50 yaşın 60-dan çox sifəti

– Bunu göstərə bilmək üçün gərək… Sənət Fədaisi olasan!

Hər gün onunla salamlaşırlar.

Hər gün ona sevgiylə baxırlar.

Hər gün onun kimi olmaq istəyirlər.

Hər gün onu görmək istəyirlər. Və… çox maraqlıdır ki, heç kim onun kimi yaşamaq istəmir.

Alıdan danışıram. Lənkəran Dövlət Dram Teatrının aktyorundan. Adı Allahverəndi əslində. Eləcə Alı deyə tanış olurlar və eləcə də yaddaşlarda, ürəklərdə qalır.

TƏRCÜMEYİ-HALINDAN:

Allahverən Hacı oğlu Babayev 1961-ci il yanvarın 20-də Lerik rayonun Mondigah kəndində anadan olub. 1983-cü ildə M.Əliyev adına İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsinə daxil olub. 1987-ci ildən də N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyorluq fəaliyyətinə başlayıb.

Alı yaşadığı bu bir 50 illik ömürdə 60 sifət göstərib lənkəranlılara – oynadığı rolların sayı qədər. Adam var tərs üzünün birini göstərən kimi ikiüzlü deyirlər, amma Alını həm öz, həm də obrazlarının üzünə sevirlər.

Alı yaxşı aktyordu. Alı həm də axarından çıxmayan, eyni zamanda da axarına düşməyən sənətkardı.

Bəxti həm gətirib, həm də gətirməyib.

Desən ki, Alı möhtəşəm sənətkardı, heç kimi inandıra bilməzsən. Durub sənin qabağına minimum iki xalq artisti, iki də əməkdar artistlə çıxacaqlar – xalq artistləri Böyükxanım Əliyeva, Qabil Quliyev , əməkdar artistlər Təvəkkül Əliyev və mərhum Əli Salahlı.

Durub desən ki, Alı adi aktyordu – bu da mümkün deyil: ən azından qardaş Türkiyənin Konya şəhərində keçirilən “Min nəfəs bir səs” festivalında çıxış edəcəkləri teatrın ən uca yerində asılan afişada Dədə Qorqud obrazında şəkli var, hələ bu obrazı oynamağını demirəm.

Alı aktyor kimi də, insan kimi də gözəl aktyor, gözəl insandı. Sadəcə, 50 yaşınacan işlədiyi kollektivlə şansı talantını üzə çıxarmağa imkan versə də, zaman onun xeyrinə olmayıb!

Təsəvvür edin ki, yuxarıda adları çəkilən titullu aktyorların fonunda bir daha və yenidən mükafatlandırma və dəyərləndirmələr cəhdində olmaq, təqdimatlar irəli sürmək qeyri-mümkündü hər şeyin limitli-planlı və həm də… sayla olduğu ölkədə! Üstəlik də mədəniyyət sahəsində.

Təkcə Alı deyil, sözün həqiqi mənasında “kölgəqə qalan”. Lənkəran teatrının səhnəsində Sücəddin Mirzəyev, Adil Zeynalov, Qızılgül Quliyeva kimi sənətkarlar da elə bu “limit-plan” tendensiyasının qurbanlarıdır – yəni ki, əyalət teatrında iki xalq artisti, iki əməkdar artist, bir əməkdar mədəniyyət işçisi varsa, deməli… bəs edir, hətta çoxdur da! Nəzərə alaq da ki, hər işra başçısı nə İsa Məmmədovdu, nə də bəd ayaqda Dilrübə Camalova.

Bax, bu mənada hər dəfə Alını görəndə mən onun 50 yaşının məlul-müşkül keçən günlərinə sinədolusu ahla heyfsilənirəm. Teatrın ən ağır günlərində – müstəqillik dönəminin ilk illərində ailənin dolanışığı iş yerindən mümkün olmayan zamanlarda belə sənətə və işinə sadiq qalan Alı (eləcə də digərləri) heç nədən küsmədən, heç kimdən incimədən yaradıcılıq mübarizəsindən qalmadı. Sakitcə… bərkiyə-bərkiyə dözdü. Onçun deyirdim ki, heç kim onun kimi yaşamaq istəmir. Əslində də sənət korifeyliyi qismət olmasa da, istedadına və zəhmətinə görə də layiqli qiymətini ala bilməsə də, Alı öz həmkarlarıyla birgə Lənkəran teatrında SƏNƏT FƏDAİSİ olaraq sevimlidir.

Durub Alının oynadığı rollardakı özünəməxsusluqdan, canlandırma məharətindən, hansısa təkrarolunmaz nüanslardan söz açsam, özümə də çöçün gələr. Çünki hər bir teatrın bir rejissoru var və bu rejissor əlinin altında olan istedadları eksperimentdən keçirməkdən əlavə, həm də tamaşaçı zövqünü nəzərə alır! Göydə Allahın, teatrda rejissorun məsləhəti bəzən bizim istəmədiyimizi layiq bilmədiyimiz ucalığa da çıxarır, yaxud da əksinə.

Lənkəran Dövlət Dram Teatrında belə problem olmadığına görə, əminliklə demək olar ki, burada hər bir aktyorun özünü potensialına uyğun olaraq ifadə etməsi üçün maksimum şərait yaradılıb. Kimisi üçün gözləməyə ehtiyac olmayıb, kimisi üçün də illəri gözləmək lazım gəlib. Alı illəri gözləyənlərdəndir. Alının bəxtinə “əyalət əjdahaları”yla bir dönəmdə parlamaq düşüb. Lənkəran səhnəsinin inciləri doğrudan da, loru dillə desək, “əjdaha sənətkarlar”dır. Onlarla bir səhnəni paylaşmağın özü də bir mükafatdır. Bu mənada, kollektiv qələbənin eyforiyasını yaşamış Allahverən Babayevi sonucda uğurlu aktyor və sənət fədaisi saymaq haqqımız var. O ki qaldı digər məsələlərə, onlar “texniki” qüsurlardır – 50 yaş nədir ki?

Bir də gördün Alının 74-cü sifəti də var və onda… ümid edirəm ki, rahatca yaza bilərik: Lənkəran Dövlət Dram teatrının TİTULLU FƏDAİSİ!

İndilik isə, Alının – Allahverən Babayevin kölgədə qalan ömrünün əllisinə əl eləyək, əllisinin də gəlişini gözləyək.

Hərçənd Alı özü deyir ki, ən böyük arzum Dədə Qorqud obrazını oynamaq idi, onu da ta Konya səhnəsində sərgiləyib.

Adama – aktyora bundan sonra nə deyərlər?!

Yaşa, yarat və… gurultulu, sürəkli alqışlar!!!

YADDAŞ ÜÇÜN: Təbrik edirəm – öz adımdan!

Aydın Canıyev

P.S. Alı (Allahverən Babayev), bu yazını da qoy 50 illiyinlə bağlı təbrik teleqramlarının və yazılarının bir küncünə. Bəlkə 60 yaşında mükafatlandırılanda (bilmək olmaz, bir də gördün “yuxarı”dan insafa və ya da rəhmə gəlib iki “əməkdar artist” kvotası ayırdılar Lənkəran teatrı üçün – yüzəyüz əminəm ki, biri Sən olacaqsan) yaddan çıxmayaq…

P.P.S. Ovaxtlar Lənkəran yaxşı xiyar-pomidor, çay və digər sitrus bitkiləri verirdi Vətənə, teatr da TAMAŞA verirdi o xiyar-pomidoru, çay və digər sitrus bitkilərini yetişdirən əməkçi xalqa. Xalq da, teatr da mükafatlandrılırdı. İndi xalq vətənə heç nə vermir, amma teatr yenə də tamaşa verir.

Xural” qəzeti,

İl: 9, sayı: 030 (438),07-13 avqust 2011-ci il


 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button