Bakı və Yerevan mətbuat klublarının birgə tədqiqatı müzakirə edildi

Bakı və Yerevan mətbuat klubları ABŞ Dövlət Departamentinin dəstəyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində mülki diplomatiyanın potensialı ilə bağlı araşdırma aparıb. Araşdırma 14 ay davam edib.

Avqustun 2-də Bakıda ekspert və jurnalistlərin iştirakı ilə bu araşdrımanın yekunları müzakirə olunub.

Bakı Mətbuat Klubunun rəhbəri Arif Əliyev bildirib ki, araşdırma Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında münaqişə yaranandan bəri olan əlaqələri və danışıqları əhatə edir: “Araşdırma həm Azərbaycanda, həm də Ermənistanda aparılıb. Azərbaycanda dörd foks qrup müəyyən edilib və sorğular keçirilib, müsahibələr aparılıb. İki ay müddətində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mediada dərc olunan materiallar monitorinq edilib. 700-dək kitablar, müsahibələr nəzərdən keçirilib.”

Araşdırmalarda Azərbaycanda 80-dək insan iştirak edib. Onların sırasında rəsmi şəxslər, parlament nümayəndələri, media işçiləri, QHT rəhbərləri var. Əks tərəfdə – Ermənistanda da araşıdmada bu qədər insan iştirak edib.

Onun fikrincə, münaqişənin nizamlanması ilə bağlı danışıqlarda uzun müddət nəticənin olmaması əhalinin münaqişənin danışıqlar yolu ilə nizamlanmasına inamını heçə endirib. Eyni zamanda Azərbaycanda vətəndaş cəmiyyəti ilə hökumət arasında əlaqələrin itməsi və sonradan konfliktə çevrilməsi QHT-lərin münaqişənin həllində rolunu mümkünsüz edib.

Turan Agentliyinin siyasət şöbəsinin rəhbəri Şahin Hacıyev hesab edir ki, araşdırmada konkret təkliflər əksini tapmalıdır.

“Araşdımada daha konkret təkliflər olmalıdır. Bu təklif isə Ermənistan eksperti Georgi Vanyanın Tekali layihəsinin bərpa edilməsi olmalıdır. Hansı ki, Gürcüstanın Ermənistanla sərhəddə yerləşən bu Tekali (azərbaycanlılar Təkəli kəndi deyir-red) azərbaycanlı kəndində əvvəllər iki icma arasında danışıqlar aparılıb. Belə görüşlərin bərpası münaqişənin həlli prosesinə vətəndaşların cəlbi demək olar,” – Hacıyev qeyd edib.

Ekspert Asəf Quliyev hesab edir ki, Azərbaycanda erməni icması ilə görüşəcək vətəndaş cəmiyyətinin kimlərdən ibarət olması nəzərdən keçirilməlidir.

“Bu danışıqlara cəmiyyətdə nüfuzu olan, müstəqil QHT təmsilçiləri cəlb edilməlidir,” – o qeyd edib.

Jurnalist İlham Səfərov hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında maarifləndirmə işləri gücləndirilməlidir. Belə ki, Ermənistandan olan ekspertlər də indiki status-kvodan geriyə dönüşün olmayacağını düşünür.

İki icma arasında münaqişə bağlayandan sonra – 1988-ci ildən əlaqələr itib. Hazırda bu ölkələrin gəncləri bir-birini tanımır. Bu səbədən gənclərin görüşünün təşkili vətəndaş cəmiyyətlərinin sülh prosesinə cəlbində mühüm amil ola bilər.

“İki ölkənin gəncləinin görüşü sülh prosesinə təsir edə bilər. Çünki gənclərin ümumiyyətlə bir-biri haqqında təsəvvürləri yoxdur,” – Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı belə düşünür.

Müzakirələrdə əhalinin maarifləndirilməsi işində azad medianın rolunun gücləndirilməsi xüsusi qeyd edilib.

“Həm Azərbaycanda, həm də Ermənistanda fokus qruplarının və dərin müsahibələrin iştirakçılarının əksəriyyəti qeyd edib ki, əvvəllər mülki diplomatiya müəyyən rol oynayırdı, hazırda bu rol xeyli azalıb. Azərbaycanlı respondentlər ən əlverişli dövr kimi 1993-2000-ci illəri göstəriblər, həm də belə bir fikir səslənib ki, həmin vaxt “ikinci plan diplomatiyası” məzmununa və səmərəliliyinə görə rəsmi danışıqlar planını arxada qoyurdu,” araşdırmada qeyd edilir.

İşin əsas məqsədi “Track 2”-nin (“ikinci plan diplomatiyası”) canlandırılmasının məntiqəuyğunluğunu araşdırmaq və müvafiq tövsiyələr hazırlamaqdır.

Araşdırma təsdiq edib ki, hazırda Qarabağ münaqişəsi tərəfləri arasında qeyri-formal dialoqun intensivliyi və məzmunluluğu 1988-ci ildə qarşıdurmanın başladığı andan etibarən ən aşağı səviyyədədir. Beynəlxalq təşkilatların dəstəklədiyi və müəyyən erməni və azərbaycanlı qruplarını cəlb edən ayrı-ayrı təşəbbüslər geniş ictimaiyyət nümayəndələri arasında az tanınır.

Etimadsızlıq erməni və Azərbaycan cəmiyyətləri arasında münasibətlərin xarakterini müəyyən edən mühüm amildir.

Araşdırmanın tövsiyələr hissəsində qeyri-formal səviyyədə erməni-azərbaycanlı dialoqunun canlandırılmas zərurəti haqqında fikir əksini tapıb.

Beynəlxalq vasitəçilərə rəsmi danışıqların yekunları üzrə sənədlərə mülki təşəbbüslərin dəstəklənməsi haqqında bəndlər salınmasına şərait yaratmaq təklif edilir.

Qonşu ölkələrin münaqişə zonalarına qarşılıqlı səfərlərinə, “ilk əldən” məlumat almalarına, peşə problemlərini müzakirə etmələrinə şərait yaradılması təklif olunur.

“Beynəlxalq təşkilatlara, o cümlədən donor təşkilatlarına Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin, ekspertlərin və jurnalistlərin layihələrin həyata keçirilməsinə görə üzərinə böyük məsuliyyət götürmək və müəyyən hallarda vasitəçilər olmadan qarşılıqlı fəaliyyət göstərmək marağını nəzərə almaq təklif edilir”, – deyə araşdırmada bildirilir.

Müzakirə zamanı iştirakçılar görülmüş işi yüksək qiymətləndiriblər və onun nəticələrini dəstəkləyiblər. Hər iki ölkənin vətəndaş cəmiyyətləri arasında dialoqun faydası haqqında ortaq fikir səslənib, bunun Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması yollarının axtarışına müsbət təsir edə biləcəyi qeyd edilib.

Amerikanın Səsi

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button