Namaz qılan Elçibəy, “bronjlet” və üç gilə siqaret-KƏLƏKİDƏN REPORTAJ

Kulis.az Mirmehdi Ağaoğlunun mərhum prezident Əbülfəz Elçibəyin doğulduğu Kələki kəndindən reportajı təqdim edir.

Tarixə şahidlik edən kənd

Azərbaycanın elə kəndləri var ki, onlar tariximizdə misilsiz rola malikdirlər və üstündən əsrlər keçsə də adları əbədi yaşayacaq. Birini deyim: Suqovuşan. Deyilənə görə, Nadir özünü məhz Sabirabadın bu kəndində, Kürlə Arazın qovuşduğu yerdə şah elan edibmiş – 1736-cı ildə. Və eşitdiyim qədəri ilə nənəmin ulu babasına Nadir şah elə həmin mərasimdə bəy titulu veribmiş.

Ancaq biz bu gün nə Suqovuşandan, nə də mənim bəy babalarımdan bəhs edəcəyik. Tamam başqa kənddən və başqa bəydən danışacağıq – Böyük Bəydən, Elçibəydən.

Beləliklə, yolumuz Elçibəyin anadan olduğu və müasir Azərbaycan tarixinin ən kritik məqamlarına şahidlik etmiş Kələki kəndinədir. Sabah (24 iyun) burada Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri, mərhum prezident Əbülfəz Elçibəyin anadan olmasının 80 illiyi münasibəti ilə yubiley mərasimi keçiriləcək.

Necə deyərlər, yolçu yolda gərək…

***

Bizi – yəni bəndənizi və fotoqraf dostumuz Orxan Əzimi Naxçıvan hava limanında taksi şoferi İlqar qarşılayır. Vaxt itirmədən maşına əyləşib, yollanırıq Ordubadın Kələki kəndinə. Zarafat deyil, bir saat yarımlıq yoldur. Sürücümüz İlqar uzun yolu qısaltmaq niyyətindədir: “Sağ tərəfdəki Nehrəm kəndidir – Mirzə Cəlilin kəndi, soldakı İlandağdır, o gördüyünüz isə İlahi dağdır. Deyilənə görə Nuhun gəmisi əvvəl o dağa çırpılıb, sonra gedib Ağrıdağda dayanıb, qarşıdakı dağların o üzü Ermənistandır”.

– Ermənilərdən azad etdiyimiz Günnüt kəndi də o tərəfdədir? – Mən soruşuram.

– Yox, o qaldı arxada  – şoferimiz deyir, – iki gün əvvəl yenə bir kənd alıblar.

Şoferimizin adını elə-belə çəkmədim. Bəy Kələkiyə qayıdandan sonra ailəsinin şəxsi şoferi olubmuş: “Onda türklərlə bir şirkətdə işləyirdim, zəng eləyib deyən kimi harasa getmək lazımdır, dərhal işi buraxıb gəlirdim dallarınca. Mənim üçün böyük fəxr idi”.

Bu da Kələkiyə çatdığımızı göstərən yol nişanı. Maşınımız dar yollarla dağların qoynuna sığınmış evlərin yanlarından sivişib keçdikcə mən bu kəndlə bağlı xatirələrini eşitdiyim dostlarımı yada salıram: rəhmətlik Elçin Səlcuqu, Səbuhi Məmmədlini, rejissor Tahir Tahiroviçi… Sevinirəm ki, mənim də bundan sonra Səbuhi və Tahirə Kələki barədə danışmağa xatirəm olacaq.

Aha, bu da Çingiz Özgür, necə deyərlər öz şəxsi personası, cüssəli bədəni ilə. Biz orda görüşüb, çantalarımızı yerbəyer edənə kimi tanıyıb-bilməyənlər üçün deyim ki, Çingiz Özgür bəyin həm qohumu, həm silahdaşı, həm də mənəvi qızının həyat yoldaşıdır. Üstəlik bu tədbirin təşkilatçılarından biridir və bizi bura dəvət edən də məhz odur.

Yerbəyer olandan sonra kənd meydanına çıxırıq. Orxan silahını – fotoaparatını çiynində hazır tutub, birdən nişangaha gələn kadr olar. Bu da sənə kadr: Cavanlar meydanın girişini Azərbaycan bayraqları ilə bəzəyirlər. Ərturqut da aralarındadır… Bəyin oğlu… Özünü elə aparır, sanki Elçibəyin oğlu deyil. Orda qaldığımız günlər boyu onun təvazökarlığını çox görəcəyik. Tədbirdə də özünü çox hiss etdirməyəcək. Başqası Elçibəyin oğlu olduğuna görə nələr etməzdi? O, isə özünü gözə soxmur, nə çıxış edir, nə də oynayanlara qoşulur, dostları ilə kənarda dayanıb söhbətləşir.

Bu da bəyin qardaşı Murad bəyin evi. Elçibəy Kələkiyə qayıdandan sonra birinci bura, qardaşının evinə gəlmiş, sonra dədə evinə keçibmiş. İndi bu evdə Murad bəyin oğulları Bünyadla Cocu yaşayır. Sabahkı mərasim də bu həyətdə olacaq.

Bəyin Conson deyə çağırdığı adam

Əsl adı Ədalət olsa da hamı onu Cocu kimi tanıyır. Bu ayamanı da ona bəy verib: “Misirdən təzə qayıtmışdı. Mən sarı, qıvrımsaç uşaq idim. Dedi ki, böyüyəndə kim olassan?

– Padşah, – dedim.

– Padşah nədir?

– Əmr eliyəcəm ki, Bünyadla Saməddini (qardaşları – red.) assınlar.

Güldü, dedi, niyə? Dedim, məni döyürlər, ona görə. Dedi, əsl Consonsan. Conson da Amerikada prezident idi. Beləcə adım qaldı Conson. Bəy həmişə mənə Conson deyərdi, Cocu deməzdi. Cocunu kənd camaatı deyib”.

Özünün dediyinə görə hərəkat başlayan gündən bəyin yanında olub: “Evin bütün işlərinə gedirdim. Bəy prezident olandan sonra da yanında olmuşam. Zağulbada qalırdıq. Məni kondisioner ustası kimi “oformit” eləmişdilər. Hər yerdə onu müşayiət edərdim. Bircə Finlandiya səfərində yanında olmadım, xarici pasportum yox idi.”

Cocunun yaddaşı çox güclüdür. Canlı tarixdir. Bəyin həyatını araşdıranlar tez-tez ondan məsləhət alırlar. Bəylə bağlı heç bir görüşü unutmayıb: “Adam var, qalstukunun rənginə qədər yadımdadır”. – Cocu deyir.

– Olar şəklinizi çəkim? – Orxandır.

– Çəkmək asandı, çıxarıb gətirən yoxdu. – Firuzə xala gülə-gülə deyir. Bəyin qardaşı arvadı… Orxan bu, yaşlı, gülərüz kənd qadınının şəklini çəkmək istəyir. Firuzə xala bu dəfə səsinə bir qədər ciddiyyət qataraq davam edir:

– O vaxt Təbrizdən gəlmişdilər bəylə görüşə. Bizim də şəklimizi çəkdilər, dedilər, çıxarıb göndərəcəyik.

Amma o gedən gedirlər, çıxarıb gətirən olmur. – Firuzə xala şikayətlənir. Çingizsə xalanı əmin etməyə çalışır:

– Orxan sən deyən fotoqraflardan deyil, şəklini çıxarıb göndərəcək. – Çingiz Firuzə xalanı razı salıb bizi səsləyir:

Çingiz qabaqda, biz də arxasınca ağacların arası ilə həyətin dərinliklərinə doğru irəliləyirik. Nəhəng tut ağaclarının kölgələdiyi bağda bəyin təsvirləri olan iri plakatlar asılıb, masalar qoyulub.

– Yubiley sabah burda keçiriləcək – Çingizdir. – Bu yer təsadüfi seçilməyib. Düz qırx il əvvəl bəyin toyu bax bu yerdə olub. Aşağıdan böyük çay axır, bəy bu yerləri qarış-qarış gəzib. Arxamca gəlin.

Kələkidəki geoloqlar

Kəmər kimi dağ yamacına dolana-dolana sallanan gümüşü çaya tamaşa edirik. Orxan fürsəti əldən vermək istəmir, bu gözəlliyi əbədiləşdirmək üçün çayın belindən aşan taxta körpüyə dırmanır, obyektivi istədiyi rakursda tutmaq üçün xeyli əziyyət çəksə də üzü gülür. Demək, gözəl nəticə ilə qayıdır. Kamerasının monitorunu bizə göstərib “əsər”i ilə qürrələnir. Zarafatla:

– Azərbaycanda belə foto çəkən var?

Çingiz:

– Yaratmısan!

Mən:

– Bizi lap 90-cı illərə apardın. Yadınızdadır, üstündə çay, şəlalə təsvirləri olan Kitayski posterlər vardı, hara getsən qabağına çıxırdı. Bax, onlara oxşadı.

Dostlar mənim fikrimlə razılaşır.

Çingiz çayın bir qədər aşağısında, Kələki üçün olduqca dəbdəbəli sayılan bir tikili göstərir: “Bura geoloqların idarəsi idi. Bax, gördüyünüz bu dağlar var ha, qızıl yataqları ilə doludur, dünyanın heç bir yerində burdakı qədər qızıl yatağı yoxdur. Sovet dövründə bura geoloji kəşfiyyat qrupları çox gələrdilər. Bu dağlarda nə qədər quyular, dəliklər var, hamısı qazıntı aparan o kəşfiyyat qruplarının yadigarıdır. Bəy Kələkiyə gələndən sonra bu binadan rezidensiya kimi istifadə edilməyə başladı. Bütün rəsmi görüşlər burada keçirilir, gələn qonaqların əksəriyyəti burada qarşılanırdı. İndi bu ərazini kimsə alıb bax belə dəbdəbəli bir mülk tikib”.

Çingiz danışdıqca öz-özümə düşünürəm: Elçibəyin də işi xalqın mənəviyyat “dağ”larında qazıntı aparmaq, onun “qızıl yataqlarını”, mənəvi sərvətini tapıb üzə çıxarmaq, özünə qaytarmaq deyildimi? Bu baxımdan onu mənəviyyat geoloqu adlandırmaq yerinə düşərdi – rezidensiyaya çevrilmiş geologiya idarəsi ilə bəyin fəaliyyəti arasında müqayisələr aparıram.

Elçibəylə şəkil çəkdirə bilməyən dostu

Yenidən tədbir yerinə qayıtmışıq. Xeyli adam var. Sabahkı şölən barədə danışan kim, bəy haqqında xatirələrini bölüşən kim. Bəs bu yaşlı kişi kimdir görəsən? Siqaret tutmuş əlini çənəsinə dayaq edib uzaqlara baxır. O uzaqlara ki, orda bəylə bağlı minlərlə xatirəsi var. Orxan bu məqamı qaçırtmaq istəmir. Elə qarşısında dayandığı anda kişi bayaqkı şairanə pozasını pozur.

Orxan:

– Dayı sən bayaqkı kimi dayan.

– A bala, neynirsən, mənim şəklimi çəkib? – Amma ona danışmağa imkan vermirlər, yerbəyerdən üstünə “güllələr” açılır:

– Sənin nə işinə, necə deyir, elə dayan də.

Şəmil dayıdır, bəyin cavanlıq dostu. “Bəylə neçə il dostluq elədik, bir şəklimiz də olmadı.” – Orxana poz verən Şəmil dayı şikayətlənir: “Bir dəfə belə bir imkanımız yarandı, o da qəfil əldən çıxdı. 78-79-cu illər olardı. Bəy onda Yasamalda qalırdı. Onunla şəhərə enirdik. Ovaxtkı Lenin Sarayının arxasına çatanda bir fotoatelye gördüm. Bəyə dedim ki, əlimizə fürsət düşüb, heç kəs də yoxdur, ikimizik, gəl gedək şəkil çəkdirək. Razılaşdı. Ancaq fotoatelyenin qabağında yenicə dayanmışdıq ki, bəyin burda olduğunu görüb başına xeyli adam yığışdı. Başı qarışdı söhbətə, dedi şəkil çəkdirmək qalsın gələn səfərə.”

Qəlbə bıçaq kimi sancılan xatirələr davam edir: “…Prezidentliyi dövründə bir dəfə yanına getmədim, zəng edib hal-əhval tutmadım. Bilirdim ki, işi başından aşır. Kələkiyə gələndən sonra da şəkil çəkdirmək imkanımız olmadı. Bütün günü görüşdə olurdu, gəlib-gedən əlindən macalı yox idi. Çox gərgin məqamlar idi. Düz on yeddi gün yuxusuz qalmışdı. Yığışıb çıxdıq Xəlil yaylağına. Bəy doğulduğu o yaylağı, o yerləri gəzdikcə, o bulaqların suyunu içdikcə elə bil canına can qatdılar, təzədən dirçəldi, gümrahlaşdı, yorğunluğu canından çıxdı, sanki on yeddi gün yuxusuz qalan adam bu deyildi. Sözümün canı budur ki, bəy təbiətə, torpağa bağlı adam idi. Bu yerləri çox sevirdi”.

 

Üç gilə siqaret

 

24 iyun. Əbülfəz Elçibəyin doğulduğu gün. Artıq neçə illik qaydadır, bu gün Naxçıvanın müxtəlif yerlərindən insanlar Kələkiyə axışır, əvvəl bəyin ev muzeyini ziyarət edirlər, sonra tədbir keçirilir.

Biz artıq bəyin ev muzeyinin qarşısındayıq. Ancaq tək deyilik, iki-bir, üç-bir qonaqlar gəlməkdədir.

Bu da Sabir dayı, Əbülfəz Elçibəyin ev muzeyinin direktoru. Direktor deyirəm, ancaq bura rəsmi muzey deyil. Sadəcə bəy 1997-ci ildə Bakıya gedəndən sonra Sabir dayı onun yaşadığı bu üçotaqlı evi muzeyə çevirib və bəyin burda olan şəxsi əşyalarını, paltarlarını, kitablarını qorumağa başlayıb. Bəyin yazı masası da olduğu kimi qalıb: qələmlər, eynək, telefon, Azərbaycan və Türkiyə bayraqları, fotolar, kerosin lampası, külqabı və bir də içində cəmi üç gilə siqaret qalan, yarıaçıq “Camel” qutusu. Elə bil, harasa çıxıb indicə qayıdıb, masa arxasında oturacaq və yarıaçıq qutudan bir gilə siqaret çıxarıb alışdıracaq.

“Həmişə “Camel” çəkərdi. O gedəndə bu qutuda üç gilə siqaret qalmışdı. Olduğu kimi saxladıq.” – Sabir dayı deyir.

Bəyin kitablarına nəzər yetirirəm. Təbii ki, tarixə, siyasətə, türkçülüyə aid kitablar daha çoxdur. Amma diqqətimi dini kitablar daha çox cəlb edir. Budur: Quran, özü də rusca, Quran və izahlı məalı türkcə, İncil və başqa dini kitablar. Taxçada isə İmam Əlinin həyatından bəhs edən başqa bir kitab.

– Bəy dindar idi? – çarpayının üzərindəki canamazı göstərib Sabir dayıdan soruşuram.

– Yox, dindar deyildi, ancaq hər il Ramazan ayında oruc tutar və namaz qılardı. Bu canamaz da onundu.

Mənim üçün yeni faktdır. Elə bil kimlərsə qəsdən bizə bəyi daha çox içki içən kimi tanıtmağa çalışıb.

Gözüm divarda asılmış paltarlara sataşır. Bu, bəyin paltosu, bu cins gödəkcəsi, bu şalvarı, bu qalstukları, bu da nimdaş krassovkası… Bir küncdə yetim-yetim boyunlarını büküblər. Bu geyimlərin çoxu tanış gəlir. Bəyi, çəkildiyi video-foto kadrlarda bu geyimlərlə çox görmüşük. Bura muzeydən çox mənzil ab-havası yaradır. İmkansızlıqdan muzeyin eksponatları lazımınca qorunmur. Məsələn, bu geyimlərin hər biri xüsusi vitrində qorunmalı ikən, asılqandan üst-üstə asılıblar.

Bu məişət əşyalarına, bu sadə geyimlərə baxanda adama elə gəlir ki, burda prezident yox, adi bir adam yaşayıb.

“Bu zirehli jilet də bəyə məxsusdur. İstifadə edib-etmədiyini bilmirəm. Ancaq burdan asılıbsa deməli nə vaxtsa bəyin həyatı təhlükədə olub ki, “bronjilet”ə ehtiyac duyub”. – Çingizdir, qonaqlara məlumat verir. Ancaq mənim ilgimi “bronjilet”dən çox yan divardan asılmış güzgü və güzgünün önündəki diş fırçası, daraq, təraş sabunu, pamazok – bəyin təraş alətləri cəlb edir. Burda dədə-baba ülgücü də var, “Jilet” də. Səhər duranda saçımı daramağa vaxt tapmamışdım, fürsətdir deyib, Sabir dayının gözündən oğurlanıram, bəyin bir vaxtlar istifadə etdiyi darağı götürüb saçlarıma çəkirəm. Bilirəm, düz etmədiyimi, ancaq içimdəki muzeydən xatirə ilə qayıtmaq istəyi qaydaları pozmağa vadar edir…

Bir neçə nəfər muzeyə daxil olur. Aralarında araqçınlı, saqqallı yaşlı bir kişi də var. Deyəsən, molladır. Gələnlər divanda əyləşən kimi yaşlı adam bəyin ruhuna fatihə verir və daha sonra başını qaldırıb gözlərini divarlarda gəzdirir, sonra üzünü bizə tutaraq danışmağa başlayır:

“Bəy Kələkiyə təzə qayıdıb, bura yerləşmişdi. Onda hələ aşağıdakı rezidensiya hazır deyildi. Bizi burda qəbul etdi. Buranı indi ağardıb bir qədər düzəldiblər, o vaxt divarları bizim dədə-baba evlərimizdəki suvaqdan idi. Bəy üzünü bizə tutub dedi ki, necə edək, siz sual verirsiz mən cavab verim, yoxsa özüm necə bilirəm o cür də danışmağa başlayım? Dedik, bəy, sən danış biz də qulaq asaq, o cür də etdik”.

Qonaqlar bir-birini əvəz edir, muzey ziyarətini yekunlaşdıran ziyarətçilər tədbir keçirilən məkana yollanırlar. Artıq musiqi sədaları yüksəlməkdədir, biz də gələnlərə qoşulub mərasim keçirilən məkana yollanırıq.

 

Orda bir yol var uzaqda…

 

Elçibəyin tədbiri də özünəməxsus formada keçirilir. Bu, bizim bildiyimiz, quru, rəsmi, “tez bitsəydi, dağılışardıq” tipli tədbirlərdən deyil. Bir tərəfdən uzun masalar düzülüb, masaların ətrafında kişilər əyləşib, yan tərəfdə qadınlar oturub, palaz sərib yerdən dirsəklənənlər də var. Aparıcı açılış edəndən sonra dövlət himni səslənir, daha sonra çıxışlar və musiqi nömrələri bir-birini əvəz edir. Bir az aralıda isə iri samovar qoyulub, çayçı qonaqlara çay paylayır.

Bəyin 80 illik yubileyi əsl toy havasında keçirilir. Nə bilmək olar, bəlkə Elçibəyin 40 il əvvəl bu yerdə keçirilmiş toyu elə bu formada olubmuş? Biz bəlkə zamanla geriyə qayıdıb, həm də o toyun iştirakçıları olmuşuq?

Çıxış edənlər Əbülfəz Elçibəy şəxsiyyətindən, onun təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün gördüyü işlərdən danışırlar. Kimsə bəyin çox sevdiyi şeir parçasını səsləndirir:

Orda bir yol var uzaqda

O yol bizim yolumuzdur…

Dönməsək də, varmasaq da…

O Yol bizim yolumuzdur…

 

“Bütöv Azərbaycan yolunda” kitabının yazıldığı məkan

 

Tədbirdən sonra, axşamüstü Madar düzünə yollanırıq. Bura kənddən bir az aralıda üç tərəfdən dağlarla əhatə olunmuş, adamboyu tut ağaclarının sıralandığı düzdür. Düzün ortasında bir daxma qaralır. Bəy Kələkidə olanda bura gəlməyi çox sevirmiş.

“Bu tərəf Bilal düşən qayadır. Nə vaxtsa o qayadan Bilal adlı bir adam yıxılıbmış. – Cocu danışır. – O biri tərəf Gənit adlanır, o dərəyə bəyin qardaşının şərəfinə Almurad dərəsi deyirlər. Bəy bu çardaqda oturub o qayaya baxmağı çox xoşlayırdı. – Cocu zirvədəki dik qayanı göstərir. – Deyirdi ki, ora Boz Qurd heykəli qoyulacaq. Bu daxmada isə bəy “Bütöv Azərbaycan yolunda” kitabını yazıb. Evində gediş-gəliş çox olurdu, ona görə tez-tez bura gələr, kitab üzərində işləyərdi, arabir burda da gecələyərdi”.

Daxmanın içinə keçirik. Daxma deyirəm, bura daxmadan çox  baraka bənzəyir. Divardan Şah İsmayılın təsviri olan taxta işləmə, Atatürkün rəsmi və bir də Bütöv Azərbaycanın xəritəsi asılıb.

 

Elçinin yerə endiyi yaylaq

 

Səhər tezdən durmuşuq. Yükümüzü tutub bizi gözləyən “UAZ” və “Niva” maşınlarına minirik. İstiqamətimiz dağlaradır. İlan kimi qıvrıla-qıvrıla dağların döşü, dərələrin kənarı ilə uzanıb gedən yolla yaylağa çıxırıq – Xəlil yaylağına.

Dağların qoynundakı bu düzənlik Xəlil yurdu adlanır. Bura Kələki camaatının yaylaq yerləri olub. Yay vaxtı bütün kənd barxanasını toplayıb bura yollanarmış. İndi buralarda ancaq çobanlar qalır.

Sabir dayı danışır: “Burda qabaqlar alaçıqlar, balaca-balaca komalar düzülərdi. Bəzi komaların yeri indi də qalır. Əbülfəz bəy burda, bu yaylaqda anadan olub. Bəy sonralar da bu yerləri gəzməyi sevərdi, imkan düşdükcə Xəlil yurduna, Tri Pirinə gələrdi. Bəy deyirdi ki, Tri Piri sufi dərvişlərin məkanı olub. Ona görə özü də o yerlərə getməyi sevərdi”.

Təkcə coğrafi mənada deyil, elə mənəvi anlamda da burda göylər daha yaxındadır, buludlar örpək kimi gah zirvələrin boynuna dolanır, gah yox olur. Elçibəy 80 il əvvəl bizim dayandığımız bu yerdə dünyaya göz açıb.

Öz-özümə fikirləşirəm ki, yəqin bu yerlər də Allahın sevimli yerlərindəndir. Gözlərimin qabağında İsa peyğəmbərin doğulduğunu təsvir edən renessans tabloları canlanır. Xəyalən bu yerlərin 80 il əvvəlinə qayıtmağa çalışıram. Ancaq öz uşaqlığıma gedib çıxıram. On yaşıma. İlk dəfə Elçibəy adını eşitdiyim günə.

Onda mən Məhəmməd peyğəmbərin həyatından bəhs edən kitabı təzə oxumuş, peyğəmbər sözünün həm də “elçi” demək olduğunu öyrənmişdim. Ağ-qara televizorumuz Azadlıq meydanından izdihamlı kadrları göstərir, kadrların fonunda danışan diktor isə Elçibəyin prezident seçildiyini elan edirdi: “O, xalqın elçisidir, Elçibəydir…” Və mən “elçi” sözünü eşitdikdə elə bilmişdim bu saqqallı kişi elə-belə adam deyil, Məhəmməd kimi, İsa kimi o da peyğəmbərdir, elçidir. Xalqın elçisi…

Və indi Xəlil yurdunda, bu müqəddəs yerdə üzümü göylərə tutub astadan pıçıldayıram:

Elçilərinə görə sağ ol, İlahi.

Bəyinə görə sağ ol!

Elçibəyinə görə sağ ol!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button