“31 mart qırğını xalqın iradəsini qıra bilmədi” – tarixçi alim 102 illik tarixi hadisədən danışdı

Dilavər Əzimli: “Erməniləri məhkəməyə verməli, soyqırım muzeyi yaratmalıyıq”

“1918-ci il 31 martda erməni-daşnak və bolşevik qüvvələrinin Bakıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayətdir.

Əgər biz 1918-ci ilin martına qədərki buna bənzər hadisələrdən bir millət olaraq ibrət dərsləri alsaydıq, müstəqil dövlətimiz olsaydı və güclü olsaydı, 31 mart bəlkə də olmaya bilərdi. Əgər 31 martdan ibrət alsaydıq və güclü dövlətimiz olsaydı, onda Xocalıda törədilən soyqırımı da olmazdı.

Hesab edirəm ki, belə hadisələrin gələcəkdə təkrarlanmaması üçün müqəddəs dövlətimiz və uca millətimiz güclü olmalıdır”.
Bu sözləri musavat.com-a açıqlamasında tarix elmləri doktoru, deputat Musa Qasımlı 31 mart erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyoqırımın 102 illiyi ilə bağlı danışarkən bildirdi.

Deputatın sözlərinə görə, prezident İlham Əliyevin “hücum diplomatiyası” xəttini elan etməsindən sonra azərbaycanlılara qarşı törədilən soyqırımlar haqda tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görülür: “Bu baxımdan birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyəti təqdirəlayiqdir”.
M.Qasımlı vurğuladı ki, soyqırımın törədilməsinin bir sıra səbəbləri var idi: “Hər şeydən əvvəl, hələ I Pyotr zamanından başlayaraq, Rusiya imperiyası Xəzərin şimal sahillərini, həmçinin Bakını işğal edib öz tərkibinə daxil etmək istəyirdi. Bunun üçün guya Bakının və Azərbaycanın digər yerlərinin fərqli mədəniyyət olduğunu bildirirdi. Bakıda soyqırımının törədilməsinin başlıca səbəblərindən biri Azərbaycanın müstəqilliyinin qarşısının alınması idi. Bu zaman azərbaycanlılar əvvəlcə muxtariyyət, sonda isə müstəqillik uğrunda mübarizə aparırdılar. Soyqırımının törədilməsinin digər bir səbəbi əhalisi əsasən türk və müsəlmanlardan ibarət olan Cənubi Qafqaza, xüsusən Bakıya Osmanlı ordusunun buraxılmaması Bakı quberniyasını yerli əhalidən təmizləmək idi”.

Deputat hesab edir ki, martda Bakıda kütləvi qırğınlar azərbaycanlıların iradəsini qıra bilmədi: “Azərbaycan xalqının müstəqilliyinin elan edilməsini ləngitsə də, istiqlal mübarizəsini dayandıra bilmədi. Bu mübarizəsi nəticəsini verdi. Mayın 28-də Azərbaycan xalqı bütün müsəlman Şərqində dəfə olaraq respublika üsul-idarəsini qurdu”.

Tarixçi-alim Dilavər Əzimli isə bildirdi ki, biz bütün bu məsələlərə qlobal şəkildə yanaşmalıyıq: “İndiyə qədər Muğan hadisələrindən, “Molokan qiyamı”ndan yetərli danışılmayıb. Biz bunlara kütləvi halda yanaşmasaq, gələcəkdə yenə də soyqırımlarla üzləşə bilərik. Biz bu erməni vəhşilərini Beynəlxalq məhkəməyə verməyə nail olmalıyıq”.

D.Əzimlinin fikrincə, bu istiqamətdə Türkiyə, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Cümhuriyyəti, hətta İran da çalışmalıdır: “Çünki bu dövlətlərin hamısında erməni vandalları Rusiya və Avropa tərəfindən müdafiə olunaraq vəhşiliklər törədiblər. Bir də biz bu erməni vəhşiliklərini gələcək nəsillərə təqdim etmək üçün Soyqırım muzeyi yaratmalıyıq. Nəyə görə bunu etmirik, başa düşmürəm. Ermənilər olmayan soyqırım üçün abidə ucaldıb, hamıya göstərirlər. Amma indi dünya özü yaxşı bilir ki, onlar özləri soyqırım törədiblər. Bu mənada çox işlər görməliyik”.

Tarixçi-alim erməni vəhşiləri indi də işğal etdikləri ərazilərimizdə tarixi abidələrimizi, məzarlıqlarımızı məhv edirlər: “Buna görə də çox işlər görməliyik. Artıq dünya da bizim haqlı olduğumuzu qəbul edir”.

Qeyd edək ki, 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər.

Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.

1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button