3 saylı uşaq evində yeməklərin mənimsənilməsindən danışan uşaq psixiatriya xəstəxanasına yerləşdirilib
Psixi xəstəxanaya yerləşdirlən yeniyetmə sosial şəbəkələrdə yayılan videoda 3 saylı uşaq evində yeməklərin, südün, meyvənin mənimsənildiyini iddia edir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri, Xətai rayonu, 3 saylı uşaq evinin yeniyetmə sakini barədə sosial şəbəkələrdə yayılan məlumata dair açıqlaması verib.
Bir neçə gündür sosial şəbəkələrdə 3 saylı uşaq evindəki qanunsuzluqlar, uşaqların payının oğurlanması və s. iddialarla video paylaşan yeniyetmənin psixatriya xəstəxanasına yerləşdirldiyi bildirilir.
Sosial şəbəkələrdə yayılan videosunda yeniyetmə iddia edir ki, 3 saylı uşaq evində uşaqlara ayrılan yeməklər, meyvələr mənimsənilir, bunun əvəzində uşaqlara keyfiyyətsiz yeməklər və çürük meyvələr verilir.
Videoda yeniyetmə əlaqədar dövlət qurumlara müraciət edərək “uşaq evinə sahib çıxılsın”ı istəyir.
Hələki bu videoda yeniyetmənin dediklərinə uşaq evinin münasibətini öyrənmək mümkün olmayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin facebook səhifəsində açıqladığı məlumatda qeyd olunur ki, 1 nömrəli Psixiatriya xəstəxanasının rəhbərliyi, eləcə də M.Hacıyevin (uşaq evi ilə bağlı video paylaşan yeniyetmə-red.) həkimi ilə mövcud vəziyyət və diaqnoz barədə müvafiq danışıqlar aparılıb.
Məlumatda həmşinin yeniyetmənin vaxtilə həmin müəssisənin məzunu olmuş qardaşı ilə danışıqlar aparıldığı bildirilir.
“…3 saylı uşaq evinin yeniyetmə sakini öz qardaşının razılığı ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib və hazırda müalicə alır.” -Dövlət Komitəsinin məlumatında deyilir.
Komitə bildirir ki, klinikaya yatırılması haqqında qərar yeniyetmənin iki qohumunun onun psixi vəziyyəti ilə bağlı fikirləri, tibb kitabcasındakı müalicə tarixcəsi, həmçinin kənar mütəxəssisin yoxlanılmasından sonra verilib.
Məlumatda o da vurğulanır ki, “müalicədən sonra yeniyetmənin qardaşı onu öz himayəsinə götürməsi ilə bağlı müraciət etdiyini bildirib.”
Komitə “vaxtilə uşağı himayəyə götürən ailə və 3 saylı uşaq evi ilə əlaqə saxlanılaraq mövzu barədə söhbət aparıldığını” bildirir.