30 İyun – Bizim “Sevgililər Günü”

 

Rey Kərimoğlu

Qarabağ Qazisi:

– 30 İyunun Sevgililər Günü kimi qeyd olunmasını alqışlayır və dəstəkləyirəm. Bu millət doğrudan da sevməyi, sevilməyi bacaran millətdir. Qarabağ hadisələrində bu cür hadisələrin şahidi olmuşam. Mənə elə gəlir ki, 30 İyunun Sevgililər Günü kimi qeyd olunmasının çox böyük əhəmiyyəti var. Belə ki, bu günün torpaqlarımızın azad olunmasına, təbliğata köməyi var.

İlyas İsmayılov

Ədalət Partiyasının sədri, millət vəkili:

– Düzdür, Azərbaycanın son dövr tarixində 20 Yanvar, Xocalı Soyqırımı, Sumqayıt hadisələri kimi faciə ilə nəticələnən hadisələr olub, buna baxmayaraq, Azərbaycanın yaşamalı, inkişaf etməli, dünyada öz layiq olduğu yerə çıxmalıdır. Gənc nəslin milli ruhda tərbiyəsi baxımından 30 İyunun Sevgililər Günü kimi qeyd olunmasının, hesab edirəm ki, çox böyük əhəmiyyəti var. Təşəbbüsünüzü alqışlayıram və dəstəkləyirəm.

 

Musa Yaqub

Şair:

– Düzdür, bu dünyada sevgi varsa, o, hər gün yaşayır. Amma sizin dediyiniz bu ideya çox gözəl təşəbbüsdür. İki şəhidin bir-birinə qovuşduğu gün, mən də tərəfdarıyam ki, elə bizim Sevgililər Günümüz olsun.

 

Almaz Qəhrəmanlı

MSK üzvü:

– Sevdiyi insanın məzarını özünün və müqəddəs sevginin məzarına çevirən Fərizə özünü ölümün ağuşuna atmaqla bərabər, ilahi duyğu olan sevginin də ömrünü əbədiləşdirirdi. Bir dəfə Şəhidlər Xiyabanından keçəndə onların məzarına baxıb fikirləşdim ki, bu, yalnız şəhid məzarı deyil, eyni zamanda sevgi məzarı elan olunmalıdır və gənc ailə quranlar həmin məzarın önündən keçməklə burada and içməlidirlər. Ona görə də 30 İyunla bağlı qaldırılan bu təşəbbüsə görə sizə təşəkkür edirəm.

 

Azər Həsrət

“Yeddi Dövlət Bir Millət” Konseyinin başqanı:

– Başqa günlərin Türk millətinə, Türk dünyasına dəxli yoxdur. Sizin təşəbbüsünüzü alqışlayıram. Bir faktı da qeyd edim ki, öz toyumuzda biz İlhamla Fərizənin məzarını ziyarət etmişik. Doğrudan da onların toy günü dünyaya örnək olacaq bir tarixdir. Mən istərdim ki, 30 İyun nəinki Azərbaycanda, hətta kənarda da qeyd olunsun.

Zəlimxan Məmmədli

“Borçalı” İctimai Birliyinin sədri:

– Həmişə bu kimi məsələlərdə millətin daha fundamental tarixi ənənələrinə söykənməyin tərəfdarıyam. Qərbin müəyyən yollarla gətirdiyi bu məsələlər daha çox vulqarizmlə, mənəvi aşınmalarla müşaiyət olunur. Siz çox incə bir məqamı tutmusunuz. Allah şəhidlərimizə rəhmət eləsin. Söhbət sevgidən gedirsə, mən istərdim ki, biz ilin hər gününü sevə bilək. Millətimizi, dövlətimizi, vətənimizi, ailəmizi, övladlarımızı, xanımlarımızı, ərlərimizi hər gün sevə bilmək gərəkdir. Fikrimcə, sevgi bütöv bir anlamdır. Bayramımız mübarək!

“Xural” qəzeti,

İl: 9, sayı: 024 (432), 26 iyun-2 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button