Rubrikalar: GÜNDƏM MANŞET XuralTAC

Pənah Hüseyn AXC-nin quruluş tarixindən yazdı

Pənah Hüseyn

Elçibəy hökumətinin Baş Naziri, Azərbaycan Xalq Partiyasının sədri

Məlum olduğu kimi, iyulun 16-da Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının 30 ili tamam olur. 1988-ci ilin əvvəlində etirazçı dərnək kimi Qarabağın müdafiə edilməsi uğrunda başlayan, 1988-ci ilin noyabrında möhtəşəm xalq hərəkatına rəhbərlik edən gənc siyasət adamları 1989-cu ildə hədəfi, strukturu, lideri bəlli olan bir təşkilat yaratdılar. AXC adlanan bu təşkilatın təsisçi üzvlərindən biri də Pənah Hüseyn idi. AXC-nin ilk İdarə Heyətinin üzvü olan Pənah Hüseyn sonradan Azərbaycan Respubikasının dövlət katibi, Baş Naziri kimi yüksək vəzifələrdə təmsil olundu. O, 13-15 iyun 2009-cu ildə “Yeni Müsavat” qəzetində “Varlıq” başlığı ilə çap olunan bu yazısında 30 il əvvəlin hadisələrindən, AXC-nin yaradılmasının təfərrüatlarından bəhs edib. Xural.com yazını 30 illik ərəfəsində təkrar dərc edir:

Ön söz

Bu il iyulun 16-sı ən yeni Azərbaycan tarixinin iki çox mühüm hadisəsinin ildönümüdür. 20 il əvvəl – 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin (AXC) I (təsis) konfransı keçirilib və AXC elan olunub. Bu günlə və bu hadisə ilə bağlı olan və AXC-nin elan olunması qədər əhəmiyyət daşıyan digər məsələ Əbülfəz Elçibəyin bu təşkilatın sədri seçilməsidir. Bu yazı həmin hadisələrə həsr edilir. Lakin əvvəldən qeyd etmək istəyirəm ki, bu, bir yubiley yazısı deyil.

Azərbaycanın II Prezidenti Əbülfəz Elçibəy

1. Mənbələr

AXC-nin fəaliyyətini əks etdirən bir çox sənədlər itib, itirilib, məhv olub və ya məhv edilib. Məsələn, məhv edilib birdəfəlik itirildiyini dəqiq bildiyim sənədlər arasında ən qiymətlisi kimi 1989-cu il iyulun 16-dan 1990-cı il 19-20 yanvar gecəsinə qədərki AXC İdarə Heyəti iclaslarının protokollarının yazıldığı dəftərxana jurnallarını göstərə bilərəm. Bunlar həmin jurnallardır ki, AXC-nin 9 dekabr 1989-cu il tarixli ümumrespublika müşavirəsində mən İdarə Heyətinin əksəriyyəti adından “Respublikada yaranmış ictimai-siyasi vəziyyət: AXC-nin problemləri və inkişaf istiqamətləri haqqında” məlumat-məruzə ilə çıxış edərkən onlardan birini qaldıraraq “AXC İdarə Heyətinin qərarlarının anatomiyası burada əks olunub” deyə fikirlərimin doğruluğuna sübut gətirmişdim.

AXC İdarə Heyətinin protokollarının hamısı maraqlı sayıla bilər və tarixi əhəmiyyətə malikdir. Lakin heç şübhəsiz ki, 1990-cı ilin 9 yanvar, 13 yanvar, 17 yanvar və 19-20 yanvar tarixli protokolları daha böyük maraq doğurur. Bu protokolların xüsusi dəyəri ondan ibarət idi ki, onlar ikinci İdarə Heyətinə seçilmiş mərhum professor Dilarə Əliyeva tərəfindən əllə yazılmışdı və bu gün heç kəs onların saxtalaşdırılması iddiasını qaldıra bilməzdi. Əvvəlki protokolların əksəriyyəti mən və qismən Hikmət Hacızadə tərəfindən yazılmış və bir qayda olaraq iclasa sədrlik edənlər tərəfindən imzalanmışdı. Həmin dəftərxana jurnallarının nə qədər əhəmiyyətli sayılmasını ondan görmək olar ki, AXC-nin hakimiyyətə gəlməsi ilə nəticələnən 1992-ci il 14-15 may hadisələri zamanı qəti hərəkətlərə gediləcəyi barədə qərar qəbul ediləndən sonra AXC qərargahında aparılan tədbirlər zamanı bu jurnallara AXC-nin digər sənədlərindən fərqli münasibət olmuşdu. Yəni o jurnallar saxlanmaq üçün təşkilatın maliyyə vəsaiti ilə birlikdə yalnız sədrin bildiyi şəxsə – mənim yaxın dostlarımdan birinə verilmişdi.

…1996-cı ildə mən həbs edilən vaxt yaranmış qarışıqlıq və panikada digər bəzi sənədlərimin içində həmin jurnallar da yandırılıb.

Lakin ola bilər ki, birdəfəlik məhv edilmiş materialların da təkcə yaddaşlarda yox, başqa, maddi bir izi də qalsın. Mənə məlumdur ki, haqqında danışılan 9-20 yanvar tarixli protokolların kserosurətləri vardı və istisna deyil ki, bu surətlər saxlanır. Məsələ burasındadır ki, AXC Məclisinin yarımleqal şəraitdə keçən 05 fevral 1990-cı il tarixli Ağdaş sessiyasının qərarı ilə İdarə Heyəti üzvlərinin 20 yanvar hadisələri ilə bağlı fəaliyyətini təhqiq edən xüsusi komissiya yaradılmışdı. Məclis üzvü, sonradan məşhur vəkil olmuş mərhum Səməd Pənahov komissiyanın sədri təyin edilmişdi. Məclisin qərarına uyğun olaraq İdarə Heyətinin göstərilən tarixlərdə keçirilmiş iclas protokollarının – 19-20 yanvar tarixli protokolun axırıncı səhifəsi istisna olmaqla – surətləri komissiyaya verilmişdi. Surəti verilməyən səhifədə qoşunların Bakıya daxil olacağı halda AXC üzvlərinin nə etməsi barədə İdarə Heyətinin qərarı yazılmışdı. O səhifənin surətini sədrlə və İdarə Heyətinin bəzi üzvləri ilə razılaşdıraraq komissiyaya vermədim…

Beləliklə, AXC-nin bir sıra maddi materialları birdəfəlik itib və ya itirilib, məhv olub, yaxud məhv edilib. Lakin bəzi şəxslərin səhvən güman etdiklərinin əksinə olaraq heç də hər şey yox olmayıb. Hesab edirəm ki, AXC-nin yaradılmasının 20 illiyi ərəfəsində 16 iyul təsis konfransının saxlanılan materiallarının dövriyyəyə buraxılmasına ən yeni tariximizin bu ən möhtəşəm hadisələrindən biri haqda tam və doğru təsəvvürün olması, qaranlıq məqamların aydınlaşdırılması, tarixi həqiqətin bərpa edilməsi baxımından ehtiyac var. Xüsusən ona görə ki, hətta həmin proseslərin iştirakçılarının çoxunun sağ olduğu indiki vaxtda da bu tarixin müxtəlif adamlar tərəfindən saxtalaşdırılmasına səylər göstərilir.

2. Tədqiqatlar və “Tədqiqatlar”

2.1. Tədqiqatlar

(tarix elmləri doktoru Aydın Balayev, t.e.d. Prof. İ.Musayev, f.e.d. Prof., Ə.Abbasov, politoloq – jurnalist D.Furmannın əsərləri)

Məncə, AXC-nin I (təsis) konfransından bəhs edən dərc olunmuş ilk akademik material tarix elmləri doktoru Aydın Balayevin 1988-90-cı illər hərəkatı, AXC-nin fəaliyyəti haqqında indiyə qədər ən yaxşı elmi iş olan və 1992-ci ildə çapdan çıxmış “Azərbaycan milli hərəkatı: Müsavatdan Xalq Cəbhəsinə qədərki dövr” kitabındakı “Azərbaycan Xalq Cəbhəsi” məqaləsidir. Rusca yazılmış bu məqalədə (41-ci səhifə) təsis konfransı haqda cəmi dörd qısa cümlədən ibarət bir abzas var: “1989-cu il iyulun 16-da Bakıda yarımleqal şəraitdə AXC-nin təsis konfransı keçirildi. Konfrans təşkilatın sədrini, 15 nəfərdən ibarət İdarə Heyətini və Mərkəzi Məclisin üzvlərini seçdi. Azərbaycan EA Əlyazmalar İnstitutunun əməkdaşı, tarix elmləri namizədi Əbülfəz Əliyev AXC-nin sədri seçildi. Konfransda AXC-nin proqramı və nizamnaməsi təsdiq edildi”.

Bu cümlələr sonradan çap edilmiş elmi əsərlərdə, ensiklopedik xarakterli kitablarda, dərsliklərdə, demək olar ki, eynən təkrar edilir. Bu informasiyaya əlavə olaraq AXC proqramının müəllifin mühüm hesab etdiyi müddəalarından çıxarışlar verilib. Bununla yanaşı, qısa şərh verilərkən konfransda suverenlik haqqında deklarasiyanın qəbul olunduğu ötəri qeyd edilir. A.Balayevin bu məqaləsi 2000-ci ildə çapdan çıxmış “20 yanvar hadisələri: sənədlər, mövqelər, şərhlər” adlı kitabda müəllif tərcüməsi ilə bir qədər qısaldılmış variantda Azərbaycan dilində dərc edilib.

İsa Qəmbər “Azadlıq” meydanında çıxış edərkən

Bəhs edilən dövrdə AXC-nin fəaliyyəti mövzusuna aid başqa tədqiqat əsərlərindən tarix elmləri doktoru İ.Musayevin Türkiyədə çapdan çıxan, sonra “BDU-nun elmi xəbərləri”ndə Bakıda təkrar dərc edilən məqaləsini qeyd etmək lazımdır. Lakin bu məqalədə də təsis konfransı haqda hadisənin qeydə alınıb xatırlanmasından başqa informasiya yoxdur.

Bu sırada D.Furmanın və Ə.Abbasovun 2001-ci ildə Moskvada A.Saxarov adına Muzey və İctimai Mərkəzin nəşrləri seriyasının “Azərbaycan və Rusiya: cəmiyyət və dövlət” adlı 4-cü buraxılışında dərc olunmuş irihəcmli məqaləsi də istisna deyil. Təhlil metodikası, hadisə və proseslərə verilən şərh və çıxarılan nəticələr baxımından mübahisəli olsa da, ümumən maraqlı və ən azı diskussiyalar üçün əhəmiyyətli tədqiqat sayıla bilən bu məqalə “Azərbaycan inqilabı” adlanır. Orada yazılır: “16 iyul 1989-cu ildə yarımleqal şəraitdə keçirilən AXC təsis konfransında Elçibəy bu təşkilatın sədri seçilir”. Sonra müəlliflər o dövrdə Azərbaycanda və AXC-də gedən hadisələr haqda özlərinin irəli sürdüyü abstrakt sxematik modeli əsaslandırmaq üçün guya konfransda yuxarı orqanların qərarlarının yerli təşkilatlar üçün yalnız tövsiyə xarakteri daşıması haqqında çox mühüm qətnamə qəbul olunduğunu iddia edirlər. Deyirlər ki, guya bunun nəticəsində AXC öz qorxu və riski ilə hərəkət edən yerli təşkilatların amorf federasiyasına çevrildi, nəticədə AXC-də kənd və rayon ziyalılarının, habelə səfalət içində yaşayanların və işsizlərin təsiri artdı.

AXC sədri Əbülfəz Elçibəy

Əvvəla, konfransda ümumiyyətlə belə bir qətnamə qəbul olunmamışdı. İkincisi, yerli təşkilatların muxtariyyəti haqda müddəa nəzərdə tutulursa da bu, AXC Nizamnaməsinin ilkin layihəsində təsbit edilmişdi. O da Pribaltika modelindən daxil olmuş və müəlliflərin iddiasının tam əksinə olaraq məhz “Xalq Cəbhəsində hakimiyyət tam şəkildə Elçibəy qruplaşmasına keçəndən sonra” minimuma endirilmiş və faktiki olaraq ləğv edilmişdi.

2.2. Zərdüşt Əlizadənin “tədqiqatları” AXC təsis konfransı və Əbülfəz Elçibəyin AXC-yə sədr seçilməsi tarixinin saxtalaşdırma nümunəsidir

AXC-nin I (təsis) konfransı haqda tədqiqat xarakterli mənbələrdəki hadisəni təsbit çərçivəsi ilə kifayətlənən məlumatlardan fərqli informasiyalara AXC-nin yaradılmasında iştirak etmiş və bir müddət rəhbərlərindən biri olmuş Zərdüşt Əlizadənin müxtəlif vaxtlarda dərc edilən çıxış, müsahibə və məqalələrində rast gəlinir. Bu materiallarla tanışlıq göstərir ki, Z.Əlizadə I (təsis) konfransın keçirildiyi gündən başlayaraq konfrans haqda təhrif olunmuş şərh və məlumatların ilk və əsas mənbəyi kimi çıxış etməyə başlayır. Z.Əlizadənin Azərbaycan xalqına, Azərbaycan milli hərəkatına, onun təşkilatı olan Xalq Cəbhəsinə, onun lideri Əbülfəz Elçibəyə və rəhbərlərinə patoloji nifrət, qərəz, yalan və böhtanla dolu bu çıxış və müsahibələrindəki iftiraları A.Saxarov adına Muzey və İctimai Mərkəzin 2001-ci ildə Moskvada buraxdığı “Azərbaycan və Rusiya: cəmiyyət və dövlət” toplusuna daxil olan “Azərbaycan elitası və kütlələr SSRİ-nin dağılması dövründə” adlı məqaləsində “konseptuallaşdırılır və sistemləşdirilir”.

Nəhayət, bu iftiralar Z.Əlizadənin Rasim Ağayevlə birgə yazdığı və 2005-ci ildə Moskvada rus dilində çap olunmuş 615 səhifəlik “Azərbaycan: ikinci respublikanın sonu (1900-1993)” kitabında da davam etdirilir (əslində kitab müəlliflər tərəfindən ayrılıqda işlənmiş iki tam müstəqil hissədən ibarətdir və Z.Əlizadəyə kitabın ikinci hissəsi aid edilməlidir – P.H.).
Tarixə Z.Əlizadənin gözü ilə baxsaq, AXC dəhşətli dərəcədə eybəcər, qorxulu və karikatur bir nəsnə kimi meydana çıxır. AXC-nin I (təsis) konfransından bəhs edən hissələrdə təsvir olunmuş mənzərə bunu özgə cür ifadə etməyə yer qoymur. Z.Əlizadənin cızma-qarasını aşağıda özünüz oxuyun.

“…Konfrans iyulun 16-na – bazar gününə təyin edildi. Konfrans yeri hakimiyyət orqanlarından gizlədilirdi və bunun üçün qəsdən onun Abşeron bağlarının birində keçiriləcəyi haqda şayiə yayılmışdı. Əslində, Ağamalı Sadiq 8-ci mikrorayonda sünnət toyu adı altında bir yer kirələmişdi. Tədbirin konspirasiyası o qədər ciddi idi ki, informasiyanın ötürülməsi zəncirindəki qırılmalar üzündən bəzi nümayəndələr konfransa gəlib çıxa bilmədilər.”

“…15 iyulda mən və Leyla Yunus Yusif Səmədoğlunun evinə getdik və ona xəbər verdik ki, sədrliyə onun namizədliyini təqdim edəcəyik. Mən ona dedim ki, səsvermədə onun qalib gələcəyinə əminəm, lakin qorxuram ki, o, Əbülfəzin tərəfdarlarının psixoloji təzyiqinə tab gətirməz. ”Onlar bağırışacaqlar, hədə-qorxu gələcəklər, stolun üstünə çıxacaqlar. Siz bunların heç birini vecinizə almayın və səsverməni gözləyin. Susun, öz namizədliyinizi geri götürməyin və səsverməni gözləyin. Səsvermədə siz ona qalib gələcəksiniz. Yusif Səmədoğlu razılıq verdi və söz verdi ki, Əbülfəzin tərəfdarlarının təxribatlarına uymayacaqlar.

Hər halda AXC MTM-nin veteranları konfransın mövcud vəziyyətə dair qətnamə layihələrini yazdılar. Təşkilat qrupu rayonlarda seçki konfranslarının keçirildiyini bildirdi və 1989-cu il iyulun 16-sı gəlib çatdı…

Konfransda mandat komissiyası çalışırdı. Mənə tanış olmayan xeyli şəxs var idi. Rəyasət Heyətini seçdik. Yusif Səmədoğlu konfransa sədrlik edirdi. Sənədlərin mətni paylandı. Proqram üzrə mən məruzə etdim. Heç bir ciddi müzakirə getmədi. Mən sadəlövhcəsinə bunu sənədin mükəmməlliyi kimi başa düşdüm. Nizamnamə tələm-tələsik, qaçaq-basdı müzakirə edildi. Qəbul edildi. Bu zaman zalda qəribə hadisələr baş verməyə başladı. Hansısa gənc şəxslər tribunaya çıxaraq erməniləri lənətləməyə başladı.

– Siz proqramdan danışırsınızmı? – deyə mən onların birindən soruşdum.

– Yox.

– Əgər proqramdan danışmırsınızsa, xahiş edirəm, keçib yerinizə oturun.

Antierməni çıxışı kəsmək o vaxt ciddi antipatriotik hərəkət hesab olunurdu. Bir qrup naməlum adam, açıq-aydın əyalət adamları qəzəblənmişdi. Mən aydınlaşdırmaq istədim ki, bu adamlar AXC konfransına necə düşüblər.

– Siz hansı rayon konfransından seçilmisiniz? – deyə mən ən həyasız qışqırıqçıdan soruşdum.

O, özünü itirdi:

– Kirov rayonundan.

Mən Kirov rayonundan olan fəhlələr Hüseynə və Fizuliyə müraciət etdim:

– Onu siz seçmisiniz?

– Yox, o, bizim rayon təşkilatından deyil.

– Yaxşı, siz hansı rayon təşkilatından seçilmisiniz? – deyə mən əl çəkmədim.

O, özünü bir qədər də itirdi:

– Qaradağ rayonundan.

Mən Qaradağ rayon nümayəndələrinə müraciət etdim:

– Bu adamı siz seçmisiniz?

– Yox, – deyə onlar cavab verdilər.

– Onda mən Mandat Komissiyasından xahiş edirəm ki, bütün nümayəndələrin mandatları yoxlansın.

Hay-küy qalxdı. Bu bir qrup gənc elə bağırırdı ki, sanki stadionda idilər. Konfransın real pozulması təhlükəsi yarandı. Qərara alındı ki, tez AXC-nin rəhbər orqanlarını seçib işi başa çatdırsınlar. Sədrin seçilməsindən başlandı. Rəhim Qazıyev Əbülfəz Əliyevin namizədliyini irəli sürdü. Mən Yusif Səmədoğlunun namizədliyini verdim. İsa Yusifə yaxınlaşdı:

– Yusif bəy, sizin namizədliyiniz müzakirə olunur. Yığıncağı sizin aparmağınız etik olmaz. Sədrlik yerini müvəqqəti mənə verin.

Nəzakətli Yusif Səmədoğlu dərhal kənara çəkildi. Toplantını İsa aparmağa başladı. Və həm də çox özünəməxsus şəkildə aparmağa başladı. O, Yusifin tərəfdarlarına söz vermirdi, yalnız o adamlara söz verirdi ki, onlar Əbülfəzi tərifləyirdilər: – O, necə dissidentdir, o, xalq uğrunda həbsxanada yatıb… Üçüncü, dördüncü…

Nəhayət, mən dözmədim:

– İsa, nə üçün digər tərəfə söz vermirsən?

O dinlədi, Yusifin tərəfdarlarından kiməsə söz verdi. Lakin sonra yenə Əbülfəzin şərəfinə tostlar başladı. Və birdən həngamə başladı. Gəlmələr “Əbülfəz, Əbülfəz” deyə qışqırmağa başladılar. Vəziyyət gərginləşirdi”…

…AXC Konfransı futbol fanatlarının toplantısına bənzəməyə başladı.

Və bu zaman mənim qorxduğum baş verdi. Yusif Səmədoğlu dözmədi. O, ayağa durdu və dedi: – Biz cəbhəni xalqın birləşməsi üçün yaradırıq. Onun üçün yaratmırıq ki, onu parçalayaq. Sədrlik postu dəyərmi ki, biz özümüzü belə aparaq. Mən öz namizədliyimi geri götürürəm.

İsa elə bunu gözləyirmiş kimi dərhal elan etdi:

– Səsverməyə keçirik.

– Bu nə özbaşınalıqdır. Nə üçün bu biabırçılığa son qoymursunuz,- deyə mən etirazımı bildirdim.

Bu zaman hüquqşünas Fuad Ağayev mənə yaxınlaşdı:

– Namizədlərdən biri könüllü şəkildə namizədliyini geri götürdü. Bir namizəd qalıb. Hər şey nizamnaməyə uyğundur. Sənin etirazın əsassızdır.

Səsvermə belə oldu: lehinə 80, əleyhinə 11, bitərəf qaldı 20. İdarə Heyətinə siyahı üzrə səs verilərkən İsa Qəmbər razılaşdırılmış Nəriman Zülfüqarovun əvəzinə Pənah Hüseynovun adını oxudu. Belə nümayəndə heyəti olan yerdə etiraz etməyin mənası yox idi. Məclisi – AXC-nin parlamentini də siyahı ilə təsdiq etdilər və dağılışdıq.

Adamlara belə yanaşıldığını başa düşmək çox ağır idi. Evdə mən həyat yoldaşımdan bunu təsdiqləyən fikir eşitdim. «Mənim kafedra müdirim deyir ki, Əbülfəzin seçilməsi Xalq Cəbhəsinin sonu olacaq».

– Yox – deyə mən öz – özümü və onu sakitləşdirdim. Mən nümayəndələrin sənədlərinin yoxlanmasında təkid edəcəm və konfransın nəticələrinin ləğv edilməsinə nail olacam.

Səhər isə aydın oldu ki, təsis konfransının bütün sənədləri yoxa çıxıb. Təşkilat məsələləri üzrə məsul olan şəxslərdən heç kəs onların harada olduğunu bilmir…”

3. AXC Təsis Konfransı və AXC və Ə. Elçibəyin AXC sədri seçilməsi haqqında tarixi həqiqət

Z.Əlizadədən bu uzun iqtibası mən bir neçə səbəbə görə gətirdim. Əvvəla, məşhur filosofun o sözlərini bölüşürəm ki, hər hansı bir şəxs bir şey təsvir edirsə, eyni zamanda özünün də təsvirini yaratmış olur. İkinci, Z.Əlizadənin haqqında danışdığı hadisənin yüzlərlə şahidi vardır və qoy onlar bu hədyanı oxuyub, bütün digər keyfiyyətlərlə yanaşı, onun sadəcə yalançı olduğunu da görsünlər. Üçüncü Z.Əlizadənin son 20 illik ömrünü həsr etdiyi «AXC I (təsis) konfransında saxtakarlıq edilmişdir» iddiasının saxta olduğunu konfrans haqqında bütün uydurmalara rəğmən özü- öz sözləri ilə açıb göstərib və sübut edib. Z.Əlizadə nə deyir? “Konfransda sədr seçkisi başlanmış, iki namizəd irəli sürülmüş (hərçənd ki, aşağıda göstərəcəyik ki, üçüncü namizəd də olmuşdur – P.H.), qızğın müzakirələr getmiş, bir namizədin tərəfdarları fəallıq göstərmiş, digər namizəd davam gətirməyərək namizədliyini geri götürmüş, səsvermə keçirilmiş, 80 nəfər lehinə, 11 nəfər əleyhinə və 20 nəfər də səsvermədə iştirak etməməklə Əbülfəz Əliyev sədr seçilmişdir”. AXC-nin artıq sədr seçkisi zamanı təsdiq edilən və həmin vaxta qədər də əsas götürülən nizamnaməsinin 5.4 bəndinə görə nisbi səs çoxluğu qazananlar seçilmiş hesab olunur. Odur ki, Z.Əlizadənin guya konfransda saxta mandatlı nümayəndələrin olması haqqındakı çəfəngiyyatı da əhəmiyyətini itirir.

Z.Əlizadənin də qeyd etdiyi kimi, AXC sədrliyi məsələsi konfransa xeyli qalmış Təşəbbüs Mərkəzində müzakirə olunmağa başlamış və Əbülfəz bəyin namizədliyi orada İsa Qəmbər tərəfindən irəli sürülmüşdü. Onun İsa Qəmbər tərəfindən əvvəlcə Ziya Bünyadovun namizədliyinin irəli sürülməsi, lakin özünün, Leyla Yunusova və T.Qasımov tərəfindən göstərilən müqavimətə görə akademikin namizədliyinin keçmədiyi haqqında söylədikləri inandırıcı deyil. Çünki Ziya Bünyadov AXC üzvü deyildi. Qarabağa Yardım Komitəsi yaradılan ərəfədə mən Yazıçılar İttifaqında İsa bəylə birlikdə Ziya Bünyadovla görüşdə iştirak etmişdim. Mərhum akademik ona Qarabağa Yardım Komitəsi sədrliyinin təklif edildiyini bildirərək söylədi ki, əgər AXC Təşəbbüs Mərkəzi komitəyə girsə, o, bu postla razılaşa bilər. Lakin İsa bəy bunun mümkün olmadığını bildirərək, öz növbəsində Z.Bünyadova AXC-yə girməyi təklif etmişdi və akademik də öz növbəsində buna razılaşmamışdı. Yalnız Y.Salmanov konfransda çıxışı zaman məlumat verdi ki, Z.Bünyadov Sumqayıt təşkilatından AXC üzvlüyünə daxil olub. Lakin bu məlumat təsdiqini tapmadı. AXC Qarabağa Yardım Komitəsinə daxil olmaqdan imtina etdikdən sonra Z.Bünyadov da komitəyə sədr olma təklifindən imtina etmişdi.

Siyasətlə, ümumiyyətlə ictimai təşkilat fəaliyyəti ilə məşğul olan hər kəs bilir ki, bu və ya digər təşkilata rəhbər seçilməsi kimi məsələlər ciddi münasibət tələb edir. Konfransa bir gün qalmış Z.Əlizadənin Y.Səmədoğlunun evinə gedərək onu sədrliyə namizədliyə razı salması haqqında dedikləri onların bu məsələlərə olduqca qeyri-ciddi yanaşdıqlarını, diletant olduqlarını göstərir. Üstəlik də «Əbülfəz Əliyevin adamları nə deyir desin, susun. Namizədliyinizi geri götürməyin. Səsvermədə siz qalib gələcəksiniz» sözləri uydurma deyilsə, hansı anlama gəlir? Müzakirə zamanı heç nə deməyib susan adamı necə sədr seçmək olar? Xüsusən o halda ki, rəqib Əbülfəz bəydir.

Yalnız Z.Əlizadənin Əbülfəz Elçibəy haqqında böhtanlarına cavab vermək üçün deyil, hərçənd ki, hesab edirəm bu bizim ən mühüm mənəvi borclarımızdan biridir, ədalət və həqiqət naminə də bir məsələyə aydınlıq gətirirəm. Konfransda Z.Əlizadənin başqa bir namizədi irəli sürəcəyi bizə bir neçə gün əvvəldən məlum idi və bu heç kimi narahat etmirdi. Konfrans nümayəndələrinin siyahısı da, sədrlik məsələsində kimə səs verəcəkləri də məlum idi. Nümayəndələrin mütləq əksəriyyəti əvvəlcədən seçimini etmişdi və Əbülfəz bəyin istənilən halda yüzdə doxsan səs alacağı yəqin idi. Bir gün qalmış Z.Əlizadənin Y.Səmədoğlunu namizəd kimi göstərəcəyi və ola bilsin ki, Tofiq Qasımovun da namizədliyinin irəli sürüləcəyi haqqında, səhv etmirəmsə, R.Qazıyev tərəfindən xəbər alınmışdı. Allah və bu toplantıda iştirak edənlər (İsa Qəmbər, N.Nəcəfov, E.Məmmədov, N.Pənahlı, Becan Fərzəliyev, R.Qazıyev) şahiddir ki, Bəy birlik məsələsinin sədrlikdən daha mühüm olduğunu, odur ki, həmsədrlik institutunun təsis edilməsini və hər üç nəfərin sədr seçilməsini təklif etdi. Digərləri, mən də daxil, buna qəti etiraz etdik.

AXC sədri Əbülfəz Elçibəy, türkiyəli məşhur vəkil İbrahim Bozyel və Sabir Rüstəmxanlı

Mən indiyə qədər Z.Əlizadənin konfransda Əbülfəz bəyin namizədliyinin kifayət qədər nüfuzlu şəxslər tərəfindən irəli sürüləcəyini və müdafiə ediləcəyini bilə-bilə konfransa bir gün qalmış Yusif Səmədoğlunu namizədliyə razı salmasını və «siz yalnız susun, səsvermədə qalib gələcəksiniz» deyərkən nəyi nəzərdə tutmasını tam şəkildə başa düşə bilmirəm. Bəziləri bunu eşidən kimi «onun məqsədi Cəbhədə uduzduğunu görüb konflikt, intriqa salmaq və təşkilatı parçalamaqdır» demişdi. Mən onun konfransdan dərhal sonra açıq-açığına sədrə qarşı iyrənc böhtan kampaniyasına başlamasını da eynən bu cür dəyərləndirmişdim. İsa Qəmbərin xəbərdarlığına baxmayaraq, 1989-cu ilin oktyabrında siyasi intihar olduğu aydın ola-ola Məclisin sessiyasının çağırılmasında təkid edərək, həmin Məclisdə faktiki olaraq AXC-dən kənarlaşdırılması zamanı etdiyi hərəkətlər də bu cür dəyərləndirilmişdi. Baxmayaraq ki, «mənim burdan yalnız meyitim çıxar», demişdi.

4. AXC təsis Konfransının Protokolu

Lakin onun bu cəhdlərinə baxmayaraq, AXC sel kimi el gücünə çevrilirdi…

İsa Qəmbər tərəfindən irəli sürülən və N.Nəcəfov, E.Məmmədov, N.Pənahlı, R.Qazıyev, B.Fərzəliyev, V.Əyyubov, S.Rüstəmxanlı, Tağı Xalisbəyli, İsmayıl Şıxlı, İbrahim İbrahimov, Yusif Salmanov, Ramiz Tağıyev, Sülhəddin Əkbər, Cəlilov Cabbar, Fəzail Ağamalıyev və digərləri tərəfindən dəstəklənən namizədin aldığı səs heç bir halda 80 ola bilməzdi. Həqiqətdə isə, göstərəcəyimiz kimi, əleyhinə verilmiş 11 rəqəmindən başqa lehinə verilən səslərin 80 olması, 20 nəfərin səsvermədə iştirak etməməsi məsələsi Z.Əlizadənin öz böhtanını əsaslandırmaq üçün uydurduğu rəqəmlərdir. Leyhinə səslər xeyli çox olmuşdu və 20 nəfərin də səsvermədə iştirak etməməsi haqqında deyilənlər xəyal məhsulu hesab olunmalıdır.

Oxucu çox yəqin ki, başa düşüb ki, əlimizdə AXC I (təsis) konfransı haqqında Z.Əlizadənin dediklərini təkzib edən, xatirələrdən daha mötəbər sayılacaq hansısa bir mənbə vardır. Geniş mənada yuxarıda göstərdiyim elmi təhqiqat işləri, hadisə iştirakçılarının xatirələri, xüsusən hadisəyə yaxın dövrlərdə verilmiş, dərc olunmuş müsahibələr, çıxışlar belə mənbələr sırasına aid edilə bilər. Lakin ilkin mənbə anlayışının konkret mənası baxımından daha mühüm sayılacaq materiallar da var.

Bunlardan birincisi, məncə, AXC Məclisinin 28-29 oktyabr tarixində keçirilmiş birinci sessiyasının elə həmin günlərdə dərc edilmiş və yayılmış protokoludur. (Yubileydən sonra həmin protokolu KİV-də dərc etdirməyini nəzərdə tuturam – P. H.) Həmin protokolun 7-ci səhifəsində Məclisin iclasına sədrlik edən Səfər Alışarlı sorğulara aydınlıq gətirərkən bildirir: «Biz təsis konfransının materiallarını diqqətlə araşdırdıq. Hətta audiolentləri də başdan-ayağa dinlədik. Lakin protokolda Məclis haqqında kiçik abzasdan başqa heç nə tapa bilmədik. Yeri gəlmişkən, təsis konfransının protokolunda, mən qətnamələri nəzərdə tuturam, bəzi qeyri-dəqiqliklər var». Beləliklə, məlum olur ki, təsis konfransının materialları – protokolu və hətta maqnitofon yazısı olub və 1989-cu ilin oktyabrında saxlanırdı. AXC Məclisinin birinci sessiyasının protokolunda I (təsis) konfransı ilə bağlı digər məlumatlar konfrans üzvü olan Məclis üzvlərinin çıxışlarındakı məlumatlardır. Lakin bu çıxışlar əsasən Məclisin və İdarə Heyətinin yenidən seçilməsini istəyənlərin konfransdakı seçkilərin qeyri-demokratikliyi barədə mülahizələridir və subyektiv xarakter daşıyır. Bəzi texniki xarakterli məlumatlara da rast gəlinir. Məsələn, Sumqayıtdan Yusif Salmanov Təsis konfransında Sumqayıta 3 yer verildiyini, lakin indi sənədlərdə bir yer göstərildiyini bildirir.

İlk mənbə kimi əhəmiyyət kəsb edən digər material AXC bülleteninin 3-cü nömrəsidir. Burada AXC təsis konfransı haqqında ümumi məlumatlar və bəzi qətnamələrin mətni dərc olunub. Dərc olunan qətnamə Azərbaycanın dövlət suverenliyi haqqında qətnamədir.

Mən hesab edirəm ki, AXC İdarə Heyətinin bəzi sonrakı qərarları, o cümlədən Azərbaycan Demokratik Cümhuriyyəti haqqında qətnamənin bütünlüklə iqtibas gətirildiyi 12.04.1990-cı il tarixli qərarı da bu qismə aid edilə bilər.
Nəhayət, məncə, ən mühüm ilk mənbə AXC təsis konfransının katibləri Lətifə Məmmədova və Ruhəngiz Hüseynova tərəfindən iclasın gedişində yazılmış protokol qeydləridir. Bunlar əlyazısı ilə iki nüsxədə qeydə alınmışdır və bu cəhətdən fövqəladə əhəmiyyətə malikdir.

5. Konfransın bilavasitə gedişi barədə danışmazdan əvvəl, məncə, bir məsələyə də aydınlıq gətirilməlidir. AXC təsis konfransı nə üçün iyulda və iyulun 16-da keçirildi?

AXC-nin təsis konfransının iyulda keçirilməsi ideyası birdən-birə yaranmış, qərara bağlanmış və sürətlə həyata keçirilmişdi. Hələ 1989-cu ilin apreli və mayında, hətta iyunun əvvəllərində AXC Təşəbbüs Mərkəzində belə bir fikir hakim idi ki, AXC-nin təsis qurultayı 89-cu ilin payız-qışında keçiriləcəkdir. Belə hesab edilirdi ki, həmin dövrə qədər yerlərdə təşkilatlanma getməli və aşağıdan təşəbbüslə dayaq dəstələri yaradılmalı, dayaq dəstələri tərəfindən nümayəndələr seçilməli və bu nümayəndələrdən ibarət qurultay Xalq Cəbhəsini elan etməlidir. Digər ideya klassik Xalq Cəbhəsi modellərində olduğu kimi, ən ümumi, məsələn, o şəraitdə milli suverenlik və yenidənqurma hədəflərinə malik müxtəlif təşkilatların Xalq Cəbhəsi formasında birləşməsi idi. Ola bilər ki, 1988-ci ilin noyabr-dekabr günlərində bu ideya həyata keçə bilərdi. Lakin Pribaltika respublikalarından fərqli olaraq Azərbaycanın partiya və ziyalı elitası bu prosesə elə də aktiv qoşulmadı və üstəlik, 1988-ci ilin 5 dekabrında meydan dağıdılıb respublikada fövqəladə vəziyyət elan olunması, həbslər, repressiyalar fəallaşmış fərdləri və kütləni qorxutdu və yerlərdə təşəbbüs xeyli səngidi.

Fərdi və ya kollektiv subyektiv iradəyə ehtiyac yaranmışdı. Xalq Cəbhəsi əvvəlcə yaranmalı idi ki, proses getsin. AXC Təşəbbüs Mərkəzi yarandıqdan sonra da dayaq dəstələrinin yaradılmasının gözləniləndən ləng getməsi bir çoxlarını Xalq Cəbhəsinin yuxarıdan, mövcud qüvvələrlə elan olunması ideyasına gətirirdi. Açığı, bu ideya yetişmişdi. Lakin bəziləri üçün şablondan imtina etmək prosesi çox çətin gedirdi. Utopik olan belə təsəvvür hakim idi ki, həqiqətən xalqın cəbhəsi olmaq üçün dayaq dəstələri əhalinin, ərazi və müəssisələrin azı yarısını əhatə etməlidir ki, xalqın adından danışmaq hüququ, bir növ mandat qazansın.

AXC Təşəbbüs Mərkəzində özünü çox yad hiss edən Nemət Pənahlı bu məsələdə xüsusi təkid göstərirdi. Doğrudur, bir-iki dəfə gəldikdən sonra, o, AXC Təşəbbüs Mərkəzindəki söhbət və danışıqları ola bilsin ki, səmimi şəkildə, sadəcə, başa düşməyərək, mənasını anlamayaraq və ya mənasız sayaraq bir daha həmin toplantılara qatılmadı. Bundan başqa, Pribaltika xalq cəbhələrinə Moskvanın münasibətinin pisləşməsi Azərbaycanda Vəzirovun da Cəbhəyə münasibətini kəskinləşdirdi. İş o həddə çatmışdı ki, təşkilatın başqa adla yaradılması təklifləri müzakirəyə çıxarıldı. Lakin əksəriyyət artıq müstəqil sosial-psixoloji şifrəyə çevrilmiş Xalq Cəbhəsi terminindən imtinanı yaxına buraxmadı.

Əbülfəz Elçibəy mitində

Lakin iyulda tamam kənar xarici təsir bu qərarın verilməsi üçün həlledici rol oynadı.

AXC-nin I (təsis) Konfransının 1989-cu ilin iyulunda keçirilməsi Zviad Qamsaxurdiyanın adı ilə birbaşa bağlıdır…

…AXC TM 89-cu ilin may ayının 15-16-da keçirilən Tallində Baltik xalqlarının III Assambleyasında iştiraka dəvət aldı və mən, AXC Təşəbbüs Mərkəzinin üzvləri Nəriman Zülfüqarov və Emin Əhmədovdan ibarət heyətlə Tallində olduq. Koordinasiya Şurasının üzvü olduğum üçün mən heyətə rəhbər təyin edildim və Tallində bir sıra görüşlərdə AXC-ni təmsil etdim. Qeyd edim ki, assambleyanın sənədlərində bizim heyətin fəaliyyəti də öz əksini tapmışdı. Pribaltika xalq cəbhələrinin bundan əvvəl keçirilən qurultay və digər tədbirlərində Qarabağla bağlı ermənilərin maraqlarına uyğun qətnamə və bəyanatlar qəbul edilmişdi və bu assambleyanın da müvafiq sənədinin layihəsi nümayəndələrə paylanmışdı. Bizim heyətin etiraz mövqeyini əks etdirən müraciət hazırlandı və həmin müraciət ümumi iclasda oxunaraq assambleyanın materiallarına daxil edildi. Assambleyanın gedişində erməni nümayəndələr əsasən Estoniya Xalq Cəbhəsinin yaradıcısı və rəhbərlərindən olan Rafiq Qriqoryan başda olmaqla, Pribaltikada yaşayan erməniləri təmsil edirdi və Qarabağla bağlı fəaliyyəti və diskussiyanı da əsasən onlar aparırdı. Erməni Milli Hərəkatını rəsmən İrəvandan olan yeganə (səhv etmirəmsə) Ohenasyan adlı bir nümayəndə təmsil edirdi. O vaxt Levon ter-Petrosyan başda olmaqla, AOD-un rəhbərliyi həbs edilmişdi və Moskvada barələrində istintaq aparılırdı. Odur ki, AOD assambleyada çox populyar idi. Olduqca passiv olan həmin nümayəndə də bizimlə ciddi diskussiyalara girmirdi və şəxsi görüşlərdə mehribanlıq göstərirdi. Lakin mehribancasına da, «sizin torpaqlar çoxdur, bizim azdır, ona görə də siz gərək razı olasınız ki, erməni xalqına bu torpaqlar verilsin, siz türklər demoqrafik yolla sürətlə çoxalırsınız, ona görə könüllü olaraq Ermənistandan getməlisiniz» kimi açıq-saçıq fikirlərini dilə gətirməkdən çəkinmirdi. Daha çox nümayəndə ilə təmsil edilən Gürcüstan Xalq Cəbhəsi ilə daha sıx tanışlıq quruldu və mən onlara bizim, Leyla Yunusun əlaqə telefonlarını və ünvanlarını verdim.

…1989-cu ilin iyunun sonunda məhz mənimlə Tallində tanış olan Gürcüstan Xalq Cəbhəsinin üzvünün xətti ilə bizə Tiflisdə görüş keçirmək dəvəti gəldi və biz Tiflis dəmiryol vağzalında düşdükdən sonra Avtandil adlanan həmin şəxs məni tapıb gördükdən sonra qarşılayan heyətə gələnlərin həqiqətən Azərbaycan Xalq Cəbhəsi olduğunu dedi…

…Tiflisdə dərhal gördük ki, vəziyyət bizdən kəskin şəkildə fərqlidir. Gürcüstan Xalq Cəbhəsi orada öz təsir gücü və imkanlarına görə hətta ikinci və üçüncü belə deyildi. Prosesləri əsasən Zviad Qamsaxurdiyanın rəhbərlik etdiyi «Dəyirmi masa» idarə edirdi və açıqca görünürdü ki, Zviad və digərləri Gürcüstan Xalq Cəbhəsinin təşəbbüsçü və təşkilatçısı olan bu tədbirin alınmasında maraqlı deyil. Zviad Qamsaxurdiya ilk andan tədbirdə sabotaj mövqeyi tutdu… Yenə Z.Əlizadənin yuxarıda göstərilən kitabdakı bir hissəyə müraciət edirəm.

“…Sözü uca boylu, çalsaç, gözləri əyilmiş birisi aldı. Hamı dərhal susdu. Zviad! O, təkəbbürlə Bakıdan gələn qonaqlara müraciət etdi:

– Sainqlo barədə nə fikirdəsiniz?

Biz çaşqın halda bir-birimizə baxdıq.

– Sainqlo nədir?

– Bu, qanunsuz yolla və ədalətsizcəsinə Azərbaycana verilmiş gürcü torpaqlarıdır. İndi isə siz onu Şəki-Zaqatala zonası adlandırırsınız.

Bu zaman Hikmət Hacızadə sakitcə dilləndi:

– Cənablar, biz bura sizin çağırışınızla gəlmişik ki, yanan odu söndürək. Siz isə bu ocağa vedrə-vedrə benzin tökmək istəyirsiniz. İndi bu cür məsələləri qaldırmaq və müzakirə etmək vaxtıdırmı? Gəlin torpaqdan yox, demokratiyadan danışaq.

Zviad Qamsaxurdiyanın dayanmaq fikri yox idi. O, daha irəli gedərək bildirdi ki, Gürcüstana gəlmiş və burada məskunlaşmış köçəri türklər indi SSRİ dağıldığı və müstəqil dövlətlər yarandığı bir vaxtda Gürcüstanı tərk edib Azərbaycana köçməlidir.

Bu vaxt Pənah Hüseynov qəzəblə müdaxilə etdi:

– Siz necə dediniz? Onlar nə vaxt və nəyin üstündə Gürcüstana gəlmişdilər?

– Şah Abbasın zamanında, – Zviad cavab verdi.

– Onlar at belində, əllərində qılınc və nizə gəlib bu torpaqları tutub və burada yaşamağa başlayıblar. Onları qovmaq istəyirsiniz? Silahlarınızı alın, atları yəhərləyin və döyüşə hazır olun, başlayaq!

Ara qarışdı…”

Açığı, mən Zviad Qamsaxurdiyanın da, Hikmət Haçızadənin də, özümün də nə dediyimi yaxşı xatırlayıram. Lakin mən Zviad Qamsaxurdiyadan sonra Etibar Məmmədovun, İsa Qəmbərin, elə Zərdüşt Əlizadənin özünün yüksək səviyyəli, tutarlı, gözəl və məntiqli çıxışlarını da xatırlayıram. Z.Əlizadə bunları tamam “unudaraq” və adətinə sadiq qalaraq məni təhrif edir, bütün tərifləri Zurab Kostavaya yağdırır…

…Mövzuya qayıdaq. Bizimkilərin çıxışlarından sonra bərabər səviyyəyə və qarşılıqlı hörmətə keçən müzakirədə AXC və Gürcüstan Xalq Cəbhəsi və ona daxil olan 7 partiya arasında əməkdaşlıq sazişinin imzalanması gündəmə gəldi. Qamsaxurdiya açıq-aydın cığallığa keçdi və sonda ondan yapışdı ki, AXC hələ təsis olunmayıb, sadəcə, təşəbbüs qrupudur, heç kimi təmsil etmir və sənədi imzalamaqdan imtina etdi. Sənəd imzalanmamış qaldı. Bu hadisə “aşağıdan təşkilatlanma” tərəfdarlarının geri çəkilməsi üçün son dəlil oldu. Elə oradaca dərhal, gözləməyərək AXC-nin təsis konfransını keçirmək barədə qərar qəbul edildi və sürətlə həyata keçirildi.

6. AXC Təsis Konfransı

…Məncə, Gürcüstana səfər iyulun 2-də başlamış, 2-3 gün çəkmişdi. Qayıdandan sonra Təşəbbüs Mərkəzinin (TM) ilk iclasında – iyulun 6-da konfransa hazırlığa start verildi. Konfrans 16 iyul 1989-cu ildə saat 10-da başladı və fasiləsiz 8 saat davam etdi. Konfransda 30 rayon şöbəsini təmsil edən 196 səsvermə və 240 məşvərətçi səslə nümayəndə qeydə alınmışdı. Konfransın iclaslarını aparmaq üçün Yusif Səmədoğlu sədr, Lətifə Məmmədova və Ruhəngiz Hüseynova katiblər seçildi. Gündəliyə TM tərəfindən hazırlanmış 6 məsələdən ibarət gündəlik təklif edildi və təsdiq olundu:

1. AXC Təşəbbüs Mərkəzinin hesabatı;

2. Siyasi vəziyyət haqqında;

3. AXC TM-in mətbuat vasitələri ilə əlaqələri;

4. AXC Nizamnaməsinin təsdiqi;

5. AXC məramnaməsinin təsdiqi;

6. Təşkilat məsələləri.

Əsas məruzələr üçün 20, çıxışlar üçün 5 dəqiqə müəyyən edildi.

TM-in hesabatı haqqında Tofiq Qasımov məruzə etdi. Məruzədə göstərilirdi: “Əsas məqsədi yenidənqurma proqramının həyata keçirilməsini təmin etmək olan, mövcud Konstitusiya çərçivəsində respublikanın milli müstəqilliyinə nail olmaq və hüquqi dövlət qurmaq uğrunda mübarizə aparacaq AXC-ni yaratmaq ideyası 1988-ci ilin yayında meydana gəlmiş, qeyri-formal təşkilatların birgə iclasları keçirilərək müzakirələr nəticəsində proqram layihəsi hazırlanıb təkmilləşdirilmiş və 1988-ci ilin noyabr-dekabr aylarında ümumxalq hərəkatı zamanı meydanda mitinq iştirakçıları arasında paylanmışdır. Noyabr hadisələri zamanı meydanda özəklərin təşkilinə başlanmışdı. Meydan hadisələrinin axırında 100-ə yaxın özək dəstəsi mövcud idi. 1989-cu ilin mart-aprel aylarında AXC-nin Təşəbbüs Mərkəzi yaradılır və AXC Nizamnaməsi tərtib olunur. AXC Təşəbbüs Mərkəzi yaradılandan sonra onun tərkibi genişləndirilmiş, Koordinasiya Şurası, Ağsaqqallar Şurası, nəzəriyyə qrupu, şəhər və kənd rayonları ilə əlaqə qrupları, respublikada baş verən hadisələri dünya ictimaiyyətinə çatdırmaq üçün mətbuat qrupu, qaçqınlarla iş qrupu, Sumqayıt hadisələrinin kökünü aşkara çıxarmaq, istər repressiya, istərsə də aşkarlıq dövründə azərbaycanlıların zorla yaşayış yerlərindən çıxarılmasını aydınlaşdırmaq üçün komissiyalar yaradılmış və fəaliyyət göstərmişdir. Hazırda Bakı şəhərində 200-ə qədər dayaq dəstəsi fəaliyyət göstərir. 24 kənd rayonunda dayaq dəstələri yaradılmışdır. Nəzəriyyə qrupu milli məsələ, respublikanın tam təsərrüfat hesabına keçirilməsi, Dağlıq Qarabağ probleminin həllinə dair konsepsiyalar hazırlamışdır. Mətbuat qrupu Moskva, Pribaltika və xarici radiostansiyalarla əlaqə yaratmışdır. Qaçqınlarla iş qrupu onlara əlindən gələn kömək göstərmiş, onlar arasında sorğu keçirmiş, başlarına gələn hadisələri dəqiq öyrənməyə çalışmışdır. AXC tələb edir ki, onlar öz dədə-baba yurdlarına qayıtmalı və təhlükəsizlikləri təmin edilməlidir. Bundan əlavə, onlara dəyən maddi və mənəvi zərər mərkəzi hökumət tərəfindən ödənilməli, onlar iş yerləri ilə təmin olunmalıdır. Martda AXC Təşəbbüs Mərkəzi qeydiyyatdan keçmək üçün Azərbaycan KP MK və Ali Sovetə müraciət etmiş, lakin rəsmi cavab alınmamışdır. 1989-cu il aprelin 10-da TM-dən 10 nəfərin iştirakı ilə Azərbaycan KP MK I katibi Ə.Vəzirovla görüş keçirilmişdir. Azərbaycanda kənarda yaşayan azərbaycanlılarla iş TM-in diqqət mərkəzində olmuşdur. 1989-cu il iyulun 2-də AXC Koordinasiya Şurası Gürcüstanda doğulmuş, hazırda Azərbaycanda yaşayan ziyalıları ilə birlikdə geniş heyətlə Gürcüstanda olmuş, Gürcüstan Xalq Cəbhəsi, digər qeyri-formal təşkilatlarla, ziyalılarla və yerli azərbaycanlı əhali ilə görüşlər keçirmişdir. Bu, Gürcüstanda azərbaycanlılarla gürcülər arasında münasibətdə yaranmış gərginliyin qarşısı alınmışdır”.

Məruzədən sonra İsa Qəmbər çıxış edərək AXC-nin inkişaf mərhələləri haqqında məruzə ilə üst-üstə düşməyən məqamlar barədə fikirlərini konfrans iştirakçılarına çatdırdı. Qeyd etmək lazımdır ki, konfransda ediləcək məruzələrin yazılı mətnləri hazırlanmamış və müzakirə edilib təsdiqlənməmişdi. Odur ki, bir sıra hallarda söylənən fikir və mülahizələr məruzəçinin subyektiv mövqeyini ifadə edirdi. Konfransa hazırlaşarkən razılaşdırılmışdı ki, hesabat yalnız 1989-cu ilin martında AXC Müvəqqəti Təşəbbüs Qrupu və “Varlıq” təşkilatının birləşməsi ilə yaradılmış AXC Təşəbbüs Mərkəzinin fəaliyyəti haqqında olacaq. Məsələ burasındadır ki, 1989-cu ilin martına qədərki dövr barədə ciddi fikir ayrılıqları qalırdı. Hələ Koordinasiya Mərkəzi yaradılarkən qərara alınmışdı ki, bu mərkəz nə o vaxta qədər özünü AXC Koordinasiya Qrupu adlandıran qurumun, nə də “Varlıq”ın davamı deyildir və onların fəaliyyəti üçün məsuliyyət daşımır.

Lakin Tofiq Qasımov məruzəsində AXC-ni 1988-ci ilin yayında – təxminən iyulun sonu-avqustun əvvəlində elan edilmiş AXC Təşəbbüs Qrupunun davamı kimi verdi və AXC-nin yaranmasını bu qrupun fəaliyyəti ilə bağladı. Halbuki Azərbaycanda yenidənqurma tərəfdarlarının cəbhə formasında kütləvi təşkilatını yaratmaq ideyasına “Varlıq” təşkilatı da iddia edirdi. 1988-ci ilin avqust-sentyabrından “Varlıq” və AXC Təşəbbüs Qrupu arasında vahid qurumda birləşmək üçün danışıqlar aparılırdı. O dövrdə “Varlıq”ın hazırladığı AXC proqram layihəsi də eyni mənbədən istifadə olunmaqla hazırlanmışdı. Sonradan aydın oldu ki, milli münasibətlər, suverenlik, Cənubi Azərbaycan məsələləri istisna olmaqla, bir-birini təkrar edir. Yayda “Varlıq”ın üzvü, Tartu Universitetində (Estoniya) Lotmanın aspirantı olan Arif Acalov Estoniya Xalq Cəbhəsinin sənədlərini gətirdikdən sonra proqram yazılmasında əsasən işçi material kimi onlardan yararlanmışdıq. Firudin Cəlilovun mənzilində bir neçə gün davam edən toplantılardan sonra proqram mətni əsasən hazırlanmışdı. Noyabrda meydan hadisələri başlandıqdan bir gün sonra çıxışlarda meydanda Xalq Cəbhəsinin yaradılacağı haqqında çağırışlar səslənməyə başladı. Bu çağırışlar meydan hadisələri haqqında ilk dəfə rəsmi mətbuatda məlumatlar dərc etməyə başlayan “Molodyoj Azerbaydjana” qəzetinin 19 noyabr tarixli sayında da xatırlanır. Meydanda mitinq 17 noyabrdan başlayaraq əsas etibarilə “Varlıq” üzvlərindən ibarət olan və F.Cəlilovun rəhbərlik etdiyi Nümayiş Komitəsi tərəfindən idarə olunurdu. Xalq Cəbhəsinin elan olunması çağırışlarını da onlar səsləndirirdi. 18 noyabr günü Əbülfəz bəy, İsa bəy və F.Cəlilov bildirdilər ki, onlarla Zərdüştün qrupu arasında razılıq əldə olunub və proqram mətnlərinin birləşdirilməsi işini bir günə yekunlaşdırmaq lazımdır. “Varlıq”dan mənə, Müvəqqəti Təşəbbüs Qrupundan Hikmət Hacızadəyə bu işi yerinə yetirmək tapşırıldı. Mən Hikmətlə onun həmin vaxt yaşadığı mənzildə bir sutka işlədik, mətnləri birləşdirmək üçün çalışdıq və işi yerinə yetirdik. Tam məsuliyyətlə deyirəm ki, Əbülfəz bəy, İsa bəy və F.Cəlilov bu məsələdə ciddi tolerantlıq nümayiş etdirdi. Lakin əslində razılıq əldə olunduqdan sonra – 19-u gecəsi hər şey pozuldu. Məlum oldu ki, meydanın dənizdən baxanda sol tərəfində Zərdüştün dəstəsi öz layihələrini asıb və təbliğata başlayıblar. Aydın oldu ki, Z.Əlizadə və onun qrupundakı nüfuzlu şəxslər millətçilərlə birləşməkdən vaz keçiblər. Z.Əlizadə özü açıqca etiraf edir ki, heç vaxt “millətçilərlə” birləşmək tərəfdarı olmayıb və yalnız onun qrupu deyilən qurumda milli-demokratik meyli bölüşənlərin sayı və təsiri çoxalıb üstünlük təşkil etdikdən sonra məcburən birləşməyə razılıq verib. Z.Əlizadə “separat Xalq Cəbhəsi” elan etdikdən sonra elə həmin andan meydanı idarə edən “Varlıq” üzvləri və Nemət Pənahlı tribunadan onların təbiri ilə desək, saxta Xalq Cəbhəsini təbliğatçılarını xəyanətdə, partiya mafiyasının tapşırığını yerinə yetirərək xəyanətdə ittiham etdilər və xainləri meydandan qovmağa çağırdılar. Meydanda tədricən Nemət Pənahovun təsiri güclənmişdi. “Saxta” cəbhəçilərə qarşı əsl düşmən kampaniyası başladı, onları sadəcə meydandan qovdular. Beləliklə, meydanda Xalq Cəbhəsini elan etmə ideyası alınmadı…

Milli Azadlıq Hərəkatının liderlərindən Etibar Məmmədov və Əbülfəz Elçibəy

Yəni həm tarixi, həm də faktiki baxımdan I (təsis) konfrans ən azı bərabərhüquqla “Varlıq”ın fəaliyyətinin davamı idi və İsa bəy bu məsələni qeyd etdi…

Konfransda siyasi vəziyyət haqqında məruzə ilə Əbülfəz Əliyev (Elçibəy) çıxış etdi. Əbülfəz bəy o dövrdə SSRİ-də gedən proseslərin yeni və orijinal konsepsiyası ilə çıxış etdi. O, proseslərin mahiyyətinin SSRİ-nin parçalanması olduğunu, bu prosesin labüd, təbii və mütərəqqi olduğunu, lakin kənar faktorların təsiri ilə mürəkkəbləşdiyini göstərdi. Məruzədə belə kənar faktorlar olaraq beynəlxalq güclər, silah mafiyası və regionda erməni amili göstərilir, Qarabağda gedən proseslər də bu prosesə bağlanır.

Doğrudur, Əbülfəz bəy o vaxt sonradan daha geniş yayılan və əksəriyyət tərəfindən qəbul edilən yanaşmadan fərqli olaraq Qarabağ hadisələrini SSRİ-nin parçalanmasının qarşısını almaq üçün Moskvanın ortaya atdığını irəli sürdü: “Azərbaycanda gərgin vəziyyət ermənilərin daşnak və başqa partiyalarının, hökumətlə qeyri-formalların birləşib müstəqil dövlət yaratmaq, Ermənistanın SSRİ tərkibindən çıxması istiqamətindəki birgə fəaliyyətindən sonra başlamışdır. Odur ki, Qarabağ hadisələrini, Azərbaycana müdaxiləni Ermənistanın SSRİ tərkibindən çıxmasının qarşısını almaq üçün onların diqqətinin Moskva tərəfindən Qarabağ hadisələrinə yönəldilməsi kimi başa düşmək olar”.

Sonra Əbülfəz bəy Orta Asiyadan Məshəti türklərinin qovulmasını bu yanaşmadan izah etdi və bunların eyni həlqənin hadisələri olduğunu vurğuladı. Əbülfəz bəy yerlərdə milli münaqişələr yaradaraq bundan gəlir əldə etmək istəyən silah mafiyası üzərində xüsusi dayandı.

***

«Silah mafiyasının əsas məqsədi demokratiyanın inkişafına mane olaraq xalqlar arasına ədavət toxumu səpmək, onları milli müdafiəyə qaldırmaq və altdan silah satmaqdır. Bu mafiyaya hərbçilər və yuxarı təbəqələrin nümayəndələri daxildir…

…AXC xalqı qırğından xilas etmək üçün yaradılır. Bu xilas yolu Azərbaycanda demokratiyanın inkişafından keçir. Azərbaycanda demokratiyanın inkişafı çox çətinliklərlə qarşılaşır, çünki respublikada rüşvətxor dəstə başqa yerlərdən daha güclüdür. Aparatımız köhnə despot üsulu ilə işləyir. Azərbaycanda çox güclü olan bu despotizm psixologiyasını aradan götürməliyik…

…Son vaxtlar Azərbaycanda işıq ucu görünür. Müxtəlif qüvvələr yaranır. Xalq demokratiyaya hazırdır. Bir-iki ildən sonra müstəqil siyasi partiyalar yaranacaq. AXC xalqı qırğından qurtarmaq üçündür. Bunun üçün: 1. Ziyalıların tam xalq mənafeyindən çıxış etməyə başlaması və xalqla birləşməsi. 2. Ziyalıların tələbə gənclərlə birləşməsi lazımdır”.

Məruzə ətrafında geniş müzakirə aparıldı. Məruzəçiyə verilən və protokol materiallarında qeyd olunmuş «Sovet imperiyasının Azərbaycana müdaxiləsi təhlükəsi nə qədərdir?», «Sosialist ölkələrində demokratiyanın inkişafı və milli məsələlərin meydana çıxması haqqında hansı əlaqə vardır?», «Dağıstanda vəziyyət gərgindir, AXC buna hazırdırmı?», «SSRİ-dən ayrılmaq probleminə niyə pis baxılır?», «Əgər mərkəz idarə edə bilmirsə, respublikalar niyə müstəqil olmasın?» və s. bu kimi suallar dövrün ictimai ab-havası və nümayəndələrin siyasi ovqatı, konfransın ümumi mühiti və səviyyəsi haqqında təsəvvür yaradır.

SSRİ-dən ayrılmaq probleminə həmin vaxt AXC sənədlərində qoyulması məsələsinə münasibətdə Əbülfəz Elçibəyin mövqeyi barədə bu suala verilən və protokol qeydlərində əksini tapmış cavab böyük əhəmiyyətə malikdir: «Bizdə demokratik qüvvələr buna hazır deyil. Konfransda dövlət suverenliyi haqqında qətnamə olacaq». Qeyd edək ki, SSRİ-dən ayrılmaq tələbinin AXC proqramında rəsmən təsbit olunması məramnamə və qətnamələrin müzakirəsi zamanı bir neçə dəfə qaldırıldı. Hər dəfə bu təkliflər Elçibəy tərəfindən dəyərləndirildi, cavablandırıldı. Konfrans nümayəndələrinin əksəriyyəti tərəfindən milli müstəqillik xəttinin lideri kimi qəbul edilən Elçibəyin mövqeyi bu məsələdə həlledici oldu. Bu, Elçibəyin milli hərəkatın ən böyük strateqi olmaqla bərabər, eyni zamanda optimal, rasional və praqmatik kurs müəyyənləşdirə bilən siyasətçi olduğunu göstərən klassik nümunədir.

Məruzəçiyə verilən bir sıra suallara cavablarda hərəkatın fəaliyyət formaları ilə bağlı məsələlərə aydınlıq gətirilir:

Vurğun Əyyub («Çənlibel» cəmiyyətinin sədri): – Nümayişlərə münasibətiniz? Onlar lazımdır ya yox?

Elçibəy: – Başıpozuq nümayişlər dağılmağa gətirib çıxarır. Nizamlı və idarəolunan nümayişlər, mitinqlər lazımdır.

Umudov Şəmsəddin (Oktyabr rayonu): Xalqı necə qızışdırmaq lazımdır ki, imperiyaya qarşı çıxsın?

Elçibəy: – Millətlər qızışdırılanda ola bilər ki, imperiyanı yıxsın. Ola da bilər ki, imperiyaya xidmət etsin. Demokratik mübarizə ən yaxşı yoldur.

Məruzə ətrafında çıxışlardan:

Heydərov Musa Feyzulla oğlu: «Bizim yeganə ideologiyamız idrakı puçlara qarşı çıxmaqdır. Xalqımıza birlik lazımdır. Meydanda çox “öldü var-döndü yox” deyən var idi. İndi yoxdur. Biz Yusif bəyin arxasınca getməliyik”.

HAŞİYƏ: Meydan hadisələrinin iştirakçılarını tənqid edən və hamını Yusif Səmədoğlunun arxasınca getməyə dəvət edən bu Musa Heydərov o Musa Heydərovdurmu ki, Zərdüşt Əlizadənin parodiyasında tam başqa şəkildə və obrazda meydana çıxır? Əlizadə Rasim Ağayevlə birgə buraxdığı kitabın 381-ci səhifəsində yazır ki, onun əslən İsmayıllı rayonunun Lahıc kəndindən olan, İnşaat Mühəndisləri İnstitutunun dosenti Rəşid adlı qonşusu, – hansı ki onu, yəni Zərdüştü öz maşınında İsmayıllıya aparıb məşhur hakim Tahir Kərimli ilə də tanış edibmiş və ümumiyyətlə, bütün qəlbi ilə Qarabağa, AXC-yə rəğbət bəsləyirmiş, – Cəbhənin təsis konfransı haqqında eşidib ona deyibmiş ki, iştirak üçün ona da bir mandat düzəltsin. Zərdüşt bəy imtina edib deyibmiş ki, mandatı rayon konfranslarında seçilmiş nümayəndələrə verirlər (Əslində, Z.Əlizadə bu uydurmasını quraşdırarkən unudur ki, konfransda iştirak etmək üçün heç bir mandata ehtiyac yox idi. Hər bir AXC üzvü konfransda iştirak edə bilərdi və konfransda məşvərətçi səslə 200-dən çox AXC üzvü iştirak edirdi). Rəşid onunla razılaşıbmış, ancaq Zərdüşt bəy ürəyində hiss edib ki, Rəşid ondan incik qalıb. Bax, həmin Rəşid konfransdan iki gün sonra onunla həyətdə rastlaşarkən incik-incik belə deyib: «Bu necə olur ki, mən Cəbhədən ötrü bütün ruhumla yanıram, Cəbhənin işlərindən ötrü öz maşınımla rayonlara gedirəm, sizsə mənə mandat vermirsiniz? Ancaq Cəbhəyə heç bir aidiyyəti olmayan bizim institutun dosenti Musa Heydərov bu gün mənə deyir ki, 15 iyulda Ordubad uşaqları ilə oturublarmış çayxanada. Onların hansısa bir yerlisi gəlib və təklif edib ki, Əbülfəz Əliyevi sədr seçmək üçün təsis konfransına getmək lazımdır və onlara 25 manat paylayıb. Onlar da konfrans nümayəndəsi olublar. Musa Heydərov qürrələnirmiş ki, o, hətta konfransda çıxış edib, yerlisini tərifləyib, öz çayxana komandası ilə onu sədrliyə keçiriblər».

Yusif Səmədoğlu: – Bizim əsas məqsədimiz xalq içində ideya və məfkurə birliyi yaratmaqdır. Ona görə yığışmışıq ki, Xalq Cəbhəsini elan edək.

Salmanov Yusif (tarix müəllimi, Sumqayıt): – Ziya Bünyadov Sumqayıt Xalq Cəbhəsinə qoşulub. Bizə allahlıq iddiasında olan liderlər lazım deyil. Bizə demokratik qaydada seçilmiş idarə heyəti lazımdır.

Z.Əlizadə: – Əbülfəz bəy respublikada vəziyyəti düzgün işıqlandırdı. Biz hisslərə aludə olmamalıyıq. Vəziyyətdən şüurla çıxmalıyıq. Biz hüquqi savadsızlığımızdan Qarabağın hüquqi statusunu müdafiə edə bilmədik. Konstitusiya məsələsinə əlavələr zamanı xalqın başı Topxanaya qarışmışdı. Xalq deputatları qurultayına namizədlərin irəli sürülməsi zamanı xalqın başı repressiyalara qarışıq idi. Bu, düşmənlərimizin şüurlu işidir.

Təklif: – AXC meydanda baş verən hadisələri təhlil etməli bu barədə geniş məlumat verməlidir.

Təklif qəbul edilir.

***

Gündəliyin 3-cü məsələsi. Mətbuatla əlaqə barədə Leyla Yunusova çıxış etdi. Onun çıxışı əslində Təşəbbüs Mərkəzinin hesabatının fəaliyyəti haqda hesabatın tərkib hissəsi idi. Lakin Təşəbbüs Mərkəzi mətbuat, informasiya məsələlərinin əhəmiyyətini nəzərə alaraq və bu sahədə L.Yunusovanın fəaliyyətinə verilən qiymətin ifadəsi olaraq ona xüsusi məruzə ilə çıxış etməyi təklif etmiş və məruzə gündəliyə salınmışdı. Protokol qeydlərində L.Yunusovanın çıxışı və bu ətrafda müzakirələri olduğu kimi verilir:

«Mən İngiltərə, Fransa və SSRİ mətbuat vasitələri ilə əlaqə saxlayıram. Biz dünyanın Azərbaycan haqqında necə fikirdə olduğunu bilirik. Bütün informasiyalar ermənilərdən alındığına görə hadisələr obyektiv işıqlandırılmırdı. Litvada 200-dən çox qeyri-formal çap vasitələri var. Biz mərkəzi mətbuata DQMV haqqında məlumat verirdik. Lakin bütün məktubları zibil yeşiklərinə atırdılar. Xarici mətbuatla əlaqə zamanı məlum oldu ki, Azərbaycanı haqqında heç bir məlumat yoxdur. Demək olar ki, boşluqdur. İndi AXC-nin fəaliyyəti nəticəsində “Ekspress-xronika”da bizdə olan hadisələr (repressiyalar və başqa məsələlər) haqda məlumatlar çap edilir. Moskva ziyalıları «Pravda» qəzetindən çox bu qəzetə inanır. «Russkiye vedomosti» qəzetində Hikmət Hacızadənin və İsa Qəmbərovun Qarabağın tarixi və baş verən hadisələr haqqında geniş yazıları dərc edilib. AXC apreldə Bakıda qeyri-formalların beynəlxalq konfransını keçirdi. Ermənilər və Vəzirov buna qəti etiraz edirdi. Moskvada AXC tərəfdarlarının «Çıraq», «Ulduz», «Araz» adlı jurnalları çıxır və orada Ermənistanda öldürülən azərbaycanlıların dəqiq sayı, İsa Qəmbərovun, Zərdüşt Əlizadənin məqalələri çap olunur. «Azadlıq» radiosunun Azərbaycan redaksiyası bizə böyük kömək göstərir. Onlarla əlaqəni Etibar Məmmədov qurur. Münhendə çıxan «Stranı mir» jurnalının yanvar-fevral nömrələrində ermənilərlə yanaşı Leyla Yunusovanın məqaləsi verilmişdir. İngiltərənin «Qardian» qəzeti müxbirinin AXC Təşəbbüs Mərkəzinin üzvü Zülfüqarovun evində olduğu barədə qəzetlərdə komendantın məlumatını oxumusunuz. Lakin bundan sonra həmin qəzetdə Sumqayıt, Qarabağ hadisələri barədə 3 məqalə verildi. İngiltərə jurnalisti Sumqayıtda azərbaycanlıların necə yaşadığını gözü ilə gördü və bunu işıqlandırdı”.

Əlövsət Qasımov (Kirovabad): – Mətbuat qurumunun nə üçün xarici ölkələrlə əlaqəsi var, ancaq respublika və SSRİ mətbuatı ilə əlaqəsi yoxdur? Gəncədə olan hadisələri niyə lazımi qədər işıqlandırmır? Mən «Vışka» qəzetinin müxbiri Orlovaya müraciət etdim. Gəncə hadisələri barədə məlumat verdim. O isə mənə «sizin millət vəhşidir» dedi.

L.Yunusova: – Mən sizin telefonunuzu əlaqədar yerlərə verərəm. Onlar sizlə birbaşa əlaqə saxlayacaq.

Sual: – SSRİ Ali Sovetinin sessiyasında bildirildi ki, Naxçıvanda, Kirovabadda, Sumqayıtda qazdan istifadə olunub. Bu barədə nə üçün respublika mətbuatında məlumat yoxdur?

L.Yunusova: – AXC-nin necə gərgin vəziyyətdə işlədiyini bilirsiniz. Ona görə də bütün məlumatlar səhih olmalıdır.

Siyabov Ələsgər: – Bizdə elə təsəvvür yaranıb ki, dünyada ermənilər bizə qarşı xristianlarla birləşib birtərəfli məlumatlar çatdırır. Bəs Şərq ölkələrindəki mətbuat bu hadisələri necə işıqlandırır?

L.Yunusova: – Şərq ölkələrində, Türkiyədə, Orta Asiya respublikalarında hadisələr düzgün işıqlandırılır. XIX partiya konfransında Zərdüşt Əlizadə ərəb ölkələrinin nümayəndələrinə müsahibə verərək hadisələri düzgün başa saldı, bu da həmin qəzetlərdə əksini tapmışdı.

***

Gündəliyin dördüncü məsələsi kimi AXC Nizamnaməsi təsdiqə çıxarıldı. Nizamnaməni Sabit Bağırov təqdim etdi.

İsa Qəmbərov: – Nizamnaməyə bir bənd əlavə edək ki, maliyyə qrupu seçilsin. Rəsmi təsdiq edilmədiyimizə görə bankda hesabımız yoxdur. Birinci qurultay sentyabrın axırlarında keçirilməlidir. Qurultaya qədər bu qrup fəaliyyət göstərsin. Bu gün Məclisi seçəcəyik. Məclisə hər rayondan bir nümayəndə düşəcək. Rayon nümayəndələri həmin şəxsləri seçib təklif etsin.

Təklif edirəm ki, TM-in üzvləri də Məclisə daxil olsunlar, çünki onlar konkret bir işlə məşğul olur və bu işi davam etdirəcəklər. Redaksiya heyəti seçilsin. Nəzarət komissiyası ancaq qurultaya tabe olsun. Sədr və İdarə Heyəti seçilsin. Sədr İdarə Heyətinə daxil olmur və səsvermə hüququ yoxdur. O, AXC-ni təmsil edəcək.

Tofiq Qasımov: – Bizdə monarxizmə meyl güclüdür. Ona görə də sədr vəzifəsi hələlik olmasın. İdarə Heyəti və Məclis seçilsin, hazırda TM-in işlədiyi prinsiplə işləsinlər.

Zərdüşt Əlizadə: – Sədr seçməyin tərəfdarıyam. Bir nəfəri sədr seçib tanımalıyıq. Və sədr xalqın layiqli oğullarından biri olmalıdır.

Pənah Hüseynov: – Mən Tofiq müəllimin dediklərini təsdiq edirəm. O ki qaldı xalqın monarxist əhval-ruhiyyəsinə, bu adamların demokratik əhval-ruhiyyəsi buna imkan verməz. Təklif edirəm ki, sədr seçilsin.

İsa Qəmbərov: – Təklif edirəm ki, Ağsaqqallar Şurası seçilsin. AXC nəzdində. Onun tərkibi bu gün müəyyən edilsin və təsdiq edilsin.

Etibar Məmmədov: – Nizamnamə və təşkilat məsələləri qurultaya qədər müvəqqətidir. Ona görə də iki təklifim var: 1. Sədr bizə mütləq lazımdır. Onun səsvermə hüququ yoxdur. 2. Qurultaya qədər üzvlük məsələsi müzakirə edilsin. Əlavə edilsin ki, AXC-yə qəbul həm fərdi, həm də kollektiv şəkildə olmalıdır.

Becan Fərzəliyev: 1. Sədr İdarə Heyətinə daxil olmalı və səs hüququna malik olmamalıdır. 2. Ağsaqqallar Şurası barədə. Heç ziyalıya bu barədə sədd qoyulmur. Kim istəsə daxil ola bilər və İdarə Heyətində səsvermə hüququna malik deyillər, ancaq təklif verə bilərlər.

Qərar 1. Nizamnamə əlavə və təkliflərlə birlikdə qəbul olunsun. Əleyhinə 2 nəfər səs verir.

***

Gündəliyin beşinci məsələsi – Məramnamənin təsdiqi müzakirəyə çıxarıldı. Məramnaməni Z.Əlizadə təqdim etdi.
Təkliflər.

Sual: – Proqram Pribaltika respublikalarının proqramlarını nə dərəcədə təqlid edir?

İsa Qəmbərov: – Proqramı tərtib edərkən Pribaltika və dünya xalqlarının təcrübəsi nəzərə alınıb. Lakin bu, Azərbaycanın problemlərini əhatə edən və Azərbaycan üçün hazırlanmış proqramdır.

Natiq Ələsgərov: – Təklif edirəm, Məramnaməyə yeni maddə – Azərbaycanın siyasi azadlığı məsələsi daxil olunsun.
(Protokol materiallarında bu təkliflə bağlı qeyd yoxdur. P.H.)

(Səsə qoyulur. Məramnamə yekdilliklə qəbul olundu.)

Məramnamənin əsas mətni ətrafında geniş müzakirələrin aparılmaması onunla bağlı idi ki, bir sıra aktual və konkret məsələlər barədə qətnamələr hazırlanaraq nümayəndələrə paylanmışdı. Konfrans hazırlanarkən qərara alınmışdı ki, sentyabrda keçirilməsi gözlənilən qurultayda məramnamənin son mətni təsdiq edilənə qədər bu qətnamələr aid olduqları məsələlər barədə proqram xarakteri daşıyacaq. Məramnamə müzakirəsinin davamı da bu qətnamələr ətrafında getdi.

***

Azərbaycan iqtisadiyyatı barədə qətnaməni Zərdüşt Əlizadə təqdim etdi. Qətnamədə model olaraq ilk dəfə Estoniyada hazırlanmış tam təsərrüfat hesablı respublika modelinə keçilməsi nəzərdə tutulurdu.

Protokol materiallarında azad iqtisadi zonalar təklifi və azad işçi qüvvəsi ifadəsinin sərbəst işçi qüvvəsi ifadəsi ilə əvəz edilməsi təklifləri qeydə alınmışdı. Qətnamə yekdilliklə qəbul olundu.

***

Konfransa qədər və konfransda ən ciddi diskussiya predmeti olan Azərbaycanın suverenliyi haqqında qətnamə layihəsini Pənah Hüseyn təqdim etdi. Samizdat AXC bülleteninin 3-cü sayında dərc edilmiş həmin qətnamə o dövrdə Azərbaycanın dövlət müstəqilliyi və suverenliyi məsələsinə münasibətdə fərqli mövqelərin kompromisi olaraq hazırlanmışdı. Lakin AXC-nin milli demokratik platformaya əsaslanan təşkilat kimi yaranmasını şərtləndirirdi. Qətnamədə aşağıdakı tezislər irəli sürülürdü.

“- Milli respublikalarda, o cümlədən Azərbaycanda, sosial və iqtisadi tərəqqi, demokratiya və aşkarlıq uğrunda aparılan mübarizə milli hərəkat forması alaraq milli suverenlik uğrunda mübarizə ilə sıx surətdə bağlıdır. Milli varlığın, milli mənlik şüurunun məntiqi nəticəsi olaraq milli suverenlik tələbi irəli sürülür.

– Müstəqil suveren dövlətə malik olmaq hər bir millətin tərəqqisi üçün ən əlverişli şərait yaradır, demokratik prosesləri, onun sosial və iqtisadi inkişafının optimal variantını təmin edir.

– Azərbaycanda demokratik respublika quruluşu sovet sosialist quruluşu ilə əvəzləndikdən sonra onun suverenliyi ləğv edilib və indiyə qədər bərpa olunmayıb.

– Azərbaycan SSR-nin dövlət hüquqlarının qaytarılıb onun suveren statusunun bərpa olunması AXC-nin proqram məqsədini təşkil edir.

– Suverenlik dövlətin tam müstəqilliyi olub sərbəst daxili və xarici siyasət aparılmasını, öz sosial iqtisadi və xarici siyasətini sərbəst şəkildə seçmək və inkişaf etdirmək hüququnu, qanunlarını qəbul etmək azadlığını nəzərdə tutur. Suveren dövlətin qanunları heç bir özgə dövlətin qanunları ilə məhdudlaşdırıla bilməz. Suveren dövlət başqa bir dövlətin tərkibinə daxil ola bilməz. Suveren dövlətin digər dövlətlərlə əlaqələri onlarla bloklara və ya ittifaqlara girmək həmin dövlətin konstitusiyası ilə deyil, beynəlxalq müqavilələrlə müəyyən olunur. Suveren dövlət öz təbii sərvətlərinin (torpaq və onun təki, dəniz şelfi, məhəlli və daxili sular, atmosfer vəs.) ali sahibidir. Suveren dövlət öz ərazisində və vətəndaşları üzərində ali və şəriksiz hakimiyyətə malikdir. Azərbaycan SSR-nin dövlət statusu bu tələblərə cavab vermədiyinə görə o, suveren dövlət sayıla bilməz.

– Bununla birlikdə, AXC hazırda Azərbaycan SSR-nin SSRİ tərkibindən çıxması məsələsinin qoyulmasını məqsədəuyğun hesab etmir. Bu məsələdə AXC tarixi reallığı, müasir beynəlxalq şəraiti, SSRİ-də milli münasibətlərin gərgin, ziddiyyətli və qeyri-stabil xarakterini, ölkədə gedən milli proseslərin dinc humanist inkişafı və ümumiyyətlə cəmiyyətin inqilabi yenidən qurulmasının ali mənafelərini əsas tutur. AXC belə hesab edir ki, SSRİ-də inkişaf etmiş vətəndaş cəmiyyəti və hüquqi dövlətin yaradılması, mülkiyyətin müxtəlif formalarının mövcudluğuna imkan verilməsi, iqtisadiyyatda, siyasətdə, mədəniyyətdə və təhsil sistemində ictimai və xüsusi təşəbbüs azadlığının bərqərar olması, respublikanın tam təsərrüfat hesabına keçməsi, respublika hökumətinin mərkəzi orqanlara tabeçilik prinsiplərinin ləğv edilməsi, mülkiyyətin, iqtisadi əlaqələrin, mədəniyyətin dövlətsizləşdirilməsi, Azərbaycan vətəndaşlığı kateqoriyasının tətbiqi, daxili qoşun hissələrinin yaradılması məsələlərinin həlli, SSRİ tərkibində qalmaqla Azərbaycan SSR-nin dövlət suverenliyinin əldə olunması üçün hələ ki, ən əlverişli və humanist yoldur.

AXC SSRİ tərkibində qalmaqla respublikanın suverenliyinə nail olmaq perspektivini yalnız inqilabi yenidənqurma proseslərinin davam etməsi şəraitində mümkün hesab edir. Yenidənqurma baş tutmayacağı halda, Azərbaycanın tam dövlət suverenliyi uğrunda mübarizəyə başlayacaqdır.”

Qətnamə ətrafında müzakirələr aparıldı.

Əkbərov Sərdar (Naxçıvan): -Azərbaycan Respublikasının SSRİ tərkibində qalması barədə maddə çıxarılsın.
P.H.: Təklif qəbul olunur.

Sual: SSRİ-nin tərkibində qalmaqla bizim hansı hüquqlarımız olacaqdır? Milli ordu yaranması məsələsi necə qoyulur?

P.H. Söhbət milli ordunun yaranmasından yox, daxili qoşun hissələrinin yaranmasından gedir. 30-cu illərdə bu, mövcud olub, lakin sonra ləğv edilib…

Qətnamə əleyhinə 5 nəfər olmaqla sonradan üzərində hüquqşünaslar işləmək nəzərə alınmaqla qəbul edildi.

***

(Proqram, Azərbaycan SSR-nin dövlət suverenliyi haqqında qətnamə səsə qoyulub qəbul edildikdən sonra Azərbaycan Demokratik Cümhuriyyəti haqqında qətnamə müzakirə edilərkən Etibar Məmmədov yenidən tam suverenlik məsələsini qaldırdı. Protokol materiallarında bu barədə belə bir qeyd var.

Etibar Məmmədov: «Proqrama daxil etmək lazımdır ki, Azərbaycanın tam suverenliyi təmin olunsun. Məlumdur ki, dövlət daxilində ikinci suveren dövlət yaratmaq mümkün deyil. Buna görə də birinci suverenliyə nail olmaq lazımdır. Bu isə SSRİ tərkibində mümkün deyil». Ə.Elçibəy çıxış edərək «Biz ilk şərt kimi indiki mərhələdə Azərbaycanın SSRİ tərkibindən çıxması məsələsini qoya bilmərik» mövqeyini təkrarladı, bunu əsaslandırdı.

AXC – 9 dekabr 1989-cu il tarixli müşavirəsində AXC İdarə Heyətinin əksəriyyətini təmsil edən 9 nəfər üzvünün mövqeyini əks etdirən məruzədə bəyan olundu ki, Azərbaycanda hərəkat, eyni zamanda milli azadlıq və demokratik hərəkatı xarakteri daşıyır. Bu hərəkatın ali məqsədi müstəqil Azərbaycan dövlətinin yaranması və həmin müstəqil dövləti demokratik cəmiyyət şəklində görməkdir. 20 yanvar hadisələrindən dərhal sonra AXC-nin tələbi və bilavasitə iştirakı ilə toplanan Azərbaycan SSR Ali Sovetinin 23 yanvar tarixli sessiyasında İdarə Heyəti Azərbaycanın SSRİ tərkibindən çıxması tələbini qoydu və bu tələb Ali Sovetin tarixi qərarında əks olundu. 5 fevral 1990-cı ildə AXC Məclisinin Ağdaş sessiyası Azərbaycanın SSRİ tərkibindən çıxması konsepsiyasını irəli sürdü və bu barədə AXC strukturlarına müraciət etdi…)

***

Azərbaycan Demokratik Respublikasına münasibət haqqında qətnamə layihəsi haqqında Pənah Hüseyn mərüzə etdi.
Qətnamədə ADR-in yaranması Azərbaycan xalqının milli mənliyinin hüquqi və siyasi cəhətdən təsdiqi, Azərbaycan milli hərəkatının qələbəsi, bu hərəkatın siyasi təşkilatı olan Azərbaycan milli xalq firqəsi – Müsavatın tarixi xidməti olduğu elan edildi…

ADR-ə münasibət haqqında qətnamə faktiki olaraq AXC-nin müsavatçılıq ideoloji sisteminə keçdiyini göstərdi. 1991- ci ildə bu, rəsmən AXC Məramnaməsində təsbit edildi….

***

Türk xalqlarının müasir dövrdə vəziyyəti və problemləri haqqında İsa Qəmbərov məruzə etdi…

***

Kərkicahanda Qasım Qırxqızlı. Şuşadan Məmməd Umudvar çıxış etdilər… Qarabağ məsələsinə dair qətnamənin əsası kimi TM nəzəri qrupunun hazırladığı Qarabağ konsepsiyası qəbul edildi….

***

İsa Qəmbərin təklifi ilə hər bir rayon şöbəsindən bir nəfər olmaqla və AXC Təşəbbüs Mərkəzi tam heyətdə Məclisə seçildi. Məclis üzvlərinin siyahısı saxlanmasa da, ilk heyətin ümumi sayının 75 olduğu , bunlardan 12-nin Bakı şəhərini, 26-nın digər şəhər və kəndləri, həmçinin Sumqayıtı 3 üzvün təmsil etməsi haqda qeydlər var.

***

İsa Qəmbərin təklifi ilə Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Sabir Rüstəmxanlı, Vaqif Səmədoğlundan və Tağı Xalisbəylidən ibarət tərkibdə Ağsaqqallar Şurası seçildi.

***

İsa Qəmbər İdarə Heyətinə 16 nəfərdən ibarət namizədlər verdi. AXC orqanlarına namizədlər ayrı-ayrı qeyri rəsmi toplantılarda və ya görüşlərdə müzakirə edilsə də, Təşəbbüs Mərkəzində rəsmən müzakirə edilib təsdiqlənməmişdi. İsa bəy Cəbhə üzvləri və cəbhədaxili bütün qruplar arasında böyük nüfuza malik idi. Əbülfəz Elçibəy AXC-nin yaranmasında ən böyük xidməti olan şəxsin İsa Qəmbər olduğunu sonralar dəfələrlə qeyd etmişdi. Təsis konfransının hazırlanması və keçirilməsi işini koordinasiya edən (faktiki olaraq təşkilati məsələlərə rəhbərlik edən) İsa Qəmbər AXC orqanlarına namizədlər barədə təklifləri Təşəbbüs Mərkəzi və ya Koordinasiya Şurası adından yox, şəxsən öz adından verirdi. Bunu ona görə qeyd edirəm ki, sonradan, 2005-ci ildə yazdığı kitabda Z.Əlizadə bu məsələləri özünəməxsus şəkildə təqdim edir: «Mənə redaksiya qrupunun əsas fiqurlarından biri kimi cari siyasi həyatın aktual və vacib məsələlər barədə konfrans layihələrinin yazılması tapşırılmışdı. Təbii ki, həmişə olduğu kimi, bu işlərə AXC Təşəbbüs Mərkəzinin bütün yaradıcı qüvvələri cəlb edilmişdi. “Varlıq”dan olanlar təşkilat məsələləri ilə məşğul olmağa üstünlük verirdilər. Bizim təşkilat işlərində iştirakımız yalnız ondan ibarət olub ki, İsa, Leyla və mən İdarə Heyətinin konfransa təqdim etməyi nəzərdə tutduğumuz 15 nəfərlik siyahısını müəyyənləşdirdik. Fəalların dairəsi artıq müəyyənləşmişdi və onların hamısı İdarə Heyətinin siyahısına daxil edilmişdi. İsa Pənah Hüseynovun namizədliyində təkid edirdi, lakin mən Nəriman Zülfüqarovun namizədliyinin üstündə durdum. İsa geri çəkildi və daha inad etmədi. Sonrakı hadisələr göstərdi ki, o, başqa çür hərəkət etmək qərarına gəlibmiş.” (səh 370-371).

Əvvəlcə konfransın yaradıcılıq tələb edən işlərinin «təbii olaraq və həmişə olduğu kimi, Zərdüştün olduğu qrupdan gələnlərin üzərinə düşdüyü və konfransın cari siyasi məsələlərinə aid ən aktual və vacib məsələləri barədə qətnamə layihələrinin yazılmasının “redaksiya qrupu”nun (başqa yerlərdə Z.Əlizadə özünü nəzəriyyə qrupunun rəhbəri kimi də təqdim edir – P. H.) əsas fiquru kimi ona tapşırılması haqqında: Yuxarıda göstərildi ki, konfransın əsas məruzəsi olan «Siyasi vəziyyət haqqında məruzəni Əbülfəz Elçibəy hazırlayıb məruzə etmişdi və bu, konfransda ictimai-siyasi vəziyyət haqqında qətnamə layihəsi üçün əsas qəbul olunmuşdu. Nümayəndələrə mətni paylanan cəmi dörd qətnamənin ikisini Əbülfəz Elçibəyin bilavasitə iştirakı və rəhbərliyi ilə mən hazırlamışam və konfransa məruzə etmişəm. Əbülfəz bəyin məruzəsinin məntiqi davamı olan həmin qətnamələr göstərildiyi kimi, AXC-nin milli demokratik ideoloji-siyasi platformada duran təşkilat kimi yaranmasını şərtləndirmişdi. Yenə bu ideoloji sistemi tamamlayan ideya nəzəri tərkib olaraq “Sosialist sistemi ölkələrində türklərin vəziyyəti haqqında” qətnamə İsa Qəmbər tərəfindən yazılmışdı və məruzə edilmişdi. Yalnız bir qətnamə layihəsi Zərdüşt Əlizadənin müəllifliyi ilə konfransda müzakirəyə çıxarılaraq qəbul olunmuşdu. «Azərbaycanda iqtisadi inkişafı haqqında» adlanan, Z.Əlizadə tərəfindən təqdim olunan qətnamə layihəsi iqtisad elmləri doktoru Vahid Axundovun AXC üçün hazırladığı tam təsərrüfat hesablı respublika konsepsiyasının müxtəsər şərhi idi və Z.Əlizadənin bu məsələdə rolu şairin yazılmış şeirini oxuyan aktyor misalı ilə müqayisə edilə bilər. Onun adından gedən AXC-nin təsis olunması haqqında cəmi bir cümlədən – «Azərbaycan Xalq Cəbhəsi dayaq qrupları və rayon təşkilatları nümayəndələrinin təsis konfransı Azərbaycan Xalq Cəbhəsinin yaradıldığını elan edir” – ibarət qətnaməni elə iclasın gedişində yazıb Əbülfəz bəyin məsləhəti ilə Zərdüşt Əlizadəyə vermişdim ki, oxusun. Zərdüşt olduqca gərgin görünürdü və Əbülfəz bəy onun gərginliyini azaltmaq və AXC-nin yaradılmasında olan real xidmətlərinin qəbul edildiyinin simvolik göstəricisi kimi təklif etdi ki, qətnaməni Zərdüşt elan etsin. Mən bu şəxsin özü haqqında xəstə fantaziyalarında hansı obraz yaratdığını deyə bilmərəm. Ancaq həqiqət belə olub və başqa faktlar varsa buyurub ortaya qoysun.

O ki qaldı mənim namizədliyimlə bağlı məsələyə, Konfransa qədər çox belə siyahılar olub. Mənim də tərtibində iştirak etdiyim başqa bir siyahıda, məsələn, Becan Fərzəliyev də İdarə Heyətinə namizədlərin siyahısında var idi. Zərdüştün dediyi siyahıdan mənim dərhal məlumatım var idi və üstəlik, onu konfrans başlamamışdan əvvəl Leyla Yunusova da mənə göstərmişdi. O, mənim İsa bəylə yaxınlığımı bildiyinə görə, həmin siyahı ilə bağlı problem olub-olmadığı ilə maraqlanmışdı. İsa bəy namizədləri təqdim edərkən Zərdüşt Əlizadə də daxil olmaqla heç bir nümayəndə etiraz bildirməmişdi. 16 il sonra, 2005-ci ildə bu şəxs nə üçün o vaxt durub öz namizədini konfransa təqdim etmədiyini izah etmək üçün müzakirə olunan məsələlərin yerini dəyişir, guya İdarə Heyəti seçkisinin sədr seçkisindən sonra keçirildiyini iddia edir. Guya artıq sədr seçkisi ilə bağlı konfransda yaranmış vəziyyəti, nümayəndələrin hansı tərkibə malik olduğunu görüb anlayandan sonra N.Zülfüqarovun namizədliyini qaldırmağa lüzum görməyib. Halbuki sədr seçkisi İdarə Heyəti seçkilərindən sonra olmuşdu. Onun kitabında bu barədə müvafiq hissəyə oxucu yazının birinci hissəsində baxa bilər. Əslində, is İsa Qəmbərin təklif etdiyi namizədlərə yeganə əlavə Rəhim Qazıyev oldu. Oktyabr rayon şöbəsinin nümayəndə heyəti onun namizədliyini İdarə Heyətinə irəli sürdü və təklif keçdi. Əbülfəz bəy sədr seçildikdən sonra o, nizamnaməyə müvafiq olaraq İdarə Heyəti tərkibindən çıxdı. Rəhim Qazıyev barədə təklifin yekdilliklə keçməsində əvvəlcədən sədrin İdarə Heyətindən çıxmasının məlum olması əhəmiyyətli rol oynadı.

***

Bundan sonra İsa Qəmbərin təklif etdiyi namizədlərdən 5 nəfərdən ibarət tərkibdə Nəzarət Təftiş Komissiyası seçildi.

***

İsa Qəmbərin təklif etdiyi namizədlərdən 3 nəfərdən ibarət maliyyə qrupu seçildi. (Arzu, Fəxrəddin, Zöhrab.)

***

Bundan sonra İsa Qəmbərin təklif etdiyi namizədlərdən Baş redaktor Nəcəf Nəcəfov olmaqla Ağamalı Sadiq, Səfər Alışarlı, Xaliq Hacıyev, Əhməd Cavadov, Tariyel Allahverdiyevdən ibarət AXC mətbu orqnlarının redaksiya heyəti seçildi.

***

…Gündəliyə uyğun olaraq AXC sədr seçkiləri oldu.

Birinci təklifi Zərdüşt Əlizadə verdi.

«Gürcüstanda Xalq Cəbhəsi ilə ağır şəraitdə keçən görüş göstərdi ki, bizə Yusif Səmədoğlunun sədr seçilməsi lazımdır».

Rəhim Qazıyev: Əbülfəz Əliyevin namizədliyini təklif edirəm.

Səfər Alışarlı: İsa Qəmbərovu ağıllı, hörmətli bir yoldaş kimi tanıdığımız üçün onun namizədliyini təklif edirəm.

İsa Qəmbərov öz namizədliyini geri götürdü.

Qızğın mübahisələr oldu və buna görə də Yusif Səmədoğlu öz namizədliyini geri götürdü. Açıq səsvermədə Əbülfəz Əliyevin əleyhinə 9 nəfər səs verdi.

Zərdüşt Əlizadə Yusif Səmədoğlunun namizədliyinin səsə qoyulmasında israr etdi. Bundan sonra sədr seçkisi haqqında protokol materiallarında qeyd yoxdur. Lakin mən xatırlayıram ki, səsvermə nə qədər əcaib olsa da, çünki Yusif Səmədoğlu çoxdan namizədliyini geri götürmüşdü və özü Əbülfəz Elçibəyə səs vermişdi, Zərdüşt Əlizadənin namizədinə (Yusif Səmədoğluna yox) cəmi 12 səs verildi…

***

Bu bir yubiley yazısı deyil. Bu yazı xatirə, ya elmi məqalə də deyil. Odur ki, hadisə, onun iştirakçıları haqqında bütün təfərrüatlar, təfsilatlar, təəssüratlar verilmir. Təhlil və nəzəri ümumiləşdirmələr də yoxdur. Bunlar sonra olacaq. Burada sadəcə nə vaxtsa yazılacağına ümid etdiyim kitab üçün toplanmış hazırlıq materiallarının bir hissəsi, o cümlədən AXC I (təsis) konfransının protokol qeydləri ilk dəfə olmaqla dərc edildi. Dərc olunan mətndə böyük bir yeri ömrünün 20 ilini həmin hadisələri saxtalaşdırmağa həsr etmiş birisindən iqtibaslar tutur. Odur ki, bu yazı müəllif yazısı da deyil və mənim adım, soyadım bir-iki epizodu çıxsaq, sadəcə, materialları toplayıb çapa təqdim edən şəxs anlamında qəbul olunmalıdır…

…AXC (təsis) konfransının 20 illiyi ərəfəsində qəzet oxucusu marağı baxımından mübahisəli görünən mövzuya bir belə həcmdə mətnin çapı üçün lütfkarlıq göstərib yer ayırdığına görə əziz dostum «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğluna təşəkkür edirəm.

Xural.com

Paylaş:

This post was last modified on 15 İyul 2019 3:00 axşam

Share

Son Əlavələr

Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar – VİDEO

Milli Məclisin deputatı İqbal Məmmədovla bağlı daha bir şok məlumat yayılıb. Musavat.com Editor.az saytına istinadən xəbər verir ki, tanınmış iqtisadçı-ekspert…

19 Avqust 2019 3:23 səhər

Ərdoğan Vaşinqtonu necə tovladı?-TƏHLİL

Stiven A. Kuk Foreign Policy (ABŞ), 16.08.2019   2019-cu il avqustun başlanğıcında bütün Vaşinqton yüksək “döyüş hazırlığı” durumuna düşmüşdü: ekspertlər, siyasətçilər…

18 Avqust 2019 3:21 səhər

Qəza enişi etmiş A321 təyyarəsinin iki pilotuna Rusiya Qəhrəmanı adı verilib

Prezident Vladimir Putin A321 təyyarəsini Moskva ətrafında qarğıdalı tarlasına endirmiş “Ural Hava Yolları”nın pilotlarını Rusiya Qəhrəmanı adına layiq görüb. AZƏRTAC…

18 Avqust 2019 3:15 səhər

Vilayət Eyvazovdan yeni təyinatlar

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib. Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmrləri Daxili İşlər naziri, general-polkovnik Vilayət…

18 Avqust 2019 3:11 səhər

Jurnalist Ağ Evi akkreditasiyasının ləğvinə görə məhkəməyə verdi

CNN telekanalının siyasi analitiki Brayan Karem Ağ Evi məhkəməyə verəcəyini bildirib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu…

18 Avqust 2019 3:02 səhər

“Rəhim Qazıyev dedi ki, Prezident Aparatını bombalatdıracaq”-Pənah Hüseyn son 26 ilin sirlərini açır

Pənah Hüseyndən sensasiya dolu tarixi açıqlamalar; 1993-cü ilin fevralında televiziyada səsləndirilən bəyanatdan sonra Rəhim Qazıyev hərbi təyyarələrlə PA-ya hücuma keçəcəyini…

17 Avqust 2019 4:15 axşam
Xural.COM