53 milyona qarşı 1 milyard manat istəyirlər!

Özümüzü həbsə atmaq, bütün mal-mülkümüzə yiyələnmək istəyirlər!

Nə Azərbaycandan kənara çıxmağa, biznes əlaqələrimizi inkişaf etdirməyə qoyurlar, nə də Azərbaycanda olan mal-mülkümüzü sataraq kreditləri ödəməyə imkan verirlər…

Bizə şərait yaradın, mal-mülkümüzü girovdan azad eləyin, süni faiz artımını dayandırın, söhbət kreditlərin qaytarılmasından gedirsə, onları sataq, verək, işləyək, qaytaraq…

Şəxsən prezidentin özünə çatana qədər aksiyalarımızı davam etdirəcəyik…

A.M.A.Y.-Texnikabank qarşıdurması uzun müddətdir mətbuatın gündəmini zəbt edib. Məsələyə aydınlıq gətirmək üçün mövzunu masaya yatırmaq və redaksiyada müzakirə etmək qərarı aldıq. Bunun üçün bütün tərəfləri dəvət etdik və yaxşı olardı ki, bütün tərəflər də iştirak etsin. Bu məqsədlə Baş Prokurorluğun, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, Texnikabankın və Mərkəzi Bankın əməkdaşlarını da dəyirmi masaya dəvət etdik və birəbir baş redaktor səviyyəsində telefon açıb hamısı ilə şəxsən danışdıq. Amma nə yazıqlar ki, dəvət etdiyimiz qurum və quruluşlardan yalnız A.M.A.Y.-ın zərərçəkmiş firmalarını dəyirmi masamızda gördük. O səbəblə də türklər demiş, toplantı bir az buruq oldu, amma oldu.

Bəri başdan qeyd edək ki, haqqında fikir söylənilən və ya adı keçən bütün şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq…

Əvəz Zeynallı:

– Son bir ayda, məxsusən «Xural»da A.M.A.Y prezidenti Abdulla Abdullayevin müsahibəsi dərc olunandan bəri ölkə mətbuatı bu mövzunu gündəmin birinci sırasına daşıdı. Təəssüf ki, Abdulla Abdullayevin müsahibə boyu adını çəkdiyi qurumları və şəxsləri dəyirmi masaya şəxsən dəvət etsəm də, onlar burada iştirak etmirlər. Məqsədimiz əslində nələr baş verdiyini öyrənmək idi? Məsələnin kökündə nə dayanır? Problemin özü nədən yaranıb? Bütün bu suallara sizdən cavab almaq və bir daha problemi araşdırmaq istəyirik.

Vaqif Mehdiyev

«Nəqşicahan 97» MMC-nin direktoru:

– 2007-2009-cu illərdə mənim rəhbərlik etdiyim firma «Texnikabank»dan təminatlı kredit götürüb. Götürdüyümüz kreditin bir neçə qat artıq mislində girovunu qoymuşuq. Əgər həqiqətən də mənim firmam «cinayətkar» və «dələduz» idisə, bu bank nə üçün iki dəfə mənə kredit verirdi? Məntiqi bir sual yaranır – əgər mən «cinayətkar» və «dələduz» idimsə, birincə dəfə kredit verdiyi «cinayətkar» və «dələduz» adama ikinci dəfə bu bank nə üçün kredit verirdi? Bu gün «Texnikabank»ın və onun havadarlarının əsas tələbi odur ki, kredit borcları ödənilsin. Halbuki bizim banka qoyduğumuz girovlardan əlavə bütün mal və mülkümüzün üzərinə də həbs qoyulub. Həbs qoyulan əmlakı hansı yolla sataq, kreditləri necə ödəyək? Əslində bu yolu tutmaqla «Texnikabank»ın özü cinayətin əsas təşkilatçısına çevrilir. «Texnikabank» monitorinq apardığını iddia edir, halbuki A.M.A.Y.-ın inzibati binası ilə kompleksini bir-birindən ayıra bilmir. A.M.A.Y.-ın inzibati binasında heç bir girov və ya həbs yoxdur. Bizim girovlarımız A.M.A.Y. Ticarət Kompleksindədir. Bunu deməklə bank öz-özünü təkzib edir, yalanını üzə çıxarır ki, heç bir monitorinq aparmayıb. O, monitorinq aparmadığı üçün də verdiyi kreditlərin təyinatı üzrə xərclənib-xərclənmədiyini billə bilməzdi. Tam məsuliyyətlə deyirəm ki, bankdan götürdüyümüz kreditlər tam təyinatı üzrə xərclənib. «Texnikabank»ın qanunsuz, heç bir məntiqə və müqavilə şərtlərinə uyğun gəlməyən bu hərəkətləri müqabilində bizə artıq 1 ildən artıqdır ki, maddi və mənəvi ziyan dəyir. Biz bu maddi və mənəvi ziyanları ödəmək üçün təzminat istəyəcəyik. Bank səlahiyyətliləri deyirlər ki, A.M.A.Y. gəlsin məsələləri həll edək. Bu məsələnin həll olunması üçün kompromis variant tapmaq getdikcə çətinləşir. Çünki A.M.A.Y.-ın direktoru Elşən Novruzov həbsə salınıb. Əgər bu gün A.M.A.Y. direktoru həbsdə yatırsa, biz məsələni nə cür həll edə bilərik? Nə vaxtdan inqsanlar girov qoyaraq bankdan aldıqları krediti qaytara bilmədikdə cinayətkar olublar?  Əgər bir bankın kreditinin qaytarlması məsələsi müşkülə çevrilirsə, o zaman Azərbaycan dövlətinin özünü də cinayət məsuliyyətinə cəlb etmək lazımdır, çünki onun da beynəlxalq maliyyə qurumlarına qaytarılacaq borcları var. Biz müqavilənin heç bir şərtindən imtina etməmişik. «Texnikabank» hələ də dərk etmək istəmir ki, indiki xoşagəlməz, siyasi sabitliyi pozmaq üçün kənar qüvvələrin dəstək verdiyi bir vəziyyətdə 10 minə yaxın insanı iqtidardan narazı salmaq olmaz. Cənab prezident hər zaman bildirir ki, özəl sektorun, sahibkarlığın inkişafı üçün hər bir şərait yaradılıb, ona qarşı heç bir maneə ola bilməz…

Akif Əliyev

«Cahan» MMC-nin direktoru:

– Bizim hər birimiz girov qoyaraq bankdan təminatlı kredit götürmüşük. Bank verdiyi kreditin vaxtında qaytarılmadığını təsbit edəndə ilkin atacağı qanuni addım nə olmalıdır? İqtisad məhkəməsinə müraciət etməlidir və bizim girovlarımızı hərraca çıxarıb satmalıdır ki, verdiyi kreditləri nəğd şəkildə banka qaytara bilsin. «Texnikabank» isə verdiyi kreditlərin hansı təyinatlara xərcləndiyini billə-bilə heç bir səbəb olmadan Respublika Prokurorluğuna, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edir və müştəriləri haqda cinayət işinin qaldırılmasını tələb edir. Belə bir şey dünyada görünməyib. Biz girovların satılaraq bankın kreditlərinin qaytarılmasına heç vaxt etiraz etmədiyimiz halda, bank haqqımızda qaldırılan cinayət işinin səbəbkarı olur və eyni zamanda bütün mal-mülkümüz üzərində həbs qoyaraq, onların satılmasına imkan vermir. Biz durumdan çıxış yolu axtaran zaman isə, hər günə və hər saata aldığımız kreditlərin faizini yüksək göstəricilərlə üst-üstə gəlir. Bizim firmamız 1 milyon manat məbləğində kredit götürüb, bu gün isə həmin məbləğ yüksək faiz hesabına 10 dəfədən çox artırılıb. Mən «Texnikabank» rəhbəri Etibar Əliyevin yanında olarkən, bu məsələnin əsl çıxış yolunu təklif etdim və bildirdim ki, dünya iqtisadiyyatında baş verən böhran bütün biznes strukturları kimi bizə də öz mənfi təsirini göstərib. Əgər siz həqiqətən də həmin kreditlərin qaytarılmasında maraqlısınızsa, yenidən bizə müəyyən məbləğdə kredit ayırın, biz iş sistemimizi qaydasına salaq və əldə etdiyimiz gəlir müqabilində bankın kreditlərini artıqlaması ilə qaytaraq. O isə buna etiraz etdi və binanın kondisioner sistemini işə sala bilmədik. Amma təklifimizi qəbul etsəydi, çoxdan həmin kredit borclarını qaytarmış olardıq. Açılan bu cinayət işində şahid qismində dindirilmişik, saatlarla Korrupsiyaya Qarşı Mübarizə İdarəsində sorğu-suala çəkilmişik, 34 firma rəhbəri haqqında AR CM-nin 178.3.2 – Dələduzluq maddəsi ilə və digər iki maddə ilə cinayət işi qaldırılıb. Hər bir firma rəhbəri haqqında istintaq materialı toplanır ki, 3-3, 5-5 məhkəməyə təqdim olunsun. Bunlar sonadək getməkdə, bütün firma rəhbərlərini tutduraraq onların mal və mülkünü mənimsəməkdə iddialıdırlar. Bütün prosesi araşdırarkən, ancaq bu qənaətə gəlmək mümkündür. Biz bildirdik ki, kreditləri qaytara bilmədiyimiz üçün girovları hərraca çıxarın və satın, kreditləri də o yolla ödəyin. Halbuki onlar nəinki bizim banka qoyduğumuz girovlara, hətta digər mal və mülklərimizə də həbs qoyublar. Kreditin faizlərlə bir yerdə durmadan artdığını bəhanə edirlər. Amma qanunvericilik tələb edir ki, kredit alan tərəf onu qaytara bilmirsə, dərhal faizlər dayandırılmalı və girov qismində qoyulan əmlak hərraca çıxarılmalıdır. Bunlar isə qəsdən əl-qolumuzu bağladılar ki, haqqımızı tələb etdiyimiz hər gün faiz üstünə faiz gətirsin və bizi müflisləşdirə bilsinlər. Səsini çıxarıb haqqını tələb etməyə qalxan firma rəhbərlərini də həbslə qorxutmağa başladılar. Təsəvvür edin, özümüzü həbsə atacaqlar və bütün mal-mülkümüzə yiyələnəcəklər. Bu məsələdə qanuni olan heç bir əməl yoxdur. Nə Azərbaycandan kənara çıxmağa, biznes əlaqələrimizi inkişaf etdirməyə qoyurlar, nə də Azərbaycanda olan mal-mülkümüzü sataraq kreditləri ödəməyə imkan verirlər.

Şəxsən mənə «Texnikabank»ın rəhbəri Etibar Əliyev deyib ki, «sizin kreditlərin bağlanmasının yalnız bir yolu var. Gərək Abdulla Abdullayev A.M.A.Y.-ın sənədlərini götürüb Milli Banka getsin, Elman Rüstəmovla görüşsün, haqq-hesab eləsinlər. Binanı da təhvil versin, kostyumunu çiyninə atıb oradan çıxsın. Onunla da görüşə bilməsə Aftandil müəllimin yanına gedin, bütün sənədləri ona təqdim edin, nə qədər də borcunuz var, silsinlər…» Bunu eşidəndən sonra artıq biz məsələnin nə yerdə olduğunun fərqinə vardıq. Başa düşdük ki, söhbət kreditlərin qaytarılmasından yox, məhz A.M.A.Y.-ın binasının ələ keçirilməsindən gedir. A.M.A.Y.-ın binası «Texnikabank»dan götürülən kreditlər hesabına başa gəlməyib ki? Ora tək banklardan alınan kreditlər hesabına tikilməyib ki? 34 firma üst-üstə «Texnikabank»dan 18 milyon manat kredit götürüb. Amma faizlərin bu günə qədər davam etməsi səbəbindən həmin məbləğin üzərinə 25 milyon manat faiz gəlib. Ümumilikdə bizim banka son rəqəmlərə görə borcumuz 53 milyon manata çatdırılıb. A.M.A.Y. Ticarət Mərkəzinin ərsəyə gəlməsi isə 1 milyard manata yaxın məbləğə başa gəlib. Çox iş adamları, biznes strukturları bu Ticarət Mərkəzinin ərsəyə gəlməsi üçün xərc töküblər. Bəs onların kapitalı nə olacaq? Mən «Xural» qəzetində bu məsələ ilə bağlı yazılan bütün məlumatların tam düzgün olduğunu bir daha bildirir, təsdiq edirəm. Orada yanlış olan bir cümlə də yoxdur.

Şəfayət Həsən

«Leqal Biznes» MMC-nin direktoru:

– 2009-cu ilin dekabrında qanunlar çərçvəsində firmamız «Texnikabank»a kredit almaq üçün müraciət edib. İki gündən sonra mənim adıma 2 miylon 500 min pul sənədləşdirilib. Amma həmin puldan mənə bir qəpik də olsun verilmədi. Niyə? A.M.A.Y.-a 18 milyon manat kredit vermək üçün «Texnikabank» təklif etdi ki, ayrı-ayrı şirkətlər yaradılsın, onların adına pul sənədləşdirilsin və girovlara silinsin. Həmin pulu da faizlərə, girovlara siliblər. Bundan az müddət keçəndən sonra, yəni 2010-cu ilin fevralında bank hüquq-mühafizə orqanlarındakı havadarlarına müraciət edir ki, bu firmalar bizdən kredit alıblar və pulları qaytarmırlar. Həmin siyahıda mənim adım da var. 2010-cu ilin avqustunda məni idarəyə çağırdılar. Müqavilə müddəti bir il olduğu halda bu müddət başa çatmamış üzərimizə təzyiqlər başladı. Sözün düzü, bir insan kimi orada çalışan insanlar haqda gileyim yoxdur. Onlar da mənim kimi insandırlar. Buradan bir anlama gəlmək olar ki, A.M.A.Y. kiminsə sifarişinə məruz qalıb.

Başa düşə bilmirəm, prezident çıxış edir və deyir ki, Azərbaycanda fəaliyyət göstərən iş adamlarına münbit şərait yaradın, sıxmayın, qoyun iş yerləri açsınlar və əhalini işlə təmin etsinlər. Amma bəziləri prezidentin bu tövsiylərinə qulaq asmaq istəmirlər. Bu oyunlar təkcə bizim başımıza gətirilmir, bu korrupsionerlər şəxsi maraqları naminə bütün dövləti uçuruma aparır, iqtidarın təməlinə ciddi zərbə vururlar. Bir haşiyəyə çıxım: İran inqilabı dövründə Şahla Xomeyninin hakimiyyət davasında silahlılar bir nəfəri tuturlar. Soruşurlar ki, sən kimin tərəfindəsən – Şahın, yoxsa Xomeyninin? Bu adam qorxur hansınınsa adını çəkməyə, çünki silahlıların da kimə xidmət etdiyini bilmir. Əlacsız qalıb deyir ki, mən avarayam. İndi qardaş, gerçəkdən insanları avara qoymaq nəyə lazımdır? Hər bir vətəndaş haq və ədalətin olduğu yerə sığınır. Mən balamı da dövlətimin var olması yolunda qurban verməyə hazır olan adamlardanam. Mən bu qədər haqq-hesabdan sonra qəbul edə bilmirəm ki, dövlətin başında duranlar bu qədər haqsızlığın ayaq açmasına rəvac verə bilərlər. Biz sonadək haqqımızı tələb etməkdə qərarlıyıq. Heç bir zaman istəmərik ki, haqqımızı xaricdə, hansısa beynəlxalq təşkilatın əli ilə həll edək. Biz öz Vətənimizdə bu məsələnin haqq yolla həll olunacağına inanırıq. Halbuki dəfələrlə bizə müraciət olunub ki, bu məsələni Avropa Məhkəməsinə qədər aparaq. Amma hesab edirik ki, bu məsələdən prezidentimiz xəbərsizdir.

Mənim banka 2 milyon manat borcum var. Tutaq ki, lap «Texnikabank» mənə həmin pulu verib və mən də ondan sonra yıxılıb ölmüşəm. O zaman bank pulu kimdən alacaq? Əlbəttə, götürdüyüm kreditin müqabiləndə qoyduğum girovdan… Budur da təminat. Qardaş, girov qoymuşuq, satın, pulunuzu götürün. Daha haqqımızda cinayət işini niyə açırsınız, niyə süni şəkildə faizləri qaldırıb, digər əmlakımızın üzərinə həbs qoyursunuz? Abdulla Abdullayevi dünyanın biznes dairəsi çox gözəl tanıyır. Bəs onlar A.M.A.Y.-ın başına gətirilən oyunları görəndən sonra Azərbaycana sərmayə qoyarlarmı? Əlbəttə, yox. Deyəcəklər ki, əgər bunlar özlərininkinə bu cür münasibət bəsləyirlərsə, gör indi bizim başımıza nə oyun açarlar. Bu tək A.M.A.Y.-a və yaxud A.Abdullayevə qarşı hazırlanmış təxribat deyil, birbaşa hakimiyyətin özünə qarşı hazırlanmış təxribatdır.

Azərbaycanda cinayətkarlıq baş alıb gedir. Hər gün intihar adı altında nə qədər insanın həyatına son qoyulur. Nə qədər insan təzyiq və təhdidlərdən ürəyini tutub dünyasını dəyişir. Narkotika, insan alverinin qarşısını bu gün də ala bilmirlər. Hər il narkomanların sayı artır. Soruşan da yoxdur ki, yaxşı, hansısa tədbirləri görmüsünüzsə, bu narkotikaya əl atan adam həmin maddələri haradan tapıb istifadə edir? Bakıdan kənara çox da çıxmaq lazım deyil. Bakı-Sumqayıt yolunun kənarında kafe-restoran, sauna adı altında saysız-hesabsız fahişə ocaqları var, hara gedirsən rüşvətsiz iş görmürlər. Səhiyyəsindən tutmuş təhsilinə qədər, hərbi komissariatından tutmuş Mənzil İstismar İdarələrinə qədər rüşvətsiz arayış belə vermirlər. Prokuratura iş axtarırsa, buyursun, bütün bu işlər onun səlahiyyətlərinə daxildir. Əgər gerçəkdən dövləti və dövlətçiliyi istəyən adamlardılarsa, hünərləri çatırsa, həqiqi cinayətkarlığın qarşısını alsınlar. Hələ bu günə qədər evimə haram çörək aparmamışam. Öz zəhmətimlə iş qurmuşam, çörək qazanmışam. Əgər bu gün mənim hansısa bir sahədə nailiyyətim varsa, bundan tək mən yox, dövlətim də xeyir götürür. Eləcə də A.Abdullayev… Heç bir səbəb, hüquq pozuntusu, cinayət olmadan insanlarımızı həbsə atıblar. Onların iş fəaliyyətinə, imicinə ciddi ziyan vurub, həm maddi, həm də mənəvi uçuruma yuvarladıblar. Dəfələrlə Abdulla müəllim qeyd edib ki, günahsız insanları həbsə atmaq qanunsuzluqdur, onlar həbsdən azad olunmalıdırlar. Əgər qoyduğumuz girovlar sizin təyin etdiyiniz yüksək faiz müqabilində azdırsa, bu məsələni də danışa bilərik. Bundan artıq hansı kompromisə getmək olar? Bizə şərait yaradın, mal-mülkümüzü girovdan azad eləyin, süni faiz artımını dayandırın, söhbət kreditlərin qaytarılmasından gedirsə, onları sataq, verək, işləyək, qaytaraq. Axı biz kreditləri qaytarmaqdan imtina etmirik. Belə başa düşürəm ki, bütün bunlar birbaşa Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycan hakimiyyətinin düşmənləri tərəfindən həyata keçirilir. Buna da biz imkan verməyəcəyik. Şəxsən prezidentin özünə çatana qədər aksiyalarımızı davam etdirəcəyik. Bu cür məmurlar heç bir zaman prezidentin səlahiyyətlərindən artığını öz üzərlərinə götürməməlidirlər. Bunlar isə iş adamlarının gözünü qorxudurlar – həbslərlə, müflisləşdirməklə… «Texnikabank» 1 il əvvəl 18 milyon manat kredit verib, bu gün 63 milyon tələb edir. Dünya təcrübəsində belə bir şey yoxdur ki, ölkənin iqtisadi potensialını artırmaq, biznes strukturlarını inkişaf etdirmək üçün verilən kredit, faizin 3/1-ni təşkil etsin. Və bu faizlər artmaqda davam edir…

Mən özümü cəmiyyətin fəal üzvlərindən sayıram və hər zaman da geridə qalmamağa çalışıram. Yaxşı əməlləri qəbul edib pisləri silən adamam. Bir daha qeyd edirəm, «Texnikabank»ın mövcudluğu artıq Azərbaycanın iş dünyasını inkişafdan saxlamağa xidmət edir. Biz bu bankın digər şirkətlərin, hətta insanların belə başına gətirdiyi oyunlardan xəbərdarıq. Yəni biz tək deyilik.

V.Mehdiyev:

– Firmaların adından istifadə edərək pulu əvəzləmə edirlər. Əgər vaxtında Şəfayət müəllimə ayrılan pul bizə çatsaydı, biz də tikintidə qalan yarımçıq işləri tamamlayardıq. Bundan əlavə, «Texnikabank» bizi cinayətkarlıqda və dələduzluqda ittiham edir. Şəxsən Etibar Əliyevə sual vermək istəyirəm ki, mən yox, hər hansı bir vətəndaş təminatsız rəhbərlik etdiyi bankdan min manat ala bilər, yoxsa yox? Heç bir zaman ala bilməz. Bank götürdüyü girovu verdiyi kreditin ən az üç misli qədər qiymətdə qəbul edir ki, sabah problem yarananda faizlərini də ondan əldə edə bilsin. Biz də girovlarımızı qoyub kredit götürmüşük. İndi də həmin krediti istifadə edib qurtarmamış, artıqlaması ilə faizi kürəyimizə yükləmisiniz, hələ bir digər əmlaklarımız üzərinə də həbs qoymusunuz. İndi də deyirsiniz ki, pulları ödəyin. Hansı pula bu kreditləri ödəyək? Cinayətkar və dələduz kimdir – biz, yoxsa onlar?

Razi Abasbəyli

Müstəqil iqtisadçı-jurnalist:

– Mən istər A.M.A.Y.-ın, istərsə də «Texnikabank»ın bu məsələ ilə əlaqədar yaydığı bəyanatlarla tanışam. Azərbaycanın bank sektorunda problemli kreditlər kredit portfelində 2008-ci ilin II rübündən etibarən artmağa başlayıb. Bu da dünyada baş verən iqtisadi böhranla bağlı təbii olaraq yaranmış bir proses idi. 2008-ci ildən sonra 2009-cu ilin I rübünə olan rəsmi məlumatlara görə bank sektorunda problemli kreditlər portfelin ümumilikdə 32-33 faizini təşkil edir. Bu da kifayət qədər əhəmiyyətli bir rəqəmdir. Onlar da bu tipli kreditlərdir. Amma mən qeyd edə bilərəm, çıxışlardan da eşitdim, prosesi də izləmişəm və «Texnikabank»ın da açıqlamalarından xəbərdaram, o baxımdan bir daha qeyd edirəm ki, bu məsələ ilə bağlı ortada olan kreditlər problemli kreditlər hesab oluna bilməz. Yəni problemli kreditlər siyahısına daxil edilə bilməz. Çünki krediti verən və onu alan tərəf müqavilə imzalayıb və ortada belə bir müqavilənin olmasına baxmayaraq, krediti verən bank, müqavilədə imzası olan qarşı tərəfin heç bir marağını nəzərə almadan, müqavilənin şərtlərini pozaraq Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib. Əslində, tərəflər arasında bağlanmış müqavilədə əlavə edilən əsas maddələrdən biri də budur ki, kredit götürən tərəf krediti qaytara bilmədikdə hansısa göstərilən məbləğdə faizin hesablanmasına və qoyduğu girovun satışa çıxarılmasına etiraz etmir, bununla yanaşı, əgər kredit götürənin qoyduğu girov satışa çıxarılacaqsa, o zaman da «Satınalmalar haqqında» AR-ın müvafiq qanununun 29 və 31-ci maddələrində bu konkret olaraq göstərilir. Qoyulan girovların üzərində məhkəmə qərarı ilə həbs qoyula da bilər, qoyulmaya da bilər. Hətta qoyulsa belə bu problem yaratmır. «Satınamalar haqda Qanun»a uyğun olaraq həmin girov hərraca çıxarılır və qəzetlərdə rəsmi elanlar verilir ki, filan saylı hərracda lot üzrə əmlak satışa çıxarılır və onun satışından əldə edilən pul müqabilində kredit ödənilir, qalan hissəsi də əmlak sahibinin özünə qaytarılır. Bu yenə də həmin mülkiyyətçi hüququ olan vətəndaşın razılığı ilə həyata keçirilir. Əgər vətəndaş bununla razılaşmırsa, o zaman cinayət işinin açılması mərhələsi başlaya bilər. Bu da məsələnin iqtisadi-hüquqi tərəfidir. Amma bu məsələni araşdırarkən açıq-aydın görünür ki, zərərçəkmiş tərəf kreditlərin qaytarılması ilə bağlı əmlaklarının kreditlə əvəzlənməsinə etiraz etmir. Yəni bu proses qanunauyğun şəkildə həyata keçirilə bilər və hansısa cinayət işinin açılmasından söhbət belə gedə bilməz. Ümumi görünüşdən isə belə hesab etmək olar ki, ortada bir siyasi qərar var – konkret olaraq A.M.A.Y. şirkəti ilə bağlı bir qərar. Söhbət kiçik törəmə şirkətlər və yaxud mülkiyyət hüququ olan əmlak, payçı şirkətləri hədəfə alıb, əsas hədəfi təzyiq altında saxlamaq, bunun qarşılığında da böyük kapital əldə etməkdən gedir. Azərbaycan vətəndaşları, hər kəs çox gözəl bilir ki, A.M.A.Y.-ın inzibati binası və yaxud da Ticarət Binası hər halda «Texnikabank»dan götürülən kreditlərdən – hətta faizlər şişirdilsə də – dəyərlidir və bunun qarşılığında bir bank rəhbəri siyasi bəyanat verib həmin əmlakı istəyirsə, deməli, ortada siyasi bir qərar var. Çox təəssüf ki, Azərbaycan hakimiyyətinin ən yüksək dairələrindən verilmiş bir qərardır. Çox istərdim, burada bir rəqəm açıqlansın, ümumi statistik bir rəqəm ortaya qoyulsun ki, 34 şirkətdə bütünlükdə «Texnikabank»ın vurduğu  ziyan nə qədərdir? Həmçinin də 34 şirkətdə çalışan insanların sayı neçə nəfərə çatır? Əgər bu iş yerləri 5 mindən artıqdırsa, demək, bu sayda vətəndaş öz iş yerlərini itirməklə hökumətə əlavə olaraq 5 mindən artıq işsiz vətəndaşın problemini yükləmiş olur. Özəl sektorda bu rəqəm kifayət qədər əhəmiyyətli bir göstəricidir. Bilirsiniz ki, dövlət sektorundan fərqli olaraq özəl sektorda dövlətin himayəsi olmaya-olmaya, əksinə, basqısı altında 5 minə yaxın iş yeri açmaq çox böyük göstəricidir. Bir şeyi də əlavə etmək istərdim. Bu məsələdə təbii olaraq tərəf nümayiş etdirmək istəmirəm, çünki ən azından qarşı tərəfin nümayəndəsi burada iştirak etmir. Amma özümün apardığım özəl araşdırmalar nəticəsində məlum olub ki, «Texnikabank» əslində Azərbaycanın bank sektorunda sahibkarlığa yardım göstərəcək bir addım belə atmayıb. Yəni ilkin bu görüntü olsa da, nəticədə həmin sahibkarların müflisləşmə faktı var. 1993-cu ildə yaradılmış bu bank həmin ildə Azərbaycanda yaradılan 13 bankdan qalan yeganə banklardan biridir. Onun yaranması və bu günə qədər olan fəaliyyətini araşdırdıq. Çətinliklə də olsa bankın problemli kreditlər siyahısı ilə tanış olduq. Onların əksəriyyətində bank bu və ya digər bizə bəlli olmayan təzyiq vasitələrindən istifadə edib. Bank indiyədək 27 iri sahibkarlıq subyektini çökdürüb. Təxminən 81 orta və kiçik sahibkarlıq subyekti müflisləşdirilib. Bu da faktdır ki, həmin subyektlər birbaşa «Texnikabank»ın tərəfdaşı olandan sonra müflisləşməyə başlayıblar. Həmin şirkətlərin fəaliyyətini araşdırdıq və məlum oldu ki, onlar «Texnikabank»ın tərəfdaşı olana qədər yüksələn xətlə inkişafda olublar və göstəricilər də çox rentabelli olub. Həmin şirkətlərin auditə, vergi orqanlarına təqdim etdikləri hesabatlarda rentabellik yüksələn xətt üzrə davam edir, lakin «Texnikabank»la müqavilə imzalanıb, müəyyən məqsədlər üçün kredit götürüləndən sonra müxtəlif səbəblərdən kreditin qaytarılmaması problemi yaranır və həmin şirkət ümumiyyətlə sıradan çıxarılır.

Mən A.M.A.Y.-la və bu şirkətlərlə bağlı bir söz deməkdə çətinlik çəkə bilərəm. Çünki iş olan yerdə, özü də böyük işlər aparılan yerlərdə nöqsanlar da yox deyil. İş olan yerdə problem və qüsurlar da mövcuddur. Amma tərəf olmamaq şərtilə tam obyektiv və tam məsuliyyətli olaraq bildirirəm ki, burada «Texnikabank»ın iradəsindən də yüksəkdə duran siyasi bir göstəriş var. Və çox təəssüf ki, belə bir sifariş Azərbaycanın bank sektorunda belə bir nəhəng bank tərəfindən həyata keçirilir.

Ş.Həsən:

– Bankın gücünə baxın ki, cəmi bir gün içində A.M.A.Y.-a məxsus «Birlikbank»ın lisenziyasını ləğv etdirdi. Bu yaxınlarda dəqiqləşdirmə apardım və məlum oldu ki, «Texnikabank» öz havadarlarının dəstəyi ilə heç bir yoxlama aparılmadan, xəbərdarlıq etmədən bir neçə saat içində «Birlikbank»ın lisenziyasını ləğv etdirdi. Demək istədiyim odur ki, əgər «Texnikabank»ın və onun havadarlarının qarşısı vaxtında alınmasa, onlar bu üsullardan istifadə edərək insanları müflisləşdirib intihar həddinə çatdıracaqlar. Əslində, «Birlikbank»ın nizamnamə kapitalı digər banklardan bir neçə dəfə artıq idi və heç bir halda onun lisenziyasının əlindən alınması üçün səbəb yox idi.

A.Əliyev:

– Cənab prezident şəxsən A.M.A.Y. Ticarət Mərkəzinin açılışında iştirak edib. «Texnikabank» krediti A.M.A.Y. Ticarət Mərkəzinin son tamamlanma işləri üçün verib. Yəni «Texnikabank»dan aldığımız kredit A.M.A.Y. TM-in lap cüzi xərcləri üçün istifadə olunub. İndi necə demək olar ki, «Abdulla bir kostyumunu götürüb A.M.A.Y.-ı tərk eləsin»?

– A.M.A.Y.-ın əsl dəyəri nə qədərdir?

– Bu günkü qiymətlərlə 1 milyard manata yaxındır. Yəni «Texnikabank» 60 milyon manatlıq – şişirdilmiş kreditlərlə bir yerdə – borcun müqabilində 1 milyarda yaxın dəyəri olan obyekti ələ keçirmək istəyir. 60 milyon manat da deyil…

– Bank hər hansı rentabelli şirkət üçün kredit verirsə və sonradan onun müflisləşməsinə səbəb olursa, onun fəaliyyətində cinayət tərkibi var, yoxsa yox?

R.Abasbəyli:

– İstər hüquqi, istərsə də iqtiisadi aspektdən baxdıqda «Texnikabank»ın bu gün qarşıya qoyduğu tələblər heç bir qanuna uyğun gəlmir. Çünki banklar iqtisadi subyektlərin inkişafı proyektlərinin birbaşa iştirakçısına çevrilmək istəyirlərsə, dövlətin irəli sürdüyü bəzi şərtlərə də əməl etməlidirlər, məsələn, güzəştli kreditlər kimi. Lakin bu hadisədən görünür ki, məqsəd A.M.A.Y.-a kredit vermək yox, bu yolla onu tələyə salma qolub. Yəni xırda işlərin bitməsi üçün götürülən kredit sonradan ildırım sürətilə, yüksək faizlərin hesabına süni olaraq artırılır və şirkət fakt qarşısında qoyulur. Bank qarşısına qoyduğu məqsəd üzrə hərəkət edir – şirkətə kredit verir, 3 qat müqabilində girov götürür, sonradan faizləri artırır və o həddə çatdırır ki, borc real krediti bir neçə dəfə üstələyir və kredit alan tərəf təbii olaraq bu borcu qaytarmaq iqtidarında olmur. Nəticədə şirkət tələyə düşür və bank qarşısına qoyduğu məqsədə çatmaq üçün ikinci mərhələyə keçir və hüquq-mühafizə orqanlarına müraciət edərək, heç bir səbəb olmadan şirkət haqqında cinayət işinin qaldırılmasına nail olur. Bu zaman bankın fəliyyəti tam araşdırılmır, çünki bank şikayətedən, yəni zərərçəkən tərəf kimi haqqının «qorunmasını» tələb edir.

A.Əliyev:

– «Texnikabank»la ümumi razılıq əsasında müqavilə bağladıq və şərtlərini qəbul etdik. Biz kreditləri alandan sonra dünyada iqtisadi böhran başladı. Halbuki 150 xarici şirkətlə müqavilələr imzalamışdıq. Çünki arxayın idik ki, Ticarət Mərkəzinin kondisioner sistemi işə düşəcək və Mərkəz iş qabiliyyətində olacaq. Lakin «Texnikabank» əldə etdiyimiz razılıq əsasında bizə qalan pulu ödəməkdən imtina etdi və bizim də qurtarma işlərimiz yarımçıq qaldı. Bizim işimiz ticarətlə bağlıdır. Böhran da ticarətin qol-qanadını bağlayır. «Yağmadı yağış, bitmədi qamış»… Nə etməli? Bu zaman əgər «Texnikabank» həqiqətən də kreditlərin qaytarılmasında maraqlı idisə, həmin vəsaiti əldə etmək üçün girovlara yönəlməli idi. Onlar girovları qanuni yolla hərraca çıxarıb, satmalı və onlara olan borcumuzu qapamalı idilər. Onlar isə bunu etmədilər. «Texnikabank» A.M.A.Y-a verəcəyi növbəti kreditləri dayandırandan sonra ikinci addım kimi girovları hərraca çıxarmadığı üçün həmin vaxtdan bu günə qədər bizim üzərimizə qoyulan faizlərin heç birini ödəməli deyilik. Çünki bu məsələdə günah «Texnibank»ın özündə olub. Əgər onun həqiqətən də planlı məqsədi olmamışdısa, bunu elə ilk kredit ilində də həyata keçirib, problemi həll edə bilərdik. Halbuki bank bizə heç bir xəbərdarlıq etmədən bir mərhələdən digərinə keçirdi, özü də qanunsuz. Yəni əvvəldən hazırlanmış bir ssenari olub ki, Ticarət Mərkəzi A.Abdullayevin əlindən alınsın.

R.Abbasbəyli:

– Burada maraqlı bir nüans var. Bayaqdan fikir verirəm ki, bu məsələdə təxminən 4-5 firma var ki, «Texnikabank» guya onlara 1-2 milyon manatlıq kredit ayırıb və bu pulu da ödəmədən guya başqa firmaların borclarına siliblər. Bu birmənalı olaraq bank sistemində qəbul edilməz bir məsələdir. Birmənalı olaraq qanunla yolverilməzdir. Əgər bir firma bankdan kredit götürürsə və bu, onun adına sənədləşdirilirsə, ona verilən kredit hansısa başqa bir firmanın borclarının bağlamaq üçün istifadə oluna bilməz. Mənim borcuma görə sənin götürdüyün krediti bank verməyə bilməz. Çünki bu əməliyyatı həyata keçirən zaman bank müqavilə imzalayır və hər iki tərəf də ona imza atır. Bank birmənalı olaraq həmin vəsaiti həmin firmanın özünə verməlidir. Əgər belə olmayıbsa, bu ciddi şəkildə qanun pozuntusu hesab olunmalıdır.

Hazırladı:

XuralTAC

“Xural” qəzeti,

Il: 9, sayı: 019(429), 15-21 may 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button