3 milyonluq videoda kimlərin adı çəkilir?

12.10.2012

Elşad Abdullayevin yeni sensasiyalarının təfərrüatları 

Xəbər verildiyi kimi fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev deputat Fazil Mustafa ilə görüşündə onda sensasiya yarada biləcək sənədlərin və videoların olduğunu deyib. Fazil Mustafa bu barədə mətbuata açıqlamasında deyib: Onda notariat qaydasında təsdiq olunmuş və kimə nə qədər vəsait verməsinə dair sənədlərin olduğunu söylədi.
Burada söhbət təkcə deputat olması üçün verdiyini iddia etdiyi vəsaitdən getmir. Özünün iddia etdiyinə görə, notarial qaydada daha 3 milyon dollar verib. Dediyinə görə, bəzi şəxslərlə itkin düşən qardaşının tapılması ilə bağlı da söhbətləri olub. Hər halda, bunlar iddiadır. O dedi ki, onda bu istiqamətdə sensasiya yarada biləcək başqa sənədlər də var, bu sənədləri də vaxtaşırı açıqlamağı düşünür”.
Elşad Abdullayev hələ Azərbaycanda olarkən ölkə başçısı Ilham Əliyevə yazdığı müraciətdə və 2009-cu ildə Baş Prokurorluğa verdiyi ifadədə bu məsələlər barədə danışıb. Həmin sənədləri bir müddət əvvəl “Azadlıq”a MTN-nin xüsusilə mühüm işlər üzrə sabiq müstəntiqi, hazırda Fransada mühacirətdə olan Ramin Nağıyev təqdim edib. Həm müraciətdə, həm də prokurorluğa ifadələrində sabiq rektoru dəhşətli faktların üstünü açıb.
Aktual olduğu üçün bu sənədləri müəyyən ixtisarlarla təkrar oxucuların diqqətinə çatdırırıq.

MTN və DIN-in yüksək rütbəli zabitlərinə şok ittiham

“Qardaşım Mahir Abdullayevlə bağlı cinayət, məkan və zaman etibarilə 13 oktyabr 2003-cü ildə müğənni Mətanət Isgəndərlinin mənzilində baş verib. Cinayətin icraçıları isə müğənni və bacısı Təranə, Sənan Ibrahimov, Qulu Cəfərov, skripkaçı Asif, Mətanətin sürücüsü Teymur, prodüsseri Ələddin, mühafizə xidməti rəhbəri Fazildir. Metal alverçisi olan Arzu Kazımovla DIN-in 1-ci müavini general Zahid Dünyamalıyev (artıq rəhmətə gedib – red) Mahirin qaytarılması üçün 3 milyon dollar alıb. KQB əməkdaşları general Hilal Əsədovla polkovnik Akif Çovdarov Mahiri geri qaytarmaq üçün 2 milyon dollar alıb. Hazıra qədər alınan pul və Mahir geri qaytarılmayıb. Akif Çovdarov etiraf edib ki, Rusiyanın Sverdlovsk şəhərində birgə meşə materiallarının istehsalından Mahirə 72 min dollar borcu var. Hələ 2003-cü ilin yanvarında Akif Çovdarov Mahiri oğurlamaq istəyib. Belə ki, müğənni Mətanət Isgəndərli Sverdlovska konsertə gedərək Mahiri də ora dəvət edib. Mahir bundan şübhələndiyi üçün Moskva şəhərinə gələrək tələbə yoldaşı, FSB-nin polkovniki Nicatı da özüylə Sverdlovska aparıb. Nicatın işlədiyi yerdən ehtiyat edən Çovdarov Mahiri oğurlamır. Mahirlə Çovdarovun qohumu Qulu Cəfərov tanış olaraq Bakıya taxta-şalban göndərirlər. Onlar faizini ödəmək şərtilə Mahirdən külli miqdarda pul alırlar. Akif Çovdarovun taxta-şalban zavodunda Mahirin onunla, Nicatla, Qulu Cəfərovla, Namiqlə 42 fotosu var və onları məhkəmə-istintaqa təqdim edə bilərəm. Mahiri Mətanət aldadaraq Sverdlovska gətirməklə orda saxlamaq istəyib. Həmin dövrdə Akif Çovdarov axtarışda olub, Bakıya Binəqədi rayon polis idarəsinin rəisi rəhmətlik Ələmdar Tağıyevin pasportuyla gəlib-gedib. Lakin qalmaqallı siyasi qətllərdə fəal iştirak etdiyinə görə 2003-cü ildən Azərbaycan MTN-nində böyük vəzifəyə irəli çəkildi. Cəmiyyətdə banda başçısı Hacı Məmmədovun cinayətinin fəal üzvü, bir medalın iki üzü kimi təqdim edilir.
Mahirin oğurlanmasında da MTN əməkdaşları – Hilal Əsədov, Elçin Quliyev, Fikrət Əliyev, Akif Çovdarov, Rəsul Rəsulov, Yaşar, Nazim Lətifov, Teymur Quliyev, DIN-in banditizm idarəsinin  rəhbərliyi iştirak edib. Mən peşəkar hüquqşünas, 30 illik hüquq professoru kimi başa düşə bilmirəm ki, öz xalqına qarşı bu qəddarlığın səbəbi nədir. Hacı Məmmədova etdiyi cinayətlərə görə ömürlük cəza verilib, lakin qəddarlıq fəlsəfəsi davam edir. Akif Çovdarovun cinayətkar dəstəsi xalqa qarşı cinayətini davam etdirir. Məhkəmə prosesi 6 ildir Hacı Məmmədovun cinayətlərinin başçısı, rəhbəri və təşkilatçısını, havadarlarını müəyyən edə bilmir. Nəhayət, dəqiqləşdirdim ki, kim məndən qardaşım Mahirin oğurlanması üçün külli miqdarda pul istəyib və ABU-nu məndən istəyir, deməli, Mahiri oğurlayanlar da odur, bu cinayətin zəruri hüquqi tələbidir. Ona görə də qardaşımın geri qaytarılması üçün məndən külli miqdarda pulu Ramiz Mehdiyevin qohumu Arzu Kazımov və ABU-nu istəyən də Ramiz Mehdiyevin qohumu Fikrət Əliyev olmuşdu.
Yuxarıda qeyd etdiyim adlardan əlavə, cinayətdə adı keçənlər Yasamal rayon MTN-nin rəisi Mütəllim Usubov, DIN-in 1-ci müavini Vilayət Eyvazov və DIN banditizmə qarşı mübarizə idarəsinin adam oğurluğu şöbəsinin rəisi, polkovnik Sədrəddindir. Qardaşımın oğurlanmasıyla bağlı cinayətin tez bir vaxtda açılması üçün tərəfimdən bir sıra tələblər irəli sürülüb. Bu isə hüquq-mühafizə orqanları rəhbərlərinin xoşuna gəlməyib. Mənə və yaxın qohum-əqrəbama qarşı dövlət səviyyəsində psixoloji təzyiq, terror və genosid tədbirlər həyata keçirildi.

“Yaxo” adlı bandit dəstəsi

Mütəşəkkil cinayətkar dəstənin təşkilatçısı MTN-də nazir müavini Hilal Əsədov, general Elçin Quliyev və polkovnik Akif Çovdarovdur. Hilal Əsədovun sifarişilə qardaşımı, hüquq elmləri namizədi Eldəniz Abdullayevi zəhərlədilər və o, stressdən infarkt keçirərək 1-ci qrup əlilə çevrildi. Hazırki günə qədər nitq qabiliyyətini bərpa edə bilməyib, danışa bilmir, şikəst gəzir.
Böyük bacım Qubaxanım Abdullayeva keçirdiyi stressdən normal iş fəaliyyətini itirdi və yaxın adamlarını tanıya bilmir.
Dayımın həyat yoldaşı və qardaşım Eldənizin qayınanası bu hadisəylə bağlı qəfil dünyasını dəyişdi. Maddi cəhətdən mənə kömək edən şəxslər – Sabir dayı, Kamal əmi, Əhəd, Canbaba, Oktay və digərlərinə o qədər təzyiq etdilər ki, onları o qədər hüquq-mühafizə orqanlarına aparıb-gətirdilər ki, hamısı müxtəlif tərzdə dünyasını dəyişdi, cinayətkarlar isə mükafatlandırıldı. Yaxşı deyirlər ki, cinayətkarları mükafatlandırmaq Vətənə böyük xəyanətdir.
Zərərçəkənlərin siyahısı isə böyükdür. Mənə yardım edən xalam oğlu Iltifat həyatını itirdi. Böyük qardaşım  Ismayılın həyat yoldaşı qəfil stressdən dünyasını dəyişdi. MTN killeri Elşən iş yerimdə mənə silahlı basqın etdi və  Yasamal rayon məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrum edildi. Akif Çovdarovun doğma bacısı oğlu Azadı həmin işə qataraq 1 il müddətinə həbs etdilər. Hilal Əsədovun  sifarişilə “Yaxo” adlı bandit dəstəsi evimə silahlı basqın etdi.

Mahir Abdullayevə Mətanət İsgəndərlinin evində xəsarət yetirilib  

Terrorçu təşkilatın aktivləri MTN-nin nazir müavini Hilal Əsədov, Elçin Quliyev, Akif Çovdarov, Rəsul Rəsulov, Yaşar, Nazim Lətifov Mahiri Mətanət, Sənan və Qulu Cəfərovun əliylə şantaj edərək 2 milyon dollar tələb etdilər. Lakin Mahir  oğurlandığı gün, 2003-cü il oktyabrın 13-ü 600 min dolları Mətanətin evinə gətirərək onlara verib. Terroristlər bu məbləğə razılaşmayıb və orada savaşıblar. Onlar Mahirə xəsarət yetiriblər. Mətanətin mənzilindən Mahiri qanunsuz olaraq DIN-in Banditizm Idarəsinə gətiriblər və 600 min dolları şantaj yoluyla ondan alıblar. Bu barədə Hilal Əsədovun əməkdaşı polkovnik Teymur Quliyevdən soruşanda o,  mənə dedi ki, bu, dövlət sirridir. Görəsən başqasının əmlakını zorla əlindən alma nə vaxtdan dövlət sirri olub?
Mahirin oğurlandığı gün şahidlər onu Mətanətin evinə girən görüblər. Terroristlər isə şahidləri 37-ci ilin metodlarıyla şantaj edirdi ki, onlar öz ifadələrindən imtina etsin. Artıq həmin şahidlər də Azərbaycandan qaçıb. AR CM-nin 120.1 maddəsiylə müvafiq cinayət işinin materiallarını, Mahir Abdullayevin işi üzrə hər il bir müstəntiq dəyişdirilir, indiyədək 6 müstəntiq dəyişib. 30 ildən çoxdur ki, BDU-nun hüquq fakültəsinin professoru kimi bütün müstəntiqlər mənim tələbəm olub. Müstəntiqlərdən soruşuram ki, niyə görə Mahiri oğurlayanları cinayət məsuliyyətinə cəlb etmirsiniz. Bütün istintaq orqanlarının əməkdaşları qeyd edir ki, biz PA rəhbəri Ramiz Mehdiyev və MTN-nin işinə müdaxilə edə bilmərik. Terrorçular  cinayətkarların əleyhinə heç bir tədbir görmür, əksinə, zərərçəkmişin ailəsinə qarşı dövlət səviyyəsində  ağıllarına gələn cinayəti “fabrikat” edirlər”.

Gülər Əhmədovanı kölgədə qoyan Rövşanə kimdir?  

Elşad Abdullayev prokurorluğa ifadəsində baş verənləri daha detallı diqqətə çatdırır:
“13 oktyabr 2003-cü ildə, saat 10.30-da qardaşım Abdullayev Mahir Islam oğlu özünə məxsus olan ”Mersedes” markalı, 10-CR-067 dövlət nömrə nişanlı maşında evdən çıxıb bir daha geri qayıtmamışdır. Odur ki, Mahir Abdullayevi axtarmağa başladıq və 14 oktyabr 2003-cü ildə mən qardaşım Elsevərlə birlikdə Mahirin yoxa çıxması ilə bağlı Bakı şəhər Baş Polis Idarəsinin yol polisinə və Yasamal ryon Polis Idarəsinə müraciət etdik. Lakin təəssüflər olsun ki, hüquq mühafizə orqanlarına yazdığımız müraciətlərin heç bir nəticəsi olmadı.
Hadisdən 3 gün sonra Rövşanə adlı bir qadın Universitetə gələrək mənimlə görüşmək üçün o zamanlar köməkçim olmuş, hazırda isə Milli Elmlər Akademiyasında işləyən Mirzə Aslanova dəfələrlə müraciət etmişdir. Lakin mən həmin qadının Universitetlə bağlı hansısa probleminin ola biləcəyini zənn edərək həmin qadının görüşmək təklifini rədd edirdim, çünki Mahir yoxa çıxandan sonra bütün iş planlarım pozulmuşdu. 2003-cü ilin oktyabr ayının 17-də, axşam saat təqribən 18 radələrində mən qardaşlarım Eldəniz, Ismayıl və köməkçim Şamillə birlikdə otağımı tərk edərək evə getmək üçün həyətdəki maşınıma minmək istəyəndə həmin qadın özünü mənə təqdim edərək “Elşad müəllim, mənim sizinlə söhbətim Mahirlə bağlıdır. Biz mütləq söhbət etməliyik” dedi.  Onun bu sözlərindən mən çox həyəcanlandım və qardaşıma dedim ki, siz həyətdə gözləyin, mən bu qadınla söhbət edib gəlirəm.
Kabinetimdə bu qadın özünü təqdim edərək adının Rövşanə olduğunu dedi və bildirdi və söhbətə başladı: “Elşad müəllim, bilirəm, sizin üçün çox ağırdır, amma narahat olmağa heç bir əsas yoxdur. Çünki Mahir sağ-salamatdır və yəqin ki, hər şey öz yoluna düşər”.

Rövşanə generalı nişan verir

Daha sonra Rövşanə mənə bildirdi ki, Mahirin tapılmasının açarı çox varlı biznesmen olan, Arzu Kazımovski adlanan bir şəxsin və Daxili Işlər Nazirinin sabiq birinci müavini Zahid Dünyamalıyevin əlindədir.
Qeyd etmək istəyirəm ki, mən əvvəllər Rövşanə adlı bu qadınla tanış deyildim, onu tanımırdım, onunla hər hansı əlaqəm olmamışdır. Rövşanə adlı bu qadını qardaşım Mahir itkin düşdükdən sonrakı 14, 15 oktyabr 2003 tarixlərində Universitetdə rektorluğun qəbul otağında görmüşdüm. Qardaşım Mahirin onu tanıyıb-tanımaması barədə deyə bilərəm ki, Rövşanə ilə sonrakı uzun müddətli söhbətlərimin əsasında mənə bəlli oldu ki, Mahirlə Rövşanə tanış olmayıblar. Digər qardaşlarım, eləcə də qohumlarım da qeyd olunan tarixə qədər Rövşanəni tanımayıblar. Rövşanənin rəsmi olaraq haradasa işləməsini bilmirəm, amma mən onu Arzu Kazımovskinin ofisində və Zahid Dünyamalıyevin Zağulbada yerləşən ofisində görürdüm. Ancaq onun həmin ofislərdə də işləyib-işləmədiyini bilmirəm. Rövşanə Azərbaycan Beynəlxalq Universitetində oxumayıbdır, eləcə də onun qohumlarından heç kim rektor olduğum universitetdə təhsil almır və işləmir. Rövşanə haqqında əlavə onu deyə bilərəm ki, o, gah mənə mingəçevirli olduğunu, gah naxçıvanlı, gah da ermənistanlı olduğunu deyirdi. Xarici görünüşünə görə ona 25 yaş vermək olardı, amma davranışı, danışığına əsasən hardasa 35-40 yaşlarında olar. (Ifadənin bu hissəsində Elşad Abdullayev müstəntiqə Rövşanə xanımın ünvanınını və telefon nömrəsini deyir). 17.10.2003 tarixdə Rövşanənin mənə dediyi sözləri mən şərti işarə kimi başa düşdüm və o, belə işlərlə əlaqədar Arzu Kazımovskinin Zahid Dünyamalıyevlə işbirliyinin olması barədə mənə çox mühüm məlumatlar vermişdir. Rövşanənin mənimlə etdiyi bu qəbildən olan söhbətləri mən videokamera ilə çəkmişəm və bu danışığın audio-video kassetlərini istintaqa təqdim edə bilərəm, bu kassetlər məndə evdədir”.

ardı var

http://www.azadliq.az/index.php?option=com_content&view=article&id=22292:3-milyonluq-videoda-kimlrin-ad-ckilir&catid=293:syas&Itemid=457

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button