“30 iyun – Milli Sevgililər Günüdür”

Əvəz Zeynallı: “Evlənən cütlüklər İlham və Fərizənin məzarını ziyarət etməlidir”

Artıq bir neçə ildir ki, 30 iyun Azərbaycanda Milli Sevgililər Günü kimi qeyd olunur. Bu tarix 20 Yanvar faciəsi zamanı şəhid olan İlham Allahverdiyevin və onun yoxluğuna dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizə Allahverdiyanın toyu günüdür. 1989-cu ilin 30 iyununda vağzalı sədaları altında Fərizə İlhamgilə gəlin köçüb.

30 iyunun sevgililər günü kimi qeyd olunmasının ideya müəllifi Əvəz Zeynallı bildirir ki, Azərbaycanda sevgililər gününün 30 iyunda keçirilməsini 2003-cü ilin fevral ayının 16-dan təklif ediblər: “Biz, yəni türk və islam dünyasına sevgililər günü lazımdırsa, o, 30 iyun olmalıdır. Allah İlhamla Fərizəyə rəhmət eləsin! Onlar bizə çox nurlu, gözəl, işıqlı gün qoyub gediblər. Bu günün sevgililər günü kimi qeyd edilməsində rəhmətlik Fərizənin qardaşı Zakir və onun həyat yoldaşı Səadət xanımın da müstəsna rolu var. Sağ olsunlar, ilk gündən bizə bütün yardımları göstəriblər. Hesab edirəm ki, evlənən cütlüklər onların məzarını ziyarət etməlidir”.

Əvəz Zeynallı ile ilgili görsel sonucu

Ə.Zeynallı dedi ki, 30 iyunun sevgililər günü olması qərarlaşandan bəri özü və təsis etdiyi “Xural” qəzeti bu ideyanı təbliği ilə məşğuldur: “O vaxtdan da çox böyük təbliğat kampaniyasını da aparmışıq. İllər boyu Azərbaycan xalqının 30 iyunun qəbul etməsi üçün gecəli-gündüzlü əmək sərf etmişik. Son illər obyektiv səbəblərlə bağlı bu işlə tam məşğul ola bilmirik. Bu gün 30 iyun Azərbaycan gənclərinin sevdiyi, qəbul etdiyi, qucaq açdığı önəmli bayramlardan birinə çevrilib. Artıq bizim iştirakımız olmadan da televiziyalarda 30 iyun – sevgililər günü diskussiyalarına şahid oluruq. Hesab edirəm ki, Azərbaycanda sevgililər günü 30 iyundur. Artıq bu məsələdə ziddiyyət yoxdur. Bircə dövlət səlahiyyətlilərinin əməli və real addımlar atmağı qalıb. İnşallah, o günü də görəcəyik. 30 iyun sevgililər günü 2003-cü ildə müəyyənləşəndə ilk addımı özüm atmışdım, həyat yoldaşım Məlahət xanımı təbrik etmişdim. O vaxtdan bəri də hər il sevgililər günündə onu təbrik edirəm. Bu gecə də saat 12-ni keçəndə onu yenə təbrik edəcəyəm”.

Ləman MUSTAFAQIZI,
Musavat.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button