Əvəz Zeynallı yazır: “Sürəc siyasidirsə, məhbus siyasidir!”

 Əvəz Zeynallı

 

“Siyasi məhbus” anlayışı – insanlıq qədər qədim problem

 

Sözün qısası budur – “siyasi məhbus” məsələsi insanlıq qədər qədim problemlərdəndir. İlkin cəmiyyətlər, dövlətlər yarandımı, siyasi məhbuslar da yarandı. Biz məsələni bu gün qoyulduğu, ya da təqdim olunduğu kimi anlamamalıyıq əslində. Bugünkü siyasi məhbus anlayışı gəncdir. Bəşəriyyəti darmadağın edən II Dünya müharibəsinin bitməsindən sonra yaranan “Dəmir pərdə”nin meydana çıxardığı insanlığın körpə problemi kimi sayılmasına baxmayaraq, siyasi məhbusların göz yaşlarının – ideallar Vətəni olan Fransanın Bastiliyasında qocalıq çağına yetişdiyindən xəbərdar olmalıyıq.

Bəli, bəli, bizim gənc – “südəmər uşaq” hesab etdiyimiz “siyasi məhbus” məsələsi, Bastiliyanın yerlə-yeksan edildiyi zaman ixtiyar çağına çatmışdı. Fransız idealistləri əslində, siyasi məhbus probleminin yaratdığı problemin həllini axtarırdılar. Bastiliya qalasına hücumun başqa səbəbi ola bilməzdi. Orada siyasi səbəblərlə məhkum olunanlar saxlanılırdı. İnsanlar bəzən bütün ömürlərini bu qalalarda başa vururdular, bəzən hansısa Kralın xoş ovqatına təsadüf etmək üçün insan ömrü kafi gəlmirdi. Azadlıq üçün, daha özgür həyat üçün savaşan, ya da hakimiyyət üçün başağrısı olan hər kəs oraya – insanlığın yetim qaldığı, idealların öldüyü, arzuların dəfn olunduğu Bastiliyaya ayaq basacaqdı. Fransanın qardaşlıq, bərabərlik və azadlıq şüarlarını səsləndirənlərin hamısı bunu bilirdi və onun üçün də ilk olaraq siyasi məhbusların saxlanıldığı məkana hücum olundu və ta… o zamandan günümüzə qədər Bastiliya həm də Avropa məkanında siyasi məhbus məsələsinin həlli istiqamətini göstərdi.

Böyük mənada “siyasi məhbus” məsələsi elə təxminən Bastiliya qalasının alınması və yıxılması ilə Avropa məkanında ömrünü başa vurdu. Doğrudur, məsələ tam həllini tapa bilmədi təbii ki. Hələ qarşıda Napoleon diktaturası vardı, hələ Avropanın qan qoxuyan sarayları insanlığa çoxlu bəlalar gətirəcəkdi, hələ uzun XIX əsr, uzun I Dünya müharibəsi, uzun II Dünya müharibəsi vardı, amma məsələnin çıxış yolu tapılmışdı. Diktaturalar bir-birini əvəz edirdi, amma insanlığın inkişafı uğrunda, azad mətbuat və azad məhkəmələr uğrunda da mübarizə gedirdi. Oyanan və insanlığın əlçatmaz-ünyetməz ideallarını bir-bir insanlığa qazandıran vəhşi Avropa yerini demokratik anlayışlara və insancıl təsisatlara tərk edirdi. Artıq qüdrətli imperatorlar da adi bir dəyirmançının dəyirmanını əlindən ala bilmirdi və Berlindəki məhkəmələr bu hökmdarların qorxulu röyalarına çevrilirdi. Bəli, bizim indi gənc problem kimi üzərimizə kükrəyən və bütün mənalı həyatımızı zəhər-zəmbərək edən “siyasi məhbus” problemi qoca Avropa üçün yüzillər əvvəl həll olunub, tarixə qovuşub. O zaman biz Avropanın yüzillər öncə əlvida dediyi bu problemin cənginə niyə düşdük və niyə oradan çıxa bilmirik? Qoca qitə bizə niyə yardım edə bilmir?

 

Azərbaycanda “siyasi məhbus” məsələsi

Məsələ burada da bəsitdir. Çünki o zaman – Fransanın, Almaniyanın tanrıtanımaz qoca kralları və imperatorları qüdrətli və mədəni xalqları qoz qabığına soxanda da kimsə onlara yardıma gələ bilmirdi. Orta əsrlərin qaranlığında xalqlar özləri ayağa qalxdılar və “aclar və qullar dünyasını” dalğalandırdılar. Biz indi həm də ona görə miskin və çarəsizik ki, zamanında mədəni xalqların etdiyini edə bilmirik. Özümüz ola, özümüzə inana, özümüz mübarizəyə qalxa bilmirik – hər zaman kənardan kimisə gözləyirik – gözləri dörd olmuş şəkildə.

Burada mənə kimsə fransız inqilabının – Bastiliya rejimini yıxanların liderlərinin hamısının kəllələrinin gilyotində kəsildiyini deməsin. Düzdür, inqilabçılar nəslinin hamısının başları gilyotində kəsildi, amma o başlar elə gilyotində də azadlıq, qardaşlıq və bərabərlik səsləndilər. Avropa idealları və dəyərləri təkcə ona görə qüdrətli, əvəzolunmaz deyillər ki, onlar dünyanın ən ali dəyərləridir, həm də ona görə qiymətlidirlər ki, onları təmsil edənlər – hakimlər, hökmdarlar, inqilabçılar bu dəyərlər uğrunda düşünmədən can verdilər.Verə bildilər.

Biz əslində, heç bir zaman müasir Azərbaycanda olduğu kimi “siyasi məhbus” problemi ilə qarşılaşmamışıq. Məhkum olunduğumuz, imperiyaların içində əsir həyatı yaşadığımız zamanlarda da, ondan sonra da bu məsələ ictimaiyyətə indi anladığımız və qəbul etdiyimiz şəkildə açıq olmayıb. Həm çar Rusiyasının, həm də qırmızı Sovet imperiyasının zamanında dinməz-söyləməz soyqırıma uğramışıq. Bizim hüquqlarımız uğrunda döyüşənlər toplu məzarlıqlara gömülüb. Bizi tək-tək məhv etməyiblər ki – bu, “siyasi məhbus” məsələsinə xasdır -biz imperiyalar zamanı kütləvi “zərərsizləşdirilmişik”. Bizi hərbi xidmətə götürməyiblər, təhsil almağımıza imkan verməyiblər. Bizim ən zəngin, qüdrətli və mədəni adamlarımız ali dəyərləri bu torpaqlara gətirmək üçün, normal məktəblər açıb qızları oxutmaq üçün 35-40 il mübarizə aparıblar. Təbii ki, o halətdə, o vəziyyətdə siyasi məhbuslar da az idi, heç onların fərqində də deyildik. Bəlkə “kefli İsgəndər” idi elə bizim ilk siyasi məhbusumuz, amma onu da “keflilik” halı ilə zatən cəmiyyətdən təcrid edə bilirdik özümüz. Həm də böyütmədən. Bizim üçün biçilən qəftan, bizə ayrılan ölçü bu idi – ona görə.

Müstəqil Azərbaycan da “siyasi məhbus” problemi ilə birdən üz-üzə gəlmədi. Arada yüzillərin ağrıları vardı, amma Sovet rejiminin ilk siyasi məhbusları, “dissidentlər” xaric, biz siyasi məhbus problemi ilə 1990-cı illərin ortalarına qədər tanış olmadıq. Arada-bərədə gördüyümüz siyasi məhbuslar da bizə əfsanə kimi gəldi. Onlar haqqında əsatirlər quraşdırdıq, nağıllar danışdıq, bayatılar mızıldandıq. Ta ki… 1990-ların ağır, bəlalı və məşəqqətli zamanlarına qədər…

İndi aparıcı siyasi partiyalardan birinin sədrliyini edən keçmiş vicdan məhbuslarından biri mənə Polşada qarşılaşdığı maraqlı bir hadisəni danışmışdı. Onu hansısa beynəlxalq toplantıda “vicdan məhbusu” kimi təqdim edəndə ətrafındakı insanların ona necə ehtiram və heyrətlə baxdığını söyləmişdi həmin partiya lideri. O isə tövrünü pozmadan “Azərbaycanda mənim kimi minlərlə “vicdan məhbusu” var” deyə cavab verib və bu cavabı toplantı iştirakçılarını daha da heyrətləndirib. Təəccüblü deyil, bayaq dedim.Çünki Avropa artıq qocalıb ölən bu problemi unudub – həll edib. İndi bizim içimizdə gündən-günə irilən məsələ onları haqlı olaraq təəccübləndirir. Onlar yüz illər bundan əvvəl bastiliyaları uçurdular, dağıtdılar, biz indi Azərbaycanın hər bölgəsində yeni-yeni bastiliyalar tikirik.

 

“Siyasi məhbus” rejimi

“Siyasi məhbus” problemi nə ilk prezident Ayaz Mütəllibov zamanında, nə ikinci prezident Əbülfəz Elçibəy zamanında indiki kimi qabarmadı. Çox istisna hallarında siyasi səbəblərlə bəzi vəzifəli, ya da müxalifət simaları həbs edildi, amma dərhal da azadlığa buraxıldı. O zamanın spesifik xüsusiyyətləri vardı. Bəzən məhkəmələrə böyük xalq kütlələri qatılırdı və məhkəmə salonlarına insanlar axın edirdi. Və hakimlərin də qəribə müstəqillikləri vardı. Hakimlər qərar verirdi və məhkəmələri böyük klubların geniş salonlarında keçirirdi. İndiki kimi qanunla müəyyən olunmuş səliqəli salonlar bəlkə yox idi, bəlkə hər şey daha primitiv idi, bəlkə hakimlər və vəkillər indiki kimi yaraşıqlı masalarda əyləşib hakimlərə xas olan səliqəli uniformalar geyinmirdilər, amma o zamanlar Azərbaycanda qəribə ədalət mexanizmi var idi. Ona görə də Azərbaycan respublikasında ilk 2 prezident dönəmində xalq “siyasi məhbus” problemi ilə qarşılaşmadı. Bu məsələ hər evin qapısını döymədi, hər evin içinə girmədi, hər ailə ilə burun-buruna gəlmədi. Bütün həngamələr mövcud hakimiyyətin, bu rejimin – Heydər Əliyevin ölkəyə hakim olmasından sonra başladı. Zaman-zaman 1-2 siyasi məhbusla həyəcana gələn toplum yüzlərlə, hətta minlərlə siyasi məhbusla qarşılaşdı.

Bu, artıq başqa bir Azərbaycan idi. Geniş zallar balaca salonlara çevrildi, əvvəlcə məhkəmələri getdikcə kiçik və xırda zallara daşıdılar, sonra məhkəmə salonlarına müxtəlif vasitələrlə adam buraxmadılar. Nəhayət, açıq məhkəmələr qeyri-rəsmi olaraq qapalı keçirildi. Zallar balacalaşa-balacalaşa adamsızlaşdılar. Amma məhkəmələr üçün iri, gözəl, yaraşıqlı binalar tikildi, bu binalarda təmiz uniformalı hakimlərə iri və geniş otaqlar verildi. Prokurorluq və polis binaları yeniləndi, o binalarda ən son texniki avadanlıqlar quraşdırıldı, lakin bu avadanlıqların tək biri ədalətin bərpası yolunda işləmədilər. Hakimlər yaxşı, səliqəli mundirlər geyinsələr də, ədaləti qədərində paylaşdıra bilmədilər. Dünyanın heç bir dönəmində olmadığı qədər sifarişlə qərarlar verildi. İnsanların ədalətə inamı tamamən məhv edildi və “siyasi məhbus” məsələsi adiləşməyə başladı. Artıq hər evdə, hər ailədə bir siyasi məhbus vardı. “Siyasi məhbus” adlı xərçəngə yaxalanmışdıq və xəstəlik xeyli irəliləmişdi…

 

İlk siyasi məhbuslar

Bu anlayış ilk dəfə 2001-ci ilin əvvəlindən etibarən Azərbaycan və Ermənistanın Avropa Şurasına üzv olması ərəfəsində tez-tez gündəmə gətirilməyə başlandı. Ona qədər isə ilk “siyasi məhbus” siyahıları 1995-ci ildə yarandı və məsləkdaşları həbsxanalarda olan Xalq Cəbhəsi Partiyasının üzvləri tərəfindən tərtib olundu. Həmin siyahılarda 50-dən çox adamın adı hallanıb, bu da əsasən, həmin partiyanın tərəfdarları və ya partiya üzvü olmayan müxalifətçilər olub.

Əslində isə həmin vaxt silahlı qiyam iştirakçılarını da nəzərə alsaq, siyasi məhbusların sayı daha çox idi. 1995-ci ildə isə Daxili İşlər nazirinin müavini Rövşən Cavadovun başçılığı altında xüsusi təyinatlılar qrupu Qarabağda hərbi əməliyyatların dayandırılması ilə razılaşmamışdı ki, bu da Bakıda silahlı qarşıdurmanın baş verməsinə gətirib çıxardı, nəticədə Cavadov öldürüldü, onun 576 tərəfdaşı isə həbs edildi. Bundan başqa, 1996-cı ildə İslam Partiyası ilə bağlı birinci iş açıldı (bu partiyanın üzvləri və liderləri hazırda “Müsəlman birliyi” hərəkatının üzvləri ilə birlikdə həbsxanadadır).

2000-ci illərdə zaman-zaman siyasi məhbusların sayı artaraq 900 nəfərə, hətta müxtəlif siyahılarda daha artıq rəqəmlərə çıxdı. Avropanın unutduğu məsələ yeni yaranan ölkələr, xüsusilə Azərbaycan üçün ciddi başağrısına çevrildi. Bununla da kifayətlənmədik. Qoca qitə işini-gücünü buraxıb Azərbaycanda “siyasi məhbus” məsələsini həll etməyə başlayarkən, ummadığı və gözləmədiyi bir dirənişlə üzləşdi. Yeni dövlət – müstəqil Azərbaycan respublikası və onu idarə edən zümrə bütün gücü ilə “siyasi məhbus” anlayışını mübahisələndirməyə başladı. İçəridə minlərlə siyasi məhbusu olan dövlətin bütün olan və olmayan mexanizmləri qollarını çırmalayaraq Avropanı mat qoymağı bacardılar. Dünyanın ən inkişaf etmiş demokratiyaları “siyasi məhbus” anlayışını qəbul etdirmək üçün daha nələr etmədi ki?

 

Kimdir “siyasi məhbus”, nədir “siyasi məhbus” problemi?!

“Amnesty International” siyasi əqidəsinə görə, yaxud siyasi məqsədlə və ya siyasi aksiyada iştirakı zamanı adam öldürdüyü, soyğunçuluq etdiyi, vətənə xəyanət və başqa cinayətlər törətdiyi üçün həbs olunan şəxsləri “siyasi məhbus” adlandırır. Qurum, həmçinin, dini, fəlsəfi görüşlərinə görə həbs olunan “vicdan məhbusları”nı da “siyasi məhbus” kateqoriyasına daxil edir. “Amnesty International”ın fəaliyyət prinsiplərinə əsasən, orta və ağır cinayətlər törədən “siyasi məhbusların” dərhal azad edilməsi tələb edilmir, belə şəxslərə münasibətdə əsas məsələ onların ədalətli mühakimə olunmasıdır.“Amnesty International”ın tərifi kifayət qədər genişdir və bu tərifə görə, çoxları, o cümlədən də silahlı siyasi qiyam qaldıranlar da siyasi məhbus hesab edilə bilər. İşində mühüm siyasi element olan istənilən məhbus siyasi məhbus adlandırılır. Bu, məhbusun hərəkətlərinin motivasiyası, hərəkətlərin özü və ya hakimiyyəti onu həbs etməyə vadar edən səbəblər ola bilər.

“Amnesty International” təşkilatı tərəfindən müəyyən olunan meyarlar ən nüfuzlu meyarlar sayılır, onlar artıq 60 ildən çoxdur ki, mövcuddur, bir çox hüquq müdafiəçiləri məhz bu meyarlara istinad edir. “Human Rights Watch” təşkilatının meyarları da etibarlı sayılır, BMT-dən olan müşahidəçilər də öz qiymətlərini verir.

“Siyasi məhbus” anlayışı 1989-1990-cı illərdə BMT-nin Namibiyada, sonradan isə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən Cənubi Afrika Respublikasında həyata keçirdiyi missiya zamanı professor Karl Aage Nerqaard tərəfindən Avropa Şurasında siyasi məhbus problemi və onun həlli yolları hazırlanmış və “Nerqaard prinsipləri” adlandırılan meyarlar əsasında istifadə edilmişdir.

Azərbaycan Respublikasının Avropa Şurasına bərabər hüquqlu üzv olması ərəfəsində AŞPA-nın Siyasi Komitəsi tərəfindən hazırlanmış Tövsiyələr Paketi 2000-ci ilin əvvəllərində ölkə ictimaiyyətinə təqdim edildi. Dövlət başçısı, Baş nazir, Milli Məclisin sədri, aparıcı müxalifət partiyalarının liderləri tərəfindən imzalandı və ilkin variantda 17 bənddən ibarət olan Tövsiyələr Paketində Azərbaycan Respublikasının yaxın gələcəkdə Avropa standartlarına uyğunlaşdırılması məqsədilə yerinə yetirilməsi nəzərdə tutulan tədbirlər, o cümlədən, Dağlıq Qarabağ problemi ilə bağlı AŞ-ın mövqeyi açıqlandı. Sənəddə AŞPA Azərbaycan Respublikasından müəyyən öhdəliklərin qəbul olunmasını xahiş etdi.

AŞPA-nın tövsiyələrdən ibarət 222 saylı rəyi əsasında Avropa Şurası Nazirlər Komitəsinin 9 noyabr 2000-ci il tarixli 107-ci sessiyasında qəbul etdiyi 14 saylı xüsusi Qətnamədə Azərbaycanı Avropa Şurasına üzv olmağa və bu beynəlxalq təşkilatın nizamnaməsinə qoşulmağa dəvət etdi. Nəhayət, 2001-ci il yanvarın 17-də Azərbaycanın Avropa Şurasına tam və bərabər hüquqlu üzv qəbul edilməsi barədə qərar qəbul edildi və 25 yanvar Avropa Şurasında siyasi məhbus problemi və onun həlli yolları ilə bağlı rəsmi mərasim keçirildi.

Siyasi məhbusların azad edilməsi və ya yenidən mühakimə edilməsinə nail olmaq məqsədilə Avropa Şurasının Baş Katibi Ermənistan və Azərbaycanda siyasi məhbusların mövcudluğunu müəyyən etmək və meyarlar hazırlamaq üçün Stefan Treçel, Evert Alkema və Aleksandr Arabaciyevdən ibarət müstəqil ekspertlər qrupu yaratdı. Qısa müddət ərzində müstəqil ekspertlər qrupu tərəfindən siyasi məhbusların mövcudluğunu müəyyən etmək üçün meyarları özündə əks etdirən məruzə hazırlanaraq, 16 iyun 2001-ci ildə AŞ Baş Katibinə göndərildi və həmin məruzə 24 oktyabr 2001-ci ildə Avropa Şurasının sənədi kimi qəbul edildi.

Nəhayət, 2003-cü ildə müstəqil ekspertlərin “Nerqaard prinsipləri” əsasında hazırladıqları meyarlara əsasən azadlıqdan məhrum edilmiş şəxslər aşağıdakı hallarda “siyasi məhbus” hesab edilməlidirlər:

  1. Həbs İnsan Hüquqlarına dair Avropa Konvensiyasının və onun Protokolları ilə müəyyən edilmiş əsas zəmanətlərdən birinin, xüsusilə fikir, vicdan və din azadlıqları, ifadə və məlumat azadlığı, toplaşma və birləşmə azadlıqlarını pozmaqla həyata keçirilmişsə;
  2. Həbs hər hansı qanun pozuntusu ilə əlaqəsi olmadan sırf siyasi səbəblərə görə həyata keçirilmişsə;
  3. Həbsin müddəti və ya onun şərtləri siyasi motivlərə görə şəxsin günahkar hesab edildiyi və ya şübhəli bilindiyi hüquq pozuntusuna aydın şəkildə mütənasib deyilsə;
  4. Şəxs digər şəxslərlə müqayisədə siyasi motivlərə görə ayrıseçkiliyə yol verərək həbs edilibsə;
  5. Həbs tamamilə ədalətsiz keçirilmiş məhkəmə prosesləri nəticəsində və hakimiyyət orqanlarının siyasi motivləri ilə əlaqədar olarsa.

 

“Siyasi məhbus” olduğunu bilməyən məhkumlar ölkəsi – Azərbaycan

Onlarla, bəlkə yüzlərlə danışıqlar aparılıb. Azərbaycan siyasi məhbus problemini ortadan qaldırmaq üçün öhdəliklər götürüb və bu öhdəliklərin zamanı dəfələrlə və dəfələrlə dolub, amma problem öz həllini tapa bilməyib ki bilməyib. Yuxarıda da rəsmi mövqeləri və bəzi sənədləri, aparılan danışıqlar nəticəsində qəbul olunmuş anlaşmalardan bəzilərini xatırlatdıq. Amma məsələ o qədər dərindir ki, işin içindən nə Avropa çıxa bilir, nə də biz. Niyə? Nədən bu məsələni həll edə bilmirik?

Bu sualın çox sadə cavabı var. Ölkənin ali rəhbərliyi buna hazır deyil və onlar Azərbaycanda “siyasi məhbus” probleminin olduğunu əsla və əsla qəbul etmirlər. Onlar ölkəni belə daha rahat idarə edə bilirlər. Avropanın itigözlü simalarının nəzərindən qaçmaq üçün ölkədə avropalıların anlaya bilmədiyi bir sistem yaradıblar – bu, şər nizamıdır. Yəni azad söz uğrunda vuruşanları, hakimiyyəti sivil yolla dəyişdirməyi düşünənləri etdikləri əməllərə görə yox, tamam başqa cinayətlərə görə həbs etmək nizamıdır bunun adı. Düşüncəsi belə qorxuncdur. Siyasi məhbusları başqa – əlaqəli, ya da əlaqəsiz maddələrə görə tutub cəzalandırırlar. Sistem əslində çox sadədir. Kim “qırmızı xətt”i keçirsə, kim tutulmağa artıq “hazırdırsa”, onun ətrafında qurama iddialarla tor qurulur və adam nəzarətə götürülür. Qurulan bu tordan sıyrılmaq, tikilən torbadan çıxmaq haradasa imkansız. Bir sürəc başlanır ki, adamın özü xəbərsiz. Ya da xəbəri var, amma özünü qoruması imkansız. Dövlətin bütün qurumları adama, onun missiyası və vəzifəsinə, ictimai fikirdə olub-olmamasına, nə boyda olub-olmamasına görə səfərbər olunur. Və… adam həbs olunur. Ən ağlasığmaz ittihamlarla, ən ağır maddələrlə.

İşin çətin tərəfi də buradan başlayır. Azərbaycanda ən müxtəlif zamanlarda,ən müxtəlif saylarda siyasi məhbuslar olub. Zamanında 1000-dən çox idi, indi isə 160-dan çox. Azalmır bu illət, çoxalır ki, çoxalır. Amma görünən təkcə müxtəlif təşkilatların siyahılaşdırdığı siyasi məhbuslar deyil. Bu ölkədə özlərinin bilmədiyi halda siyasi məhbus taleyi yaşayan minlərlə adam var. İnsanlar qurulan amansız və sərt rejim sayəsində illərlə hətta məhbəsdə niyə qaldığından bəzən xəbərsiz olurlar. İnanmırsınız, amma mən şəxsən illər boyu şərlənərək yaşamağa məhkum olduğum həbsxana divarlarının arasında onlarla və bəlkə də yüzlərlə bu cür adamlar görmüşəm. Onların taleyini qələmə almışam, onların faciəli həyatları haqqında yazmışam. İndi onlardan bəziləri haqqında sizi də məlumatlandırmaq və “siyasi məhbus” kriteriyasını yeni çalarlarla zənginləşdirmək istəyirəm. Elə insanlar var ki, onlar siyasi məhbusdurlar əslində… Özlərinin xəbərləri olmasa da…

 

Nümunə 1.

Əvəz Zeynallı, Bakı Ağır Cinayətlər Məhkəməsi

 

Həbsxana yollarında məhkəmə iclaslarına gedəndə bir gənc məhkumla dərdləşdim. Ondan niyə həbs olunduğunu soruşdum. Gənc and içib aman etdi ki, niyə həbs olunduğundan xəbərsizdir. Onu danışdırdım, son günlər hansı qeyri-adi hadisə ilə qarşılaşdığını soruşdum. Bir çox şeylər dedi, amma heç biri diqqətəşayan deyildi. Lakin bir səbəb vardı ki, eşidəndə qanım dondu…

Gənc həbsindən bir müddət əvvəl günorta fasiləsində işlədiyi yerin yaxınlığnda bir yeməkxanada hər gün yemək yediyini, orada bir problemlə qarşılaşdığını danışdı. “Burada qeyri-adi nə var ki”, deməyin, elə hadisə də bundan ibarətdir. Gənc hər gün yemək yeyəndə divarlarda asılan ata-bala prezidentlərin fotolarını görürmüş və bir gün əsəbiləşib yeməkxana sahibinə etiraz edir: “Qardaş, yemək yeyə bilmirəm, yığışdırın bu şəkilləri, qoyun rahat yeməyimizi yeyək.”Söhbət böyüyür, yeməkxana sahibi “uçastkovı” çağırır.“Uçastkovı”gəncə bir neçə dəfə xəbərdarlıq edir və hər dəfə “ikona” şəkillərə etiraz edən gənc günlərin bir günündə narkotik ittihamı ilə tutulur…

Ona “qardaş, sən əsl siyasi məhbussan ki…” dedim. Heç siyasi məhbusun nə olduğunu doğru-dürüst bilmirdi, amma məni tanıyırdı. “Qardaş, sən Allah, mənim elə şeylərdən başım çıxmır, görək, yaxınlarım danışırlar, nə qədər istəsələr, gərək verim çıxım” dedi. İndi bu məhbus kimdir? Siyasi məhbus deyilmi? Təbii ki, ondan sonra onun taleyindən xəbər tutmadım, amma biləsiniz, o, özünün siyasi məhbus olduğunu bilmədiyi halda, başına nələr gəldi, bir allah bilir…

 

Nümunə 2.

Keçmişi polis polkovniki olan bir zabitlə tez-tez məhkəmə yolunda, Ağır Cinayətlər Məhkəməsinin “at tövləsi”ndə həmsöhbət olurduq. (Ağır Cinayətlər Məhkəməsinin məhkumlar saxlanılan müvəqqəti saxlama təcridxanası əvvəllər hansısa zəngin bir adamın “at tövləsi” olub. Dustaqlar arasında məşhur olan bu at tövləsindən bir neçə yazım olub – Ə.Z.) Əvvəli polis olan bu polkovnik şəhərin yaxşı yerində yeni tikilən bir binanın 800 kv.m ərazisi olan birinci mərtəbəsini pulunu ödəyərək satın alır və onu əla təmir etdirir. Ofisintəmirindən sonra əfsanəvi Sovet İttifaqı Qəhrəmanı Jukovun nəvəsi ilə ortaq olan dostumuzu bir axşam “çağırılmamış qonaqlar” ziyarətə gəlirlər. Ölkəni idarə edən oliqarx-generallardan birinin qardaşı olur gələn. “Ağsaqqal”ın binadan xoşu gəldiyini və ofisə gözü düşdüyünü deyir qonaqlar. Pokovnik iş ortağı ilə məsləhətləşir və Jukovun nəvəsi “ora Azərbaycandır, istədilərsə alacaqlar, nə deyirlər sat, gəl Moskvaya” deyir. Növbəti görüşdə ofisin 10 milyon manata başa gəldiyi müzakirə olunur və 10 milyon manat “halallıq” ödəməklə ofisin “ağsaqqal”ın adamlarına verilməsi qərarlaşdırılır.Deyilən saatda “ağsaqqal”ın adamları gəlir və 10 milyon manat əvəzinə 100.000 manat gətirirlər. Məlum olur ki, “ağsaqqal” bu qədər məsləhət görüb və başqa pul verilməyəcək. 10 milyondan 100 minə düşən məbləğ polkovniki o qədər əsəbiləşdirir ki, “ağsaqqal”ın yaxınlarını yaxşı sözlərlə xatırlayır və 100 min manatı gətirəni də, 100 min manatı da qovur.

Dərhal polkovnikə zəng gəlir: “Ağır səhv etdin. Artıq 100 min də verilməyəcək. Deyiləni etməsən, gələn həftənin 2-ci günü 178.3.2-ci maddə ilə (dələduzluğun ağır forması) həbs olunacaqsan, sənə 12 il veriləcək və 12 keçsə belə azadlığa buraxılmayacaqsan.” Bu zəngə də əsəbi cavab verən polkovniki deyilən kimi – həftənin 2-cü günü həbs edirlər – illər əvvəl açılmış, sonra da xitam verilmiş bir cinayət işinin canlandırılması yolu ilə.

Bizim “voronok”larda qət etdiyimiz yollar boyu polkovnikə 11 il iş verildi. Buna səbəb hakimin polkovnikin məhəllə yoldaşı və dostu çıxması idi. Hakim hər şeyi gözə alıb 12 yox, 11 il iş vermişdi polkovnik dostuna. Ona zarafatla dedim ki, görürsünüzmü, dediyiniz olmadı, 11 il iş verdilər. Ciddi-ciddi dedi ki, mənə 12 il iş verəcəklər. Bir müddət sonra eşitdim ki, polkovnikin işindən prokuror protest verib və Apellyasiya Məhkəməsi 11 ili 12 il edib.

“Zon”a getməmiş “boks”da onunla son dəfə görüşəndə mənə dedi ki, “ağsaqqal”ın yaxın bir qohumu mesaj göndərib ki, səni gəlib “zon”un ortasında öldürəcəyəm, çünki mənim nənəmi söyübsən. Mən o polkovnikə bütün bunları istimailəşdirməyi təklif etdim, amma o, “məni onsuz da öldürəcəklər, amma mən bunu ictimailəşdirə bilmərəm, ailəm, yaxınlarım var.” Polkovnik onu da dedi ki, sahib olduğu ofisi kimsəyə verməyəcək – öldürülsə də.

Bu məhkumun taleyindən də sonradan heç bir xəbər tutmadım. Bu məhkum siyasi məhbus deyil də kimdir? Bəs onu, onun kimi məhkumları necə qorumalı? İnsanların haqqı olanı vermədikləri üçün başlarına gətirilən bu hadisəni necə qiymətləndirməli? Hüquq bunu çözməlidir axı…

 

 Nümunə 3.

Nəsimi Rayon Polis İdarəsinin zirzəmisində yanıma bir dustaq saldılar. Olduqca heybətli görünüşü vardı. İdmançı görkəmli qaraqabaq bir adamdı. Ehtiyatlandım və zənn etdim ki, bu idmançını mənim yanıma təxribat üçün göndəriblər. Dərhal bir şey baş verərsə necə müqavimət göstərəcəyim haqda düşündüm və oturub qəzetimi oxumağa başladım. Zamanla bu heybətli cavan mənə müraciət edib bəzi şeylər soruşmağa başladı. Az keçmədi ki, dağ boyda olan bu gəncin neçə çarəsizcə əlacsızlaşmağı məni kədərə boğdu.

Uşaq vaxtı atasını itirib. Mingəçevirlidir. Atasını itirən kimi məktəbi atıb və anası ilə bacılarına baxmağa başlayıb. Hərf belə tanımır. Böyüyüb və işləyib. Sonra görüb ki, ailəsini burada saxlamağa imkanı yoxdur, Bakıya işləməyə gəlib. Taksi sürür, ayda bir dəfə Mingəçevirə gəlir, sonra yenə Bakıya qayıdırmış. Günlərin  bir günü maşına bir həmyerlisi oturur. Onunla yaxşı dialoqları qurulur. Həmyerlisi onunla işləməyi təklif edir. Hər gün ona yaxşı pul verirlər və qısa müddətdə yaxşı əyin-baş alırlar. Bir gün onu Vergilər Nazirliyinin binasına gətirirlər – qəhrəmanımız bunu çox sonra, həbs olunanda məhkəmə sənədlərindən öyrənir, Vergilər Nazirliyinin binasını da tanımırmış – burada bir neçə sənədə imza atdırırlar. Danışırdı ki, sənədlərin sayı xeyli çox olub. Bilmir nəyə imza atdığını. Və… çıxıb gedir işinin dalınca. Bu imza mərasimindən sonra dostumuz daha kimsəni görmür. Bir müddət keçir və görür ki, artıq burada da çatdıra bilmir, qayıdır Mingəçevirə və bir az da burada işləyib üz tutur Antaliyaya. Orada əli tutur, yaxşı pul qazanır və qərara gəlir ki, gəlib anasını və bacılarını da özü ilə aparsın. Elə də edir. Lakin… Bakı hava limanında enərkən həbs olunur. Nə olub-bitdiyini belə bilmədən özünü həbsxanada görür. Məlum olur ki, bu cavan oğlanın yaratdığı şirkətlər varmış və onun şirkətləri dövlətdən götürdüyü milyonlarla dollar krediti verməyib və milyonlarla dollar vergidən yayınıb. Sən demə, o zaman bunun imzaladığı sənədlər milyonlarla dollar krediti hansısa şirkətin adına almaq üçün imiş və o şirkətlər də bu hərf tanımayan zavallı gəncin imiş.

Bax belə. Bu heybətli oğlanı heç nədən, heç bir suçu olmadan hansısa oliqarx-generalın pul qazanmaq niyyətlərinə qurban verən bir sistem bu hadisələri necə dəyərləndirməlidir? Hansısa dövlət səlahiyyətlərini əlində cəmləşdirən natəmiz məmurların bu qurbanlarının adları siyasi məhbus deyil də, nədir? Onları təqib edən sürəc sırf siyasi sürəcdir. Dövlət nadanların, qoluzorlu zorbaların əlinə keçəndə olduğu kimi.

Həbsxana Azərbaycan mənzil tikənləri ilə doludur. Orada ciddi və sərvəti böyük pullarla ölçülən onlarla, bəlkə də yüzlərlə adam var. İnsanları əvvəlcə həbs edir, onlara 13-15 il cəza kəsir, sonra əmlaklarının yer aldığı uzun siyahılar gətirirlər. O sıyahılarda tutulanların bütün varidatları əksini tapır. Ya hamısını təhvil verəcəksən, ya da ölümünü gözləyəcəksən. Hamı qəhrəman deyil, heç qəhrəman olmağa gərək də yoxdur axı. Sən böyük bir zor aparatının qarşısında tək və çarəsizsən, onun dediyini verməsən, səni yerlə-yeksan edəcəklər. Və… insan əlində olan nə varsa verir… və guya azadlığına qovuşur. İnsanların sahib olduğu işləri, sərvətləri onların əllərindən almaq üçün qurulan böyük bir mexanizmdir Azərbaycan hüquq mühafizə sistemi. Bu sistem yalnız qurama işlər uğrunda çalışır. İnsanlar işlərini ona görə siyasiləşdirmirlər ki, işlər siyasiləşəndə onun geriyə dönüşü yoxdur.

Azərbaycan hakimiyyəti həm də ona görə siyasi məhbus anlayışını qəbul etmir ki, rüşvət mexanizmi yaxşı işləsin. Siyasi məhbusların heç bir işlərini həll etmələri mümkün deyil. Onlardan kimsə rüşvət ala bilməz. Onlar həyatın dibində çabalamaqla məşğul olurlar, həbsin hər mərhələsində işləməyən qanunların pəncəsində əzilirlər. Amma Azərbaycanda ədliyyə-məhkəmə sistemi elə qurulub ki, istənilən insan, hətta ən qatı cinayətkar belə pulunu ödəyərək azadlığa çıxa bilir. Bəzən çox böyük cinayət törətmiş bir cinayətkar rüşvət mexanizminin “uğurla” çalışması nəticəsində tezliklə azadlığına qovuşa bilir. İnsanlar həm də bu faktora görə işlərini ictimailəşdirməyə-siyasiləşdirməyə çətinlik çəkirlər. Onlar pul verib azadlıq əldə etməyi, mübarizə aparıb azadlıq əldə etməkdən əziz və əfsəl bilirlər. Çünki siyasi məhbuslara ölkənin ali rəhbərliyinin münasibəti birmənalıdır. İşin siyasiləşdisə, həbs müddətin uzun, çox uzun ola bilər. Bir səbəb də budur. İnsanlar rejimin cəngindən rüşvətlə qurtulmaq üçün hər şeyə qatlaşırlar.

 

Sürəc siyasidirsə məhbus siyasidir

Bütün siyasi məhbus kriteriyalarının həyat haqqı var. Bütün müddəaların yeri var. Qoca Avropa yeni və gənc Azərbaycana bu anlayışı qəbul etdirə bilmirsə, ya da bu qədər çətinliklər yaşanırsa, əsla və əsla çəkinilməməlidir. Yola sarsılmaz bir şəkildə davam edilməli, yeni çıxış yolları axtarılmalıdır. Hələ uzaq həbsxana illərində hər zaman bu məqam üzərində mən də düşünürdüm: “Sürəc siyasidirsə məhbus da siyasi olmalıdır!” Mən bu haqda o zaman siyasi məhbuslar üzrə həmməruzəçi olan cənab Kristofer Ştrasserə bir məktub da göndərmişdim.

Əgər ölkə istibdad mühitində yaşayırsa, dəyişim istəyən adamlar müxtəlif bəhanələrlə həbs olunmağa hər zaman amadədirlərsə, o insanları qorumağın tək yolu baş verən sürəcə diqqət etməkdir. Dəyişim istəyən insanlar hədəfdədirlərsə, hər bir fərdə görə sürəcə, onun ətrafında yaranan və baş verən proseslərə diqqət vermək lazımdır. Rejim kimi hədəfə götürürsə, onun sürəcinə diqqət etməli və hədəf götürülən insan, hansı “cinayət” əməli ilə həbs olunursa, düşünmədən siyasi məhbus kimi qiymətləndirilməlidir. Burada da maraqlı məqamlar var. Sürəcə diqqət etmədikcə, rejimin əl-qolu açılır. Sürəc isə hər şeyi meydana qoyur.

Bundan əvvəlki nümunələrdə olduğu kimi, burada da bəzi nümunələr göstərmək olar.

 

Nümunə 4.

Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsində 11 yaşlı qızı ilə görüşür

 

2002-ci ildən etibarən gündən-günə güclənən, populyarlaşan, sevilən bir qəzet fəaliyyət göstərməyə başladı. 9 il həftəlik nəşr olundu, Azərbaycanın gündəminə öz möhürünü vurdu. Sonda ölkədə ilk qəzetlərdən biri kimi 7 gündə 7 dəfə nəşr olunmağa başladı. Fəaliyyəti dövründə 45 məhkəmə çəkişməsi yaşadı və hakimiyyətin media siyasətinin nəticəsi kimi bütün məhkəmələr əleyhinə nəticələndi. Hər zaman hamiyyətin media siyasətini müəyyən edən kuratorun hədəfində və “diqqət”ində oldu. Gündəlik nəşrə keçən gün hakimiyyətin media siyasətini müəyyənləşdirən və müstəqil medianın qənimi olan Mətbuat Şurasının “qara siyahısı”na salındı.

Bir ayın tamamında bütün əmlakı ölkəni faktiki idarə edən ən böyük məmuru tərəfindən icra orqanları tərəfindən tam qanunsuz şəkildə müsadirə edildi və bir “Qazel”ə doldurulub aparıldı.

Bu müsadirədən düz bir həftə keçəndən sonra qəzetin baş redaktoru – uzun illər Azərbaycan parlamentində deputatlıq kürsüsünü tutan, hakim partiyanın Siyasi Şurasının üzvü olan bir tanınmış hökumət adamının ərizəsi ilə rüşvət ittihamı ilə həbs olundu. Vəssalam.

Əvəz Zeynallı 28.10.2011-ci ildə həbs olunaraq Nəsimi rayon məhkəməsinə gətirilir

 

 Sürəc ilk gündən siyasidir. Nəticə nə olursa olsun, hansı ittiham irəli sürülürsə sürülsün, məhbus siyasidir.

Nümunə 5.

Əyalət rayonlarının birində sadə bir müəllim. Zaman-zaman etiraz edir. Rayon rəhbərliyi müəllimi hədəfə götürür. Əvvəlcə işdən çıxarırlar, sonra evini-eşiyini yaşanmaz hala gətirirlər. Müəllim dözə bilmir, rayonu tərk edir və aparıcı müxalifət partiyalarının birinə üzv olur. Uzun sürən bir mübarizə başlayır. Hökumət və onun zalım məmurları müxalifətçinin başına olmazın oyunlar gətirirlər. Ailəsi də rahat buraxılmır. Orta məktəbdə oxuyan oğluna hər gün hakimiyyətin öyrətməsi ilə sataşır, onu məsxərəyə qoyur, onu ələ salırlar. Uzun zaman davam edən bu təhrikli hərəkətlər bir gün bardağı daşırır və gənc məktəbli affekt vəziyyətində sinif yoldaşını bıçaqla vurub öldürür. Təbii ki, gənci tuturlar. Az keçmir gəncin babasını, müəllimin də atasını həbs edirlər. İndi baba-nəvə eyni cəzaçəkmə müəssisəsində cəza çəkir. Heç bir siyasi məhbus siyahısında da bu baba-nəvənin adları yoxdur. Müəllim-jurnalist isə haqq savaşını arası kəsilmədən davam edir.

Sürəc siyasidir, məhbuslar da siyasi olmalıdır. Əgər aralıqsız davam edən bir siyasi təqib varsa, məhbusun hansı səbəbdən olur-olsun siyasi məhbus kimi qiymətləndirməsi gərəkdir. Yoxsa başqa cür istibdad məhkumlarının azadlığına nail olmaq olmaz. Bunu beynəlxalq təşkilatlar edə bilərlər.

 

Nəticə:

Siyasi məhbuslar zəif, çarəsiz, anti-insani rejimlərin problemidir. Dünyanın heç bir demokratiyasında siyasi məhbus problemi yoxdur və olması da mümkün deyil. Qabalıq, zorba dövlət anlayışı, tiraniya, avtoritar rejimlər meydana çıxarır siyasi məhbusları. Rejimlər özlərini əbədi gördükcə, dəyişməyi istəmədikcə insanların kölələşdirilməsini təşfiq edirlər və bunun qarşısında dayanan insanlardan qisas alırlar. “Siyasi məhbus” anlayışı əslində, bir və ya bir neçə qurumun yox, rejimlərin sifətidir və elə də dəyərləndirilməlidir. Azad və müstəqil insanı yox etmək üçün öncə azad media, müstəqil mətbuat sıradan çıxarılır. İnsanın özünü qoruya bilməməsi üçün sıradan çıxarılmalı qurumlardan biri də azad məhkəmələrdir. İnsan sözünü deməyə azad tribuna tapa bilmirsə, uğradığı haqsızlıq qarşısında özünü müdafiə edə bilmirsə, mütləq problem var deməli və bu sürəc onu siyasi məhbus olma yoluna sürükləyəcək.

Beləliklə, rejimin mahiyyəti bütün məhbusları siyasiyə çevirir. Məhz buna görə də Azərbaycan dünyanın yeganə dövlətidir ki, insanlar azadlığa çıxanda onu belə salamlayırlar: “Kiçik zindandan böyük zindana xoş gəldin!” Ya da normalda – “böyük zindan”da problemlər o qədər çoxdur ki, “kiçik zindan”dan çıxanlar problemin çoxluğundan ora can atır, belə arzularını hər fürsətdə bildirirlər. Rejim o qədər sərt və amansız, o qədər repressiv və nadandır ki, insanlar artıq bütün cəmiyyətin hər sahəsini həbsxana, özlərini dəməhkum hesab edirlər. Belə cəmiyyətlərdə siyasi məhbus olmaq çox asandır.

Azadlıqda, ya həbsdə olsun, əgər insanlar bütün ölkəni həbsxana kimi görür, yaşadıqları bütün ərazini “böyük həbsxana”, azadlıqdan məhrumetmə məkanlarını isə “kiçik həbsxana” adlandırırlarsa, buraya “siyasi məhbuslar ölkəsi” də demək olar və bilmirəm, dünyada daha başqa belə bir ölkə varmı – bizim Azərbaycan kimi!

 

Nəticəyə haşiyə:

Beynəlxalq qurumlar, məxsusən Avropa Məhkəməsi Azərbaycanda baş verənlərə operativ və sürətli reaksiya verməlidir. “Gecikən ədalət ədalət deyil” prinsipi ilə repressiv rejimlərə rəhm etmək olmaz. Siyasi məhbusların Avropa Məhkəməsinə şikayəti elə bir sürətlə cavablandırılmalı və hökumət o qədər tez məhkum edilməlidir ki, həbs etməyə risk etməsin. Yoxsa 9 il cəza alan, 3 il sonra ölkə rəhbərinin əfv fərmanı ilə azadlığa buraxılan bir məhkumun hələ cinayət işinə Avropa Məhkəməsinə baxılmayıbsa, rejimə təsir etmək çox çətindir. Rejimə reaksiya operativ, təsirli, sürətliolmalıdır. Olmalıdır ki, yaşadığımız indiki Azərbaycan olmasın!

Bura evinə məktubu öz qanı ilə yazanların məmləkətidir – Azərbaycandır adı!

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button