Elbrus Ərud

Ciyər para

Bu necə məmləkətdir əə? Yanıb tökülürəm…

Nəyə görə bu ölkədə Ziya Məmmədovun oğluna milyonluq toy çalınmalıdır, ancaq ciyərini Qarabağda itirən adam onun-bunun əlini öpüb ünvanlı sosial yardım dilənməlidir?..


Zabratda evdən çıxıb yüz metr getmişdim ki, bir nəfər qabağımı kəsdi. Üzü gözləri ilə birlikdə yaz günəşinin altında işləməkdən göyərmişdi. Ona görə də, adamın gözlərini sifətindən ayırd eləmək mümkün deyildi. Bu göyə çalan qara üzlü, məndən haradasa on yaş böyük olan oğlana tələsdiyimdən könülsüz cavab verdim:
– Eşidirəm.
– Müəllim, mən sizi tanıyıram. Elə mən də bu aralarda yaşayıram. Sizə bir işim düşüb. Jurnalist adamsan, mənə kömək elə, sənə qurban olum.

Bu məzmunlu sözləri adətən jurnalistlər tez-tez eşitməli olurlar. Bəzən problemi olan insanlar jurnalistlərə dəstək ala biləcəkləri ünvan kimi baxırlar. Və kənardan yekə görünən jurnalistlər də belə situasiyalarda çox şeyə qadir olmadıqlarını bildiklərindən könülsüz davranır, qarşıdakı adamı candərdi dinləməyə məcbur olurlar.
Mən də bu üzü göylü-qaralı oğlanın qabağında həmin düşüncələrdə dayanmışdım.
– İndi tələsirəm, gələrsən sonra sözünü deyərsən.
Ancaq məndən əl çəkmək fikri yox idi. Hətta deyəsən uzaqlaşmaq istədiyimi görüb əlimdən də tutdu.
– Müəllim, sən jurnalistsən, sən həm də mənim üçün nazirsən, axı səndən başqa böyük adam tanımıram.
Mən artıq onun mühasirəsində olduğumu başa düşüb təslim oldum:
– Yaxşı, de görək.
– Müəllim, mən gədəbəyliyəm, körpə uşaqlarım var. Keçən il min zülmlə ünvanlı sosial yardıma düşdüm, onun da yarısını tutub əlimdən aldılar.
İndi yenə istəyirəm, ancaq vermirlər. Qalmışam pis vəziyyətdə. Mənə kömək elə, qadan alım.
Bayaq dediyim kimi, bu məzmunlu müraciətlər az qala bütün jurnalistlərə olunur. Və yenə də deyirəm ki, biz belə sualların qarşısında çox vaxt aciz qalırıq. Mən də adama qısaca “qardaş canı, bu məsələ mənlik deyil. Amma yenə də başqa vaxt gələrsən, bir şey fikirləşərik”-cavabını verib yoluma davam elədim. Elə iki addım atmışdım ki, oğlan kürəyimin ortasından atəş açdı… Bu sözü obrazlı demirəm. Sadəcə başqa cür ifadə vasitəsi tapa bilmirəm.
– Müəllim, mənim ciyərim də paradır ey, Qarabağda müharibədə itirmişəm, Allahın fəhləliyini də eləyə bilmirəm. Bu zəhrimar gec-tez başlayacaq axı… Mən yenə gedərəm, qurban olum sənə, sən mənim üçün nazirsən vallah, bilirəm kömək eləyərsən…
Kimin tərəfindən ona atəş açıldığını öyrənmək istəyən yaralı kimi arxaya çevrildim. Gəlib yenə qabağımda dayandı. Mən çoxlu qan itirən yaralı əsgər kimi səntirləyirdim. Əlimdən tutub göylü-qaralı dodaqlarına yapışdırdı. Əlimi güclə qopardıb gözlərimin yaşını sildim:
Sən niyə belə eləyirsən, bu nə söz idi mənə dedin, zalımın balası?..
Səhv etmirəmsə, mən bir dəfə adımı abituriyent jurnalında tapanda belə möhkəm ağlamışdım. Məni kiritməyə çalışanlar da göz yaşlarıma qarışmışdı…
İndi yenidən ürəyimi parçalayan bu ciyəri para oğlana “axşam bizə gəl”- deyib uzaqlaşdım.
Üstündən iki gün keçsə də adam gəlib çıxmayıb. Ancaq mən ya bu gün, ya da elə sabah gedib ona tapacam. Özümə gələ bilmirəm o gündən bəri. Neçə adama danışıb ürəyimi boşaltmaq istəmişəm. Alınmayıb. Deyəsən, heç bu yazı ilə də bir şey çıxmayacaq…
Mən 31 yaşında olan bir insan, az-çox həyat və qələm təcrübəsi olan jurnalist kimi demək istəyirəm. Bir məmləkətdə ki, Qarabağda ciyəri para olan insan jurnalistin əlini öpüb, ondan ünvanlı sosial yardım istəyir, həmin məmləkətin axırı yoxdur. Nə bu məmləkətin insanları, nə hakimiyyəti, nə quşları, nə nefti, heç vaxt demokratiyanı, ədaləti, Allahı, rahatlığı, Qarabağı və başqa tamarzı olduğu şeylərin üzünü görməyəcək. Bu necə məmləkətdir əə? Yanıb tökülürəm. Nəyə görə, bu ölkədə Ziya Məmmədovun oğluna milyonluq toy çalınmalıdır, ancaq ciyərini Qarabağda itirən adam onun-bunun əlini öpüb ünvanlı sosial yardım dilənməlidir? Hər gün “kruq plyonka” CİP-ləri o tərəf, bu tərəfə anqırdan harın balaları ilə, ünvanlı sosial yardım dilənən o ciyəri para döyüşçünü eyni şəhərdə görmək, qış fəsli ilə yay fəslini eyni anda yaşamaq qədər mürəkkəb və anormaldır. Bəs yaxşı, bizim yaşadığımızın adı nədir? Belə vətəndaş cəmiyyəti qururlar? Belə Avropaya inteqrasiya edirlər? Belə türk olurlar? Ümumiyyətlə, belə insan olurlar? Siz nə haqla sosial bərabərlikdən danışırsız? Nə isə, indi burada o qədər sual cümlələri yazaram ki…
Ancaq bizə sual yox, cavab lazımdır! Ciyəri paraya vermək üçün… Bu artıq jurnalist sualı deyil ki, cavabdan qaçmaq mümkün olsun. Bunu həyat özü soruşur:
– Niyə, bu məmləkətdə ciyəri Qarabağda paralanan insan yardım dilənməlidir?
– …

“Xural” qəzeti,

Il: 9, sayı: 019(429), 15-21 may 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button