Bizim həya anlayışımız…

Zümrüd Yağmur

Uzaq kəndlərdən birində oturub ömrünü kişilərdən yaşmaqlanmaqla keçirmiş qadın, birinin ona dediyi sözə belə cavab verəndə çəkinən, ya da kimsədən haqqının almağa çalışmadan yaşayan biri bizə görə həyalıdır və biz birinin həyalı adam olduğunu vurğulamaq üçün ilk olaraq ifadə etdiyimiz bu olur : “Adamın üzünə dik baxmır, danışanda da səsi çıxmır.”

Yaxınlarda xəstəxanada məndən pul tələb olunanda  verməkdən imtina etdim və mən bir otaqdan çıxıb o birinə girəndə artıq digər həkim mənim pul verməkdən boyun qaçırdığımı indi müayinə olunacağım həkimə telefonla bildirmişdi. Həkim də pul vermədiyim adamın abırlı, həyalı olmasından, onun ailəsini tanıdığından, hətta anasının da həyalı bir qadın olmasından xeyli danışıb maaşlarının da az olmasından xeyli gileyləndi. Mənsə maaşın az olması probleminin vətəndaşı soymaqla deyil, etiraz etməklə həll oluna biləcəyini bildirdim.

Nə isə, bununla məsələni uzatmayım, əsas olan odur ki, mən o otaqdan çıxanda özlüyümdə düşündüm, bizim həya  anlayışımız nə qədər yanlışdır və ya bu nə həyadır ki, xəstədən pul almağa çalışasan, hətta almaq istədiyin məbləği xəstədən israrla tələb edəsən, bunu bacarmayanda da o biri həkimi bu “təhlükədən” xəbərdar edəsən…

Burada əslində, həyadan əsər yoxdur, amma bizim həyaya münasibətimizi nəzərə alsaq, həkim həyalı ola bilər, çünki həya bizə görə qışqırmamaq, bağırmamaq, ya da nə bilim susmaq, başını aşağı dikməkdir. Elə buna görə də “həyalı” olmağa üstünlük vermiş xalq, fərd özünün köləliyi, ya da hər şeyə boyun əyməsini köləlik adlandırmaq əvəzinə, məhz “həyadır” deyib bununla da mahiyyətdəki köləliyinə haqq qazandırmış olur. Bəlkə də bizim xalq, ya da fərdi yanaşmamızdakı bu yanlışlığın nəticəsidir ki, bəzən dəyərlərin sərhədləri qarışır. Həyasızlıq kimi dəyərləndirdiyimiz bir çox hal, hadisə, danışıq, əməl əslində, həyasılıq deyil, haqqını almaq, ya da öz bacardığı kimi mübarizə aparmağa baş vurmaqdır. Bizim hər birimizin qarşılaşdığı, az qala hər gün təkrarlanan hallardan birini gözdən keçirək.

Beləcə, ictimai avtobusları alaq, hər gün minib-düşdüyümüz, dəfələrlə də qəza vəziyyəti ilə üzləşdiyimiz, ya da sürətlə sürüldüyünə görə az qala yıxılıb-əzildiyimiz avtobuslardan hamı narazıdır, amma kimsədən səs çıxmır, susmayanın da səsinə kimsə səs vermir, deyəndə də cavab nə olur, “nə edim, həyama sıxışıb qalmışam!”

Bu “həyaya sıxışıb” qalmanın nəticəsində gündə ən azından durduğumuz növbələrdə, getdiyimiz yerlərdə, rüşvət istənilər yerdə susmalarımızda və s. haqqımız pozulur. Amma “həyalı olmamızın” bizə vurduğu ziyan bununla bitmir, sonuc daha ağırdır, çünki bu “həyanın” ucbatından bir çox hallarda birbaşa yaşayışımıza təsir edən sosial-ictimai hadisələrə belə laqeyd yanaşırıq.

Mahiyyət etibarilə bizim həya anlayışımızdan köləlik iyi gəlir!..

Kimsə düşünməsin ki, həyanın əleyhinəyəm, mən bizim yanaşmamızdakı köləliyin simgələnmiş forması olan həyadan bəhs edirəm!

Həyasızlıq odur  ki, 9 milyonluq xalqın qarşısına çıxıb heç bir həya hiss etmədən, utanmadan yalan danışıb deyəsən ki, “ay xalq, sən yaxşı yaşayırsan, mən də sənə xidmət edirəm,” bir millət vəkili çıxıb desin ki, mən səsimi alıb seçilmişəm, ya da bir müğənni çıxıb danışsın ki, mən dünyanın ən böyük sənətkarıyam. Bunlar həyadan kənar şeylərdi, amma kimsə bunların həyasızlıq olduğunu düşünmür, bizə görə əxlaq neçə cinsəldirsə, həya da məişətdəki gəlin-qayınana, ər-arvad, qonum-qonşu münasibətlərinə daha çox şamil olunur. İctimai həyadan kimsə söz etmir, kimsə bütün həya prinsiplərini bir yana buraxıb gözünün içinə baxa-baxa yalan danışıb hələ üstəlik, bunu da ictimai şəkildə bəyan edən birini həyasız adlandırmağı ağlının ucundan belə keçirmir.

Mahiyyətdə həya nə utanmaqdır, nə də “haqqımı alıram” deyib bağırmaq. Həya düşüncədir, yanaşmadır, özünü bilmək, digərlərinə hörmətlə yanaşmaq və ən başlıcası, yalan danışmamaqdır. Ədalətli olmaq və ədalətsizlik etmədən ətrafdan da bunu tələb edə bilməkdir.

Həya qeyri cinsin qarşısında başını aşağı salıb utanmaq deyil, gəlinin başına gətirilən müsibətlərə dözməsi deyil,  qadının kişinin onu kölə edəcək qüvvəsinə qarşı səbrli davranması, səsini çıxarmaması, ya da ictimai-sosial ədalətsizliyə məruz qalan birinin “həyasına sıxışıb” qalması da deyil, bütün bunların başqa adı var…

Bizdəsə bunlar “həyalı olmaq”dır. Bir həkimin xəstədən israrla müəyyən məbləqdə pul tələb etməsində, müəllimin hədiyyə adı altında şagirddən rüşvət alması, ya da imtahanda pul istənməsində, məmurun “xalqa xidmət edirəm” deyib əslində xalqın büdcəsini talaması, deputatın adi məişət əxlaqına mənsub olmadığı halda çıxıb adamlara əxlaqdan dərs verməsi, bir teleaparıcının Qarabağdan danışıb sonra da bir kamera sındı deyə Qarabaq əlilini məhkəməyə verməsində, əxlaqının yerlə süründüyünu hamı bildiyi halda bir qadının çıxıb da millətin namusundan sorumlu kimi danışmasında, qadın haqqlarından danışıb əslindəsə öz evində öz haqqını qoruya bilməyən, ya da xəyanətə dözməyin ləyaqətsizlik olduğunu söyləyib ərinin xəyanətinə ən rəzil şəkildə dözən “feminist alimlərimizin” əməllərində, ya da “originalam” deyib söyüşü ədəbiyyata kompleksizlik kimi sırıyan yazarın yazdığlarında həya yoxdur…

Bizim əl tutub görüşməyə tələsdiyimiz, bir çox hallarda “böyük adamlar” deyib ictimailəşdirərək başımızın üstünə qaldırdığımız adamların gündəlik rastladığımız obrazlarıdır bu saydıqlarım… Qarşılaşarkən çoxluğun salamlaşmağa çalışdığı, bəzən hətta qarşısında ikiqat əyilib təriflədiyi tiplər…

O halda biz bir xalq kimi nə qədər həyalıyıq?!

Xural” qəzeti,

İl: 9, sayı: 029 (437),31 iyul-06 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button