Vilyam Hacıyev müqavimət göstərməyə başladı:

“Yalandır, etiraz edirəm, günahsızam...”

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.  virtualaz.org-un xəbərinə görə, keçmiş icra başçısının müdafiəçiləri cinayət işi üzrə icraata xitam verilməsi ilə bağlı vəsatət qaldırıblar: “Vilyam Hacıyev  ittihamlarla ümumiyyətlə razı deyil, özünü təqsirli bilmir”.

Müdafiəçi habelə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasından Penitensiar Xidmətinin təcridxanasına köçürülməsi ilə bağlı vəsatət qaldırıb.

V.Hacıyev müdafiəçilərinin qaldırdığı vəsatətlərin təmin olunmasını xahiş edib. Və bildirib: “İttihamlar yalandır. Özümü təqsirli bilmirəm. İstintaq zamanı ifadə verərkən də bunu demişəm. Müstəntiqə etirazımı bildirmişəm. Həbs olunan zaman iş otağımda heç bir əmək haqqı kartı tapılmayıb. Heç kimin haqqını yeməmişəm, barəmdə yalan məruzə edilib. Rəhbərlik etdiyim rayonun daxili imkanları hesabına 550 nəfərə, o cümlədən Qarabağ əlillərinə, qaçqınlara yardım olunub”.

Hakimlər müşavirəyə yollanıb. Müşavirədən qayıdan məhkəmə heyəti V.Hacıyev barəsində cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətin təmin olunmadığını elan ediblər. V.Hacıyevin hazırda saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasından Penitensiar Xidmətin təcridxanasına köçürülməsi ilə bağlı vəsatət təmin olunub.

Məhkəmə baxışı sentyabrın 27-nə təyin edilib.

Vilyam Hacıyev 2020-ci il mayın əvvəllərində DTX tərəfindən həbs edilib. Ona qarşı vəzifə səlahiyyətlərini aşma, mənimsəmə və rüşvət alma maddələri ilə ittiham irəli sürülüb. DTX-nin o vaxt yaydığı əməliyyat çəkilişlərində Vilyam Hacıyevin evində xüsusi qablaşdırılmış milyonlarla dollar və avronun tapılması, habelə icra başçısının evində rüşvət pullarını necə bölüşdürdüyü, rüşvət pullarının haqq-hesabına dair qeydlər və digər dəlillər əksini tapırdı. Vilyamın kabinetinə quraşdırılmış gizli kamera onun əməllərini qeydə almışdı, amma indi keçmiş başçı “xalq və dövlət qarşısında xidmətlərindən” danışır və ümumiyyətlə günahsız olduğunu bildirir…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button