Nemət Pənahlı 4 iyunun gizlinlərini açdı (II hissə)-VİDEO

Nemət Pənahlı “Azadlıq Salnaməsi”ndə

Sözü olan, hadisələrin içində olan hər kəs danışsın!

DSC00598

“Azadlıq Salnaməsi” yeni layihəmizdir və əslində, biz bunun yazılı variantını illər boyu “Xural” qəzetində etmişik. Milli Azadlıq Hərəkatının və Milli Hakimiyyətin demək olar ki, bütün önəmli simalarını “Xural”da, “Xural”ın “Mətbuatın Canlı Yayımı” layihəsində danışdırmışıq. İllərlə həbsdə qalan, sonra azadlığa buraxılan Sürət Hüseynovun, Rahim Qazıyevin, Fəhmin Hacıyevin, İsgəndər Həmidovun, Sərdar Həmidovun, siyasi liderlər İsa Qəmbərin, Əli Kərimlinin və digərlərinin iri müsahibələrini götürmüşük. Onlarla həmin dövrlər haqqında uzun-uzun danışmışıq. Hələ zaman-zaman bu müsahibələrin kitablar halında dərc olunmasını və geniş Oxucu kütləsinin ixtiyarına verilməsini də düşünürük. Ömür, zaman və imkanlar çatsa, əlbət, edəcəyik.

“Azadlıq Salnaməsi”ndə bir zamanlar elə “Xural”da yazılı etdiklərimizi bu dəfə görüntülü edəcəyik və təbii ki, daha geniş formada ən yeni tariximizin yazılmasına çalışacağıq. Ayrı-ayrı batalyon komandirlərindən tutmuş, ən müxtəlif formada rolu olan adamlara qədər. Bu millətin son illərində çox qaynar məqamlar var. Tarixlər və günlər var ki, indən sonra min il də var olsaq, araşdırılmalı, ən xırda məqamlarına qədər üzə çıxarılmalıdır. Biz həm də o məqamları üzə çıxarmaq üçün çalışmağı qarşımıza məqsəd qoymuşuq.

Azərbaycan tarixinin səhifələrində qara yanvar – 20 yanvar var, qara fevral – 26 fevral, Xocalı faciəsi var, meydan hərəkatı – 17 noyabr-5 dekabr tarixlərinin əzəmətli günləri var, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü, sərhəd hərəkatı var. 20 noyabr – dövlət və hökumət adamlarımızın faciəli qətl olunduğu gün var. Milli Azadlıq Hərəkatının yaranma tarixi – Azərbaycan Xalq Cəbhəsinin qurulması və millətin tək bir yumruq halında birləşməsi tarixi var. Ona qədər gələn yol var – “Çənlibel” var, “Varlıq” var, “Gənc Alimlər Klubu” var, “Oğuz” var. Var oğlu var bu tarixdə. “Azadlıq Salnaməsi” bax bu günlərin, bu günlərin arxasında dayanan şəxslərin yaşadıqlarını gözlər önünə sərmək, onları tarixləşdirmək istəyir həm də.

Hələ ki tariximizin müəmmalı və ziddiyyətli məqamlarında yaşayan, o tarixin bir parçası olan şəxslərin çoxu yaşayır. Onlar yaşadıqları müddətcə onları danışdırmalı, onların bildiklərini tarixin yaddaşına köçürməliyik. “Azadlıq Salnaməsi” bunu etməyi planlaşdırır və bunun üçün qarşıdan gələn 4 iyun bizim üçün həm də bir fürsət oldu.

4 iyun bizim ən müstəsna tarixlərimizdən biridir. Bir çağ, bir təfəkkür tərzi özünü başqa bir çağla, təfəkkür tərzi ilə dəyişib və bu tarixdə baş verən proseslərin nəticəsində biz təxminən 50 il geri düşmüşük. Və bu tarixin ən kilid adamlarından biri Nemət Pənahlıdır. Onu danışdırdıq.

Nemət Pənahlı bildiklərinin bir hissəsini bizimlə bölüşdü. Onun dediklərinə ən böyük qiyməti Oxucu-tamaşaçı verəcək, çünki Nemət Pənahlı 4 iyunda oynadığı rol etibarilə hələ də birmənalı qarşılanmır. O, Milli Hakimiyyətin devrilməsi və yerinə totalitar düşüncə tərzinin hakim olmasında ittiham olunur. Bu müsahibədə də elədir. Nemət heç nəyi inkar etmir, təkzibə çalışmır, əksinə, etdiklərinin doğru olduğunu bildirir, bir daha, bir daha haqlı olduğunu deyir. Onun qənaətinə görə, Meydan Hərəkatı zamanı Azərbaycana etdiyi xidmətdən daha önəmli xidmətini 1993-cü ilin 4 iyun hadisələrində edib. Nemət xalqı qardaş qırğınından qurtardığını iddia edir və xalq hərəkatında təmsil olunanların hamısının ona can borcu olduğunu deyir. Çox maraqlı və ziddiyyətli məqamlar var ki, Nemət Pənahlı mümkün qədər aydınlıq gətirməyə çalışır.

Mən hər zaman hamının bildiyini danışmasının tərəfdarı olmuşam. İndi də elədir. Sosial şəbəkələrdə yazılanlardan, insanların düşündüklərindən uzaqgedən nəticələr çıxarıldığını müşahidə edirəm bəzən. Jurnalistika da durğunluq dövrünü yaşayır, ona görə də hansısa yeni bir veriliş, yeni bir layihə dərhal fərqli yozumlara səbəb olur. Hamı durub, dayanıb, oturub, süstləşib indi. Tarixi proseslərdə iştirak edən adamların əksəriyyəti danışmaq istəmirlər, ehtiyat edirlər. Jurnalistlər yazmır, dindirmir, bir yerlərlə məsləhətləşir – onlar da ehtiyat edirlər. Heç kim məşhur ifadə olan “siyasətə qarışmaq” istəmir bu qarışıq zamanda. Amma mən düşünürəm ki, nəyi edə biləriksə, etməliyik. Ona görə də “Qaynar Qazan”dan sonra “Azadlıq Salnaməsi”ni düşündüm. Danışan və danışmaq istəyən hər kəsi danışdırmaq arzum var. Vəssalam. Kim nə danışır, kim kimi ittiham edir, kim kimin haqqında nə düşünür, o artıq ayrı məsələdir, bizim işimiz deyil. Hər kəsin – haqqı olan hər kəsin cavab haqqı var və hər kəsin cavabları da veriləcək. Mən yalnız bəzi qatların açılmasının tərəfdarı olmuşam və illərdir etdiyim budur. Yoxsa nə kiminsə dostuyam, nə də kimisə dəstəkləyirəm – mən Azərbaycanın dostuyam və dəstəklədiyim də o zavallıdır. Ondan başqa da arxam, dayağım yoxdur.

DSC00588

“Xural”dan gələn, “Qaynar Qazan”da da davam edən bir təcrübəm var. Ən çox danışmalı olan, danışan da, amma həm də heç danışmayan bir adam var – Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov. Dəfələrlə müraciət etmişəm, yenə buradan edirəm, danışmalıdır. Fərəc Quliyev var, bağlı qazan kimi bir adamdır. Danışmalıdır. Təbii ki, arzu edərlərsə, məmnuniyyətlə bizim kameralarımız onları da tarixin yaddaşına köçürəcək. Hamı kimi… Ta “Qaynar Qazan”da bizə aylarla söz verə-verə mikrofonlarımızdan qaçan Siyavuş Novruzov, Zahid Oruc kimi yox. İctimai çəkisi olan, sözü olan heç kim müstəqil mediadan çəkinməməlidir. Yoxsa indi bizdə elədir ki, hərənin bir balaca knyazlığı var, hərə öz knyazlığına çəkilib monoloq deməyi ilə məşğuldur. Bu knyazlıqların bəzilərində hətta müsahibə götürəndə belə, “niyə bu adamı danışdırırsan?” deyəcək həddə totalitarlaşıb bir çoxları. Danışmağın nəyi ziyandır? Türkiyənin məşhur prezidentlərindən məhrum Süleyman Dəmirəl deyirdi ki, “mənə danışan Türkiyə lazımdır!” Aynən öyledir!

Biz danışan Azərbaycan istəyirik. “Azadlıq Salnaməsi” bunun üçündür. Ona görə də çalışmaq lazımdır ki, hamı danışsın.

“Azadlıq Salnaməsi”nin ilk qonağı Milli Azadlıq Hərəkatının liderlərindən Nemət Pənahlıdır. Nemət bu müsahibədə elə önəmli məqamlardan bəhs edib ki, hətta özünün əleyhinə olsa belə, elə məqamlardan danışıb ki, adam mat qalır. O, nəinki inkar etmir, əksinə, etiraf edir və bütün şimşəkləri üzərinə çəkməkdən ehtiyatlanmır. Ən yaxşısı, baxaq.

“Azadlıq Salnaməsi”nin tribunasında Nemət Pənahlıdır…

DSC00578

Əvəz Zeynallı

II hissə

 

xural.com

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button