3 G-ni nədən «Azercell» və «Baksell»ə yox, «Azərfon»a verdilər?

«Azərcell»in, onunla dabandabana gələn «Bakcell»in Azərbaycanın mobil rabitə bazarında onillik təcrübəsinin olmasına baxmayaraq, 3Gdən istifadə üçün razılıq «Azerfon»a, onun əli ilə isə yeni fəaliyyətə başlamış «NARMobile» verildi. Məhz bu faktın özü Azərbaycanın mobil rabitə bazarında hər şeyin qaydasında olmadığını bir daha üzə çıxardı.

I yazı

Prezidentin tapşırığı icra olunmadı

Prezident İlham Əliyev bir müddət əvvəl “BakuTel-2010” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirak edərkən Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasova “Azercell Telekom”un 3G xidmətləri göstərməsi üçün tezliklər ayrılması tapşırığını versə də, tezlik prezidentin istəyindən kənar «Azərfon»a verildi. Səbəb  kimi də «Azərfon»un tezliyi «Azercell»dən əvvəl alması göstərilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yetkilisinin KİV-ə verdiyi açıqlamada bildirib ki, “Azercell” lisenziya almaq üçün lazım olan sənədləri tam təqdim etməyib: “Lisenziyanın alınması üçün şərtlər var. Şirkət bəyan edir ki, texniki imkanlar baxımından tam hazırdır. Amma texniki imkanlar tələb olunan şərtin biridir. ”Azercell” indiyədək Dövlət Tezlikləri Komissiyasından tezlik almayıb. Buna Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi baxmır. Nazirlik şərtlərdə tələb olunan sənədlərə baxaraq, lisenziya verir. “Azercell” şirkətinin isə şərtlərdə tələb olunan bir neçə sənədləri qaydasında deyil. Onlardan biri, dediyim kimi, tezliyin alınmasıdır. Nə vaxt bütün sənədlər qaydasında olar, o zaman da nazirlik lisenziya verməyə hazırdır”.

«Azercell» rəsmiləri isə bildirirlər ki, bu bir bəhanədir. Şirkətin hüquqşünaslarının iki il müddətində RİTN-nin tələb etdiyi sənədləri toplamaq cəhdləri başa çatmamış, «Azerfon» cəmi bir neçə həftə ərzində lazım olan sənədləri toplayaraq tezlik almaq üçün nazirliyə təqdim edib (!?) Bu cür tez bir zamanda «Azerfon»un bu qədər sənəd toplayaraq nazirliyə təqdim etməsi də müəmma yaradır.

Qeyd edək ki, “Azercell” 3G texnologiyasının tətbiqinə artıq iki ildən çoxdur ki, hazır olduğunu bəyan edib. Şirkət bildirir ki, “BakuTel-2009″ sərgisində artıq 4G mobil texnologiyası sınaqdan keçirilib. Belə olan halda bu mobil operatora 3G lisenziyasının verilməməsi ayrı-seçkilik kimi qiymətləndirilməlidir: “Nazirlik bizə sertifikat verməlidir ki, «Azercell» sənədləri tam olaraq təqdim edə bilsin. 3G lisenziyasını almaqdan ötrü müvafiq uyğunluq sertifikatı əldə etmək üçün bir neçə dəfə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət etsək də, cavab gəlməyib. Artıq bunun üzərindən 2 il keçib. İndi lisenziyanın alınması üçün tələb olunan sənədləri necə təqdim edək ki, bunun üçün sertifikatı bizə vermirlər”.

Mütəxəssislər nazirliyin “Azercell”ə qarşı münasibətinin qeyri-sağlam olduğunu deyirlər. Onların fikrincə nazirlik heç bir auksion, tender keçirmədən dövlətin lisenziyasını bir şirkətə verib. 2-3 il bundan öncə müraciət edənlər isə kənarda qalıb. Ekspertlər lisenziyanın birbaşa “Azerfon”a verilməsi zamanı qanunvericilik prosedurlarının pozulduğunu da qeyd edirlər. Çünki müvafiq qanunvericiliyə görə, bazarda üç iddiaçı olduğundan burada tender, müsabiqə keçirilməli idi. Onların fikrincə, əslində RİTN ”Azerfon”a lisenziyanı hədiyyə edib. Özü də lisenziya çox ucuz qimətə satılıb. Başqa ölkələrdə həmin lisenziyaların qiyməti 1.100.000–2.000000 ABŞ dollarıdır.

Xatırlatma:

Lisenziyanın hökumət tərəfindən müəyyənləşdirilən rəsmi dəyəri 11 min manat təşkil edib. Hazırda Azərbaycanda 3 mobil rabitə operatoru – «Bakcell», «Azercell» və «Azerfon»un fəaliyyət göstərməsinə baxmayaraq, indiyədək 3G standartında rabitə xidməti göstərmək üçün lisenziyaya yalnız «Azerfon» şirkəti malikdir.

Bundan başqa, lisenziya alan operatorlar infrastruktura xeyli vəsait qoymalıdırlar. «Azercell» və «Bakcell» üçün sırf iqtisadi baxımdan bunu həyata keçirmək o qədər də çətin olmamalıdır. Çünki hər iki şirkət artıq 10 ildən çoxdur ki, fəaliyyət göstərir və onların kapitalı bu sektorda yeni yaranmış operatorla müqayisədə daha artıq olmalıdır. Bunun müqabilində də bütün şəbəkə avadanlıqlarını, kommutatorları və baza stansiyalarını modernləşdirmək iqtisadi baxımdan onlar üçün çətin deyil.  Uzun müddət Azərbaycanın mobil rabitə bazarında üstünlük bu iki şirkətin əlində olub.  “Azercell”in 2010-cu ilin yekunlarına dair verdiyi açıqlamada göstərilirdi ki, son illər şirkət Azərbaycanın mobil rabitə bazarının 54,6%-nə nəzarət edir. Ölkənin 80%-ni əhatə edən şəbəkə imkan verir ki, Azərbaycan əhalisinin 99,8%-i “Azercell”in xidmətlərindən yararlana bilsin. Son bir il ərzində 300 minə yaxın insan öz seçimini “Azercell”in üzərində saxlayıb. 2010-cu ilin sonuna bu operatorun 4 milyon 207 min nəfərlik abonenti vardı. Tək 2010-cu ildə “Azercell” dövlət büdcəsinə təqribən 114,6 milyon ABŞ dolları, 14 il ərzində isə təqribən 868,2 milyon ABŞ dolları həcmində vəsait ödəyib. Şirkət bir sıra sosial layihələri də dəstəkləyib.  Bu məqsədlə şirkət tərəfindən təqribən 1,4 milyon ABŞ dolları vəsait xərclənilib. Ümumilikdə 14 il üçün bu göstərici təqribən 14,7 milyon ABŞ dolları təşkil edib. Təbii olaraq, nə «Azerfon», nə də «NarMobile» «Azercell Telekom» MMC ilə müqayisədə bu cür maliyyə imkanlarına malik deyil.

Baxmayaraq ki, hələ iki il əvvəl “Azerfone” şirkətinin baş direktoru Qvido Helbix şirkətinin Azərbaycanda 3G-nin pioneri olmasından qürur duyduğunu bildirmiş və 60 mindən çox abonentin 3G xidmətindən istifadə etdiyini söyləmişdi. Halbuki bu iddia ilə «Azercell» heç cür razılaşmır. «Azercell» rəsmiləri bunu sözdə olan parlaq bəyanat kimi qiymətləndirirlər. Əslində, 3G-dən istifadə etmək NAR abunəçiləri üçün bu gün çox ciddi problemlər yaradır. 60 min abonent isə çox ciddi göstəricidir. Bunun üçün hər şeydən əvvəl güclü maliyyə vəsaiti lazımdır. 3G-nin lisenziyasının məhz «Azerfon»a verilməsi bu şirkətin də ortada maliyyə probleminin olmadığını göstərir. Analitiklər bunu iqtisadi baxımdan deyil, məhz siyasi baxımdan analiz etməyi məsləhət görürlər. Çünki indiyədək heç bir gəlir mənbəyi olmayan bir mobil operator üçün təkbaşına bu cür qlobal işləri həyata keçirmək mümkün deyil. Deməli, «Azerfon»un arxasında istər maliyyə, istərsə də rəsmi dayaq baxımından daha güclü qüvvələr dayanır.

Nədən «Azerfon»?

Davamı növbəti sayda

 

Redaksiyadan:

“Xural” qəzeti mövzuya münasibətini bildirmək üçün «Azerfon-NARMobile»nin mətbuatla əlaqələndiricisi Fərid Məmmədovla əlaqə saxladı. Fərid bəy öncəki yazılarımızdan narazılığını bildirdi və ona müraciət edəcəyimiz təqdirdə cavab alacağımızı dedi. Razılaşdıq və suallarımızı Fərid Məmmədovun verdiyi ünvana göndərdik:

 

1. Bir müddət əvvəl Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azerfon” şirkətinə 3G texnologiyasından istifadə üçün lisenziya verdi. Tezlik şirkətə əsl dəyərindən qat-qat ucuz – cəmi 11 min dollara satıldı. Bunu “Azerfon” şirkətinin və «NARMobile»in prezidentin ailəsinə yaxın olması ilə əlaqələndirirlər. Çünki tezlik mobil rabitə şirkətləri arasında heç bir tender və müsabiqə keçirilmədən «Azerfon»a satıldı. Bu məsələyə münasıbətiniz…

 

2. Ölkənin ən nüfuzlu mobil operatorlarından olan “Azercell” və Bakcell” rəsmiləri müxtəlif KİV-lərdə bəyanatlarla çıxış edərək, təmsil etdikləri şirkətin 3G texnologiyasını istifadəyə vermək üçün texniki baxımdan 2 il öncə hazır olduğunu və bu lisenziyanın ilkin olaraq onlara verilməsinin labüdlüyünü bildirdilər. Qeyri-rəsmi çıxışlarında isə şirkət əməkdaşları bunun, «NARMobile»nin mobil rabitə bazarında qeyri-şərtsiz “Azercell” və Bakcell”dən üstün tutulmasına xidmət etdiyini söyləyiblər. Onların fikrincə, bu addım uzun illər Azərbaycanın dövlət büdcəsinə milyonlarla manat gəlir gətirən hər iki şirkəti yüksək texnoloji üstünlüklərdən məhrum etməklə bu bazarda da monopolya yaratmaq məqsədini güdür.

Bu məsələyə münasıbətiniz…

 

4. Siz necə hesab edirsiniz, 1 operatorun bu sahədə monopoliya siyasəti aparması, rəqabətin olmaması bu xidmətin qiymət artımına gətirib çıxarmır ki?

 

5. Ekspertlərin fikrincə, Azərbaycanda 3-cü nəsil rabitə texnologiyası normal standartlar çərçivəsində inkişaf etdirilmədiyi üçün, ən əsası yeganə operatorun bunu həyata keçirməsi həm də 3G-nin keyfiyyətinin aşağı düşməsində özünü göstərəcək. Bu fikrə münasıbətiniz…

 

6. “Avroviziya-2012”-nin keçirildiyi müddətdə 3G xidmətindən tək azmüddətli videogörüntü və internet vasıtəsi kimi istıfadə olunmayacaq, həm də dünya mətbuatı canlı olaraq uzunmüddətli xəbərləri yaymaq üçün bu xidmətə müraciət edəcək. O baxımdan, artıq dünya sürəti daha da artırmaq məqsədilə 4G-ni sınaqdan keçirir. Bəs «Azerfon» 3G ilə belə bir məsuliyyəti öz üzərinə götürə biləcəkmi? «NARMobile» buna hazırdırmı?

 

7. Nəhayət, qeydiyyatsız «NARMobile» nömrələrinin satışına münasıbətiniz necədir? Şirkət heç bir qeydiyyatı olmayan telefon nömrələrini bazara nə məqsədlə buraxıb və qarşısını niyə almır?

 

8. «NARMobile»nin neçə 3G abonenti var?

 

Sualları alan və məmnuniyyətlə cavablandıracağını söyləyən Fərid Məmmədov ötən həftənin axırlarında redaksiyamızla əlaqə saxladı və yazını çapa verməməyi bizdən xahiş etdi. O, suallarımızın cavablarını redaksiyaya bazar ertəsi təqdim edəcəyini bildirdi. Lakin təqdim etdiyimiz məktuba cavab verilmək üçün 1 həftə də keçməsinə baxmayaraq, Fərid Məmmədovdan xəbər çıxmadı. «NARMobile» yenə suallarımızı cavablandırmadı. Əslində isə, cavablandırmaqdan imtina etdi…

 

«X» Analitik Qrupu

 

“Xural” qəzeti,

İl: 9, sayı: 023 (431), 19-25 iyun 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button