28 May-Azərbaycanın Müstəqillik Günü
Bu gün Azərbaycan Cümhuriyyətinin yaradılmasından 105 il ötür.
1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin sədri seçildiyi Milli Şura Tbilisidə Azərbaycanın müstəqilliyini elan edib. Şura tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi bütün müsəlman dünyasında və Şərqdə ilk demokratik parlamentli respublikanın yaradıldığını bütün dünyaya bəyan edib.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 23 ay fəaliyyət göstərə bilib və 1920-ci il aprelin 27-də Rusiyanın silahlı müdaxiləsi ilə süqut edib.
71 il sonra, 1991-ci il noyabrın 18-də Azərbaycan öz müstəqilliyini yenidən bəyan edib. Həmin vaxt Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi elan edilib.
Cümhuriyyətin 23 aylıq fəaliyyəti dövründə bir sıra islahatlar gerçəkləşdirilib, müstəqil dövlətin atributlarını formalaşdırılıb. Ermənistanın təcavüzünə cavab vermək üçün Müdafiə naziri Mehmandarov və Şıxlınskinin rəhbərliyi ilə qısa müddət ərzində Azərbaycan Milli Ordusu yaradılıb. Bu ordu 1920-ci ilin yazında Zəngəzurda uğurlu hərbi əməliyyat keçirərək qırğınların qarşısını alıb.
Şərqdə ilk dəfə olaraq parlament yaradılıb, xalqın öncül nümayəndələri, ziyalılar, siyasi xadimlər bu parlamentdə təmsil olunublar.
Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti Versal sülh konfransına qatılıb. Göstərilən səylər nəticəsində Birinci Dünya müharibəsinin qalibi olmuş Antanta dövlətləri Azərbaycanın de-fakto müstəqilliyini tanıyıblar.
Bundan başqa parlamentdə Müsavat fraksiyasının lideri Məmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə Bakı Dövlət Universiteti yaradılıb. Cümhuriyyət hökuməti maddi çətinliklərə baxmayaraq, yüz nəfər tələbəni xaricə təhsil almağa göndərib.
Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəylinin baş nazirliyi ilə demokratik prinsiplər əsasında beş dəfə hökumət formalaşdırılıb.
1920-ci il aprelin 27-də Sovet Rusiyasının Azərbaycanı işğal etməsi nəticəsində isə Cümhuriyyət süqut edib.
AXC-nin yaradıcıları xaricə mühacirət etməyə məcbur edildi. Baş nazirlər F.Xoyski, N.Yusifbəyli qətlə yetirilib, digər görkəmli dövlət xadimlərinin ailələri və yaxınları repressiyalara məruz qaldılar.
2021-ci il oktyabrın 15-dən mayın 28-i Müstəqillik Günü (bu tarixə qədər Respublika Günü adlandırılıb), oktyabrın 18 -i isə Müstəqilliyin Bərpası Günü (Milli Müstəqillik Günü) elan edilib.