Niderlandda yol mədəniyyəti…

Vüqar Abbasov

vugarabbasov@hotmail.com


“Xural”ın Niderland yazarı Hollandiya yolları ilə Azərbaycan yollarını müqayisə edir!..

Ötən yazımda Niderlandda uşaqlara hüquqlarının öyrədilməsindən, bir az da təhsildən söz açmışdım. Düşünürəm ki, demokratiyaya, demokratik seçkilərə gedən yol təhsildən keçir. Xalqın rifahı da təhsildən asılıdır. Bunlar isə ayrı-ayrılıqda yenə də demokratik seçkilərldən asılıdır. Bir sözlə, hər biri bir-biri ilə əlaqəlidir. Yol demişkən, istəyirəm, bu gün buranın yol mədəniyyətindən yazım (təhsil məsələsinə gələcək yazılarımda toxunmağa çalışacam). Axı “yol da bir mədəniyyətdir ” deyirik. Görək bizim bu mədəniyyətlərimizin arasında nə və nə qədər fərq var…

Niderlandda yollar çox da enli deyil. Bəzən iki maşının yerləşə biləcəyi qədər (magistral yolu nəzərə almasaq) ensiz, ancaq səliqəli yollardır. Bu kimi yollarda sürət həddi saatda 50 km-dən 100 km-ə kimi dəyişir. Yol işarələri kifayət qədər və aydındır. Bəzən niderlandlılar belə bu işarələrin hədsiz çox olduğunu düşünürlər. Bizdəkindən fərqli olaraq burada əzilmiş və yaxud görünmə keyfiyyətini itirmiş nişanlara rast gəlmək olmaz. Ona görə “bizdəkindən fərqli” dedim ki, paytaxt Bakıda da ara-sıra yol nişanlarına rast gəlinir… Bütün işıqforlar qeyd-şərtsiz, gecə-gündüz, yağışda-qarda və quraq havada işləyirlər. Bakıda olduğum müddətdə işıqforların işləməməsindən bezib Bakı Səhər DYP–yə zəng etdim. Özümü təqdim etdikdən sonra soruşdum ki, bu işıqforlar nə üçün işləmir? Xəttin o başından: “Müəllim, yağışdı da, başqa vaxtlar axı işləyir!? Kabellər köhnədir, sovet vaxtından qalıb…” Gərək düzünü deyim, həmən vaxt doğrudan da yağışlı hava idi… Yuxarıda qeyd etdiyim kimi burada bu kimi işlərə havanın əhəmiyyəti yoxdur. Bəlkə ona görə ki, bunlar Sovet dövrünü yaşamayıblar və kabellər də müvafiq olaraq o dövrdən qalmayıb. Bəlkə də bunların başda oturanlarının başında sovet havası yoxdur, bizimkilərdə var. Bəlkə də… Mövzudan kənarlaşmamaq şərti ilə müqayisələri haşiyə olaraq yazdım…

…Yollardakı zebralar da öz yerindədir. Ən önəmli məsələ də ondadır ki, bütün bu işarələr, işıqforlar, zebralar sürücü və piyadaların, bir sözlə, bütün yol istifadəçilərinin qanuna əməl etməsi üçün (insanların təhlükəsizliyi naminə) qoyulub. Hər kəs də buna bir nəfər kimi əməl etməyə çalışır. Naziri də, nazir oğlu da, polisi də, polis oğlu da…, Kraliçası da, Kraliçanın bütün ailə üzvləri də… Yaxından tanıdığım bir nəfər söhbət zamanı mənə özü etiraf edib ki, sükan arxasında (burada qanunla iki bakal pivə – 0.2 promil – içərək sükan arxasında oturmaq icazəlidir) hədsiz dərəcədə içkili olduğu zaman polislər tərəfindən yoxlanılıb və bu barədə qəzetlərdə də yazıblar. Həmən şəxs də könüllü olaraq tutduğu vəzifədən istefa verib (bizim vəzifə adamları əgər bundan əvvəlki sətirləri oxumayıblarsa, heç oxumasınlar, oxuyublarsa özlərini qanmazlığa qoysunlar, yoxsa bir də gördün abıra bürünüb istefa verən olar). Daha bir niderlandlı bir dəfə məndən soruşdu ki, “sizin ölkədə yerdə zebraları nə üçün çəkiblər, əgər ona əməl edən yoxdursa?” O da öz təcrübəsindən danışırdı. Deyirdi ki, Bakıda zebrada maşını saxlayıb piyadaya yol vermək istəyirdim ki, arxadan əyləc səsi eşitdim. Yaxşı ki, maşını kənara çəkə bildim, yoxsa nə olacaqdı, bilmirəm. Deyir ki, sonradan öyrəndim ki, Bakıda zebrada maşın saxlayıb piyadaya yol vermək anlayışı yoxdur… Burada zebranın başlanğıcında piyada varsa, sürücü mütləq maşını saxlamalıdır və demək olar ki, hər kəs saxlayır da.

Velosiped, skuter, əlil arabaları üçün ayrıca yollar var. Əgər bu yollar maşın yolunun kənarındadırsa və yalnız qırıq xətlərlə əsas yoldan ayrılırsa, həmən yollar bir qayda olaraq qırmızıya çalar rəng olur. Əgər velosiped yolu əsas magistral yolla kəsişirsə velosipedçilər üçün ayrıca işıqforlar qoyulub ki, düyməni basmaqla sənə yaşıl işığın yanmasını gözləməlisən. Burada hər evdə ən azı bir avtomobil olsa belə, demək olar, hər kəs velosipeddən də istifadə edir (bizim də evdə bir avtomobil və dörd velosiped var). Yolların rahatlığındandır ki, burada hətta əlillər belə küçələrdə rahat “gəzir”, mağazalara gedə bilirlər. Onlar üçün xüsusi, əlillik dərəcəsinə görə, fərqlənən minik vasitələri var. Həmən vasitələrlə çox rahat şəkildə özlərinə lazım olan yerlərə varırlar. Bizdə isə kiminsə ayağında bir balaca problem oldusa, artıq kimdənsə asılı olursan. Yəni bizim dövlət insanları həmişə asılı olmağa, buradakı dövlət isə hər zaman müstəqil olmağa öyrədir…

…Burada dəniz uzərindən salınmış, uzunluğu km-lərlə ölçülən körpülər var. Bu körpülər həm də açılıb-bağlanma funksiyasına malikdirlər. Ancaq niderlandlılar sadədirlər. Onlar düşünmürlər ki, onların bu körpülərinin dünyada analoqu yoxdur. Ancaq əslində, bəlkə də doğrudan da yoxdur… Bu yazı ilə bərabər, sayın Əvəz bəyə bir neçə şəkil də göndərəcəyəm. Əgər bəy lütf edib şəkillərin bir neçəsini qəzetdə versə, uzunluğu 5 km olan açılıb-yığılan körpünü görə bilərsiniz. Bu şəkildə həm də körpü açılan zaman bütün avtomobillərin öz sırasında, digər yola keçmədən necə sakit gözləmələrinin şahidi ola bilərsiniz. Mən də sakitcə öz avtomobilimi saxlayıb yolun açılmasını gözləyirəm (belə fürsət düşən kimi 1965–ci ildə Avropada o zaman üçün ən uzun körpü olan bu tikilinin kimin tərəfindən inşa edildiyini yazılan bir löhvə axtarıram, tapa bilmirəm ki bilmirəm. Bu niderlandlılarda minnətdarlıq hissi yoxdur deyəsən). Qanun hər kəs üçündür axı… Əslində, qanuna əməl etməmək yuxarı məbləğdə cərimə olunmağın deməkdir. Bir dəfə avtomobilimi park edib pulunu ödədiyim vaxtdan bir neçə dəqiqə gec gəldiyim üçün 50 avrodan yuxarı cərimə verməli oldum. Yuxarıda da qeyd etdiyim kimi, burada nə vəsiqə keçir, nə də rüşvət. Xoşbəxtlikdən keçmir. Keçmir demişkən, bizim sürücülük vəsiqəsi belə burada keçərli deyil. Deyirlər ki, bilirik, orada hansı yolla vəsiqələr verilir. Nə qədər and–aman etsən də xeyri yoxdur. Mütləq əlavə imtahan verməlisən. Mən (1992–ci ildən Azərbaycanda sürücülük vəsiqəm var, ondan əvvəldən də avtomobil sürürəm və dünyanın bir neçə ölkəsində icarəyə maşın götürüb istifadə etmişəm) burada teori imtahanını 2-ci dəfədən versəm də, praktik (“yezda”) imtahanda 5 dəfə kəsildim. Burada imtahanlar da ayrı qaydada aparılır. Polisin imtahana heç qatışacağı yoxdur.

DYP–yə gəlincə, burada elə anlayış yoxdur. Yalnız bir polis anlayışı var ki, o da istər yolda, istərsə də digər yerlərdə asayişi qorumaqla məşğuldur. Neçə vaxtdan bəridir avtomobil sürürəm, bir dəfə də olsun polis saxlayıb sənədimi soruşmayıb. Olaydın Azərbaycanda… Vəsiqəsi, vəzifəsi, vizitkartı olmayanın işi-gücü “cərimə” verməkdir yol polisinə. Mənim burada saydıqlarımın heç biri yoxumdur. Ancaq mənim qanunum var. Buradakı qanunlar hər kəs üçündür. Bir sözlə, mən qanunların işlədiyi bir ölkədə yaşayıram…

Müqayisəni sizlər edin, kimin yol mədəniyyəti güclüdür…

 

İ.S. Ancaq burada da qanunu pozanlar olur…

 

Xural” qəzeti,

İl: 9, sayı: 030 (438),07-13 avqust 2011-ci il

 



Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button