Bakı-Tiflis-Qars dəmiryolu “Transsibir” magistralına birləşir

Azərbaycanla Türkiyəni birləşdirən və Gürcüstandan keçən Bakı-Tiflis-Qars dəmir yolu bundan sonra həm də “Transsibir” magistralı ilə daşınan yük axınına istiqamətlənəcək.

Xural.com virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “Rusiya Dəmir Yolları” ASC-nin rəhbəri Oleq Belorezov mayın 8-də keçirdiyi aylıq selektor müşavirəsində bildirib. Top-menecerin müşavirədəki çıxışını bu gün dövlət dəmir yol inhisarçısının televiziyası yayıb.

Xəbər verildiyi kimi mayın 6-da Azərbaycan, Türkiyə və Rusiya dəmir yollarının rəhbərləri Bakı-Tiflis-Qars dəmir yolunun Axalkalaki-Qars hissəsində 1520 mm-lik enlikdə təkərlər üçün 76 km uzunluğunda yeni yolun tikintisi və Qarsda logistik terminalın inşası üçün razılıq əldə ediblər. Gürcüstan tərəfi bu razılaşmadan narazı qalıb. Baş nazir Mamuka Baxtadze bildirib ki, Bakı-Tiflis-Qars Azərbayan, Gürcüstan və Türkiyənin strateji layihəsidir və istənilən başqa iştirakçı layihəyə ancaq hər üç tərəfin razılığından sonra qoşula bilər.

“Rusiya Dəmir Yolları”ında qeyd ediblər ki, mayın 6-da imzalanmış memorandum Bakı-Tiflis-Qars dəmir yolu ilə müntəzəm yükdaşımaların təmin edilməsi üçün birgə fəaliyyəti nəzərdə tutur. Bura iqtisadi əsaslandırılmış tariflərin tətbiqi və yeni yük bazasının cəlb edilməsi də daxildir. Belorezovun bildirdiyinə görə, həmin dəmir yoluna qoşulmaq Rusiya dəmir yollarına Avropanın cənubu ilə işləmək üçün əlavə imkanlar yaradacaq.

Qeyd edək ki, “Transsibir” magistralı dünyanın ən uzun dəmir yoludur. 9300 km.-ə yaxın bu yol Moskvanı Rusiyanın Uzaq Şərqi  ilə birləşdirir və son məntəqəsi Vladivostok şəhəridir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button