“61 manat müavinət quru çörək almağa çatmır”

Əlil ana-bala ölkə başçısına müraciət edib: “Acından gəbəririk…”

“Yaşadığımız ağır və dözülməz vəziyyətlə bağlı dəfələrlə Cəlilabad Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Buna baxmayaraq müraciətimizə hər dəfə eyni cavab verilib – “gözləyin, icra başçısı sizi qəbul edəcək”. Amma hələ də başçı bizi qəbul edib, dərdimizi dinləməyib. Dözülməz durumumuzla bağlı, cənab prezident, sizə müraciət etsək də, yenə də bizə köməklik olmadı”.

Bunu Xural.com saytı vasitəsilə prezidentə müraciət edən Nuriyev Faba Ovezovic yazıb. Cəlilabad rayonu Səməd Vurğun küçəsi Qaz İdarəsinin binasında məskunlaşdığını deyən Faba Nuriyev həm özünün, həm də anasının 2-ci qrup əlil olduğunu, əlilliyə görə hər ay aldıqları 61 manat müavinətin quru çörək almağa çatmadığını bildirir

Onun sözlərinə görə, ağır vəziyyətləri ilə bağlı I vitse-prezident Mehriban Əliyevaya və digər instansiyalara müraciət esələr də, heç bir reaksiya verilməyib. “Cənab prezident, mən hazırda qaz idarəsinin binasında çox ağır vəziyyətdə qalmışam. Aclıqdan, səfalətdən burada gəbərirəm. Siz müşavirələrdə məmurlara xəbərdarlıq etsəniz də, yerli məmurlar sizin xəbərdarlıqlara məhəl qoymurlar. Axı bizim də şəxsiyyət vəsiqəmizdə milliyətimiz “azərbaycanlıdır” yazılıb.

Nə edək, necə edək ki, yaşaya bilək, onu anlamıram. AzTV, Xəzər TV hər gün bar-bar bağırır ki, Azərbaycanda yaşayış gözəldi. Amma biz ac-yalavac qalmışıq ana-bala damın altında. Ac vəziyyətdə rayon idarələrinin qapıları ağzında sürünürük. Məmurlar bizi saymır, öz qohum-əqrabalarını ətraflarına toplayıb, insanlara zülm etməklə məşğuldurlar. Burda təqsirkar kimdir, cənab prezident? Nə edək, özümüzü qatarın altına atıb öldürəkmi? Axı biz özümüz arzulamamışıq ki əlil olaq, belə bir həyat yaşayaq?” – deyə şikayətçi bildirir.

Nuriyev ölkə başçısının onun səsinə səs verərək, problemini həll edəcəyinə ümid ediyini bildirir.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button