Deputat Tahir Süleymanovun villasının görüntülərilə ilə bağlı qalmaqal davam edir – VİDEO

Tanınmış blogger Mehman Hüseynov bir qədər əvvəl “Sancaq” facebook səhifəsində millət vəkili Tahir Süleymanovun mülkilə bağlı videoçarx yayıb. 

tahirM.Hüseynov Tahir Süleymanovun Şabran rayonunda qiyməti milyondan artıq olan dəbdəbəli villası olduğunu və onun bu villanın yanındakı məsciddə azanın oxunmasına qadağa qoyduğunu yazıb.

Yayımlanan videoda o da qeyd olunur ki, Tahir Süleymanov səhərlər azan səsindən narahat olduğu üçün polis əməkdaşları ilə birlikdə sözügedən məscidin axundunun yanına gedib və bu səsin onu narahat etdiyini dilə gətirib.

Deputat məsələyə biganə qalmayaraq, report.az-a açıqlama verib:

“Məni bütün el-oba tanıyır. Siyəzəndə deyildim, dünən axşam gəlmişəm. Videoya çəkib yazıblar ki, evi var. Adamın evi olar da… Mənim 70-ə yaxın yaşım var, 55-60 ildir çalışıram, məgər mənim evim olmamalıdır?! Videonu çəkən adama demək lazımdır ki, sənin nə icazən var mənim evimi çəkirsən, kimdən icazə alıb çəkirsən?”

Tahir Süleymanov Siyəzən rayonunda yerləşən evinin yaxınlığındakı məsciddə azan verilməsinə qadağa qoyması barədə iddialara da münasibət bildirib:

“Deyir guya mən azan səsini xoşlamıram. Axı bunu hansı əsasla demək olar? Məgər biz müsəlman, azərbaycanlı deyilik? Azan veriləndə mən onun səsini ana laylası kimi eşidirəm, qəbul edirəm. Biz azan səsi ilə böyümüşük, bu nə söhbətdir mənim başım çıxmır?! İnsan gərək vicdanla hərəkət eləsin. Onu çəkənə demək lazımdır ki, ay bala kimin sifarişi ilə bura gəlmisən, kimin sifarişi ilə belə bir material hazırlamısan? Sən “azan xoşuna gəlmir, azanı susdurub” deməklə mənim inancıma, dini əqidəmə də xələl gətirirsən. Hər bir azərbaycanlı, hər bir müsəlmanın damarında əgər müsəlman qanı varsa o azanla doğulur, azanla da böyüyür. Mən inanclı bir insanam. Bu rayonun məscidlə, qəbiristanlıqla bağlı və başqa xeyriyyə işlərini mən aparıram. İndi camaat da təəccüb edir ki, bu nə yazıdır?”

54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputat seçilmiş Tahir Süleymanov ailə üzvlərinin də inanclı olduğunu vurğulayıb:

“Rayonda ən inanclı ailələrdən biri mənim ailəmdir, biz namaz qılan adamlarıq. Bu videonu çəkən adam nə danışır?! Biz insanlara xidmət edirik”.

O, barəsində hazırlanan materialın sifariş olduğunu deyib:

“Təbii ki, bu, sifarişdir. Başqa nə ola bilər ki!? Kimə istinadla deyə bilərlər ki, mənim azan səsindən xoşum gəlmir. Elə bir müsəlman ola bilərmi ki, azan səsi xoşuna gəlməsin? Bizim muğamımız da, “Quran”ımız da azandan əmələ gəlib. Azandan kimin xoşu gəlməyə bilər?! İnsan qələmi əlinə alıb yazanda bu dərəcə vicdansızlıq edərmi, bu dərəcədə vicdansızlıq ola bilərmi?! Necə ola bilər ki, bizim evin yanındakı məsciddə azan verilməsin? Məsciddə bir dəqiqə də azanla bağlı problem olmayıb, vaxtlı-vaxtında azan verilir, insanlar azan səsinə durub namaz qılırlar”.

Deputat onunla bağlı videomaterial hazırlayan Mehman Hüseynovu məhkəməyə verməyəcəyini də deyib: “Bəziləri mənə məsləhət gördü ki, onu məhkəməyə verim. Mən də dedim ki, adam gərək məhkəmədə vicdanlı biri ilə üz-üzə dursun”.

mehman

Blogger Mehman Hüseynov deputatın bu açıqlaması ilə razılaşmadığını dərhal öz facebook statusunda bildirib:

“Bu gün Milli Məclisin deputatı Tahir Süleymanov dünənki olay haqqında jurnalistlərə açıqlama verib ki, “Mehmanın nə icazəsi var gəlib mənim evimi çəkir? Kimdən icazə alıb çəkir? Hamı kimi mənim də evim var. Adamın evi olar da. Rayonda heç bir özbaşnalıq yoxdu, biz insanlara xidmət edirik”

Həmin “deputata” cavabım:

Tahir Süleymanov – sən deputatsan, millətin vəkilisən, sənin bütün işlərin şəffaf olmalıdır, qanuna uyğun olaraq sənə aid olan bütün mülklərinin siyahısı cəmiyyətə açıq olmalıdır. Mən də sadə vətəndaş Mehman Hüseynovam. Mənim isə hüququm və icazəm var ki, ölkədə olan hər bir məmurun vəzifəsindən asılı olmayaraq evini çəkim, mülklərini çəkim, özünü çəkim, nə ilə məşğul olduğunu çəkim. Millətin seçdiyin deputata hansı sualı istəsəm onu da verə bilərəm. Misal üçün, yaşadığı villanı hansı pul ilə tikib? Həmçinin seçkili orqanlarda təmsil olunanlar qanuna uyğun olaraq mülkləri və gəlirləri haqqında deklarasiya təqdim etməlidilər və bu məlumatlar Azərbaycan xalqına açıq olmalıdır. Lakin sizin kimi saxta deputatlar qorxaqdırlar. Gedib gizlənirsiniz vilalarınızda, vətəndaşlardan uzaq durursunuz. Sizi heç yerdə tutmaq olmur ki, sorğu-sual edək, millətin dərdini deyək, şikayətini bildirək!

Deputat deyir ki, “adamın evi olar”. Bəli adamın evi olar, amma 1500 manat maaş alan deputatın 20-30 milyonluq villası ola bilməz. Bu qeyri-mümkündür. Gərək həmin deputat 200 il işləsin ki, aldığı maaşla belə bir villa tiksin (hələ bu bildiyimiz villasıdı). Deməli sizin başqa bir saxta işiniz də var hansını ki, xalqımız bilmir. Deyə bilərsiz ki sizin şəxsi biznesiniz var. Onda sizə cavabım odur ki, Azərbaycan qanununverciliyinə görə deputat heç bir biznes ilə məşğul ola bilməz. Qanun sizə qadağa edir bunu! İndi siz deyin görüm, hansı pul ilə bu cür 20-30 milyonluq villanı tikibsiniz? Odur ki, özünüzü … vurmayın. Kişi kimi cavab verin! Və nəhayət deyirsiniz ki, siz insalara xidmət edirsiniz! Siz insanlara xidmət edirsiniz? Camaat sizin kimi deputatlları 5 barmağı kimi tanıyır. Ancaq seçki öncəsi gəlib camaatın yanında ağlayıb, özünüzü …. vurursunuz, seçiləndən sonra isə vətəndaşları yaxına da buraxmırsınız, onlara düşmən gözü ilə baxırsınız!

Siz Tahir Suleymanov, ölkədə bir çox sahələrin monopolisyasına baxırsınız.

Siz ölkədə un monopoliyasına baxan “yedinka” adamsınız. Bu yaxınlarda siz ölkədə unun qiymətini qaldırdınız, buna etiraz olaraq Siyəzən camaatı ayağa qalxdı. Niyə onda çıxmadınız xalqın qarşısına? Evinizdə oturub açıqlama veribsiz ki, “Siyazəndə etiraz eliyən vətəndaşların başı qaçıb çünki onlar içkilidilər, özləri bilmirlər nə istəyirlər”.

Budur mu sizin xalqa xidmətiniz?

20 ildir deputatsınız, Milli Məclisdə oturub, 2 dəfə ağzınızı açıbsınız. Siz hansı üzlə gəlib mənə irad bildirirsiniz? Hələ siz durub mənə “çox sağ ol” deməlisiniz ki, mən sizin haqqınızda videosujet çəkdim xalqa görsətdim, heç olmasa indi camaat bilib ki, Tahir adlı bir deputat var ölkədə. Siz bu gün çox narahatsınız və boş-boş açıqlamar verirsiz. Amma bu açıqlamar ilə özünüzü biabır edirsiniz. Siz düşünürsüz ki, necə ki bütün televiziyaları pul ilə sındırmısınız, məni də elə sındıracaqsınız, lakın bu sizin başınız üçün olmadı. Sizin qardaşınız mənə təklif elədiyindən imtina elədim və bildirdim ki, bunu aparıb o deputatın təpəsinə vurarsınız!

Və sonda deputat deyib ki, o “din adamıdır. Allahın xoşuna gələn işlər görür”.

Cavabım: Ay Tahir, sən necə din adamısan ki, baxılmamış məscidin yanında kasıb bir ailənin evini söküb, özünə villa tikibsən? Villa da məsciddən 2-3 qat hündür və daha gözəldir? Az nağıl danış! Şabran və Siyazən camaatı sizin əlinizdən bezib artıq!”

1 2 3

XuralTAC
 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button