiz dəyərli əsərlər qələmə alıb. Mən isə o böyük şəxsiyyətin, tək Gəncəmizin y ox, bütöv Azərbaycanımızın fəxri olan Cavad xanın doğum gününə həsr etdiyim bu yazımda onun qəhrəmanlıqlarla dolu örnək həyatına kiçik bir baxış keçirərək, məni düşündürən sualla ziyalılarımızın da fikrini önə çəkməyə çalışmışam. Lakin əvvəlcə gəlin Cavad xanın ağlı-qaralı, sayılıb seçilən taleyinə boylanaq:

Cavad xan 1748-ci il may ayının 20-də Gəncə şəhərində doğulub. O, Gəncədə XVI əsrdən hökmranlıq edən Ziyadoğlular nəslindəndir. Ziyadoğlular ilk doqquz Qızılbaş tayfalarından olan Qacarların bir qoludur.

Atası Şahve rdi xan 1756-cı ildən 1761-ci ilə qədər Gəncənin xanı olmuşdu. Cavad xanın anası Şərəf Cahan bəyim də əsil-nəcabə tli bir nəsildən idi. Cavaddan başqa ailənin Tuti bəyim, Xurşid bəyim və Heyransa xanım adında üç qızı da vardı. 1780-ci ildə Cavad xan adi bir kəndli qızı olan Şükufə xanımla, 1790-cı ildə isə Şəki xanının bacısı Məliknisə (Bəyim xanım) xanımla ailə qurdu. Bu qadınlardan biri 1812-ci ildə, ikincisi isə 1830-cu ildə vəfat etdi. Cavad xanın ikinci arvadı onun ölümündən sonra Şəkiyə, qardaşının yanına getmiş və orada da dünyasını dəyişmişdi. Məliknisə xanımın məzarı da Şəkidədir. Şükufə xanımdan Cavad xanın üç oğlu – Uğurlu xan, Əliqulu xan və Hüseynqulu xan, dörd qızı – Tuti Bikə, Püstə bəyim, Xatun bəyim, Balaca bəyim doğulublar. Uğurlu xan 1801-ci ildə Məhəmməd xanın qızı Cahan bəyimlə evlənib. Doğulan uşağa Cavad adı veriblər. Hüseynqulu xan (17841804) Şəmşəddinli Nəsib Sultanın qohumu Zeynəb xanımla evlənib.

1786-cı ildən Gəncəni idarə edən Cavad xan gürcülərin Gəncə üzərinə tez-tez baş verən basqınlarından can qurtarmaq məqsədilə öz hərbi hissələrini 1785-ci ildə Tiflis üzərinə yürüşə gedən Ağa Məhəmməd şah Qacarın qoşunlarına qoşur. Qacarın qoşunları geri qayıtdıqdan sonra Cavad xanla II İrakli arasındakı münasibətlər daha da gərginləşir. II İraklinin, Qarabağ xanı İbrahim xanın və onun qohumu Avar Umma xanın dəstələri Gəncəni mühasirəyə alır. Uzunmüddətli mühasirə uğursuzluqla başa çatsa da, onun aradan götürülməsi üçün Cavad xan Tiflisdə əsir aldığı döyüşçüləri geri göndərməli və İbrahim xanın hərbi xərclərini ödəməli olur.

Çar İraklinin ölümündən sonra Cavad xan Nadir şahın vaxtında İrakliyə bağışlanmış BorçalıŞəmşəddin mahallarını geri qaytarmağa çalışır. Lakin ona yalnız Şəmşəddin mahalını azad etmək müyəssər olur. O, öz oğlu Uğurlu xanı da oraya göndərir. II Yekaterinanın sərəncamı ilə 1796-cı ildə Platon Zubovun qardaşı Valerian Zubovun başçılığı altında rus qoşunlarının Qafqaza yürüşü başlanır. Qafqaz korpusu Gəncəyə 1796-cı ilin 13 dekabrında general Aleksandr Rimski-Korsakovun başçılığı ilə gəlir.

Elə həmin ildə II Yekaterina vəfat edir, yeni imperator I Pavel qraf Zubova Zaqafqaziyanı tərk etmək əmrini verir. Rusların gedişindən dərhal sonra İran hökmdarı Ağa Məhəmməd şah Qacar Azərbaycanın şimalına cəza yürüşünə çıxır. O, Şuşanı tutur və Bakı xanı Hüseynqulunu silah altında buraya gətizdirir. Cavad xan da buraya gəlir. Onlar şaha öz qalalarının müqavimət göstərmədən ruslara təslim edilmə səbəblərini izah etməli idilər. 1797-ci ilin 5 iyun günü şahın öz xidmətçiləri tərəfindən qətlə yetirilməsi xanları mühakimə olunmaqdan xilas edir. 1799-cu ildə rus qoşunları Gürcüstana girir, bir ildən sonra isə Gürcüstanın Rusiyaya birləşməsi haqqında manifest verilir. Gürcü çarı XII Georgi Şəmşəddin mahalının geri qaytarılması məsələsini qaldırır. Cavad xan öz oğlu Uğurlu xanın başçılığı altında oraya qoşun göndərir. Bu zaman gürcü çarının bir vaxtlar Cavad xanla dostluq eləyən xəzinədarı onu xəbərdar edir ki, birləşmiş rus-gürcü qoşunları Gəncə üzərinə yeriyə bilər. O da tamamilə mümkündür ki, həmin məktubla Cavad xanı qorxutmaq və onu qaçmağa məcbur etmək istəmişlər. Rus tarixçisi Olqa Markovanın da yazdığı kimi, “Zaqafqaziyadakı münasibətlərin ən gərgin məsələsi olan Gəncənin tabeçiliyi məsələsi yenidən kəskinləşir.” Qafqazda rus qoşunlarının komandanı rus generalı, gürcü knyazı Pavel Sisianov təyin olunur. General Sisianov Tiflisdən Cavad xana yazdığı məktubunda ondan öz fəaliyyəti haqqında qısa hesabat istəyir, dostluq və sədaqət əlaməti olaraq oğlu Uğurlu xanı onun yanına göndərməsini tələb edir. Cavad xan belə kobud şəkildə qoyulmuş tələbləri yerinə yetirməkdən imtina edir. O, başa düşür ki, bu dəfə rus himayəsi altına artıq xanlığın saxlanması şərti ilə keçmək mümkün olmayacaq. Xanlıq ləğv olunacaq. 1803-cü ilin 22 noyabrında ruslar Tiflisdən Gəncə istiqamətində hərəkət edirlər. Şəhərin yaxınlığında dayanan Sisianov yenidən Cavad xana məktub yazaraq şəhəri təslim etmək barədə ultimatum verir. Cavad xan cavab verir ki, o, Gəncəni döyüşərək müdafiə edəcək. Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəyin də yazdığı kimi, Cavad xan öz qoşununu və yaxın adamlarını başına yığaraq, düşmənin üzərinə yeriyir. Döyüş “Quru qobu” adlanan yerdə baş verir. Qüvvələr nisbəti açıq-aydın görünürdü ki, bərabər deyil və buna görə də gəncəlilər ağır itkilər verdikdən sonra geri çəkilərək, qalanın darvazalarını bağlayırlar. Onları təqib eləyən ruslar da şəhərə girərək, qalanı dörd bir tərəfdən mühasirəyə alırlar. Düz bir ay Sisianovun ultimatumlarına Cavad xan birmənalı şəkildə eyni cür cavab verir: “Şəhəri verməyə gəlincə, bu niyyətindən çəkin, çünki bu olan iş deyil. Sən Gəncəyə yalnız mənim meyitimin üzərindən girə bilərsən. Başa düşürsənmi? Ancaq mən öləndən sonra, başqa heç cür. Sisianov 1804-cü ilin 3 yanvarında qalanı hücumla almaq qərarı verir. İlk hücumda qalanı asma pilləkənlərlə almaq istəsələr də, uğursuzluğa düçar olurlar. Bu hücum qurtarmamış, qalanın o biri yanından hücum başlanır. Gəncəlilərin qəhrəmancasına müqavimət göstərmələrinə baxmayaraq, ruslar qalanın əsas qüllələrini ələ keçirirlər. 1 aydan artıq müddətdə mübarizə zamanı qalanın divarları üzərində açıq döyüşdə Cavad xan 1804-cü il yanvarın 3-dən 4-nə keçən gecə, səhər saat 04.00-da düşmən gülləsindən həlak olur. Qala divarları uğrunda döyüşlərdə onun oğlu Hüseynqulu xan da atasının adına layiq bir şərafətlə həlak olur.

Cavad xan Gəncədə Şah I Abbas tərəfindən tikilmiş məşhur Cümə məscidində dəfn olunur. 1962-ci ildə yaxınlıqdakı meydanın rekonstruksiyası adı altında onun məzarı dağıdılır. Lakin vətənpərvərlər Cavad xanın cəsədinin qalıqlarını gizli şəkildə qoruyub saxlayırlar və artıq 1990-cı ilin 27 martında öz əvvəlki yerində torpağa tapşırılır. Məşədixanım Nemətova arxivdən Cavad xanın qəbrüstü abidəsinin foto-surətini tapır və təcili olaraq, həmin şəkildəki məzarın mərmərdən yonulmuş oxşarı hazırlanır. Onun üzərində gözəl nəstəliq xətti ilə fars dilində aşağıdakı sözlər əkk olunmuşdur:

“Bu məzarda Gəncə bəylərbəyisi, Qacar tayfasından olan Ziyadoğlu Cavad xan uyuyur.
Elə ki qara torpaq oldu onların məskəni
İstər miskin dərviş, istərsə şahi-cahan olsun.
Gəncədə bu məqbərəni bina etdi
Mərhum, rəhmətlik Cavad xan.
Kərbəla şəhidlərinin torpağından
O astadan çoxlu torpaq gətirib
Həmin türbəni malaladı.
Öz ölüləri üçün əmin-aman bir ev yaratdı.
Allahı tanıyan cənnətlik Cavad xan min iki yüz on səkkizinci ildə (1804-cü il) öldü.
Ondan sonra bu məqbərədə dəfn olundular
O fatehin nəsli və ailəsi.”

Cavad Xanın həyat və döyüş yollarından Sadıq Şükürov, Nüşabə Məmmədli, Sabir Rüstəmxanlı, Əhməd İsayev və b. bədii və sənədli əsərlər qələmə almışdır. Sabir Rüstəmxanlının «Ölüm Zirvəsi» romanının motivləri əsasında Cavad xanın həyatından bəhs edən film də çəkildi. Quruluşçu Rejissor Rövşən Almuradlının çəkdiyi filmdə baş rola – Cavad xan obrazına isə Nurəddin Mehdixanlı həyat verdi.

Haşıyə:

Gəncədə məhşur Gəncə qapılarının açılışı münasibətilə keçirilən təntənəli mərasim zamanı Qarabağ atının belində xanlar xanı Cavad xan (Nurəddin Mehdixanlı) meydana girib “Salam, Gəncəm!” deyəndə, bütün gəncəlilər sevinc göz yaşlarına qərq olmuşdu. Bu, çox möhtəşəm idi.

Qayıdaq bu günə:

Cavad xanın doğum günü heç vaxt anılmır. Hətta 5 il bundan əvvəl Gəncə şəhərində 20 may günü keçirilən bir məclisdə mən öz çıxışım zamanı ilk olaraq gəncəliləri və Azərbaycan xalqını böyük sərkərdənin doğumu münasibətilə təbrik edəndə, əksəriyyət mənim “yersiz söhbətimə” ağız büzdü. Amma Nüşabə Məmmədli alqışlamağa başlayanda, məclis də ona qoşuldu. Mənə çox maraqlıdır, yanvar ayının 3 və 4-nü böyük təntənə, bayram, səs-küylə keçirən gəncəlilər (təbii ki, burada xalq yalnız iştirakçıdır, söhbət güc strukturlarından gedir) heç düşünmürmü ki, fəxarət dolu şəhidlik, ucalıq gününü qeyd etməklə yanaşı, onun doğum gününü də yada salmaq təqdirəlayiq olardı. Onu da xatırladım ki, bu ənənə Eldar Əzizovun şəhərə İcra başçısı təyin olunduğu zamandan geniş vüsət alıb. Bu isə yerli əhali arasında birmənalı qarşılanmır: “Cavad xan şəhid olandan sonra Sisianovun Gəncəni ləzgi mənşəli birisinə təhvil verməsi Eldar Əzizovun xoşuna gəlir” – deyənlər də az deyil. Əlbəttə, mən Azərbaycanın hər bir vətəndaşını azərbaycanlı sanıram və etnik bölünmələrə əsla yol vermirəm… Lakin…

Elə bununla bağlı ziyalılarımıza üz tutdum.

Sual: Cavad xanın anım gününü təntənə ilə qeyd edirik. Doğum tarixini isə bilən yoxdur! Onun anım günü bayram edilməlidir, yoxsa doğum günü?

Sabir Rüstəmxanlı, millət vəkili:

Cavad xan Azərbaycan tarixinin ən parlaq simalarından, ən böyük qəhrəmanlarından biridir. Onun doğum günü Gəncədə hər il xüsusi bayram olmalı, qeyd edilməli, Şəhid olduğu gündə isə gül-çiçək dəstələri ilə məzarına ziyarət edilməli, anılmalıdır. Cavad xanın həm doğum tarixi, həm də şəhid olduğu gün elə bir gündür ki, onlar Azərbaycan tarixindən silinə, heç kim onun üstünə kölgə sala bilməz. 200 il Cavad xanın əleyhinə danışıldı, məzarı unutduruldu, amma sonra haqq öz yerini tapdı. Cavad xan məhək daşıdır. Kim ona yaxşı münasibət bəsləyirsə, özünə hörmət qazanır, kim ona pis münasibət bəsləyirsə, onun xatirəsinin ağırlığı altında əzilib yox olacaq.

Sadıq Şükürov, GDU-nun professoru, Filologiya elmləri doktoru, folklorşünas alim, Əməkdar mədəniyyət işçisi:

Cavad xan haqqında mən kitab yazanda onun adı az-az çəkilirdi. Həmin illərdə o yenilməz qəhrəman, sərkərdə haqqında necə böyük fəxarətlə yazmışdımsa, bu gün də həmin qürur hissi ilə doğum gününün qeyd edilməsi təşəbbüsünə sevinirəm. Əlbəttə, xalq hər bir qəhrəmanının dünyaya göz açdığı günü bilməli, bayram etməlidir. “Düşmən Gəncəyə yalnız mənim meyitimin üstündən keçə bilər” – deyən sərkərdə, oğulları ilə bərabər son damla qanına qədər vuruşdu və şəhid oldu. Elə buna görə də təşəbbüsünüzə qoşuluram.

Sədnik Paşa Pirsultanlı, Filologiya elmləri doktoru, folklorşünas alim, Əməkdar mədəniyyət işçisi:

Cavad xanı xalq Milli qəhrəman kimi qəbul edib, onun anım gününü, şəhidlik gününü, fəxarət gününü qeyd edir. Cavad xanın doğum gününü təntənəylə keçirməliyik.

Asif Cavadov, GDU-nun prorektoru, Azərbaycan-tarixi kafedrasının müdiri:

Əlbəttə ki, Cavad xanın doğum gününü bayram etməyi arzulayardıq, lakin onun anım gününün təntənəylə keçirilməsinin səbəbi var. Sisianov Azərbaycanı işğal etmək üçün ən böyük açar Gəncəni bilirdi. Gəncənin işğalı bütün Azərbaycanın işğalı demək idi. Və ilk dəfə olaraq Sisianovun məhz Gəncədə müqavimətə rast gəlməsi doğrudan da bir daha sübut etdi ki, Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmağa qadir xalqdır.

Nurəddin Mehdixanlı, xalq artisti:

Tarixi şəxsiyyətlərin, böyük insanların, qəhrəmanların doğum günü adətən ölüm gününün kölgəsində qalır. Yəni insan dünyaya gələndə gələcəyi heç də məlum olmur ki, bu necə bir insan olacaq, lakin ölümüylə şəxsiyyət artıq tanınır, tarıxə düşür. Cavad xan da mənalı ömrü və şərəfli ölümü ilə insanların qəlbinə yol tapdı və əbədiyyət qazandı. Elə ona görə də onun ölüm gününü, şəhid olduğu o müqəddəs günü qeyd etmək vacibdir. Doğum gününü isə keçirmək müstəhəbdir.

Aləmzər Əlizadə, şair-yazıçı:

Cavad xan biz gəncəlilərin və bütün Azərbaycanın fəxridir. Mən arzu edərdim ki, onun şəhid olduğu günü gül-çiçəklə məzarı önündə anaq və doğum gününü daha təmtəraqlı, daha bayramsayağı qeyd edək. Belə günlər əhalidə, gənclərdə vətənpərvərlik hisslərini yüksəltməklə onlarda Milli qürur oyadır. 20 may tarixi bir gündür və o günü qeyd etmək bizim borcumuzdur!

Bəyanət Qasımov, politoloq, AVMVB-nin Gəncə şəhər təşkilatının sədri, II qrup Qarabağ müharibəsi əlili:

Gəncəlilər Cavad xanla həmişə fəxr edib. Amma nədənsə onun ad gününü keçirmək yada düşmür. Sizin irəli sürdüyünüz bu təklif çox yerindədir və ümid edirəm ki, 2012-ci ildən o böyük insanın ad gününü şəhər səvyyəsində qeyd edəcəyik. Əgər Cavad xanın qalası (Gəncənin Xan bağında Cavad xanın son döyüşdüyü və şəhid olduğu qala bürcü nəzərdə tutulur – İ.A.), muzeyi, məqbərəsi varsa, darvazaları durursa, bayrağı varsa, deməli, Cavad xan yaşayır.

Keçirilən sorğudan belə qənaətə gəldim ki, əksəriyyət Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının axırıncı xanı Cavad xan Şahverdi xan oğlu Ziyadoğlu Qacarın özünəlayiq doğum gününün qutlanmasının tərəfdarıdır. Deməli, ümid aidiyyatı orqanlara qalır.

İradə Aytel

“Xural” qəzeti,

İl: 9, sayı: 020 (428), 22 may-04 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button