İllik gəlirlərini ərzağa ən çox xərcləyən ölkə – Azərbaycan

qubad ibadoğlu

Azərbaycan dünyada illik gəlirlərini ərzağa ən çox xərcləyən ölkədir.

ABŞ-ın Vaşinqton Dövlət Universitetinin apardığı tədqiqata görə Azərbaycan əhalisi illik gəlirlərinin 48,5 faizini yalnız ərzağa xərcləyib.

ABŞ-ın Pullman şəhərində yerləşən Vaşinqton Dövlət Universitetinin dünyanın bir sıra ölkələrini əhatə edən tədqiqatları Universitetin eyniadlı jurnalında dərc olunub. Jurnalın məlumatına görə, dünyada ərzağa ən az pul xərcləyən ilk onluğa ABŞ (6,8 faiz), İrlandiya (7,1 faiz), Sinqapur (8,1 faiz), Böyük Britaniya (8,9 faiz), Kanada (9,1 faiz), Almaniya, Hollandiya və Danimarka (hər biri ayrı-ayrılıqda 11,4 faiz), İsçevrə (11,6 faiz) və Finlandiya (12,1 faiz) daxildir. Dünya üzrə tədqiqata cəlb olunan ölkələr arasında illik gəlirlərini ərzağa ən çox xərcləyən Azərbaycanlılardır. Azərbaycanın başçılıq etdiyi ərzağa ən çox pul xərcləyən 10 ölkə siyahısına Pakistan (45,4 faiz), Kenya (44,9 faiz), İndoneziya (44,1 faiz), Belarus (44 faiz), Əlcəzair (43,8 faiz), Gürcüstan (42,3 faiz), Mərakeş (40,3 faiz), Nigeriya (40,1 faiz) və Vyetnam (38,5 faiz) daxildir. Bizim üçün maraq kəsb edən ölkələr üzrə isə vəziyyət belədir: Ukrayna (42,2 faiz), Qazaxıstan (34,5 faiz), Rusiya (29, 4 faiz), Türkiyə (24,5 faiz). Əhalisinin sayı çox olan Çində bu göstərici 33,9 faiz, Hindistanda isə 25,8 faiz qeydə alınıb.
İzahat üçün qeyd edim ki, illik gəlirlərinin ərzağa daha çox xərclənməsi üç halda daha çox artır: birincisi, gəlirlərin səviyyəsi aşağı, ikincisi, ərzaq qiymətləri baha olanda, nəhayət, üçüncüsü də hər iki hal qeydə alınanda. Azərbaycan 3-cü qrupa aid olunur. Belə ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 466,4 manat və ya 291,5 dollar təşkil edib. 2016-cı ilin yanvar ayında 2015-ci ilin yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 13,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,3 faiz artıb. Nəzərə alsaq ki, bu tədqiqat dövrü Azərbaycanda həyat səviyyəsinin yüksək olduğu illəri əhatə edir, o halda belə bir qənaətə gəlmək olar ki, devalvasiyadan sonra sosial durumun çətinləşməsi nəticəsində ailə büdcəsində ərzağa yönələn xərclərin artımı Azərbaycanın mövqeyini daha da pisləşdirib. Hazırda həm gəlirlərin dəyərsizləşməsi, həm də iş yerlərinin kütləvi bağlanması, xüsusilə də ərzaq mallarının sürətlə bahalaşması əhalinin ailə büdcəsinin strukturunu əhəmiyyətli dərəcədə dəyişdirib. Belə ki, hazırda əhalinin böyük əksəriyyəti iri alışları (maşın, mülk, torpaq və s.) ixtisara salır və gündəlik tələbat xərclərini ödəməyə üstünlük verir. Bu da getcikdə ailə büdcəsində ərzaq xərclərinin xüsusi çəkisini artırır, təhsilin, səhiyyənin, avtomobil və məişət texnikasının payını isə azaldır. Eyni zamanda yığıma yönələn vəsaitlər də aşağı düşür. Çünki bankda yığımı və ya evdə ehtiyatı olanlar onun bir hissəsini cari xərclərə, o sıradan da ərzağa yönəldirlər. Bütün bunların nəticəsi olaraq, ölkədə yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin sayı artır. Müqayisə üçün qeyd edim ki, ABŞ-da gəlirlərinin 35 faizindən çoxunu ərzağa yönəldən əhali avtomatik olaraq yoxsul hesab olunur və belə olanda da onun ərzaq, səhiyyə, təhsil və digər sosial xərclərini dövlət ödəyir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button