8 düşmən qəlpəsini sinəsində gəzdirən Oruc Məmmədovu həbsdə saxlamaq kimin marağındadır?


oruc memmedovBu insanı çoxdan tanıyırdım. Şəxsən olmasa da Xocalı soyqırımı zamanı çəkiliş aparan Çingiz Mustafayevin çəkdiyi kadrlarda görmüşdüm. Həmin videogörüntüdə bir zabit Çingizə qoşulub, ağlaya-ağlaya şəhidlərimizin meyidlərini vertalyota daşıyırdı. Çox ağrılı kadrlardır. O hadisədən 20 il keçməsinə baxmayaraq, yenə də o görüntülərə baxa bilmirəm.

Həmin kadrlarda qalın “buşlat” geyinmiş bu zabit uzun illər yaddaşımdan silinmədi. Yadımdadır, o zaman – ilk dəfə bu kadrlara baxanda düşündüm ki, insan müharibənin hansı dəhşətlərini, hansı iztirablarını, hansı üzüntülərini görməlidir ki, bu qədər cansız bədənin, narahat ruhun içərisində hərəkət edə bilsin, sabahı düşünsün? Hələ o adamı özlüyümdə qəhrəman kimi də dəyərləndirmişdim. Azərbaycan ordusunda bu cür döyüşçülərin olması o ümidsiz günlərdə az da olsa mənə ümid vermişdi – əgər hələ belə oğullarımız varsa, Azərbaycan yıxılmaz.

Düz 20 il sonra adını bilmədiyim o zabitin ailəsilə tanış oldum, təsadüfən. İş elə gətirdi ki, “30 İyun Sevgililər günü” gəzintisinə qoşulan bir xanım diqqətimi çəkdi. Çox nəzakətli, şəhidlərə hiss olunacaq dərəcədə hörmətli münasibəti istər-istəməz kənardan belə müşahidə olunurdu. Maraqlandım. O zaman, “Mən Qarabağ qazisi Oruc Məmmədovun həyat yoldaşıyam” dedi və biz tanış olduq. Zaman-zaman Azərbaycanın müstəqilliyi uğrunda həlak olan şəhidlərimizdən, onların fədakarlığından danışdıq. Söhbət əsnasında məlum oldu ki, Qarabağ döyüşlərində fədakarcasına vuruşan, qrad üzrə mütəxəssis, hərb sahəsində böyük təcrübəyə malik Oruc Məmmədov hazırda həbsdədir. Özü də  etmədiyi, törətmədiyi cinayətə görə, ən ağır cəzaya məhkum olunub – 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Azərbaycanın hüquq, ədliyyə sisteminin nə cür vəziyyətdə olduğundan xəbərdar olduğum üçün bu xəbəri də ürək ağrısı ilə qarşıladım. Niyə? Nə üçün? Niyə bu məmmləkətin mərd, cəsarətli, sözü, özü bütöv oğulları min bir bəhanə ilə həbsə atılmalıdır? Niyə onlara ən ağır cəza kəsilərkən, ən azı döyüş xidmətləri nəzərə alınmamalıdır? O.Məmmədovun həyat yoldaşı ilə söhbətimdə bu sualları ona da verdim.  O isə bir anlıq düşüncələrə dalıb, qəhərli səslə danışmağa başladı: “Sizi inandırım ki, həyat yoldaşım olduğu üçün demirəm, Oruc çox mərd, cəsur insandır. 1991-ci ildə müharibəyə gedəndə 28 yaşı vardı. Biz həyatımızı başqaları kimi yaşamamışıq. Bunca illik ailə həyatımızı nəzərə alsaq, heç il yarım bir yerdə yaşamadıq. Atəşkəsə kimi döyüşlərdə olub. Xocalı faciəsi zamanı meyidlərin daşınmasında çoxları iştirak etməkdən imtina etdilər, Oruc birinci ora yollandı. Hər bir meyidi qucağında, ruhunda daşıdı. Çox sonralar deyirdi ki, “Xocalı şəhidlərinin ruhu məni rahat buraxmır. Onların ruhlarını canımda hiss edirəm”. Özünə yer tapa bilmirdi. Qarabağ müharibəsindən ona qalan xatirəni – 8 qəlpəni bu gün də sinəsində gəzdirir. Dəfələrlə “Milli Qəhrəman” adı vermək istədilər, imtina etdi ki, “torpaqlarımızı tam işğaldan qurtarmayana qədər mən o adı üstümdə daşıya bilmərəm”. Amma yenə də döyüşlərdə göstərdiyi misilsiz xidmətlərə görə, bir neçə dəfə fəxri mükafata layiq görülüb. Dünyanın düz vaxtı – silahlar susanda Orucu gözləmədiyimiz yerdən, arxadan vurdular. O cür iğid oğulu şər və böhtana qurban verdilər. Hakimlər ona verəcəkləri hər il üçün bizdən 3 min manat istədilər. Bizdə o qədər pul haradan idi? Oruc bütün həyatı boyu döyüşlərdə olmuşdu, bu gün yüksək vəzifə daşıyanların çoxu paytaxtda özünə iş quranda Oruc düşmən gülləsinin altında döyüşürdü. Pul qazanmaq ağlına belə gəlmirdi. Kim ki, həmin pulu tapıb verdi, hamısını buraxdılar. Əsl cinayəti törədənlər azadlıqdadırlar, Oruc isə içəridədir”.

 Düzü Qarabağ qazisinə olan bu münasibəti millətimə, dövlətimə yaraşdırmadım. Çünki müharibə aparmaq, işğal altında qalan torpaqlarımızı düşmənlərin əlindən almaq niyyətində olan bir dövlət, Qarabağ döyüşlərində iştirak edən cəsur və mərd oğullarımızı olmazın şər-böhtanlarla həbsə atdırmamalıdır. Əksinə belə canlı qəhrəmanlar cəmiyyətdə elə mövqe tutmalıdırlar ki, gənclərimizə nümunə olsun. Yoxsa, sabah hansı gənci, yeniyetməni döyüşlərə çağırmaq olar? Lap elə məcburi aparsalar belə, onlar da Oruc Məmmədov kimi döyüşəcəklərmi, əgər ürəklərində “nə mənası var” düşüncələrilə yaşayırlarsa?.. O.Məmmədovun həyat yoldaşına mənasız təskinlik verməyə çalışmadım. Bu böyük ürəkli qadının, O.Məmmədovun toy günündən sonra üzünü görmədiyi qızının, nəvəsinin gözlərinə baxa bilmədim. Bu dəfə təskinliyi qadın özü mənə verdi, “Mən inanıram, Prezidentimizə çox inanıram. Ramil Səfərov kimi qəhrəman oğlumuzu düşmənlərin caynağından qurtarıb, Vətənə qaytaran Prezident, inanıram ki, Oruc Məmmədov haqqında eşitsə, onu da namərd məmurların əlindən qurtarıb ailəsinə, Vətəninə qaytaracaq. Oruc hələ bu Vətən üçün vuruşmağa qadir oğuldur.”

Bu səmimi ailə ilə mehribanlıqla ayrıldıq. Amma uzun müddət nə qadının, nə də övladlarının gözlərindəki ümid işartıları yaddımdan çıxmadı. Sanki o işartılar mənə də ümid verdi. Nə bilmək olar. Bəlkə doğrudan da Xocalı soyqırımını dünyaya tanıdan Prezident və xanımı Xocalının qanlı faciəsini çiyinlərində və ruhunda daşıyan Oruc Məmmədovun həbsdə qalmasına rəvac verməyəcəklər?

M.Qisuri

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button