Orta Şərqdə nəhəng hərbi sövdələşmələr yeni qarşıdurmalar doğuracaq?!

Müasir dünyanın yeni siyasi mərhələyə qədəm qoyduğunu söyləsək, yəqin ki yanılmarıq. Bu dönəmdə bəşəriyyəti hansı sürprizlər gözlədiyini dəqiq proqnoz etmək çətin olsa da, qlobal güclərin atdığı addımları izlədikcə yaxın dövr üçün beynəlxalq münasibətlərin xeyli gərginləşəcəyi ehtimalı getdikcə artır.

Son günlər dünyanın qlobal və regional güclərinin çağdaş Orta Şərq siyasətini dərindən incələyərkən olduqca qorxulu ssenarilərin hələ gələcəkdə işə düşəcəyini ehtimal etmək olar. Orta Şərqdə hökm sürən hərbi-siyasi böhran regionda daha böyük fəlakətlərin yaşanacağını, müsəlmanlar arasında ziddiyyətlərin daha da dərinləşəcəyini deməyə əsas verir. Bu bölgədə ağır müharibələrin genişlənməsi, qarşıdurmaların dərinləşməsi, terrorizmin artması, yeni dövlətlərin doğulması yolunda nəhəng layihələr mövcuddur. Görünən budur ki, region hələ bir müddət də dünyanın ən qanlı ssenarilərinə meydan olacaq.

Dünyanın super güc ünvanına sahib olan ABŞ-ın prezidenti 9 gün sürəcək xarici səfər proqramları çərçivəsində Orta Şərq və Avropa ölkələrində mühüm görüşlər keçirir. Tramp ilk rəsmi səfərini gerçəkləşdirdiyi Orta Şərqin iri müsəlman dövləti olan Səudiyyə Ərəbistanı ilə imzaladığı hərbi razılaşmalarla regionun gələcək hərbi-siyasi mənzərəsinə də xeyli işıq (qaranlıq) saldı. Çox güman ki bununla da özünün gələcək xarici siyasətinin əsas mesajlarını da dünyaya çatdırmağa nail oldu. Bu səfər ABŞ-ın müsəlmanlara verdiyi önəmi deyil, regiondakı siyasi-iqtisadi maraqlarının gələcək mənzərəsini ifadə edir. 50 İslam ölkəsinin təmsilçilərini Riyadda bir araya gətirən ABŞ-Ərəb və İslam ölkələri zirvə toplantısı həm də müsəlman dövlətlərinin gələcək əməkdaşlığına da aydınlıq gətirdi.

Heç kəsə sirr deyil ki, antidemokratk rejimlərin yaratdığı nəhəng ekoloji, iqtisadi, hərbi, ideoloji və siyasi problemlər demokratik cəmiyyətlərə də mənfi təsir göstərir. Çağdaş dünyada terrorizmin kökünü kəsmək, demoqrafik problemləri önləmək, dayanıqlı sülhü bərqərar etmək naminə antidemokratik rejimlərə son verilməsi zərurətini kimsə inkar edə bilməz. Bu istiqamətdə konkret addımların atılmasını qərb dairələri mütəmadi bəyan etsə də, təəssüf ki əməldə fərqli davranırlar. İqtisadi-siyasi maraqlar naminə ikili standartların tətbiqi adi hala çevrilib və diplomatiyanın normalarından biri kimi qəbul edilir.

Tramp Orta Şərq böhranı ilə bağlı ABŞ administrasiyasının yeni və prinsipial siyasi kursunu açıq şəkildə ifadə edərkən, ölkəsinin öncəliklərini də göstərməyə çalışdı. Bəşəriyyətin problemlərinin mədəniyyətlər arasındakı fərqlərdən deyil, yaxşı ilə pisin mübarizəsindən qaynaqlandığını deyən prezident, bu məsələdə Orta Şərq ilə birlikdə savaşacaqlarına, qarşılığında isə radikal İslamın və hər bir İslamçı terror təşkilatlarının kökünü kəsməkdə ərəb dövlətlərindən ciddi addımlar gözlədiyini qeyd etdi.

Trampın prezident seçilməsi ilə ABŞ-ın yeni xarıci siyasət kursunun konturları da artıq özünü göstərməyə başlayıb. Əsədin hərbi bazalarına raket zərbələrinin ardından Tramp administrasiyası açıq şəkildə İran və Rusiyanı Suriya böhranında Əsədi dəstəkləməməyə çağırış etmişdi. Hətta ABŞ-ın ölkəmizdəki səfiri Azərbaycan hökumətindən də Suriya məsələsində açıq dəstək istəyirdi. Azərbaycan hökuməti həmin vaxt susqunluq nümayiş etdirsə də, bu zirvəyə özünəməxsus formada qatılmaqla ABŞ-ın mesajlarına ehtiyatlı və müsbət reaksiya verməyə çalışdı. Ancaq görünən budur ki, ABŞ-ın Azərbaycandan istədiyi bu deyil və istədiyini hələlik almayıb. Təəssüf ki, ölkəmizi sürətlə təhlükəli gələcəyə yaxınlaşdıran Azərbaycan diplomatiyası nə qlobal, nə də regional güclərlə etibarlı əlaqələr yarada bilib.

Zirvə görüşündəki çıxışında da əsas hədəfə və ortaq düşmənə qarşı vahid mövqedən çıxış ediləcəyinin anonsunu verən Tramp, Bəşər Əsədin İranın dəstəyi ilə törətdiyi qoxrunc cinayətlərin hələ də davam etdiyini bildirdi. Habelə, İran rejimini qlobal terrorizmə öncüllük edən, bölgədə dağıntıların, xaosun səbəbkarı olan ölkə kimi xarakterizə etdi. Xüsusilə də İranın Suriyada, Livanda, İraqda və Yəməndə həyata keçirdiyi məzhəpçi siyasətin doğurduğu təhlükələrdən, iranlı silahlıların bölgədə sabitliyin və təhlükəsizliyin pozulmasının əsas qaynağı olduğundan bəhs etdi.

Səfər zamanı ABŞ və Körfəz ölkələri arasında terror gruplarının maliyyələşdirilməsinə qarşı cəhdlərin birləşdirilməsi və bir sıra məsələlərlə bağlı razılaşmalar imzalanıb. ABŞ-ın S.Ərəbistanı ilə imzaladığı hərbi müqavilə isə daha çox müzakirələrə səbəb olub. İrana qarşı müdafiənin gücləndirilməsi məqsədilə imzalanan müqavilədə 110 milyard dollarlıq müasir silahların alınması və 10 il ərzində bu məqsədlə 350 milyarda qədər vəsaitin xərclənməsi nəzərdə tutulur. Bu sövdələşmələrin regionda yeni hərbi-siyasi proseslərə gətirib çıxaracağı ehtimalı yüksəkdir. İranla S.Ərəbistanı arasında olduqca gərgin münasibətlər yeni fazaya keçə bilər. ABŞ-ın əsas müttəfiqləri kimi Misirin və S.Ərəbistanının ərəb dövlətləri arasında siyasi nüfuz dairəsini genişləndirməsi, Türkiyənin İslam dünyasındakı yeri və rolunun qismən məhdudlaşdırılması, İranın isə regiondakı siyasi maraqlarının yaxın gələcəkdə tam nəzarət altına alınması nəzərdə tutulur.

Bəzi ehtimallara görə, ABŞ-ın İranla bağlı siyasətinə Türkiyənin ehtiyatlı davranması və qarşıdurmalara səbəb olacaq proseslərə dəstək verməyəcəyi bəlli olub. Türkiyə öz təhlükəsizliyi və ərazi bütövlüyü naminə həm İranla, həm də Rusiya ilə balanslı siyasətinə sadiq qalacağını ifadə edib. Çox güman ki, İran da öz növbəsində Rusiya ilə hərbi-siyasi əməkdaşlığını genişləndirməyə cəhd edə bilər. Regionun yeni gərginliklərə istiqamət götürəcəyi istisna edilmir. Rusiyanın resurslarının tədricən tükəndiyini nəzərə alsaq, bu nüfuz mübarizəsində kimin məğlubiyyətə uğrayacağını yaxın dövrdə proqnoz etmək çətin olmayacaq.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button