941-ci il

Qənimət Zahid

 «Azadlıq» qəzetinin baş redaktoru

 Ərdəbilin işğalı və “127”-nin üçüncü dustağının hekayəti

 VI yazı

Starşinanın bu günü çox məhsuldar və bərəkətli imiş. Nəbi namazın yarısına çatmamış, 127-nin qapısı bir daha açıldı və kameraya orta boylu, kök yox, sadəcə dolu bədənli, üzündə əhli-şiə saqqalı olan 40-45 yaşlı daha bir adam daxil oldu. Onun “salaməleyküm”ündən dərhal anlamaq olurdu ki, namaz əhlidir. “Amma bu mövsüm şiə ovu mövsümü deyil”, düşündüm. Dərhal da bu adamı harada gördüyümü xatırlamağa çalışdım. Profildən seyr edən kimi də yadıma düşdü. Yəni mən ona “sağa dön” deyə müraciət etmədim. O, əlindəki iri sellofan paketləri dolabın üstünə qoymaq üçün yana çevriləndə profildən müşahidə etdim ki, bu adam mənim ən yaxın keçmişlə bağlı xatirələrimin arasında həkk olunmuş adamdır.
Onun çox arxayın görkəmi vardı. Sifətində heç bir narahatlıq elementi yox idi. Qara qış gödəkçəsinin açıq yaxasından bir neçə qat qalın yun köynək geyindiyindən anlaşılırdı ki, onu, məsələn, Nəbi kimi tələm-tələsik tutmayıblar. Ya da tutulan kimi arxasınca gəlib geyim və yemək təchizatı ilə bağlı düşünən dostları-yaxınları olub.
Bu, həmin adam idi və mən ondan cəmi bir necə saat əvvəl ayrılmışdım. Doğrudur, orada – dustaqları Bayıl türməsinə gətirən dustaq maşınında bu adam nəzərə ən az çarpan idi. Maşının mənim oturduğum bölməsindəki on bir adamdan tam doqquzu peşəkar və ya natural cinayətkar idi. Onlar səs-küylə danışır, konvoylarla ehtiyatlı, – bir ayağını qaçaraq qoyaraq zarafatlaşır, hətta bu zarafatların arasında bir-birinə eyham vurğusunu da göstərmək istəyirdilər ki, “görürsünüz, mənim konvoy-zad vecimə deyil”. Bu 9 nəfərdən ikisi lap yeniyetmə idi: 15-16 yaşları olardı. Söhbətlərindən anlaşılırdı ki, Binəqədi bazarının həndəvərində dava-dalaş saldıqlarına və bir nəfəri bıçaqladıqlarına görə tutulublar. Həmin uşaqlar, şübhəsiz, az yaşlıların həbsxanasına atılacaqdılar: onların davranışlarından və görkəmlərindən rahatca anlaşılırdı ki, bu uşaqların dalınca gələn bir köpəyoğlu olmayacaq. Bu darısqal konvoy maşını əməlli-başlı cinayətkar yığını idi və bu yığnağın arasında indi 127-nin qapısından içəri salınan, kəmali-ədəblə salam verən adam öz ədəbi və qeyri-cinayətkar məzmunu ilə fərqlənirdi.
O, torbaları səliqə ilə dolabın üstünə yerləşdirəndən sonra mənə yaxınlaşdı, şifahi salamlaşmanın mabədi olaraq əllə görüşməyə təşəbbüs də göstərdi. Mən təbii, müsbət reaksiya ilə cavab verdim və azacıq kənara çəkilib ona əyləşmək üçün yer elədim. O, çarpayıda əyləşıb “adım Rahibdir”, dedi. Mən də adımı dedim və mənim adımı eşidən kimi üzümə daha diqqətlə baxıb: “Hə, bildim. Sizin həbs edilməyiniz barədə xəbəri radioda eşitdim. Sonra gəlib məni də tutdular”… Bu “sonra gəlib məni də tutdular” o qədər təbii səsləndi ki, sanki mən həbs edilməsəydim, kimsənin Rahiblə işi olmayacaqdı kimi qənaət yaratmalı idi. Yəqin ki, yuxarıda namazın son duaları ilə özünə Allahdan rəhm diləyən Nəbinin qulaqları bizim söhbətimizdə olsaydı, bizim eyni cinayət şəbəkəsinə daxil olduğumuzu düşünərdi. Nəbi namazın ən ekstrasensual mərhələsində olduğu üçün, mən də Rahibi yalnız dustaq maşınında “voronokda” gördüyüm üçün belə bir qənaət yaranmamış qaldı. Amma hər halda, Rahib mənə yaxın adam təsiri bağışladı. Asta və təmkinli danışığı, özünü tox tutma bacarığı, həbsxana kimi yaramaz bir məkanı da taleyin mümkün təbii ünvanlarından biri olaraq qəbul edəcək şəxs kimi görünməsi qarşı tərəfdə müsbət emosiya yaradırdı.
Nəbi namazı bitirib özünü aşağı atandan sonra Rahibin salamını sözün “aleykum” hissəsində yağlı bir ləzgi “e” si işlətməklə qəbul etdi və bizimlə üzbəüz çarpayıda əyləşdi.
Rahib mənim səsli, Nəbininsə səssiz olaraq ünvanladığımız “nə məsələdir” sualına çox səliqəli şəkildə cavab verməyə başladı: “Mənim səsyazma studiyam vardı. “Böyük şahinlər”. Günün birində gəldilər ki, studiyanı satmalısan. Mən razılaşmadım. Sonra yenə gəldilər ki, studiyanı bağlamalısan. Mən razılaşmadım. Daha sonra gəlib studiyanın altını üstünə çevirdilər, məni də tutdular. Nə əvvəl, nə sonra gələnlər heç kimin adından təqdim olunmadılar. Amma lap axırda gələnlərin dövlət adından danışdıqlarına daha şübhəm yoxdur. Amma heç cür başa düşmürəm ki, əvvəl gələnlərin qanunsuz tələbləri ilə mənim qanun adına həyata keçirilən həbsimin arasında hansı əlaqə ola bilər? Balaca bir studiya idi. Müğənnilərlə razılaşıb onların disklərini buraxırdıq. Çörək pulu qazanırdıq. Ailəni nə təhərsə saxlamaq lazımdır, ya yox? Oğurluq etmirəm, quldurluq etmirəm. Mənim bu balaca studiyam kimə mane ola bilərdi ki? Hələ də çaşbaş qalmışam. Tutdular, polisə apardılar, səhəri gün məhkəməyə sürüdülər, iki aylıq həbs qəti imkan tədbiri, indi də Bayıl…”.
Mən Rahibin, əslində ünvansız olan sualını cavablandırmağa cəhd elədim:
– Səni ona görə tutublar ki, 941-ci ildə Gilan hökmdarı Mərzban ibn Məhəmməd paytaxtı Ərdəbil şəhəri olan Sacilər sülaləsinin sonuncu hökmdarı Deysəmi məğlub edib və onun səltənətini əlindən alıb!

Rahibin çox təmkimli görünən sifəti heyrətdən dondu. Nəbi, ümumiyyətlə heç nə anlamadığını qəbul edib baxışlarındakı sual işarəsini bir qədər də böyütdü. Nəbinin bu qalın və yağlı sual işarəsini Rahib yumşaltmağa çalışdı. Ona elə gəldi ki, mən ya dəliyəm, ya da hələ bərkiməmiş münasibətlərimizin üzərində çox məzmunsuz zarafat edirəm. “Necə yəni, Sacılər? Gilan hökmdarı nə deməkdir? Bunların mənə nə dəxli var?”. Amma onun səsində əvvəlki təmkindən əsər-əlamət qalmadı, narahat görünməyə başladı.
– Sən mənə deyə bilərsənmi, Azərbaycanda indi ən “bərk gedən” səsyazma studiyası hansıdır?
– “Səbuhi”.
– Dəqiq, yoxsa, “Səbuhi”nin də kitabını bağlayırlar?
– Hə, doğrudur, onların da nəfəsini kəsirlər.
– Bəs, axı kimsə olmalıdır? İndi sənin dediyindən belə çıxır ki, Azərbaycanda daha səsyazma studiyası olmayacaq?
– Hə… Doğrusu, blmirəm. Ola bilər, kimsə olsun, amma 941-ci ildə hansı hökmdarın hansı hökmdarı məğlub etməsinin bizim səsyazma təsərrüfatına heç bir dəxli ola bilməz. Siz min il əvvəlki olaylardan danışırsız, amma səsyazma sənətinin bütün dünyada tarixi 150 ildən o tərəfə gedib çıxa bilməz. Azərbaycanda isə, heç yüz il də deyil. Mən bu işin tarixi ilə xüsusi olaraq maraqlanmamışam, amma bildiyim budur ki, 1920-ci ilə qədər azərbaycanlı müğənnilərin səsini avropalılar vala yazırdılar. 1000 il əvvəl dulusçuluq–filan var idi. Küpün üzərinə də səs yazmırdılar.
– Amma küpün içinə qızıl yığırdılar.
– Küpün-qızılın bura dəxli yoxdur e, müəllim. Vallah, siz nəyi isə qarışdırırsız. Ya da mən başa düşmürəm.
– Buraya küpün də dəxli var, qızılın da, bananın da, hətta tualet kağızının da. İş budur ki, Azərbaycanda bitdən-sirkəyə qədər hər şey monopoliyaların nəzarəti altında icra olunur. Szin səsyazma fəaliyyətiniz də monopoliyaların nəzarəti altına keçməlidir. Bəsdir, orda-burda bir-iki kompüter qoyub mahnı-filan satmaqla pul qazandınız. Bu ölkə mafiya qaydaları ilə idarə olunur. Bu qaydalar küpdən də, qızıldan da daha qiymətlidir. Siz öz qaydalarınızı mafiyanın qaydalarına tabe etmədikcə yolunuz bu həbsxanadan daha parlaq ünvanlar ola bilməz. Azərbaycandakı mafiyanı oluşduran yerli monopoliyaların bir şaxəsi də Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun təsərrüfatıdır. Onun “Gilan” adlı superşirkəti nəhəng idxal-istehsal-servis şəbəkəsinə nəzarət edir. Bu superşirkət indi də səsyazma fəaliyyətini öz nəzarəti altına almağa qərar verib. Siz də həmin planın çərçivəsində ya müflis olmalı, ya həbsə atılmalı, ya da onun şərtlərini qəbul edib onun üçün işləməlisiniz. İndi soruşacaqsınız ki, bu məsələlər doğrudursa belə, 941-ci ildə baş verən bir hadisə ilə nə əlaqəsi var? Hansısa “Böyük Şahinlər” adlı balaca bir studiyanın bu nəhəng proyektlə birbaşa əlaqəsi olmaya bilər. İndi Azərbaycanda Əliyevlər xanədanının tam və şəriksiz nəzarətinə son qoyulub. İkinci bir xanədan hakimiyyətin planlarına müdaxilə etmək hüququ əldə edib. Bu, Paşayevlər sülaləsidir. Paşayevlər sülaləsinin də Sacilər sülaləsi ilə özəl bağlantıları yoxdur. Amma bunları bağlayan bir ortaq dəlil var ki, onlar hər ikisi Ərdəbil mənşəlidir. Tarix bir Ərdəbil sülaləsinin bir Gilan sülaləsinə məğlub olması faktının şahidi olub. Bu, həmin faktdır ki, mən sizə ərz elədim. Azərbaycanda “Gilan” adlı sülalə yenidən baş qaldırıb və bu sülalənin rəhbəri Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur. Bu “Gilan”ın Azərbaycanda hakim sülaləyə çevrilməsi üçün onun, ilk növbədə, Ərdəbil mənşəli Paşayevlər sülaləsini məğlub etməsi gərəkdir. Bundan ötrü də “Gilan” ən qüdrətli monopoliyaya çevrilməli, daha nəhəng gücə çevrilməlidir. Bu boyda iri proyektin qarşısında cıqqılı bir səsyazma studiyasının iddiaları həbsxanaya da atıla bilər, qəbristanlığa da. Sizin o balaca studiyanız, bu qəbildən olan başqaları ilə birlikdə sıradan çıxarılmalı, Azərbaycanda səsyazma ilə şou-biznesin bütün gəlir nöqtələri ilə birlikdə “Gilan” brendinin şəriksiz inhisarına daxil olmalıdır. Düşünürsünüz ki, yenidən Gilanilərlə Ərdəbil Sacilərinin arasında müharibə olmalıdır? Müharibə nəyə lazımdır ki? İndi 10-cu əsr deyil, 21-ci əsrdir. İndi cəngavərliyin atributları qılınc və qalxan deyil, bank hesablarıdır, əmtəə nişanlarıdır. Günlərin birində həmin “Gilan” brendinin “Paşa” brendinə tamam-kamal sahib olacağını görəcəksiz. Bu yol o qədər də uzun çəkməyəcək, çünki bundan ötrü bütün zəruri hazırlıqlar yapılıb. “Çöyük Şahinlər”-filan kimi xırda və yorucu proyektlərlə məşğul olmaq fikrindən əl çəkməyə bilərsən, amma özünü tarixin təkərləri altına atmağa çalışma. Məhv olarsan. Başqa və daha xırda, əhəmiyyətsiz, monopoliyaların nəzər-diqqətini cəlb etməyən işlərə baş vur. Əlbəttə, buradan çıxandan sonra. Amma hələlik, otur burda və bizim ləzgi qardaşımızın ərəb xilafətini qurmaq kimi xəyallarına qulaq asıb feyziyab ol. Amma Kəmaləddin Heydərov 941-ci ildə baş vermiş həmin qələbə haqqında çox ətraflı məlumatların sahibidir. Onun şirkətinin adı da təsadüfən “Gilan” qoyulmayıb. Heydərov naxçıvanlıdır. Şirkətinin adını “Əlincə” də qoya bilərdi. Əlincə də bir tarixi qəhrəmanlıqla bağlıdır. Dünyanın ən azman fatehlərindən olan Əmir Teymur 11 il bu qalanı mühasirədə saxlayıb, amma ala bilməyib. Görürsüz, nə qədər qürurlu bir tarixdir. Amma “Əlincə” Əmir Teymura qalib gəlməyib, sadəcə olaraq məğlub olmayıb. Heydərovsa, qələbəni sevir, hücumu sevir, mühasirədə oturub məğlubiyyətdən canını qurtarmaq kimi proyektə pul buraxmaq istəmir. Amma “Gilan”! Bu, başqa məsələdir və cənab Heydərovun proyekti budur.
Rahibin sifətinin əvvəlki ağıllı cizgiləri bərpa olundu. Üzümə çox zənlə baxdı və:
– İndi başa düşdüm ki, sizi niyə həbs ediblər, müəllim,- dedi.
– Niyə?- mən soruşdum.
Rahib dodağının sağ küncündə qaçaraq bir təbəssüm yaradıb dedi:
– Çünki Gilan hökmdarı Mərzban ibn Məhəmməd 941-ci ildə Ərdəbilin Sacilər sülaləsinin sonuncu hökmdarı Deysəmi məğlub edib və onun səltənətini əlindən alıb!

Xural” qəzeti,

İl: 9, sayı: 033 (441),28 avqust – 03 sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button