Xədicə ilə “Qaynar Qazan” rezonans doğurdu-REAKSİYALAR

“Azadlıq” radiosunun əməkdaşı, keçmiş vicdan məhbusu Xədicə İsmayılın Əvəz Zeynallının “Qaynar Qazan” layihəsinə verdiyi müsahibəsi tam təxmin etdiyimiz kimi ölkə mətbuatı, siyasəti və sosial şəbəkələrində rezonans yaradıb, bomba effekti verib. Xədicə xanımın müsahibəsinin küləyi özünə siyasi və ictimai xadim deyənlərin deyənlərin əksəriyyətini fikir bildirməyə sövq edib. Azərbaycan siyasi palitrasında olan dözümsüzlük və fərqli fikrə səbrli yanaşma məsələsi burada da özünü biruzə verib. Siyasi səngərin qatı tərəflərində olan siyasilər məsələyə özlərinin maraqları prizmasından yanaşıblar və Xədicə İsmayılı tənqid edən də olub, onu təqdir edən də.

Doğurduğu rezonansı nəzərə alaraq, müsahibə ətrafında baş verən müzakirləri Oxuculara təqdim etmək qərarına gəldik. Təbii ki, sosial şəbəkələr indi bu müsahubəni müzakirə etdiyindən, oal bilər hamının düşüncələrini yayınlaya bilmirik, amma əksətiyyərin ümumi düşüncəsini əks etdirəcək fikirləri təkrar dərc etməklə, Oxucuda tam qənaət formalaşmasına çalışacağıq.

Beləliklə, “Qaynar Qazan”dan sonra yazılanlar.

Xədicə İsmayıl yazılanlara cavab verdi:

Xədicə İsmayıl:

Evez Zeynalli, işimin gücümün bol vaxtında məni bu bekar adamlar haqqında niyə danışdırırdın axı)))))
Dostlar, xahiş edirəm, məni bu müzakirələrlə yormayın. İş çoxdur. Tezliklə işimin məhsullarını (yeni araşdırmaları) görəcəksiniz. Başqa vacib məsələlər də var. Hamının istifadəsi üçün bir açıqlama verirəm, vəssalam.

Sual verdilər, cavab verdim. Siyasətçi deyiləm ki, sualdan yayınım, siyasət işlədim. İndi müsahibənin növbəti hissəsi yayılanda bir xeyli adam da orda incik düşəcək. Mənə qalsa, su için. Fikrim önəmli deyilsə, müsahibələrimi oxumayın. Amma kimsə bəyənməyəcək deyə fikrimi söyləməyəcəyəmsə, daha nə oldu?

Mənim müxalifət partiyaları haqqında danışmağa haqqım var. Çünki bu ölkənin iqtidarı barədə həqiqətləri onlardan daha ötkəm, daha kəsərli ifadə etmişəm, edəcəyəm də.

Həbsdə olduğum zaman, ondan əvvəlki basqılarda da yalnız həmkarlarıma müraciət etmişəm ki, araşdırmaları davam etdirsinlər. Heç bir siyasətçidən heç nə ummamışam, ummuram və ummayacağam da.

Heç bir siyasətçiyə də bəhanə verməmişəm ki, məndən nəsə umsun.

Yalnız əzilən vətəndaşın məndən umacağı ola bilər. Umacağı şey də həqiqəti söyləməyimdir. İndi hansısa partiyada yaxşı oğlanlar, qızlar və ya o qədər də yaxşı olmayan oğlanlar, qızlar küsər deyə, həqiqəti və fikrimi söyləməyim? Olmaz, xanımlar və bəylər, olmaz.

P.S. Mənim həbsxanadan öhdəliklə çıxıb, hansısa partiyanı hədəf almağım barədə söhbət lap məzəli idi. Dostlar, kalibrim başqadır. Məndən başqa şey istəyirdilər. Yox cavablarını da aldılar. Çıxandan bəri də məhz həmin istiqamətdə fəaliyyətim davam edir – araşdırmalar, siyasi məhbus problemi və insan haqlarını pozan hökumət nümayəndələrinin (başda prezident olmaqla) cəzalandırılması. Mənə də, sizə də uğurlar!”

Biz sizin yüksək maaşla, qrantla apardığınız mübarizəyə kölgə salmırıq

Nürəddin Rüstəmli:

“Xədicə İsmayılla dostlugum yoxdur, hörmətim də böyükdür, ən əsası isə mübarizə aparan xanımlara, məhz xanım olduqlarına görə…

Ümumiyyətlə, Müsavat Partiyasının, real müxalifətin apardığı mübarizə Azərbaycan xalqının böyük bir qisminə, o cümlədən siyasətə iş yeri kimi baxanlara, partiyaya üzv olan kimi maaş kartı tələb edənlərə, QHT-si qrant udan kimi radikal şirə dönenlərə təbii ki, aydın deyil.
Sizlər beynəlxalq səviyyədə də dəstəklənirsiniz, maddi sıxıntı nədir bilmirsiniz, mətbuat qarşısında poz verirsiniz.
Mübarizəniz rifaha baglıdır.
Təbii ki, anlamırsız və tanımırsız onları. Minlərlə fədakar müsavatçı, müxalifətçi axı necə ac, işsiz qalıb mübarizə apara bilər? Axı necə olur ki, evində çörəyin olmaya, borc alıb mitinqə gedəsən? Seçki günü iki peraşki ilə saxtakarlarla güləşəsən, sonda olan-qalan bircə köynəyin də cırıla – yad mənzərədir eləmi?
Mesaj gələ ki, seçkiyə getsən, öləcəksən – ictimailəşdirmək üçün əlaqən olmaya – səy kimi baxırsız, eləmi?
Əyalətlərdəki yüzlərlə fədakar, həyatı ilə oynayan insanları tanımaya bilərsiz, ancaq tehqir etməyin. Biz sizin yüksək maaşla, qrantla apardığınız mübarizəyə kölgə salmırıq.”

Xoşları gəlmirsə, “yeraltı keçid”dən istifadə etsinlər”

Ayaz Məhərrəmli:

“Xədicə xanım, qətiyyən düşünməyin ki, cəbhəcilər sizin məhz bu mövqeyinizə görə dəstək verir. Sizi əmin edirəm ki, hətta AXCP-nin əleyhinə belə ifadə versəydiniz bəzi “dostlarımızın” sizə göstərdiyi təpkini hec vaxt görməyəcəkdiniz. Belə davam edin, həmişə haqqı deyin. Sizinlə qürur duyuruq.”

İlham Hüseyn:

“Sükanı belə saxla. Kimsə özünü “maşın”ın qarşısına atırsa, bu sizin günahınız deyil. Yol sizindir, xoşları gəlmirsə “yeraltı keçid”dən istifadə etsinlər.”

Azad Türk:

“Cahillikdir, yoxsa riyakarlıq?
Yəqin ki, riyakarlıqdı.
Xədicə İsmayıl “Yeni Müsavat” qəzetinin uzun illər əvvəl Müsavat qərargahından çıxarıldığını, sonra yenə də uzun illər bundan əvvəl İsa Qəmbərin təsisçilikdən imtina etdiyini, Arif Hacılı başqan seçiləndən sonra isə Raufun partiyadan çıx(arıl)dığını, bir neçə ildir bu qəzetin əsas hədəflərindən birinin Müsavat olduğunu bilməyə bilməz.
Belə məntiqlə Xədicə Xoşqədəm Hidayətqızının təsiri altındadı.
Çünki uzun müddət İlhamın islahatçı imicini qurmaqla məşgul olan “Üç nöqtə” qəzetində çalışıb.”

Xədicə İsmayıl:

“Hələ demişəm ki, anlamıram, belə qıcıqlanıblar. Gör indi anladıqlarımı söyləsəydim, nə olardı.”

Vaqif Hacıbəyli ilə Alı Rzanın “yurdçu” dartışması…

Vaqif Hacıbəyli:

“Başlığı seçən də, “Yeni Müsavat”a olan iradlarını indiki halda Musavat Partiyasına transfer edən sabiq “yurdçu” da, öz əvvəlki ampluasındadırlar, onların Musavat “sevgisi” tükənməz). “Yeni Müsavat” nəyisə düzgün yazmayıbsa, bunu faktlarla sübut eləmək lazımdır, buna görə partiyanı hədəfə almağın anlamı nədir? Əgər bu da Eynulla kimi həbsdən müəyyən öhdəliklərlə çıxıbsa, buna ancaq təəssüflənmək olar.”

Alı Rza:

“Vaqif Hacıbəyli, siz də “Yurd” fobiyasından sağalmadız ki, sağalmadız. Kim harda ünvanınıza bir tənqid səsləndirir, yapışırsız ən azı 16 ildir heç bir əlaməti ilə mövcud olmayan “Yurd” təşkilatından. Bəlkə özünüzə, qüsurlarınıza baxasınız? Hətta burdakı guya Müsavat partiyasını müdafiə edən şərhinizdə də illərdir “Səs”lə səsləşən “Yeni Müsavat”ı sudan quru çıxarmaq istəmisinizsə, əslində daha deyiləcək söz yoxdur. Görünür, Xədicə xanımın dostlarınız haqqında tənqid və iradı yaman yer eləyib sizə. Cavab verməyə də söz tapmanda köhnə xəstəliyiniz baş qaldırıb.”

Vaqif Hacıbəyli:

“”Yeni Musavat”a olan iradların haqlı və ya haqsız olması barədə qətiyyən fikir söyləmədiyim halda, məni bu qəzeti “sudan quru çıxarmağa istəməkdə” ittiham edirsinizsə, bu elə “cavab verməyə söz tapmayanda köhnə “yurdçu” xəstəliyinizin baş qaldırmasıdı”, əziz gənc dost.)) İnsanlar bəzən vicdanlı şəkildə yanıla bilirlər. Amma Xədicə İsmayıl da, sizlər də gözəl bilirsiniz ki, həmin qəzetin partiyaya heç bir təsiri yoxdur, amma bilə-bilə, məqsədli şəkildə Müsavata iftira atırsınız. Bunun da adı siyasi şantajdı, dostum. Dəxli yoxdur, “Yurd” adında təşkilat var, ya yox (Əslində, bu təşkilatın mövcudluğu təsisçisi rəhmətlik Əlisəfa bəy bu dünyadan köçdükdən sonra heç vaxt etiraf edilməyib, Siz indi birinci adamsız deyirsiniz ki, həmin təşkilat 16 il əvvələ qədər “mövcud” olub). “Yurdçuluq” müəyyən siyasi davranışı (o cümlədən siyasi şantajı) özündə ifadə edən müvafiq siyasi terminə çevrilib və qəbul edilib. Bu mənada “yurdçu”lar istənilən partiyanın daxilində ola bilər, hətta partiyasızlar da. Mənim isə heç bir fobiyam-filanım yoxdu əziz dost, amma qeyri-sağlam siyasi mübarizə üsullarına qarşı allergiyam var, o cümlədən yurdçuluğa qarşı. Və bu allergiya daimidir, “sağalan xəstəliklərdən” deyil.)))”

Alı Rza:

“Vaqif Hacıbəyli, sizinlə mübahisə eləməyə həvəsim və vaxtım yoxdur, ama bəzi qeydlərə məcburam.
1. Xədicə İsmayıl deyir ki, “Yeni Müsavat” ən azı hələ 2009-cu ildən hakimiyyətin planlarına xidmət edib, Müsavat və müxalifət brendi altına sığındğı üçün “Səs” və “Yeni Azərbaycan”dan daha təhlükəli olub, sizsə deyirsiz ki, YM nəyisə düz yazmayıbsa, bu, sübut olunmalıdır. Bunun özü YM-i sudan quru çıxarmaq istəyi deyilmi? Görünən dağa bələdçini başqa hansı məqsədlə axtarasız ki?
2. YM-in indiki neqativ reputasiyası sizi qardaşınızın rəhbərlik etdiyi partiyayla onun hər hansı əlaqəsinin olmadığını əsaslandırmağa vadar edə bilər. Amma fakt bundan ibarətdir ki, qardaşınızın rəhbərlik etdiyi partiyanın üzvləri hələ də YM-də işləyirlər və ya əksinə, YM-in hətta mühüm görəvliləri içində də Müsavatın üzvləri var. Qəzetin yaradıcısı və baş redaktoru isə ötən il öz xoşu ilə partiyadan gedənə qədər onun populyar simalarından biri olmaqla yanaşı, həm də hökumətə ələkçinin qılverənliyini edirdi.
3. Yazırsız ki, Müsavata iftira atırıq. Əvvəla, mən sizə 1-ci cavabımda Müsavatın adını da almadım, Xədicə xanım isə iftira atmayıb, deyib ki, Müsavatın manevrlərini başa düşmür. Ola bilsin, siz başa düşürsüz, amma axı bu, Müsavatın yumşaq desək, anlaşılmaz manevrlər etdiyi faktını ortadan qaldırmır. İkincisi, əsl iftiranı siz atırsız – Xədicə İsmayıla, həbsə girəndə də, həbsdə də, həbsdən çıxanda da mərdi-mərdanə davranan, mövqeyindən və sözündən millimetr geri çəkilməyən, fəaliyyətinə qaldığı yerdən başlayan cəsur və fədakar bir jurnalistə. Yeri gəlmişkən, Xədicə xanım cavabınızı layiqincə verib, buradan oxuya bilərsiz ))

– https://www.facebook.com/khadija.ismayil/posts/10205091809653448?pnref=story
4. Sizə 1-ci cavabımda “ən azı 16 ildir heç bir əlaməti ilə mövcud olmayan” sözlərimlə manipulyasiya edib, guya “Yurd” təşkilatının həmin dövrə qədər mövcudluğunu etiraf etdiyim nəticəsini çıxarmaqda qərəzli olmusuz. Çünki söhbətin nədən getdiyini anlamamış deyilsiz. Yenə də izah edim. AXCP-yə Elçibəy sədrlik etdiyi vaxtlarda sizlər faktsız-sübutsuz israr edirdiniz ki, bu partiyada bir “Yurd” fraksiyası var. Mən də ona işarə eləmişəm ki, bu söhbət ən azı 16 il əvvəldə qalmalıdır, çünki vaxtilə o “Yurd” fraksiyasının sədri kimi təqdim elədiyiniz Əli Kərimli artıq 16-cı ildir ki, AXCP-nin sədridir.
5. 1989-cu ildə Xalq Cəbhəsinə birləşməklə mövcudluğuna son qoymuş “Yurd” ictimai birliyi haqda belə “dərin” araşdırmalarınızla həvəskar tarixçi adını ala bilərsiz, ama bu, özünüzü siyasətçi kimi tanıtmaq istəyinizlə çətin bir araya sığa.
6. Mənim fobiya, sizin allergiya dediyiniz siyasi mərəzinizin olması həqiqətən də üzücüdür və sizə yalnız Allahdan sağalmağınızı diləyə bilərik.”

Elnur Sadıqovla Vaqif Hacıbəylinin “qardaşlıq və siyasət” dartışması…

Elnur Sadıqov:

“Vaqif Hacıbəyli hər cür anlayışa layiqdir. Nepotizm uzun illər Azərbaycan siyasətində aparıcı meyl olub.
Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli başqa bir partiyanın rəhbərini ona görə müdafiə edir ki, qardaşlıq maraqları bunu tələb edir. Bu ibtidai, cılız hissləri tərk edə bilməyənlər indi siyasətlə məşğuldur, belə şeylərə görə Azərbaycanda siyasət maraqsız və təhlükəlidir. Heydər Əliyevin Cəlal Əliyev, Rauf Arifoglunun Azər Ayxan kimi işlərini görən qaqaları varıydısa, Arif Hacılıda bu, iki dənədir.)
Bir vaxtlar da, Arif Hacılı qardaşı Mustafa bəyi müdafiə etmək üçün AXCP sədrinin müavini Ebulfez Gurbanliyla konfliktə girmişdi.
Bizim cəmiyyətdə belə bir norma var ki, qardaş qardaşın qara gününə acıyar, onu müdafiə edər. İndi Arif Hacılı, siyasi lider kimi özünü təsdiq edə bilmirsə, siyasi həyatda qabiliyyətsizə çevrilibsə, bu, o demək deyil ki, onun qardaşları onu müdafiə etməlidir. Qardaşlar qardaşlıqlarını evdə, məişətdə müdafiə etməlidirlər.
Arif bəy özünü funksioner kimi təsdiq etmiş birisidir, lider ola bilmədi. Adam artıq neçə ildir partiya sədridir, heç bir revanş edə bilmir, qurultaydakı problemlərdən yaxa qurtara bilmir. Bu səpkidəki tənqidlər niyə Hacılı qardaşlarının qüruruna toxunur, anlaşılan deyil.
2000-ci ildə, AXCP də böhran yaşamışdı, parçalanmışdı, cəmi 2 ilə Əli Kərimli partiyanı toparladı, ölkənin 4 ən güclü partiyasından birinə çevirə bildi. Amma Arif bəydə bu, alınmadı, Müsavat kimi partiyanı cırtdan partiyaya döndərdi.
Əvvəlki debatlarda bunun səbəblərini yazmışdım. Azərbaycan müxalifətinin ən böyük birliyi olan Milli Şuranın dağıdılması yolundakı Arif Hacılının tökdüyü alın təri, hələ uzun müddət onu indiki miskin vəziyyətində saxlayacaq, elə hey, AXCP və digərlərinə reabilitasiya üçün minnətçi edəcək. Bu işdə Arif Hacılı Rauf Arifoğluyla müttəfiqiydi, sadəcə Rauf Arifoğlu sonadək İlham Əliyevçilikdə israr etdi, amma Arif Hacılı manevrlər etməklə bu işi görmək istəyirdi. Onu da İlham müəllim rədd etdi. Məsələ bu qədər sadədir, Əhrar Partiyasının sədri nə qədər istəyir
“Yurdçu”lardan mason düzəldə bilər. Siyasətdə hadisələri qiymətləndirməkdə aciz qalanların, konspirasiyaya əl atması yeni bir şey deyil.

…Bəli, hazırda “Yeni Müsavat” qəzetiylə, Müsavat partiyasının yolları ayrıdı. Amma bu yola Müsavat “Yeni Müsavat”la birgə çıxmışdı axı. Isa Gambar açıqcasına Müsavat Məclisində Rauf bəyi müdafiə edən bəyanat vermişdi. Milli Şura əleyhinə Rauf bəy Arif bəylə birgə işləyiblər, Müsavatı birgə Milli Şuradan çıxarıblar – Müsavat üzvlərinin iradəsi əleyhinə. Bax, bu manevrlər anlaşılan deyil, heç vaxt da olmayacaq.

…Arif bəy heç olmasa Müsavat başqanı olduqdan sonra qardaşlarına məhdudiyyət qoymalıydı. Bir ailə toplantısı keçirib deməliydi ki, mən artıq nəsilimizdən də böyük bir insan kütləsinin iradəsini ifadə edirəm. Statusum dəyişib, sizinlə qardaşlıq münasibətlərimiz ailəmiz, evimizlə məhdudlaşmalıdır. Görünür o, bunu etməyib, hər dəfə Müsavat başqanıyla bağlı ictimai müzakirə açılan kimi partiya qalır bir kənarda, ailə, qohum-qardaş girir dövrəyə. Bir siyasi partiyaya, xüsusən də Müsavat kimi qocaman bir təşkilata belə münasibət doğru deyil.
Arif bəy və onun qardaşları onu təyin olunmuş başqan hesab edə bilərlər, amma formal olaraq Arif Hacılı Müsavat partiyasının seçilmiş başqanıdır. Müsavat üzvlərinin iradəsini təmsil edir. Arif bəy Müsavat başqanlığı statusunu, Hacılı ailəsinin ağsaqqalı statusundan üstün tutmalıdır.”

Vaqif Hacıbəyli:

“Bir yandan deyirsiz vaxtımız yoxdur, bərk məşğuluq, bir yandan da maşallah, palaz-palaz şərhlər yazıb məni müzakirə edirsiz. Elnur Sadıqov profilinin istifadəçisi məni siyasətçi kimi təqdim etsə də, mən artıq on ildən çoxdur ki, praktiki siyasi fəaliyyətlə məşğul deyiləm və bu müddət ərzində heç vaxt özümü partiya sədri kimi təqdim etməmişəm. Əgər nə vaxtsa Əli Kərimliyə və yaxud Xədicə İsmayıla, yaxud tamam başqa bir adama münasibətdə hansısa ədalətsizlik olanda mən buna münasibət bildirməmişəmsə, susmuşamsa, onda nepotizm və sair barədə burada söylənilənlərin əsası ola bilərdi. Belə bir fakt yoxdur, çünki mən həmişə haqsızlığa məruz qalanın yanında, böhtançının, şərçinin, iftiraçının qarşısında olmuşam, hətta bu mövqeyimin məni və yaxınlarımı böhtançıların hədəfinə çıxaracağını bildiyim hallarda da.”

Elnur Sadıqov:

“Siyasətçi olmadığınızı iddia edirsiniz, onda elə Arif Hacılının qardaşısınız. İctimaiyyət də sizi doğru olaraq Arif Hacılının qaqası kimi tanımlamaqda haqlıymış. İnanmıram ki, Koroğlu, yaxud Qacaq Nəbi statusuna iddianız ciddi qəbul olunsun.
Milli Şura müstəqillik tarixinin ən ciddi, geniş spektrli təşkilatıydı, hələ yaranmamışdan, Əliyev rejimi, Rusiya kəşfiyyatı o qurumu gözdən salmaq üçün çıxmadığı hoqqa qalmadı, siz onda onlara qoşulub Rüstəm İbrahimbəyov kimi siyasi intriqalardan uzaq səmimi bir insana qarşı ağlasığmaz iyrənclikləri etməyi özünüzə rəva gördünüz – Rauf Arifoğluyla birgə. Beləmi haqsızlığa məruz qalanın həmişə “yanında olmusunuz”?!
Əli Kərimliyə və digər ictimaiyyət nümayəndələrinə də dəstəyinizin arxasında həmişə riya dayanıb. 2000-ci ildə müxalifətin ən böyük təşkilatını dağıdanda da Rauf Arifoğluyla birlikdə işlədiniz. Razi əməliyyatında da AXCP-yə dəstəyinizə ehtiyac yox idi, çünki layihə ölü doğulmuşdu. Sadəcə, Hacılı qardaşları bu dəstəklə özlərini reabilitasiya etmək istəyirdilər, əvəzində AXCP-dən Qubad İbadoğluya qarşı dəstək umurdunuz.”

Alya Yaqublu:

“Dünya birliyi Azərbaycan türmələrində araşdırmaçı jurnalistlik yapmağın mümküsüzlüyünü bilməsəydi, Xədicə həbs olunandan sonra xarici mətbuatda çıxan yazılarda da onun imzası olardı.

…Deyirdilər nə yaman ürəyin yanır Xədicəyə, çıxıb Müsavatı qaralamaqda davam eləyəcək də. Deyirdim, guya bilmirəm?”

Yadigar Sadıqov Xədicə İsmayılın ittihamına cavab verdi

“Hörmətli Xədicə xanım həmişə olduğu kimi, yenə də Müsavata qarşı qərəzlidir. Maraqlıdır ki, partiyanın hansısa bir addımına qarşı konkret etiraz yoxdur. İradlar əsasən “Yeni Müsavat” qəzeti ilə bağlıdır. Prosesləri elə də dərindən izləməyən vətəndaşlar bu gün də Müsavat Partiyasını və “Yeni Müsavat” qəzetlərini eyniləşdirirlərsə, bunu anlamaq olar. Amma Xədicə xanım kimi məlumatlı, proseslərdən xəbərdar deyil, bilavasitə proseslərin içində olan birisinin belə iddiada bulunması heyrət doğurur”.

Bu sözləri Müsavat başqanının müavini, keçmiş vicdan məhbusu Yadigar Sadıqov tanınmış jurnalist, keçmiş vicdan məhbusu Xədicə İsmayılın Müsavat haqqında fikirlərini şərh edərkən deyib. “Xural” qəzetinin “Qaynar qazan” layihəsinə müsahibə verən Xədicə İsmayıl Müsavat Partiyasını “Yeni Müsavat”ın təsiri altında olmaqda ittiham edib.

“Basta”nın sualını cavablandıran Yadigar Sadıqov bu ittihamın konkret olmadığını bildirib, bununla bərabər  jurnalistə bəzi faktları xatırladıb:

“…Özü də bu iddia “Müsavat Partiyasının siyasi kursuna “Yeni Müsavat” qəzetinin təsiri bu gün də, fikrimcə, yüksək olaraq qalır” kimi qeyri-konkret şəkildə deyiləndə, onu təkzib etmək üçün arqumentlər gətirmək də çətin olur. Yalnız onu xatırlatmaq istəyirəm ki, Müsavat Partiyası artıq çoxdan adıçəkilən qəzetdən tədricən uzaqlaşmaq xəttini tutmuşdu.

2009-cu ildə İsa Qəmbərin qəzetin formal təsisçiliyindən imtina etməsi də buna sübutdur. Düzdür, partiya körpüləri tam yandırmırdı, “Yeni Müsavat”ın partiyaya yaxın yeganə tribuna olduğunu nəzərə almaq məcburiyyətində idi. Bununla belə, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu sırf qəzetçiliklə məşğul idi, Müsavat üzvü olaraq qalsa da, partiyada heç bir vəzifə tutmurdu.

Bu kontekstdə xatırlatmaq gərəkir ki, məhz AXCP rəhbərliyinin təklifi və israrı nəticəsində Rauf Arifoğlu Qənimət Zahidlə birlikdə İctimai Palatanın Koordinasiya Şurasına seçilmişdi. Yəni əsas müxalifət təşkilatının rəhbərliyinə gətirilmişdi. Buna etiraz edənlərin əksəriyyəti isə müsavatçılar olmuşdu. Məsələn, partiyanın Məclis üzvü Mustafa Hacıbəyli çox kəskin çıxış etmişdi. Daha sonra isə xatırladım ki, mən də məhz “Yeni Müsavat”da gedən bir məqaləyə etiraz olaraq İP-dan istefa vermişdim.

Artıq 1 ildir ki, Rauf Arifoğlu partiyanın üzvü deyil, Müsavatla qəzeti heç bir şey bağlamır. Hətta doğum günü təbrikləri və ya vəfat nekroloqları belə verilmir. Ad məsələsinə gəlincə isə, Müsavat sözü hüquqi cəhətdən marka, brend olmadığı üçün biz qəzetə ondan istifadəni qadağan edə bilmərik.

Xədicə xanım Müsavatın manevrlərini anlamadığını da söyləyir, təəssüf ki, yenə də konkretlik olmadan. Şəxsən mən hesab etmirəm ki, partiyamın hansısa anlaşılmaz mövqeyi var. Müsavat ölkədə baş verən bütün hadisələrə operativ, obyektiv reaksiya verir. Partiya təkcə sosial şəbəkədə deyil, həm də real həyatda fəaliyyət göstərir, daxili strukturlarını yenidən qurur və möhkəmlədir”.

Könül Şamilqızıdan kritik açıqlama

 

“…Xədicənin şəxsən özü isə zamanında İlham Əliyevin “islahatçı” imici üçün yaradılan bir qəzetdə çalışıb”

“Keçmişə görə hələ də “heyvagülü” çalmaq lazımdısa, Xədicənin keçmişindəki dostlarının az qala hamısı (insafla “az qala” deyirəm, bax) hakimiyyətlə yaxın təmasda olub”.

Bu sözləri tanınmış jurnalist Könül Şamilqızı həmkarı Xədicə İsmayılın Müsavata qarşı ittihamını sosial şəbəkədəki polemika çərçivəsində şərh edərkən yazıb.

Xatırladaq ki, keçmiş vicdan məhbusu Xədicə İsmayıl Müsavat Partiyasını “Yeni Müsavat” qəzetinin təsiri altında olmaqda ittiham edib.

“Xədicə İsmayılın dostlarının bir hissəsi hakimiyyətlə təmas edib, sonra o təmasa xəyanət etdiyi üçün cezalandırılıb, bir hissəsi “toçka”sı bağlandığı üçün yenidən “radikalizmə” dönüb, bir hissəsi hələ də hakimiyyətin qucağındadı. Xədicənin şəxsən özü isə zamanında İlham Əliyevin “islahatçı” imici üçün yaradılan bir qəzetdə çalışıb”, – Könül Şamilqızı yazıb.

“O zaman onlar islahatçı deyirdilər İlham Əliyevə, indi də yenimüsavatçılar deyir, biz isə heç vaxt deməmişik”, – Könül Şamilqızı yazıb.

“Xədicə İsmayıl böhtan xarakterli açıqlamalar verməməli idi”

Araşdırmacı jurnalist Xədicə İsmayılın “Qaynar Qazan” layihəsinə verdiyi müsahibə cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Jurnalist Müsavat Partiyası haqda fikirlər səsləndirərkən deyib ki, o, Müsavat Partiyasının etdiyi manevrləri anlamır.

Müsavat başqan müavini Gülağa Aslanlı Moderator.az-a açıqlamasında bildirdi ki, Xədicə İsmayılın Müsavat Partiyası haqda dedikləri həqiqətə uyğun deyil:

“Xədicə xanım kimi məlumatlı bir şəxsin Müsavat Partiyası haqda söylədiyi bu fikirlər yaxşı hal deyil. Onun fikirləri həqiqətə uyğun deyil. Xədicə İsmayıl böhtan xarakterli açıqlamlar verməməli idi . Ən azı, bundan sonra belə ifadələr işlətməməlidir. Müsavat Partiyasının “Yeni Müsavat” qəzeti ilə heç bir əlaqəsi yoxdur. Partiyamız hər hansısa qəzetin, hansısa partiyanın diqtəsi ilə hərəkət etməyib. Xədicə xanıma məsləhət görərdim ki, bundan sonra Müsavat Partiyası haqda fikirlər səsləndirəndə diqqətli olsun.”

Azər Ayxan:

“Türmədən çıx, özü də hay-küylə, axırda get İradə Tuncayın mətbəxində, bulaşıq qablarının içində eşələn. Əslində bu hay-küyünün bircə səbəbi var – bolşevik “məntiqi”: Niyə Aqil Abbasın evində qulluqçu işləməlidi. Azərbaycanda özünə demokrat deyən tiplərin 100-də 99% sadəcə həsədçi, paxıl, bolşevik ruhlu adamlardı. Bu ölkədə 10-ca faiz gerçək demokrat, prinsipial, savadlı, sistemli müxalifətçi olsaydı, Azərbaycan demokratik ölkəyə çevrilmişdi. Kimsə də kimsənin evində yağlı boşqablarla uğraşmırdı…”

Rəşid Hüseynov:

“İsa Qəmbər Bəyin ölümündən sonra demokratik düşərgədə özünə əsas rəqib Əli Kərimlini görürdü. Bu səbəbdən də AXCP daxilində yurdçular-klasssiklər qanadlarının olması barədə yalanlar uyduraraq AXCP-nin parçalanmasına müvəffəq oldu. İsa Qəmbər Əli Kərimlini AXCP sədri kimi qəbul etməməsinə baxmayaraq, Əli Kərimli dəstəklədiyi namizədi İsa Qəmbərin xeyrinə namizədliklərini geri götürməyə vadar etmişdir. Vahid namizəd kimi İsa Qəmbər qəbul edilmiş və razılıq əldə olunmuşdur. Lakin bu razılıq bir saatdan sonra İsa Qəmbər tərəfindən pozulmuşdur.”

Adamların şəxsiyyətinə niyə hücum çəkirsiniz?

Mübariz Abdullayev:

“Xədicə İsmayılın Əvəz Zeynallıya verdiyi müsahibədə Müsavatla bağlı mövqeyi onun adından vaxtı ilə Ceyhun Osmanlı tərəfindən yayılan “dosye” məlumatları ilə tam üst-üstə düşür!!! Yəni Xədicə İsmayıl nümayişkaranə bir ötkəmliklə Müsavatı, konkret desək iqtidarla işbirliyində ittiham edir və bu mövqeyində də israrlıdır. Niyə? Məncə, bu məsələyə cavab tapmaq üçün Xədicə İsmayılla bağlı o tutulmaq ərəfəsində olanda Geyhun Osmanlı tərəfindən uydurulduğu deyilən “dosye” məsələsinə yenidən qayıtmaq lazımdır. O vaxt ölkədə tuthatut başlandığı üçün Xədicə İsmayılın üstünə çox getmədilər və bu “casus” siyahısı barədə ondan izahat istəmədilər. Bu “casus” siyahısında çox adamların adı hallansa da, siyahıda Müsavatla bağlı hissə cəmiyyətdə təpki ilə qarşılandı. Məsələ burasındadır ki, Xədicə İsmayıl indi bu “casus” məsələsinə həm də onun xarici donorlar qarşısında bir aydınlıq gətirmək zorundadır. Ondan soruşacaqlar ki, bu nə məsələ idi? Ona görə də, əvvəlki mövqeyini indi ictimailəşdirməklə özünü donorlar qarşısında sığortalamağa çalışır. Hər halda, indiki şəraitdə onun antimusavatçı açıqlamalarına ayrı motiv tapmaq çətindir. Onun davranışını yalnız qərəzlə əlaqələndirmək isə sadəlövhlük olardı.
Xədicə İsmayıl yazır ki, onun müxalifətlə bağlı sözünü deməyə haqqı var. Bəli, amma yalan və iftiranı deməyə heç kim ona haqq verməyib.
Hər bir müxalifətçinin də özünü “başqa kalibrli” sayan yurnalist xanıma aşağıdakı sualları verməyə haqqı var.
1. Bütün Azərbaycan cəmiyyətinin bunu bildiyi halda, Xədicə İsmayıl məgər bilmir ki, “Yeni Müsavat” qəzeti bu gün Musavat Partiyasını idarə etmir və həmin qəzet indi həm AXCP ilə, həm də Musavatla eyni məsafədədir? Əgər hamının bildiyi həqiqətləri məqsədli şəkildə təhrif etməklə Müsavat Partiyasının bu qəzetin təsiri altında olduğunu iddia edirsə və bununla da “manevrləri ona anlaşılmaz olan partiyanı” açıq şəkildə iqtidarla işbirliyində ittiham edirsə, bu cür yalanları uydurmağa onu vadar edən nədir?
2. Əgər Eynulla Fətullayev o vaxt sənin adından istifadə edərək müsavatçıları iqtidara “casusluq” etməkdə günahlandıranda saxtakarlıq edibsə, indi sən niyə bu mövqeni eynilə təkrar edirsən? O vaxt Eynulla Fətullayevin Xədicə İsmayılın adından yaydıqları yalanlarla bu gün sənin Müsavatla bağlı söylədiklərinin mahiyyəti arasında heç bir fərq yoxdursa, bu, Eynullanın iddialarının təsdiqi deyilmi?”

Elnur Sadıqov:

“Mübariz bəy, Müsavatın Milli Şuranı tərk edib üstündən 1 həftə keçməmiş Milli Şuraya əməkdaşlıq təklif etməsi müəmmalı manevr deyil, bəs nədir? Buna bir ad verə bilərsinizmi?
Adamların şəxsiyyətinə niyə hücum çəkirsiniz? Müsahibə verəni də, müsahibəni hazırlayanı da gah yurdçu, gah qərəzkar, indi də xaricə işləyən damğasıyla damğalayırsınız.
Qardaş, Rauf Arifogluyla əl-ələ verib Milli Şuradan çıxıbsınız, sonra Rauf bəyi də yarı yolda qoyubsunuz, onunla sonadək İlham Əliyevçilik etməmisiniz. İndi də dəqiqəbaşı deyirsiniz biz müxalifətin gah funksional, gah disfunksional əməkdaşlığına çalışırıq. Bu müəmmalı manevr deyil,bəs nədir? Ad verin də buna.”

Müsavatı Xədicə yox, Rauf kişi bitirdi, süzün bütün mənalarında…”

Osman Kazımov:

“Xədicə İsmayıl Müsavatı Partiyasını hədəf seçib. Sanki onu şərləyib tutan hakimiyyət yox, biz imişik. Xədicə xanım həbsdə olanda Müsavat Partiyası imkan daxilində onun azadlığı üçün mümkün olanı etdi. Bu müqəddəs ayda Xədicə xanım üçün nə etmişiksə, ona halal edirəm. Keçər dövran belə qalmaz.”

Hikmət Kərimoğlu:

“Müsavatı Xədicə yox, Rauf kişi bitirdi, süzün bütün mənalarında…”

Habil Azəri:

“Əhsən, Hikmet Kerimoglu. Raufların lövbər saldığı bir partiyaya Xədicə xanım isti yanaşa bilməz. Heyf Müsavatdakı fədakar insanların çəkdiyi əziyyətlərə…”

Qurban Məmmədov:

“Osman bəy, nə edir ki Xədicə xanım? Başım son vaxtlar elə qarışıb ki, bu məsələləri izləyə bilmirəm.”

 

Rəna Paşayeva:

“Mən oxudum müsahibəni, onun Müsavatla heç bir düşmənçiliyini görmədim.”

Bütün hallarda təhqir olmadan belə müzakirələri normal, hətta vacib hesab edirik. Bütün Azərbaycan danışmalıdır. Amma məxsusən özünü müxalifət cameəsinə aid edən bəzi adamlar var ki, onlar söz azadlığının və müstəqil fikrin həzmini çətin keçirilər. Buradakı müzakirələrdə də bu, görünür. Bəzi adamlar hətta müsahibə götürəni, başlıq qoyanı da hədəfə gətirməyə cəhd edirlər. Belə adamlar üçün nə zamansa, eynən hakimiyyət kimi hansısa sualları verənləri də hədəfə çıxaracaqlar. Nə edək? ANS-in, Liderin, ATV-nin, AzTV-nin etdiklərinimi edək? Senzuramı qoyaq? Danışmayaqmı? Sual verməyəkmi?

“Qaynar Qazan” ölkənin gündəmini tutmağa çalışacaq və hamını danışdırmağa davam edəcək. Arif Hacılı da yaxın günlərdə “Qaynar Qazan”da olacaq və bütün sualları cavablandıracaq…

“X” Analitik Qrupu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button