“…onda Dədə Qor-Qut baş dələduzdur”

ağalar qut

Ağalar Qut

Hörmətli Mübariz müəllim!

Mən Sizi bu iqtidarın ən intellektual və ən prinsipial kadrlarından biri sayıram. Siz bu vəzifəyə gətiriləndə, mən başa düşdüm ki, hakimiyyət islam təhlükəsini gec də olsa gördü. Bu vəzifədə Sizin olmağınız şəxsən mənim ürəyimcədir. Ancaq son günlər eşitmişəm, falçılığın qadağan edilməsini Nazirlər Kabinetinə təklif etməyə hazırlaşırsınız. Belədə, mənim Sizə elcarı deyəcəklərim var.

Bildiyiniz kimi, biz oğuzların Dədəsi Qor-Qut Ata boy boylayar, soy soylayardı. Oğuzlar bir işə başlamazdan qabaq o işin necə olacağını ondan soruşardılar. Dədənin dediyi olardı. “Boy boylamaq” və “soy soylamaq” ifadələri dədəqorqutşünaslıqda indiyədək ya yanlış şərh edilmiş, ya da ümumiyyətlə başa düşülməmişdir. Əski türkcədə boy-(lamaq), bağ-(lamaq), bay-(ılmaq), boğ-(ulmaq), boğ-(ça), bax-(ıcı), böy-(ü) kökləri semantik salxım meydana gətirirlər (H.Vamberi). Boy boylamaq əfsun etmək, sehrlə(n)məkdir. Dədə Qor-Qut qam-şamandı, qopuz çalar, boy boylar, boğulub bayılardı. Bay (qeyb) yüksəklik, bayılmaq ruhu göyə getmək deməkdir. Dədə Qor-Qut boy boylayıb bayılardı ki, oğuza qeybdən xəbər gətirsin.

“Qeybdən xəbər gətirmək” sonradan ərəbcə sözlərlə ifadə edilmiş əski türk anlayışı, qam-şaman ənənəsidir. Əski türkcədə qeybdən xəbər verməyə sovçuluq, sov sovlamaq deyərdilər. Soy soylamaq əslində sov sovlamaqdır. Sov (fonetik variantı: sav) xəbər, sovçu xəbər gətirən deməkdir. Farslar bizim sumercədən alınma “qut” sözümüzdən özlərinə “xuda” düzəltdikləri kimi, “peyğəmbər” sözünü də bizim “sovçu” sözünü kalka kimi tərcümə edərək düzəldiblər. Farsca “peyğəmbər” ərəbcə “rəsul”un yox, bizim “sovçu”nun və yaxud “sov sovlayan”ın, ərəbcə “kahin”in tərcüməsidir. XII-XIII yüzilliklərdə yaşamış Qul Əlinin “Qisseyi Yusif” əsərində oxuduğumuz “Yusif sovçu” Yusif peyğəmbər, “İshaq sovçu” İshaq peyğəmbər deməkdir. Dədə Qor-Qut da bir sovçu idi, oğuza sov(qat) gətirirdi.

(Osmanlı mədrəsələrində yüz illərlə ərəb dili təhsili aldıqları üçün türk dilini bilməyən, bu dili sonradan, kitablardan öyrənən türkiyəli dilbaz məmurlar osmanlıca sözləri guya türkcələşdirərkən həmin bu “sovçu” (fonetik variantı: “savcı”) sözüylə “prokuror” (osmanlıca: müddəi-ümumi) sözünü əvəzləyiblər. Siz dilin başına gətirilən oyuna baxın! Prokurorluğa savcılık deyən müasir türkiyəli oxucu ədəbiyyatda “Yusif sovçu”nu “Yusif prokuror” kimi başa düşür.)

Dədə Qor-Qut bir baxıcı (baxşı) idi; ancaq baxıcı, ya da baxşı yazılış formaları da əslində yanlışdırlar, sözün orfoqrafiyası bunlardan biri olmalıdır: bağıcı, boyçu, böyüçü. Dədə Qor-Qut bir boy(u)çu, Anadolu türkcəsiylə desək, böyüçü, ərəbcə desək sehrbaz, əfsunçu, kahin, falçı idi.

Mübariz müəllim, ərəb peyğəmbər sehrbazlıq etməyi, qeybdən xəbər verməyi küfr elan edir, Dədə Qor-Qut isə boy boylar (sehrbazlıq edər), sov sovlardı (qeybdən xəbər verərdi). Deməli, islamın gözündə bizim Dədəmiz kafirdir. Sizin dediyiniz kimi falçılıq dələduzluqdursa, onda Dədə Qor-Qut həm də baş dələduzdur.

Əski türklərdə yağış yağdıran yada daşı olardı. Yeri gəlmişkən, cadu sözü yada sözünün fonetik variantı kimi görünür (cadu<yada). Yada daşıyla yağış yağdıranlara yadaçı, yatçı (caduçu) deyilirdi. Caduçuluq türk şamançılığının (qamlığın) bir formasıdır (M.Seyidov). Əski türklər çubuqlarla və oxlarla, aşıq sümükləri və zərlərlə, kəsilən heyvanın kürək sümükləri və içalatıyla, yuxu yozmaqla və s. fala baxardılar (J.-P.Roux).

Astrologiya da bizə özgə falçılıq növü deyil. Dilimiz ərəbcələşməmişdən öncə münəccimə (astroloqa) ulduzçu, nücum elminə (astrologiyaya) isə ulduzçuluq deyirdik. Ulduzçuluğun, ulduz falının kökləri isə bizə doğma sumerə gedib çıxır: sumerlilər “ulduz”a “ul” deyirdilər (F.Delitzsch).

Çinlilərin İ Tszin (“Dəyişmələr” fal kitabı) kimi, əski türklərin də runik əlifba ilə IX yüz illikdə yazıya köçürülən fal kitabı Irq Bitik (Yırq Bitik) vardır. Bizdə indi də cadu yazılmış mətnə “cadu pitik” deyilir. Atilladan tutmuş Əmir Teymuradək türk xaqanları irqləyirdilər (yırqlayırdılar), ərəbcə desək, fala baxdırırdılar; hamısının boy boylayıb bayılan sovçuları, qam-şamanları vardı və o xaqanlar idiot deyildilər. Əsl idiotizm sonra gəldi, səhralardan…

İslam bütün Asiyanın ən əski kulturalarını, o sıradan bizim tanrıçılığımızı və qam-şaman ənənələrimizi də yerlə-yeksan etmiş, günah sayaraq unutdurmuş, tarixi bir cinayətin adıdır. “İŞİD-çilərin ələ keçirdikləri ərazilərdə UNESCO tərəfindən qorunan, neçə minillik əski Assur, Babil və s. məbədlərini buldozerlər və gürzlərlə dağıtması Məhəmmədin Kəbədəki bütləri qırmasının davamıdır” (A.A.)

Paqan sözü latın dilində kənd deməkdir. Romada xristianlıq mərkəzdən çox uzaqda yerləşən kəndlərədək yayıla bilmədiyi üçün həmin kəndlərdə əski yunan bütpərəstliyi yaşamağa davam etdi. Xristian Romanın uzaq kəndlərində yaşayan əski yunan bütpərəstliyi paqanizm (kəndçilik) adı aldı (F.Baykan). Xilafətin mərkəzindən uzaqda yerləşən Azərbaycanda ta bu günədək yaşayan və indi Sizin qadağan etməyi təklif etdiyiniz falçılıq da belə bir paqan (kəndçi) kulturadır, Azərbaycanın milli paqanizminə daxildir.

Bizim xalq belə deyir: “Heyvan-ı (mal-qaranı və s. – A.Q.) küt bıçaqla kəsmək günahdır.” (Ağbaba, Qərbi Azərbaycan). Bu, xalqımızın hətta bir heyvanın ağrısı ilə qurduğu empatiyadır (ağrıdaşlıqdır). “Heyvanı küt bıçaqla kəsmək olmaz” tələbinin qaynağı, insanı daşqalaqla, daş-daş (yavaş-yavaş) öldürən islam şəriəti deyildir. Ancaq buna baxmayaraq azərbaycanlı öz milliliyini özgənin adıyla, öz törəsini (əxlaqını, adət-ənənəsini) özgənin “günah” anlayışına bağlayaraq yaşatmışdır. Neyləyəydi yazıq?!

Anam mənə deyərdi: “Bala, qaranquşa daş atma, küsəyənin yuvasını dağıtma…” Hansımıza belə deməyiblər? Niyəsini soruşmuşuq, yenə “günahdır!” deyiblər. Bu, əslində təbiətə ekoloji yanaşmadır. Ərəbin dinində quşu, mal-qaranı incitmək haçandan günah sayılıb? Nəinki günah, səhih hədislərə görə kərtənkələ öldürmək islamda hətta savab sayılır.

Azərbaycanlıların az qala yarısı seyidlərdir, hər yerində ocaqlar, Əshabi-Kəhf kimi qutlu daşlar, qayalar var. Biz müsəlmanlaşmazdan çox-çox qabaqdan ta indiyədək ölülərimizi ağı deyib oxşayırıq, baş daşı qoyuruq, qırx gün yas tuturuq; dədəmizin goruna and içirik, bar verməyən ağacı balta ilə qorxuzuruq, halva bişirib Al Anası üçün gecə səhərəcən üstü açıq saxlayırıq və bütün bunların hamısına dini don geyindirmişik, guya islamın günah və yaxud savabına görə belə edirik. Görürsünüzmü, özgələşməyə məcbur qalmış xalq özünü düşmənin özüylə qoruyub saxlayıb. Aşıqlarımızın Stalin sayaq geyinməkləri kimi.

Bir oğlu, ya da qızı olsun və beləcə Bayındır xanın buyruğuyla bir də qara çadıra qondurulmasın, altına qara keçə döşənməsin deyə, acları doyu(zdu)ran, yalıncaqları don(l)adan Dirsə xanı yadınıza salmaq istəyirəm. Bir dilək diləyib acları doyu(zdu)rmaq, yalıncaqları don(l)atmaq ənənəsi də eyni yolla, əhd eləyib nəzir vermək kimi adlar altında, yenə islamiləşdirilərək yaşadılmışdır.

Bizim milli paqanistlər (seyidlər, baxıcılar, cadubitikçilər, falçılar və b.) də gördükləri işi, yaşatdıqları ənənəni islama calayır, öz fəaliyyətlərini bu yolla legitimləşdirməyə çalışırlar. Azərbaycanda özünü islamdan bu yolla qorumağın, düşmənin özündən istifadə edərək özgələşməmək taktikasının elə islamca yaşı var.

Mübariz müəllim, bizim milli paqanizmimiz başdan-ayağa xurafatdırsa, guya islam nədir?! Nano texnologiyasıdır?! Sizə elə gəlmirmi ki, tam əksinə, Azərbaycan milli paqanizmini xurafatlaşdıran elə islam olmuşdur, məsələn, təsəvvürümüzə cin elementini, Əzrayıl obrazını soxmaqla, o dünya nağıllarıyla və s. Yeri gəlmişkən, müsahibənizdə “Qurani-Kərim özü bir elmdir” deməyiniz çox ayıb idi.

Bu yerdə Sizə Azərbaycan nağıllarını da xatırlatmaq istəyirəm. Nağıllarımızın motivləri monoteistik dinlərdən çox-çox keçmişlərə gedib çıxdığı üçün bu nağıllarda allahın gücü yoxdur, quruca adı vardır. Allahın adını isə nağıllara müasir müsəlman nağılçılar salıblar.

Nağıllarımızda qəhrəman gedərgəlməz yolu seçir. Dara düşür, ancaq darda qalmır, qurtulur və muradına yetib, gedərgəlməzdən geri gələ bilir. Qəhrəman daşa dönür, ancaq sonra məlum olur ki, yeddi dağın dalında bu daşdan silkinməyin yolunu bilən bir ipəyi qarı yaşayır. Düzdür, ora gedən yolun üstündə yeddi qardaş div yaşayır, ancaq o divlərdən qurtulmağın da yolları tapılır, qəhrəmana allah yox, göyərçin kömək edir, zümrüd quşu kömək edir və s. Bir sözlə, nağıllarda sonda insan qalib gəlir. Nağıllarımızdakı insan allahın qulu deyil, əksinə, o, özü möcüzələr göstərir. Bu, “Allah istəsə verir, istəməsə vermir” deyən islam fatalizminə qarşı nağıllarımızda yaşayan magik-fəlsəfi humanizmdir.

İnsanlarımız hələ də ocaqlara, seyidlərə, falçılara, baxıcılara gedirlərsə, deməli, onların öz talelərini dəyişdirməyə inamları indiyədək sönməyib. Bu ki gözəldir! Deməli, bu xalq islama çox da aldanmayıb. Deməli, islamdan öncəki keçmişimiz hələ durur! Bundan sevindirici xəbər ola bilərmi?!

Falçılıq xoruz döyüşdürmək kimi, yuxu yozmaq kimi, qulaq falına çıxmaq kimi zərərsiz məşğuliyyətdir. Dünyada proqnostika, futurologiya kimi elmi sahələr dura-dura falçının verdiyi biliyin hansısa epistemoloji-elmi dəyəri yoxdur sözsüz. Hər halda dərvişin Parisi partlada biləcəyinə inana bilmərik. İslam isə falçılığa elm olmadığı üçün yox, öz rəqibi olduğu üçün qarşı çıxmışdır və çıxır. Təhlükəli olan – elmin surroqatına çevrilmək iddiasında olan islamın özüdür. Falçılıq indi sadəcə psixoloji rahatlaşma oyunudur. Lap pullu da olsa “Sən itiyini tapacaqsan”, “Sənin uşağın olacaq”, “Sən bu azardan qalxacaqsan” kimi könüllü aldanış oyunlarının və psixoloji ovundurmaların nəyi pisdir?! Falçılıq fəaliyyəti qolaylıqla lisenziyalaşdırıla, vergi sisteminə bağlana bilər. Bir-iki bic dələduza görə yadelli islamın mövqeyindən çıxış edib, xalqın neçə minillik doğma ənənələrinə hücum çəkmək böyük yanlışlıq olacaqdır.

Dələduzluq forması kimi istənilən fəaliyyət yolverilməzdir və istənilən fəaliyyəti qazanc qaynağına çevirmək olar. Öz gözəlliyini satan qadınlar da var; məşhurluğunu kapitalizmin reklam çarxları üçün satanlar da var; tutduğu vəzifəsinin verdiyi səlahiyyətlərdən sui-istifadə edənlər də var. Onda gözəlliyi, məşhurluğu, səlahiyyətləri qadağan etməliyik?! Bic dələduzları, əlbəttə, hər zaman cəzalandırmaq gərəkdir. Dələduzlar istənilən sahədə var. Tarixdə dələduz peyğəmbərlər də olmuşdur…

Azərbaycan dilində hələ də farsca “bəli” demək, ərəbcə “xeyir” demək mədənilik, öz dilimizcə “hə”, “yox” demək kəndçilik sayılır. Öz dilimizdə bircə misrasını da oxumadığımız N.Gəncəvi Azərbaycanda hələ də füzulilərlə, nəsimilərlə yanaşı qoyulur, hətta bəzən lap onlardan üstün sayılır. Hələ də muğam saz sənətindən, xanəndə aşıqdan yuxarı başda otuzdurulur. İndi isə dövlətin din işləri üzrə baş məmuru islamın ağzıyla milli paqanizmimiz haqqında “Onlar səmavi dinlərdə onsuz da qəbul edilmirlər”, deyir. Mübariz müəllim, mən başa düşürəm, yüz illərdir sürüb gələn inersiya var, alışqanlıq var, azadlığa da gərək öyrəşəsən. Ancaq Siz də gərək bunu başa düşəsiniz: İslam səmavi yox, səhravi ideologiyadır.

Bu xalq öz milli paqanizmini – insanın öz taleyini dəyişdirmək gücünə inamını yüz illərdir ocaqlarda, pirlərdə, cadu bitiklərlə qoruyub saxlamaqdadır. Şərti olaraq falçılıq, ya da başqa bir termin altında ümumiləşdirilən inam və fəaliyyət toplusu islama qarşı bizim indilik dağınıq və xaotik də olsa milli teoloji alternativimizdir. Unutmayaq, XIV yüzillikdə başlanan Avropanın yüksəlişi – Renessans – avropalıların xristianlığa alternativ kimi paqanizmi kəşf etməkləriylə başladı. Falçılıqda Sizin və bizim hamımızın xeyrinə közərən bir işıq var, bilmədən islamçıların tərəfinə keçib o işığı söndürməyə çalışmaq yox, əksinə, onu gurlaşdırmaq gərəkdir.

Mübariz müəllim, mən romantik millətçilik təbliğ etmirəm; Azərbaycanda islama yoluxanların və qurşananların sayının gündən-günə artdığı bir dövrdə Sizə, daha doğrusu, Sizin simanızda Azərbaycan Respublikası rəhbərliyinə bütünlüklə praqmatik strateji konsepsiya təklif edirəm. Madam, ideoloji iş aparmaq niyyətiniz var, Azərbaycan paqanizmini etno-kulturoloji fenomen kimi öyrənən mərkəz qurdura bilərsiniz. Falçılarımız (seyidlər və b.) özləri bilmirlər nəyi yaşadırlar. Aşıqlarımız nəyi yaşatdıqlarını bilmədikləri kimi. Onlara başa salınmalıdır ki, onların öz fəaliyyətlərinə haqq qazandırmaq üçün yaşatdıqları ənənəni islama bulaşdırmaqlarına artıq ehtiyac yoxdur.

Əski türkqaynaqlı inamları qadağan edərək, islamçılaşmanın yolunu bir az da genişləndirib islamçıları sevindirmək əvəzinə, milli paqanizmi islamçılığa qarşı dirçəltmək gərəkdir. “Bunlar mümkün deyil”, deməyə tələsməyin. Dünənədək meyxana da öləzimişdi, islam da öləzimişdi. Dəyərlər şkalasında ayrı-ayrı dəyərlərin yerləri dəyişdikcə onların adı da, çəkisi də dəyişir: dünənki mütrübə indi sənətçi deyirlər; dünənki mollaya indi ilahiyyatçı deyirlər. Falçı sözündəki mənfi çalar islamın apardığı gözdənsalma təbliğatının nəticəsidir.

Dədə Qor-Qutu kafir elan edən islamın milli paqanizmimizə qarşı mübarizəsi hələ də davam edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button