Niyə Bəxtiyar Sadıqov, nədən?

Qaranlıq məqam

Bakir Həsənbəyli

Niyə Bəxtiyar Sadıqov, nədən? Millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru cənab Bəxtiyar Sadıqov məni təhqir edib. Niyə? Əslində, bundan heç xəbərim yox idi. Çünki nə mətbuatda, nə də ki, televiziyada bu cür insanların yazdıqlarını oxumur, dediklərini dinləmirəm. Redaksiyada bu məsələ ilə bağl söhbətlərdən sonra iradəmin əksinə də olsa oxudum və… Mən adamı ancaq millət vəkili və “Azərbaycan” qəzetinin rəhbəri olduğu üçün tanıyıram. Bir dəfə belə üz–üzə gəlməmişik. Ola bilsin, bəlkə də gəlmişik, mən sadəcə gözəllikdən zövq alıram, baxmaya bilərəm. Bu, təbiidir. Amma mən yalnız Bəxtiyar müəllimi tanımıram axı. Tanıdıqlarım içərisində qaynaqçı, bənna, santexnik, çoban da var. Mən bu ölkənin prezidentini də tanıyıram. Belə çıxır ki, tanıdığım hər kəs qonşumla dalaşırsa, məni söyməlidir? Bəxtiyar Sadıqovla Əvəz Zeynallının davası varsa, bunu özləri çözə bilərdilər, kimsəni qarışdırmadan. Əvəz Zeynallı belə də etdi. Mən onun heç bir müsahibəsində “Bakir Həsənbəyliyə deyəcəm gəlib sizi…” fikrini oxumamışam. Əks halda adama ciddi etirazımı bildirərdim. 40–dan sonra Əvəz bəyin dediklərini kütləvi şəkildə etmək o qədər də asan deyil axı. Bir də ki, dalaşmağı özüm də sevmirəm. Amma hörmətli Bəxtiyar müəllim belə etmədi. Əvəz Zeynallı ilə dalaşdı, kollektivi də təhqir etdi. Olmazdı. Amma etdi. Mən onun başqa fikirlərinə münasibət bildirməyəcəm. Lakin ““Xural” qəzetinin kollektivi naqis və tamahlarının əsiridirlər” ifadəsini sinirə bilmədim. Axı mən də bu kollektivdəyəm. Bir də ki, niyə də sinirməliyəm ki? Mənim Allahıma can borcum var, Bəxtiyar Sadıqova səbr borcum yoxdur. Naqis: Azərbaycan dilinin izahlı lüğətində naqis sözü – tam olmayan, yarımçıq, əskik, eyibi və qüsuru olan – kimi izah olunur. Mən cənab Sadıqova sual verirəm – mənim natamamlığımı, eyibimi (?) harada və nə vaxt görmüsən? Mən jurnalistikada qeyri–peşəkar deyiləm. 20 ilin tamam olmasına bir neçə ay qalıb ki, mən bu sahədəyəm. O da bir başqa şeydir ki, hər kəs də bir nəfəri sevə bilməz. Məni də sevməyənlər var. Mən sevmədiyim kimi. Amma kimsə ona xəyanət etdiyimi də deyə bilməz. Düzdür, bəlkə bu yazıdan sonra bazar arvadlarından tutub üzümə qoyalar. Amma o tip işlər mənim üçün keçərli deyil. Siyasətlə məşğul olduğum dönəmlərdə, lap elə jurnalistikada da o qədər təkliflər olub ki, amma nə edim, sənin qiblənə səcdə edə bilmirəm. Mənim öz səcdəgahım var. Elə isə naqis sözünün yiyəsi mən deyiləm, cənab Sadıqov. Hələlik mümkün olmasa belə, o sözü saxla özündə, demirəm ki, həmişəlik qalsın, yiyəsini tapan kimi verərsən. Tamah: Yenə də həmin kitabda tamah sözü – bir şeyi əldə etməyə göstərilən hədsiz arzu, hərislik, acgözlük, bir şeydə gözü qalma. Bəli, izahatın birinci hissəsi ilə razıyam. Mən sizin kimilərin olmadığı özgür bir cəmiyyəti hədsiz arzu edirəm. Yalançı qəhrəmanlıqlarınız, boğazdan yuxarı pafosunuz bezdirib insanları. Amma acgöz deyiləm. Nə oğluma Dubayda 74 milyon dollara mülk almışam, nə də dədəmin adına fond açmışam. Nə korrupsiyanı həyatımın bir hissəsi hesab etmişəm, nə də ki, xalqımın son tikəsinə göz dikmişəm. Haram yolla milyardlar toplayıb xarıcı banklara da yığmamışam. Bəlkə delfinimin yeməyi qurtaranda qapına gəlmişəm, Bəxtiyar müəllim? Və ya mərhum Heydər Əliyevin doğum və anım günlərində əli sabunlu, başı şampunlu türk iş adamının “hörməti” müqabilində onun “ulu öndərə sevgi” məzmunlu məqaləsini çap etmişəm? Etməmişəm. Elə isə xahiş edirəm, tamah kəlməsini də götürün. Götürün, götürün, bilirəm sizə də lazım deyil, amma hər sizə lazım olmayanı mən niyə götürməliyəm? Dostumsunuz, qohumumsunuz? Əsir: İzahlı lüğətdə əsir sözü isə – müharibədə ələ keçən düşmən əsgəri (!), azadlıqdan, sərbəstlikdən məhrum edilmiş kimi ifadə olunur. Bax buna varam. Bəli, bu iqtidar şəxsən mənə və mənim kimi düşünənlərə düşmən kimi baxır. Mən iki ay öncə cənab Əli Həsənovun müavini Ərəstun müəllimə də dedim bunları. Hətta Ərəstun müəllimə dediklərimi cənab İlham Əliyevə də yazdım. O qədər narahat oldu ki, məhəllləyə qədər gəlmişdi. Blokun qabağında xeyli dərdləşdik. Amma doğrudan da bu sözlə lap gül vurmusan – “Əsir”. Bir sürü məmurun əsiri. Azadlığıma, sərbəstliyimə əl qoymuş bir sürü məmur. Canım qədər sevdiyim məmləkətimdən qaçmaq, uzaqlaşmaq istəyirəm. Sanki 88–in soyuq dekabrında qurşağa qədər soyunub cəmi bir dənə olan tonqalın ətrafında sən xoşbəxt olasan deyə, insanların meydandan çıxmaması üçün bir neçə gənclə yallı oynamamışdım. Heç Dubinyakın əsgərlərinin tonqal üçün apadığım odunu kostyumumun altından çıxarıb kürəyimə vurduqları dubinkanın yeri belə ağrıtmamışdı. Olsun. Dünən mənim idi, bu gün sənin. Amma sabah sənin olmayacaq. P.S. Bir də ki, o sözündə xoşuma gəlmədi “Əvəz Zeynallı ilə hüququn dilində danışacağıq”. Məndən sənə tövsiyə, kişi kişidən hər şeyə görə “uçastkovıya” şikayət etməz. “Məhlə”də elələrinə pis baxırlar. Heç təhqirinə görə mən sənə, “səni timsahıma ataram” demədim.

“Xural” qəzeti,

il 9, sayı: 041 (449), 24 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button