30 İyun Türk Dünyasında…

TRT 30 İyun tədbirlərini geniş işıqlandırıb«Xural» qəzetinin 30 İyun – Sevgililər Günü tədbirləri hər il olduğu kimi bu il də ənənəvi qaydada başa çatdı. Bu il Sevgililər Şölənini obyektiv səbəblərdən təxirə salsaq da, digər tədbirlərimizi uğurla başa vura bildik. Xüsusilə, Sevgililər Günü münasibətilə hazırlanan disk və iyun ayının 30-da Şəhidlər Xiyabanının qarşısından başlanan «Sevgililər Gəzintisi» geniş əhali kütləsinin də qatılımı ilə yadda qaldı.

İyunun 30-da, saat 11.00-da Şəhidlər Xiyabanının qarşısındakı meydançadan başlanan «Sevgililər Gəzintisi» bir neçə saat davam etdi. Əziz Şəhidlərimiz İlhamla Fərizənin anaları Ofeliya Ana ilə Bağda Ananın da qatıldığı gəzinti bir çox telekanalların və radiostansiyaların əməkdaşlarının müşayiəti altında keçdi. Xəzər TV-nin, Səs TV-nin, Lider TV-nin kameraları gəzintidə idi. Bunların sırasında Türkiyənin dövlət kanalı TRT-nin kameraları və Anadolu Agentliyinin əməkdaşı İslam Yakutun fotoaparatı da vardı. Gəzintini sona qədər izləyən Türkiyə kanalları elə həmin gün hazırladıqları reportajı TRT-nin efirindən dəfələrlə bütün Türk Dünyasına çatdırdılar.

Maraqlıdır ki, Xəzər TV-nin gəzintidə iştirak edən kamerası aparıcının təqdimatında mümkün olduğu qədər 30 İyunu 14 fevralla müqayisə etməyə və 14 fevrala üstünlük verməyə təşəbbüsü ilə yadda qaldı. Anar adlı aparıcı Xəzər TV-nin «Ana Xəbərlər» proqramında Fərizənin adını belə doğru tələffüz edə bilmədi. Aparıcı Fərizəyə «Farizə» deyə müraciət etdi və bunu heç düzəltmək ehtiyacı da hiss etmədi. Təbii ki, sən Fərizənin adını belə doğru-dürüst tələffüz edə bilmirsənsə, başqalarından daha nələr gözləyirsən?!

İctimai TV isə təxribat törətdi

Son illərdə 30 İyuna xüsusi həssaslıqla yanaşan, bu mövzuda bir neçə il amansız mübarizə apardığımız İctimai TV isə anlaşılmaz addımları ilə yadda qaldı. Bu ilki İTV tam İsmayıl TV olaraq yenə əski ampluasına döndü. Maraqlıdır ki, bizdə İTV-nin 30 İyuna ciddi hazırlaşdığına dair məlumatlar vardı. Onu da bilirdik ki, iyunun 30-da İTV-nin ekranı və İctimai Radionun eviri bütünlüklə millətin bu böyük və müqəddəs gününə həsr olunacaq. Buna dair əlimizdə yetərli dəlillər də vardı. İTV İlhamla Fərizənin analarını – Ofeliya Ana ilə Bağda Ananı 30 İyun tarixində səhər saat 09.00-da İTV-yə, canlı yayına dəvət etmişdi və İTV əməkdaşları onların telefonlarını qəzetimizin baş redaktoru Əvəz Zeynallıdan almışdılar. Amma nə oldusa, iyun ayının 29-na qədər oldu və iyunun 29-da Ofeliya Ana ilə Bağda Anaya telefon açaraq tədbirlərin ləğv olunduğunu və kanala gəlməyə ehtiyac qalmadığını bildirdilər. Bu qərar həm İTV tərəfindən, həm də İctimai Radio tərəfindən alınmış ortaq qərar idi, çünki hər iki qurumda canlı yayınlar təxirə salınmış, mövzular dəyişdirilmişdi.

İsmayıl Ömərov Şəhid Analarına yenə hörmətsizlik etdi!

İTV bir dəfə 2007-ci ildə bu sayğısızlığı etmiş və qarşılığını çox ağır almışdı. Amma sonrakı illər 30 İyunda bizim qədər çalışan və fədakarlıq göstərən bu kanal başında problem olan xəstə adamlar kimi, bu il anlaşılmaz addımlar atdı. Eynilə illər əvvəl olduğu kimi, sayğısızlıq nümayiş etdirərək Şəhid Analarını aldatdı və onların iştirak edəcəyi efir mövzusunu dəyişdirib, əlaqəsiz halda çoxuşaqlı anaların məsələsini müzakirəyə çıxardılar. Maraqlıdır ki, bunu niyə etdiklərini də açıqlamadılar.

Biz İsmayıl Ömərovu yaxşı tanıyırıq. Onun tərs, inadkar, kinli adam olduğunu bilirik. Heç kim tərəfindən əmr almadığını və heç bir məmuru dinləmədiyini də bilirik. Hətta mətbuatla işləyən bir departament rəisinin əli ilə Ramiz Mehdiyevin belə tapşırıqlarını yerinə yetirmədiyini mətbuata sızdırdığından da xəbərimiz var. Əcəba, Tanrıya bəndəlik etməyən bu İsmayıl Ömərova nə oldu ki, bütün əsas proqramları iyunun 29-da ləğv etdi? Bütün hallarda ona tapşırıq və ya təpinmə çox yuxarıdan gəlməli idi. Bu da ya Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, ya da prezident İlham Əliyev olmalı idi. Çünki İsmayıl onlardan aşağıları dinləmir və biz bundan agahıq.

Hər halda görünən dağa bələdçiyə ehtiyac yoxdur və biz yaxın günlərdə məsələnin nə yerdə olduğunu araşdırıb Oxuculara məlumat verəcəyik.

XuralTAC

 

“Xural” qəzeti,

İl: 9, sayı: 025 (433), 03-09 iyul  2011-ci il

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button