30 iyunu tankın altından almışıq!

«DivaniHikmət» Mədəni Məclisində möhtəşəm Sevgililər Günü tədbiri keçirildi!..

İyun ayının 27-də «Divani-Hikmət» Mədəni Məclisində Sevgililər Günü münasibətilə özəl bir ziyalı məclisi keçirildi. Bu tədbirin baş tutması İctimai Televiziyanın əməkdaşı Kamil Nehrəmlinin və dəyərli sənətkarımız Şəmistan Əlizamanlının xidmətləri sayəsində mümkün oldu. Onlar «Xural»ın bütün tədbirləri ləğv etdiyi xəbərini dərin ağrı ilə qarşılamış, özləri başqa bir məclis təşkil etmişdilər. Təbii ki, bütün tədbirlərdə olduğu kimi, bu tədbir də Əziz Şəhidimiz İlham Allahverdiyevin qardaşı Elxanın sayəsində həyata vəsiqə qazandı. «Xural» bu il obyektiv səbəblərdən əsas Şöləni təxirə salsa da, «İlham-Fərizəm lay-lay» adlanan disk hazırlamışdı və 27 iyun tarixində həm də fürsətdən istifadə edərək o diskin təqdimatını keçirməyi qərarlaşdırdıq. Yaxşı da alındı. Respublikanın əməkdar artisti Ağalar Bayramovun timsalında biz həmdə Əziz Şəhidlərimizin xatirəsinə və Sevgililər Gününü şəninə hazırladığımız bu möhtəşəm diski təqdim etdik.

«Xural» Oxucularının marağını və Sevgililər Gününün tarixinin yazıldığını nəzərə alaraq tədbirdən geniş yazını diqqətinizə təqdim edirik. Tədbiri aparır Şəmistan Əlizamanlı

30 İyun çox müqəddəs məqsəddir…

Şəmistan Əlizamanlı

Sənətkar:

– Bu gün bura çox müqəddəs bir məqsəd üçün toplaşmışıq. Milli Azadlıq Hərəkatının kulminasiya zirvəsi sayılan 1990-cı il 20 Yanvar gecəsi minlərlə Azərbaycan Türkü əliyalın küçələrə tökülərək sovet imperiyasının azğınlaşmış rus əsgərlərinin qarşısını almağa çalışdılar. Onların arasında İlham Allahverdiyev də var idi. O bu hadisədən cəmi 6 ay əvvəl evlənmişdi və həm İlhamın, həm də onun ömür-gün yoldaşı Fərizənin hələ qönçələnmiş arzuları var idi. İlham yaxınlarının, doğmalarının etirazlarına baxmayaraq, içindəki millət və Vətən sevgisinə sadiqliyini nümayiş etdirərək həmyaşıdları kimi tankın qabağına çıxdı və Qızıl Ordunun şərəfinə yüksəldilmiş heykəlin ətrafında Bakıya girməkdə olan imperiya tanklarının qarşısına əliyalın çıxarkən, ona atılan atəş nəticəsində dünyasını dəyişdi. Şəhidlik zirvəsinə qalxdı İlham. İlhamla Fərizə bir-birşlərini dəlicəsinə seviblər və heç bir zaman ayrılmayacaqlarına söz veriblər. İlhamın həlak olmasından, hətta dəfn olunmasından sonra onun ayrılığına dözə bilməyəcəyini dərk edən Fərizə də həyatına son qoymaq qərarına gəlir və sevgilisi, həyat yoldaşı İlhama qovuşmaq üçün öz şirin canına qıyır. Onu qorumaq mümkün olmur. Bu hadisə haqqında ötən 20 ildir kifayət qədər şeirlər, əsərlər yazılıb, kitablar dərc edilib, dastanlar qoşulub. Əminəm ki, bundan sonra da bu ənənə davam edəcək. 8 il əvvəl bu sevgini müqəddəsləşdirmək, milli simvola çevirmək üçün «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı bir təşəbbüslə çıxış etdi və İlhamla Fərizənin bir-birilərinə qovuşduqları toy günlərinin – 30 İyunun Azərbaycanda Sevgililər Günü kimi qəbul olunması üzərində dayandı. Ötən müddət ərzində «30 iyun – Sevgililər Günü»Təşkilat Komitəsi müxtəlif şənliklər, tədbirlər, mətbuat konfransları, şəhidlərin ziyarət edilməsi məqsədilə yüzlərlə insanın iştirak etdiyi «Sevgililər Gəzintisi» təşkil edib. Bu gün isə biz yenidən «30 İyun – Sevgililər Günü» münasibətilə keçirilən tədbirə toplaşmışıq. Tədbirimizdə Azərbaycanın ictimai xadimləri, şairlər, publisistlər, yazarlar, jurnalistlər iştirak edirlər. Türkiyənin məşhur dövlət kanalı TRT-nin əməkdaşları buradadırlar, Anadolu Ajansının əməkdaşı tədbirimizdə yaxından iştirak etmək qərarına gəlib. Xoş gəlmisiniz, sağ olun. İlk olaraq sözü şair-publisit Vahid Əzizə verirəm.

 

30 İyun ümummilli sərvətə çevrilib!

Vahid Əziz

Şair:

– Məni bu tədbirə dəvət edəndə çox məmnun oldum. 30 İyunun «Sevgililər Günü» kimi qeyd olunmasında biz ilk növbədə «Xural» qəzetinə minnətdar olmalıyıq. Çünki Azərbaycan tarixində özlərini sevgi, Vətən, xalq yolunda şəhid edən insanlar çox olub, ancaq onların yaddaşlarda qalanları çox az olub. Ya kimlərinsə əsərə, dastana çevirərək yazdıqları əsərlərin qəhrəmanı olublar, ya da ayrı-ayrı adamların yaddaşında qalıblar. Amma belə bir hadisənin ümummilli sərvətə və Azərbaycan gənclərinin tərbiyə edilməsində müstəsna rolu olan və rol oynayan bir günə çevrilməsində şəxsən «Xural» qəzetinin böyük zəhməti var. Yadımdadır ki, bizim çox yazıçı və şairlərimiz bu günlə bağlı çox əsərlər yaratdılar. Bu günkü gün nə gündür? Bu gün Azərbaycanda iki sevginin qovuşduğu gündür – həm vətəndaşın, vətənpərvərin dili, ağzı, canı olmayan Vətən torpağına olan sevgisidir, həm də cismani olaraq iki insanın bir-birinə olan sevgisinin qovuşduğu məqamdır. Bu, həm bir nəfərin timsalında Vətən torpağına olan sevgi, ikinci bir tərəfdən də bir qadının sevgiyi insana olan sədaqətinin kökündə dayanan sevgidir. İlham özünü tankın qarşısını atanda Vətən torpağını düşündü, eyni zamanda bu gün bu torpaqda özü ilə yanaşı uyuyan həyat yoldaşı Fərizəni düşündü. O torpaqda iki nəfər yox, bəlkə də üç nəfər yatır. Onların övladları olmalı idi. İki gənc, iki çiçək, bir nəfər də hələ açılmamış qönçə bir övlad. Ona görə də Azərbaycan torpağında açan bütün çiçəklər bu qədər zərif və qönçədir. Mən minnətdarlığımı bilirirəm bu məsələni qaldıran, yaşadan, Azərbaycan xalqının ümummilli sərvətinə, ümummilli xatirə gününə çevirən insanlara. Bu gün Azərbaycan tarixində «Sevgililər Günü» kimi qəbul olunmalı, qeyd olunmalı və yaşamalıdır. Bu, həm də bizim gənclərimizin inanc yerinə çevrilməlidir.

Ş.Əlizamanlı:

– 8 ildir, bu istiqamətdə durmadan mübarizə aparan «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallıya öz təşəkkürümüzü bildiririk. «Xural» qəzeti məşhur qirayət ustamız, Respublikaının Əməkdar artisti Ağalar Bayramovla birgə gözəl bir disk buraxılıb. Ondan bir nömrəyə qulaq asaq.

Tədbir iştirakçıları «30 İyun – Sevgililər Günü» diskinin ilk nömərsini dinləyirlər. Ağalar Bayramovun ifasında Hüseyn Əsgəroğlunun  «İlham-Fərizəm lay-lay» şeiri səslənir.

Sonra dinləyicilər «Xural» qəzetinin ötən 8 ildə «30 İyun – Sevgililər Günü» münasibətilə keçirdiyi tədbirləri özündə əks etdirən videoçarxa tamaşa edirlər.

İlham və Fərizə sevgisi bütün gənclərimizə örnəkdir

Gülzar İbrahimova

Yazıçı, «Kiçik Dünya» İctimai Birliyinin sədri:

– İlham və Fərizə sevgisi bu gün bütün gənclərimizə örnəkdir. Mən onları bütün dahilərimizin sevgi haqqında yazdığı, illərlə insanlara, bəşəriyyətə sübut etmək istədikləri aşiq surətlərilə müqayisə etməyə çalışmışam və İlhamla Fərizənin Leyli və Məcnundan, Fərhad və Şirindən, Romeo və Cülyettadan daha yüksəkdə durduqlarını öz yazılarımla sübut etməyə çalışmışam. Buna nə qədər müyəssər olmuşam, onu artıq Oxucularım dəyərləndirəcəklər. İcazənizlə həmin əsərimdən bir hissəni tədbir iştirakçıları ilə bölüşdürmək istərdim:

«Əsrlər boyu dahilərimiz öz yaradıcılıqlarında ideal aşiq surəti yaratmağa çalışıblar. Baş qəhrəmanlarının obrazlarında məhəbbətin ülviliyini, müqəddəsliyini Oxucularına çatdırmağa çalışıblar. İlhamla Fərizə əsrlər boyu dahilərimizin əsərlərində yaratdığı fantastik məhəbbəti reallığa çevirdilər. Onlar Azərbaycanımızın başına gəlmiş faciəli qanlı yanvar qırğınında canlarını qurban verərək, Vətən sevgisini öz müqəddəs sevgiləri ilə yanaşı qoydular və sübut elədilər ki, yalnız belə bir sevgi ucalığa layiqdir. Bu gənclər sadə bir türk ailəsi timsalında bütün sevənlərə nümunə oldular. Onlar özləri də bilmədən «İlham və Fərizə» adlı sevgi dastanı yaratdılar. Bu sevgi dünyadakı bütün sevgilərdən yüksəyə qalxıb sədaqət rəmzinə çevrildi. Heç bir məhəbbət əsəri İlham və Fərizənin yaratdığı sevgi dastanı yüksəkliyində deyil. Dahilərin yaratdığı əsərlərdə onların qəhrəmanlarının amalları yalnız sevgililərinə qovuşmaq olmuş, ondan başqa heç nə haqqında düşünməmiş, bu yolda hətta aşiqlərin çoxu hər cür əməllərə əl ataraq sevdiklərinə qovuşmağa çalışmışlar. Nizaminin dahi əsəri olan «Xosrov və Şirin» poemasının əsas məzmuqnunda Xosrovun Şirinə dərin məhəbbəti tərənnüm edilir. Lakin o, Şirini nə qədər çox sevsə də, məhəbbətinə xəyanət edərək, başqası ilə evlənir. Şirin yalnız qalıb günlərini ah-nalə içərisində keçirir. Əsərdən görünür ki, Xosrov həyatın mənasını kef məclisləri qurmaqda görüb. Bizim qəhrəmanımız isə həyatının mənasını Vətənə qurban getməkdə görür… İlham və Fərizə heç bir mənfi cəhətləri olmadıqlarından onlar dünyanın ən böyük sevənləri sayılmalıdırlar. Sevgi qəhrəmanlarına çox nümunələr gətirmək olar, amma İlhamla Fərizənin yazılmamış dastanında Vətənə olan sevgi hansı yüksəklikdə durursa, onların bir-birinə olan sevgisi də həmin səviyyədən aşağıda deyil. Azərbaycanın igid oğlu İlham Vətənini işğalçılıq məqsədilə ulu torpaqlarına soxulan ruslardan, ermənilərdən qoruyarkən həlak olub. O, yalın əllə rus tankının üstünə yeriyib, sinəsindən düşmənə sipər düzəldib. Düşmənə al qanı ilə yazılmış bəyanat göndərib. Qanlı bəyanatda yazılıb: «Bura mənim torpağımdır, mən onu kimsəyə verə bilmərəm.»»

Bu gün tək «Sevgililər Günü» deyil, həm də özümüzə dönüş, özümüzə qayıdış günüdür

Eldar İsmayıl

Şairyazıçı:

– Hər il «Xural» qəzetinin belə tədbir, mərasim keçirməsi bizim üçün çox əlamətdardır. Ona görə əlamətdardır ki, «Sevgililər Günü»nün başqa bir tarixdə – 14 Fevralda keçirilməsinə biz həmişə daxilən etirazımızı bildirmişik. Təəssüf ki, çox vaxt xristian dövlətlərinin yaratdıqları bayramları biz də qəbul edib, onu haradasa həyatımızın bir parçasna çeviririk. Bu da bizi tədricən özümüzdən kənarlaşdırır. Mən «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının bu təşəbbüsünü alqışlayıram və elə hesab edirəm ki, özümüzü tanımaq və tanıtmaq baxımından bu günü müqəddəs «Sevgililər Günü» bayramına çevirmək üçün onun irəli atdığı ideya və təşəbbüs layiqincə dəyərləndirilməlidir. Bu gün tək «Sevgililər Günü» deyil, həm də özümüzə dönüş, özümüzə qayıdış günüdür. Biz başqa xalqların yaratdıqları bayramların arxasınca deyil, öz millətimizdən, öz xalqımızdan olan milli qəhrəmanlarımızın yaratdıqları müqəddəs günün, müqəddəs bayramların arxasınca getməliyik. İstənilən günü bayram edərkən, mili-mənəvi dəyərlərə nəzər yetirməliyik. Bir bayramın ki bizim millətimizlə əlaqəsi yoxdur, onu dəyərləndirib, arxasınca getmək böyük yanlışlıqdır. İlham və Fərizənin sevgisi dünyada analoqu olmayan bir sevgidir. Bayaq da qeyd olunduğu kimi, bu sevgi Leyli və Məcnun sevgisindən də üstündür, bütün sevgilərdən də alidir. Fərizə Vətən yolunda qanını tökən sevgilisinə öz qanını qatdı. Bundan böyük bir məhəbbət ola bilməz. Fərizə sevdiyi insan uğrunda öz qanından qurban verdi. Nə yaxşı ki, Əvəz bəy bu ideyanı ortaya ataraq onların ruhunu şad etdi, gənclərimizə mili-mənəvi dəyəri yüksək olan bir tarixi xatırlatdı, onlara örnək ola biləcək bir günü müqəddəsləşdirdi. Şəxsən mənim qəlbimi bu gün riqqətə gətirib. Bu haqda ilk dəfə eşidəndə sevinmişəm… Artıq bizim gənclərimiz öz sevgililərini, sevdiklərini 14 fevralda yox, 30 İyunda – Sevgililər Günündə təbrik etməyə başlayıblar. Mən çox arzu edərdim ki, bu bayram millətimiz tərəfindən daha geniş şəkildə qeyd edilsin.

Artıq «30 İyun – Sevgililər Günü» millətimiz, gənclərimiz tərəfindən qəbul olunub, respublikada geniş şəkildə yayılıb. Türkiyənin də bu gün haqqında məlumatı var və onu yüksək dəyərləndirərək, alqışladıqlarını bildirirlər. Gələcəkdə bu bayramın daha geniş şəkildə yayılaraq, bütün türk dünyasını fəth edəcəyinə əminəm.

«Xural» qəzetinin təşəbbüsü ilə buraxılmış, «30 İyun – Sevgililər Günü»nə həsr olunmuş diskdə Ağalar Bayramın ifasında Sabir Almazovun «Qayıt» şeiri səsləndirildikdən sonra söz gözəl və istedadlı sənətkarımız Nuriyyə Hüseynovaya verilir…

 

AllahTəalanın qeyriadi insanlarıİlham və Fərizə!

Nuriyyə Hüseynova

Əməkdar artist:

– Bu gün çox müqəddəs gündür. Lakin bu günü tək bir adamın üzərinə yıxıb demək olmaz ki, bütün işləri o görməlidir. Məncə, bu, hər kəsin üzərinə düşən vəzifədir. Hər kəsin müqəddəs borcudur ki, belə günləri ansın və bu günlərin təbliği ilə məşğul olsun. Bəzi tarixi şəxsiyyətlərimizin yubiley mərasimləri yaxınlaşanda görürük ki, bütün təşkilat və qurumlar yubiley tədbirləri, yubiley gecələri keçirirlər. Bu bayram da xüsusi təbliğə, xüsusi reklama ehtiyacı olmayan bayramdır. İlham və Fərizə millətimiz üçün ölümə gedən insanlardır, onlar hamımız üçün örnəkdir. Onların sevgisinə, ailə dəyərlərinə baxanda bugünkü gənc nəsil maariflənə, tərbiyələnə bilir. Bu örnək onların həyat tərzinə böyük təsir göstərir. Onlar bu örnəkdə Vətənə və ailəyə məhəbbətin ən ali zirvəsini görür və onun uğrunda yaşamağa qərar verirlər. Gəlin, etiraf edək ki, insanların ən doğma və əziz adamları dünyalarını dəyişirlər, lakin heç kəs onlar üçün həyatlarını qurban verib, özlərini öldürmürlər. Bu, qeyri-adi bir addımdır ki, sevdiyin insana görə Allahın sənə əmanət etdiyi həyatını qurban verəsən, bunu hər kəs edə bilməz. Ona görə də bu insanlar qeyri-adi insanlardır. Hərdən düşünürəm ki, Allah-Təala onları yaradanda çox qeyri-adi yaradıb. Onlar əbədiyyətə qovuşmaqla tarixin yaddaşına yazıldılar. İllər, əsrlər keçəcək, amma Azərbaycan xalqı, türk milləti durduqca onlar heç bir zaman unudulmayacaqlar və hər zaman da gənclərimizin mili-mənəvi dəyərlərinə örnək olaraq, ruhən yaşayacaqlar.

Nuriyyə xanım Nizami Muradovun sözlərinə yazılmış «Ürək sızlar için-için» mahnısını səsləndirir.

30 İyun bizim şərəf, namus məsələmizdir!

Əvəz Zeynallı:

– Çox sağ olun, çox təşəkkür edirəm. Mən əslində İlham və Fərizədən 8 ildir usanmadan, yorulmadan danışıram. Gecə-gündüz, səhər-axşam radioda, televiziyada, televiziyalar üzümüzə bağlananda qəzetlərdə, qəzetlər üzümüzə bağlananda küçədə, bayırda danışıram. Təsəvvür edin ki, bu qoca məmləkətdə hər ilin fevral ayı gələndə mənim məşəqqətli günlərim başlayır. Telefonlarım susmur. Hamı narahatlığını bir cür ifadə edir: «Əvəz müəllim, filan telekanalda filan ziyalı çıxış etdi, 14 Fevralı dəstəklədi», «Əvəz bəy, filan telekanal durmadan hansısa erməniyönlü şirkətin Valentin günü ilə bağlı reklamını yayımlayır» və s. və i. Bu mübarizəni aparmaq da ilk gündən bizim üzərimizə düşüb. Yetənə yetmişik, yetmədiyimizə də bir daş atıb, onu ayıltmağa çalışmışıq. Biz qələmimizlə mübarizə aparırıq, onlar qollarının, pullarının zoruyla… Gücləri çatanda sözlərini deyirlər, çatmayanda bizi məhkəmələrlə hədələyib, cərimələdirlər. Həqiqətən də əslində cərimələtmirlər, cəriMƏLƏDİRLƏR. Son illərdə müşahidə etmişəm ki, İyunun 30-u yaxınlaşanda da ard-arda zənglər gəlməyə başlayır. İnsanlar gördüklərini, qürurlandıqlarını, sevinclərini bizimlə paylaşmağa çalışırlar. Gah metroda bu gün münasibətilə paylanan bir şirkətin reklam broşürü, gah haradasa keçirilən bir diskotekanın reklam afişası, gah Flora xanımın hansısa bir telekanalda bu günün müqəddəsliyinə dair könülxoşluğu ilə apardığı bir təbliğat, bu günü qəbul etməyənlərə qarşı göstərdiyi təpki və s. bu kimi hərəkətlər və bu günün ümummilli bir bayrama çevrilməsi üçün atılan hər kiçik bir addım insanlarımızı sevindirir – o haqda mənə xəbər verirlər. Biz əslində ilk gündən bu məsələni bir şərəf, namus məsələsi elədik. Mən həqiqətən elə hesab edirəm ki, 30 İyun sıradan bir «Sevgililər Günü» deyil. Hörmətli millət vəkillərimizlə bu mövzuda dəfələrlə müzakirələrimiz olub və onlara da öz fikirlərimizi bildirmişik. Bizcə bu məsələ parlament səviyyəsində qəbul olunması və rəsmiləşdirilməsi zəruri olan günlərdəndir. Amma millət vəkilləri bu məsələni parlamentdə qaldırmaqdan ya utanır, ya da çəkinirlər. Biri deyir, bu yaşımda mən sevgidənmi danışım, biri çəkinir və s.

30 İyunu tankın altından çəkib almışıq!

Biz bu məsələyə məişət prizmasından yanaşmadıq, hər zaman ona ideoloji prizmadan yanaşdıq. «Sevgililər Günü» Azərbaycanın müstəqillik gününün bədəli olaraq bizə gəlib, tankın altından çıxarılaraq bu millətə yetişib. İlham əliyalınn özünü tankın altına ataraq bu günü qazanıb. Fərizə öz sevgisi uğrunda həyatını qurban verərək bu günü haqq edib. Yəni biz müstəqilliyimiz və sevgimiz uğrunda qurban verilən canların, tökülən qanların hesabına bu günü qazanmışıq. Bu haqda ən ali orqanlara qədər yazdıq, bu günün müqəddəsliyini xatırlatmağa çalışdıq, onlarn bu günü rəsmiləşdirəcəyi təqdirdə millətin tarixində qalacaqlarını yadlarına saldıq. Biz bu tədbirin iştirakçılarına öz təşəkkürümüzü bildiririk. Çünki obyektiv səbəblərdən biz bu il geniş şəkildə bu günü qeyd edə bilmədik. Kamil müəllim, Şəmistan müəllim, Elxan müəllimin təşəbbüsü ilə bu tədbir baş tutdu və 8 illik ənənənin pozulmasına onlar imkan vermədilər. Onların hər birinə çox təşəkkür edirəm. Onlarla söhbətimiz zamanı dəfələrlə önə çəkdik ki, bu məsələ ideolojidir. Gənclər bu gün əylənəcəklər, sevdiklərinə hədiyyələr, gül təqdim edəcəklər – bu, başqa məsələdir. Amma ölkənin ziyalıları, ictimai xadimləri, ölkənin elm adamları, siyasi elitası, mətbu çevrəsi bu günü ideoloji platformada dəyərləndirməlidir. Bu gün bizim – dünyanın mədəniyyətlər savaşında qalib çıxdığımızı təsdiqləyən gündür. Heç kim yanlış ənənələrin bu ölkəyə gəlməsini istəməz. Bizim də davamız odur. Heç kəs kənardan bu ölkəyə gəlib əlində bir «Sevgililər Günü» gətirib, onu bu millətə sırıya bilməz. Sevgi bir millətin içindən çıxan, onun özünə məxsus, öz dəyərlərinə söykənən bir varlıqdır və bu günü əgər qeyd etmək istəyiriksə, onun təməlində bu millətin özünəməxsus dəyərləri, hadisələr dayanmalıdır. Bəxtiyar Vahabzadə deyirdi ki, «Millət millət olur xeyir şərilə…» Yəni biz kənar, yad mədəniyyətlərin ortaya atdıqları bayramlara sevinə bilmərik. Bütün faciələrimizin səbəbi, kökü əslində bu yad mədəniyyətlərə söykənir. Mən bütün türk millətini bu müqəddəs gün münasibətilə təbrik edirəm. Hər zaman əmin olmuşam ki, İlham və Fərizənin ruhu bizim hər birimizin yanındadır, bizimlə bir yerdədir. Əminəm ki, doğrudan da «30 İyun – Sevgililər Günü» bir müddət sonra bütün türk millətinin və türk dünyasının bayramına çevriləcək. Tək türk millətini deyil, həm də bütün İslam dünyasını 14 fevralın əlindən alacaq. Mən buna adım kimi əminəm!

 

9 il bundan qabaq bir qığılcım yandırdınız, onu alova çevirib 9 ildir ki, yaşadırsınız

Flora Kərimova

Xalq artisti, Azərbaycan səhnəsinin canlı əfsanəsi, korifey müğənni:

– Nə yaxşı sənətkarlarmız var. Ancaq sənətkar və insan qədri bilən, bu günü bizə bağışlayan Əvəz bəy sağ olsun. Nə yaxşı ki o var. Əvəz bəyin haqqında hansı fikirlər söylənilirsə, ona halaldır. 9 il bundan qabaq bir qığılcım yandırdınız, onu alova çevirib 9 ildir ki, yaşadırsınız. Bundan sonra bu gün 90 il də yaşayacaq, 90 əsr də…

Flora xanımın ifasında iki yeni möhtəşəm məhəbbət mahnısı səsləndirilir.

 

İlhamı uşaqlıqdan tanıyıram

Qədir Rüstəmov

Xalq artisti, Azərbaycan səhnəsinin canlı əfsanəsi, korifey sənətkar:

– Onların hər ikisi bu millətin övladıdırlar. Biz bu gün sevgi günü ilə yanaşı, həm də onları anma mərasiminə toplaşmışıq. Biz azadlığımızı, müstəqilliyimizi qanımız bahasına aldıq. Ruslar ermənilərə azadlıqlarını elə verdi ki, hər iki gözləri güldü. Amma bizim bir gözümüz güldü, o biri də ağladı. Mənim qohumum olan yaxın insanlarımın çoxu azadlıq mücadiləsində canlarını qurban verdilər. Allah qoysa, mən ümidvaram ki, bundan sonra ermənilərin süqutu başlayacaq və türklərin dədə-baba torpaqlarından bir-bir yox olacaqlar və bir nəfər də olsun orada erməni qalmayacaq. İlham mənim qohumumdur, həm də qonşu olmuşuq. Onları uşaqlıqdan tanıyıram. Atası rəhmətlik də yaxşı adam idi, anası Azərbaycan qadını nümunəsidir. Onlar hər zaman insanlara yaxşılıq ediblər, heç kəsə ziyanlıqları dəyməyib. Bir daha ona, Fərizəyə Allah rəhmət eləsin!

Qədir Rüstəmov bir neçə canlı ifa edir və tarixi anlar yaşayan iştirakçıların gur alqışları onu müşayiət edir.

 

Davamı gələn saylarımızda

Hazırladı:

XuralTAC

“Xural” qəzeti,

İl: 9, sayı: 025 (433), 03-09 iyul  2011-ci il


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button