80 il yaşı olan Azərbaycan bayrağı tapıldı

Ötən əsrin 20-ci illərində bolşevik işğalından sonra Vətəndən qaçmağa məcbur qalmış Əziz Alpoutun «Həyatımın hekayətləri» adlı xatirələr əlyazmasını Türkiyədə tapıb üzə çıxaran və bu ilin ortalarında Bakıda çap etdirən yazıçı-publisist Zakir Sadatlı maraqlı eksponat aşkara çıxarıb. «Mən bilirdim ki, onun şəxsi arxivi Türkiyədədir və bu arxivdə Azərbaycan tarixi üçün çox önəmli materiallar var. Odur ki, kitab çapdan çıxan kimi Türkiyəyə üz tutdum» – deyə Z.Sadatlı Azadlıq Radiosuna açıqlamasında bildirib.

Zakir Sadatlı Türkiyədə Əziz Alpoutun qızı Gülər Somerlə görüşüb: «Gülər xanım Ankarada Qazi Universitetinin professorudur, kimya üzrə xüsusi nailiyyətləri olan şəxsdir. Ruhuyla, canıyla Azərbaycana bağlı olan insandır. Maraqlıdır ki, Əziz bəyin arxivi və irsi Gülər xanımın nəzarətindədir. Bir neçə gün mən Əziz bəyin arxivində işlədim və çox qiymətli materiallar əldə etdim».

Zakir bəy arxivdə onu ən çox həyəcanlandıran eksponatdan danışıb: «Üçrəngli bayrağımız var idi. Qızı Gülər xanım söylədi ki, bu bayrağın 80-dən çox yaşı var. Atam hər zaman dostları evimizə gələndə masanın üstünə əvvəlcə Azərbaycan bayrağı qoyardı və mühacirlər o bayraq altında söhbətə başlardılar…».

Zakir Sadatlı o bayrağın Azərbaycana gətirilməsini istəyir: «Təbii ki, Türkiyə qardaş ölkədir, o bayrağa sahib durub. Amma qürbətə gedənlərin qayıdan vaxtıdır. Biz dünyaya səpələnmiş irsimizi Vətənə gətirməliyik. O cümlədən, 80-dən çox yaşı olan üçrəngli Azərbaycan bayrağını».

Zamanın bayrağın mavisini soldurduğunu bildirən qonağımız bayrağın tikilmə tarixçəsini də öyrənib: «Əziz Alpoutun ikinci həyat yoldaşı İlise xanım (Türkiyədə Aytən xanım oldu) milliyyətcə alman idi. Həmin bayrağı da o – Gülər xanımın anası hazırlayıb və həmin bayraq uzun illər Əziz bəylə bütün dünyanı gəzərək, nümayiş və mitinqlərdə, görüş və bayramlarda mühacirlərin yanında olub, onları qoruyub».

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button