Elxan Şükürlü: “Bundan sonrakı bütün ömrümü verərəm, təki…”

elxanin atasi

Bu fotolar düz 43 il əvvəl – 1973-də çəkilib. Onda 27 yaşlı qaynar gözlü, aydın baxışlı Sovet əsgəri olan bu şəxs mənim Atam – Nəriman müəllimdir!
Əgər 2012-ci ilin 17 sentyabrında Ölüm Mələyi qəfilcə dədə-baba ocağımızın qapısının ağzını kəsdirib, Onu özüylə aparmasaydı, bu gün – 10 fevral 2016-cı ildə o ocaqda 70 yaşını qeyd etməyə toplaşacaqdıq… Ancaq necə deyərlər, “sən saydığını say, gör, fələk nə sayır”…
Fələksə biz saymadığımız, hesaba almadığımız variantı saydı, seçdi: ölümün nəfəs qədər yaxın olduğunu bilsək də, Onun belə tez aramızdan gedəcəyini heç ağlımıza da gətirmədik!!!
İnanın, indi bundan sonrakı bütün ömrümü verərəm, təki, bircə dəqiqəliyinə gələ, sözünü deyə, sonra hara istəyir, çıxıb da gedə!!!
Ancaq ha çağırsam da, gəlmir, səsimə səs vermir! İndi onunla yalnız yuxularda görüşürük: gəlir, həyətimizdəki fındıq ağacının altında oturur, siqaretini çəkir, qalın qaşları altındakı sevgi dolu gözləriylə qoyub getdiklərinə baxır, baxır… və sonra yenə də sakitcə qayıdıb gedir!!!
Mən Atamın ölüm anını, necə dəfn olunduğunu görə bilmədim deyə, hələ də onu itirdiyimizə inanmıram! Hər dəfə kənddəki evimizin nömrəsindən gələn zəng ani olaraq “Atamdır!” həyəcanını yaratsa da, tez də onun əlçatmaz, ünyetməz bir ünvanda olduğunu yaxşıca bilir, dərk edir və buna görə də için-için qovrulur, yanıram!!! Ölümə kim qalib gəlib ki?!

elxanin atasi1
Kaş ki, insanlar hər gün ölə biləcəklərini, əlində, yanında olanları bircə anda itirəcəklərini hər an xatırlayaraq yaşayaydılar… Hə, bax onda hər kəs bir-birinə sevgiylə, məhəbbətlə, şəfqətlə yanaşar, doğmalarına, dostlarına, tanıdıqlarına qarşı “Bir də onu görməyə bilərəm” düşüncəsiylə davranar, beləcə, qəzəbə, kinə, nifrətə də yer olmaz, xoş ünsiyyət, xoş rəftar, mehribançılıq həyatın yaşam normasına çevrilərdi!
Açıq deyim: biz, – 4 qardaşıq, – olduqca sərt intizamın hökm sürdüyü, mühafizəkar ənənələrə sadiq bir ailədə böyümüşük! Atam öz ata-anası, eləcə də ağsaqqal-ağbirçək yanında övladı yansa, doğransa belə, onu qucağına götürməz, ona sığal çəkməz, xoş kəlmələrlə sevgisini ifadə edə bilməzdi! Utanar, çəkinər, pərdə saxlardı – bu, elimizin dəyişməyən qaydalarındanıydı! Ona görə də biz körpəlikdə Onun nəvazişini yalnız məsafədən – sonsuz sevgi, qayğı və şəfqət yağan mehriban gözlərindən duya-duya yaşadıq, böyüdük!
Özümüz ata olandan sonra isə Atamızın bizi necə sevdiyini daha yaxşı anladıq, dərk etdik! Həqiqətən, “ən güclü insan hisslərinə ağalıq edənmiş”.
İnanın, indi hər bir hərəkətində oğlum Şükranda özümü gördüyüm kimi, yaş keçdikcə özümdə də eynən Atamı görürəm və bu da başqa bir dərd olur mənə – İlahi, Atam bizi necə də çox sevirmiş və görəsən, o, özünü necə saxlayırmış?!
Kaş ki, biz də bu sevginin qarşılığını zamanında verə biləydik!!! Kaş ki… Kaş ki… Kaş ki…
Dostlar, Atanızın, Ananızın sağlığına sizə verilmiş üstün bir nemət, şans, fürsət kimi baxın: onlara sevginizi əsirgəməyin, daim özlərinə bildirin; gücünüz heç nəyə yetməsə belə, ən azı, xoş sözlərinizi əsirgəməyin, daim könüllərini şad edin! Unutmayın: bir gün onlar yanınızda olmayacaq!
… “Böyük adamların həyatı ölmündən sonra başlar” – deyiblər, Ata, 70 yaşın mübarək!

elxan şükürlü

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button