“Qazaxdan Əliağa Şıxlinski çıxdı, Tovuzdan da İlqar Verdiyev”-ANIM

Bu gün Şəhid İlqar Verdiyevin doğum günüdür. Onun xatirəsini yad etmək üçün xural.com olaraq həmkarımız Günel Əbilovanın yazısını təqdim edirik:

“Qazaxdan Əliağa Şıxlinski çıxdı, Tovuzdan da İlqar Verdiyev”

İlk dəfə şəhid evinə gedəcəkdim və ilk dəfə şəhid ailəsi ilə həmsöhbət olacaqdım. Düzü, çox həyəcanlı idim. Övladını təzəcə itirmiş ata və ana, həyat yoldaşını itirmiş bir qadını dinləyəcəkdim… Amma düşündüklərimin tam əksi oldu, qarşımda oğlunun hər an təhlükədə olduğunu və ölüm xəbərini eşitməyə hazır olan valideynlər var idi. Yəqin şəhid ailəsi olmağın fərqi elə bu məğrur duruşdadır.

Evsiz İlqar Verdiyev

Onu təqdim etməyə ehtiyac toxdur. İlqar Verdiyevgildəyik, daha doğrusu, İlqar Verdiyevin ata evindəyik. Çünki onun evi yoxdur. Naftalanda xidmət edən şəhid zabitimiz üç uşağı ilə bərabər qayınatasının iki otaqlı evində qalırdı.

Nişan hazırlığı və İlqarın mina xəbəri

Verdiyevlər ailəsi toya hazırlaşırdı. Elə İlqarın təhriki ilə. Sentyabrda qapılarında bağlanmış qara lentin yerinə qırmızı lent ola bilərdi. Anası Rəna xanım deyir ki, hər dəfə zəng vuranda kiçik qardaşı Samirin nişanı, toyunun nə vaxt olacağını soruşurmuş: “Biz də həmin gün elçiliyə getmişdik. Hadisə iyunun 9-dan 10-a keçən gecə saat 1-2 radələrində baş versə də, biz bu barədə iyunun 10-u öyrəndik. Zəng vurdular ki, yaralanıb. Qolunun amputasiya olduğunu sonra bildik. Biz də ümid edirdik ki, tezliklə sağalacaq…”

Həkimlər dedi ki, iki gün də qalsa İlqar bizimdir

Valideynləri evin böyük oğlunu itirsələr də, onun vətən uğrunda öldüyünə görə fəxr etdiklərini deyirlər. Biz özümüzə təsəlli veririk ki, İlqar böyük adam olub. Bizim təsəllimiz jurnalistlər, onun hərbçi yoldaşları, əsgərləridir. O, başqa şəraitdə də ölə bilərdi, o, vətən üçün öldü. Onlar ölümündən bir neçə saat əvvəl son dəfə İlqarı gördüklərinə görə sevindiklərini bildirirlər. Həkimlər hər şey etdi, o isə 5 gün dözdü. Həkimlər dedi ki, iki gün də qalsa İlqar bizimdir. Amma o, 5-ci gün günorta öldü. Sonuncu gün yanına girəndə həkim dedi ki, hər şey yaxşıdır. Sən demə, ölümqabağı imiş.

Valideynlərinin öz adına aldıqları torpaq İlqar Verdiyevə qismət oldu

İlqar Verdiyev Şüvəlan qəbristanlığında dəfn olunub. Məzarı Mir Möhsün ağanın qəbrinin yaxınlığındadır. Valideynləri deyir ki, orada İlqarın baldızı dəfn olunub və biz də o yeri özümüzə götürmüşdük ki, uşaqlara ağırlıq düşməsin. Uşaqlar narahat olmasın, yaşlı adamlarıq. Hardan biləydik ki, o torpaq bizə yox, İlqara qismət olacaq. Əslində belə tez dəfn olunmasını istəmirdik. Dedilər ki, mütləq həmin günü dəfn olunsun. Çox isti idi. Tələsik oldu. Əvvəldən bilsəydik, başqa cür hərəkət edərdik.

Və bu il təqaüdə çıxacaqdı…

1992-ci ildən Azərbaycan ordusunda xidmət etməyə başlayan İlqar Verdiyevin bu il 20 illiyi tamam olurdu və o təqaüdə çıxmaq barəsində düşünürdü. Ailəsinin sözlərinə görə, təqaüdə çıxsa da, hərbidə qalıb işləmək istəyirmiş. O, təqaüdə ancaq uşaqlarına görə, çıxırmış. Qayınatası yaşlandığından evdə kişi gücünə ehtiyac olduğundan və 3 uşağın yükünü daşımağın xanımı üçün çətin olduğunu nəzərə alaraq təqaüdə hazırlaşırdı.

İlqar Verdiyevin 2 oğlu var, bir qızı isə övladlığa götürüb

Hamımızın 3 övlad atası kimi tanıdığımız İlqar Verdiyevin əslində iki oğlu var, amma o, gənc yaşında rəhmətə gedən baldızının qızına da atalıq edirmiş. Elə balaca Əminə də ona ata deyirmiş. Əvvəlcə atasını itirən, iki il sonra anasını itirən balaca qızcığaz Verdiyevlər ailəsi ilə xoşbəxtliyin və uşaqlığın dadını çıxarırdı. Bu gün isə Əminə başda olmaqla şəhid zabitimizin iki oğlu Kamran və Orxan da atasının yoxluğundan xəbərsizdir. Bəlkə, bilsələr qürur duyacaqlar. Uşaqlara atalarının şəhid olduğunu deməyə hələ də cəsarət edə bilmirlər. Qorxurlar ki, Əminənin valideynlərini itirərkən yaşadığı dəhşəti və həyəcandan nitqində yaranmış qüsur Kamran və Orxanda da baş verə bilər. Buna görə də uşaqlar mərasimin keçirildiyi baba evinə gətirilmir və hətta İlqar Verdiyevin atası Tapdıq Verdiyev nəvələrinə görə, bu gün saqqalını qırxdığını deyir: “Bizim indi ən böyük işimiz uşaqlara və İlqarın yoldaşı Dilarəyə dəstək olmaqdır. Onları İlqarın adına layiq böyüdəcəyik”

Atasının torpaq uğrunda minaya düşməsi ilə fəxr edən Orxan

İlqar hərbçi olsa da, uşaqlara qarşı fərqli idi. O başqa cür uşaq idi. Biz onun necə uşaq olduğunu kəşf etməmişdik, indi-indi onu kəşf edirik deyən valideynləri onun ünsiyyətcil, mehriban ailəcanlı olduğunu qeyd edirlər: “Uşaqlar atalarının minaya düşərək qolunu itirməsini internetdən öyrəniblər. Bu səbəbdən məlum tarixdən onların evlərində internetə çıxışa qadağa qoyulub. Əlbəttə, psixoloqla məsləhətləşəndən sonra onlara atalarının şəhid olacağı xəbəri veriləcək. Hələ bu xəbəri eşitməmiş balaca Orxan mən sinif yoldaşlarıma deyəcəyəm ki, mənim atam vətən uğrunda minaya düşüb. Mən onunla fəxr edirəm”.

İlqar Verdiyev ailənin ilk şəhidi deyil

Verdiyevlər ailəsi Bakıda çoxdan yaşasalar da, əslən Tovuzdandırlar və İlqar Verdiyev bu ailənin ilk şəhidi deyil, 1993-cü ildə İlqarın əmisi oğlu da vətən uğrunda həlak olub.

Qazaxdan Əliağa Şıxlinski çıxdı, Tovuzdan da İlqar Verdiyev 

Hələ Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alarkən 20 Yanvar faciəsi baş verən zaman İlqar və bir neçə dostu “döyüşə gedirik” adı ilə liseyi tərk edib. Sonra rəhbərlik onları geri qaytarır. Daha sonra Türkiyədə təhsil almağa gedən İlqar Verdiyev Azərbaycanı Türkiyədə təmsil edən ilk zabitlərimizdən olub. Elə kiçik yaşlarından taxtadan tüfəng düzəldən İlqara yaxınları “Qazaxdan Əliağa Şıxlınski çıxdı, Tovuzdan da İlqar Verdiyev çıxacaq” deyirlərmiş.

Anasının iş yoldaşı ona həyat yoldaşı oldu

O sübut elədi ki, mən necə adamam. Tək ölümü ilə deyil, o hər işi ilə sübut etdi ki, necə zabitəm? Vicdanı, əqidəsi təmiz zabit idi. O təkcə yaxşı zabit deyildi, həm də yaxşı ailə başçısı idi. Həyat yoldaşı Dilarə xanım anasının iş yoldaşı olub, elə təklif evdən gəlsə də İlqar da müsbət cavab verir. Dilarə xanım isə indiyə qədər İlqardan işi ilə, evə 3-5 aydan bir dəfə gəlməyi ilə bağlı şikayətlənməyib. O əsl hərbçi xanımı idi.

“Eurovision”a getmək istəsə də, bilet tapmayıb

Mayın 17-si İlqar Verdiyev ailəsi ilə atasının doğum gününə gəlir. Tapdıq dayı doğum günü qeyd etməyi sevməsə də, bu dəfə övladların və nəvələrin ətrafında olmasından sevincli olduğunu da etiraf edir. Nə yaxşı ki, o gün oldu. İlqar uşaqları gəzməyə apardı və onların xatirində elə o cür qalacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button