“Qara çadra” – olsun, olmasın!

Fəxrəddin Hacıbəyli

Almaniyadan məxsusən “Xural” qəzeti üçün

Ağrımayan başına buz bağlamayanlar…

Biriləri yenə də qaşıq içərisində qasırğa yaratmaqla məşğuldurlar…

İrandan və onun Azərbaycandaxili emissarları tərəfindən təlimatlandırılan şəriətçi saytların son günlər bir əsas mövzusu var; “Hicab aksiyası”. Sən demə, Azərbaycanda orta məktəblərdə gəlinciyindən yenicə ayrılıb əifba öyrənən, sözləri höccələyə-höccələyə oxuyan körpələrin hicab (əslində, çadra – “örtən”, “qapayan” qara geyim) bağlamaq kimi qlobal, həlli təxirəsalınmaz sorunları varmış, bu sorunun həlli üçün bütün qüvvələr səfərbər edilməlidir, yoxsa din, iman əldən gedər. Bir qrup ziya(n)lı, qəzetşi, siyasətçi də düşüb bu “namuspərəstlərin” felinə və ölkə hicab harmoniyasina qərq olub, hamı səs-səsə verib, nəvayə gəlib; məktəbli çadra örtməlidir, vəssalam!

Yazıq! Həqiqətən bu ölkəyə, onun zavallı insanlarına yazığım gəlir. O qədər küncə sıxışdırılıb, o günə salınıb ki, ən öndə gedəni – siyasətçisi də bir saqqallı mollanın qarşısına tutduğu mikrofona onun istədiyi kimi, bülbül cəh-cəhi vurmağa hazırdır. Molla da huşyardır, bilir hansı dönəmdə demokratiya “öndərləri”ni dilləndirmək, onları hansi bərədə tutmaq lazımdır ki, “dara-bara” eləməsin, sənə lazım olanı desin. Afərin, molladakı fərasətə bax haa!

Gör bu toplum hansı vəziyyətə salınıb ki, onun ziyalısı 6 yaşlı körpənin başını çadralamağa səs verir. Mən Azərbaycan ziyalısının bu şəklə düşəcəyini ağlıma gətirməzdim. Sən demə, ziyalılarımız da küçədə 6 yaşlı balaya baxıb qəlbinə fitnə-fəsad girəcəyindən əndişələnir, ən yaxşısı, ən kəsəsi elə görünən yeri qapamaqdır. Daha niyə özünü əziyyətə salıb, tamah dişinin giziltisini beynində hiss etsin? Nə göz görsün, nə də könül bulansın! Bağla, qapa bitsin.

Kaş indi yaşayaydın, Mirzə! Daha əyyam o əyyam deyil. İndi bizə lotular İsfahandan gəlmir, eləcə öz məmləkətimizin lotuları özümüzə bəs edir. Özü də indinin lotularından ölü diriltmək-filan möcüzü tələb edilmir. İndinin lotuları diriləri qəbrə quylamaqla məşğuldurlar. Başlayıblar gömməyə. Hələ ki, sizlərin azadlığa qovuşdurduğunuz qadınları diri-diri gömməyə girişiblər. Özü də 6-7 yaşlısından başlayıblar. İndi atalar “Şeyx nəsrullahlar”ın hüzurunda dünyadan köçmüş balasını diriltmək üşün deyil, dünyadakı balasını qəbrə gömmək xahişi üçün növbəyə durublar.

Hər kəs öz qəlbində olanı digərindən yaxşı bilir, hər kəs öz qəlbinin bələdçisidir. Yaxşı bilir içində nə gəzdirir, hansı xislətin sahibidir, “dağ özünündür kəramətinə bələddir”. 6 yaşlı körpəni qapamaq zərurəti duyan, onu seksual obyekt gözündə görən, bu rəzilliyə, bu biabırçılığa dözən, səsini içinə salan ziyalı, sənin elə bir Şeyx Nəsrullaha ehtiyacın var, ki səni diriltsin?!

“Bir qrup mürtəd hicab aksiyasına əngəl törədir”, dini saytların yazdıqlarından…

 

Demək, bu məmləkətdə mürtəd olmamaq üçün, boynuna yarğı asılmaması üçün, “imanlı”, “əxlaqlı” titulu qazanmaq üçün hələ hərf öyrənən balaya qara çarşab geyindirilməsinə əl çalmalısan, “namuspərəstlər”ə züy tutmalısan. Yox, əksini düşündünsə mürtədsən, mülhidsən (Həm də bu təhqirləri yağdıranlar vicdan azadlığından, demokratiyadan, fikir müxtəlifliyindən, dözümlülükdən dəm vuranlardır).

Nə var, “yüzminlik aksiyaya” qarşı bir necə yüz insanın səsini, əks düşüncəsini ortaya qoymuşuq. Bir neçə yüz… Gər bu “əksfikirlilər” onminlər, yüzminlər olsaydı hansı həngamə qopardı, hansı təhqirlər yağdırılardı. Bir necə yüz insanın əks fikir ortaya qoymasına belə dözümsüzlük nümayiş etdirənlərin bütöv bir millətin gözünü boyayıb vicdan azadlığından danışması həyasızlıq deyilmi? Bütün şəriətçi, klerikalist mətbuat qələminə gələni yazmaqdadır. “Ay haray, qoymayın, bəs aksiyamızı əngəlləyirlər, sionistlər, masonlar imanmızı əlimizdən aldılar, dinimizi məhv elədilər”.

Nə imiş bunların din, iman dedikləri? Əlifba öyrənmək yaşındakı balanı çadraya bürümək! Elədə sionist, ya masonmu haqlıdır, yoxsa bu qaranlıq əhli?

İnsanların psixologiyasını nə gözəl bilirmişlər bunlar? Halal olsun sizə indiyə kimi elədikləriniz. Bu məmləkəti, bu milləti santim-santim qaranlığa tərəf sürükləməyiniz! Halal xoşunuz olsun! (Mu?! – Red.)

Bilirlər ki, bu cür özündən əzabkeş, basqı altında olan obraz onlara hava-su kimi gərəkdir. Özlərini əzabkeş İsa timsalında, əzilən, haqqı zorlanan göstərmək, ətrafında olanların özünəqapanmasını təmin etmək üçün!..

Yararsız təhsil, təhsildə rüşvət əsas deyil. Nədən? Çünki o balalar ki təhsil ocaqlarına yollanır, onların hansı keyfiyyətdə təhsil alacaqları önəmli deyil, nə də olsa yazı-pozu öyrənməyəcək, orta məktəb səviyyəsindən o yana buraxılmayacaqlar “namus düşkünü” ataları tərəfindən. Elə əlifbanı öyrənsə, Qum şəhərində çap olunmuş “namazı belə qılaq” kitablarını oxumağa bəs edən bilik alsa yetər. Universitetə, ali təhsil ardınca ki getməyəcək, nəyə gərək təhsilin səviyyəsi? Ona görə də bunları balasının nə öyrənəcəyi, necə öyrənəcəyi qətiyyən maraqlandırmır. Əsas namusdur. Özü də fərdiləşdirilmiş, cinsiləşdirilmiş namus. Qadının baş örtüsünə bükülmüş namus. Qadının çiyinlərinə qoyulmuş, kişinin özündən uzaqlaşdırdığı namus. Yalnız öz qadınını qorumaqdan o yana getməyən namus. Oğurlanan səsə, əsarətə alınmış vətəndaşa (özü də qadın), işğal edilən torpağa, yağmalanan haqqına, oğurlanan səsinə, talanan varidatına, heçə sayılan insanlığına yetməyən namus. Xocalıda yüzlərlə gəlininin bəxti qara gələn, buna dözən, amma “Sari gəlin” mahnısı üstündə yaxa cıran namus. Üzeyirin Vətənini ayaq altda qoyub, “Arşın mal alan”a görə meydan sulayan namus.

Üzeyir bəy qəbirdən başını qaldırıb bu mənzərəni görsəydi üzümüzə tüpürərdi, “”Arşın mal alan”ı yox, Şuşanı azad edin, oraya geri qayıdın” deyərdi.

Hər qonşusunda bir dilim torpağı, bir bölük milləti olan, yetənə meydan olan zavallı Azərbaycan və azərbaycanlılar. 35 milyon Güneydə əsir, dili, mədəniyyəti tapdanan, adlar içərisində adı olmayan, şimalında can düşməninin dirijor çubuğuyla özünə qəbir qazan millət. “Çadraçılar” ilham aldıqları İran dövlətinə “Güney Azərbaycan türklərinə mədəni haqlarını verin, öz dilində təhsil haqqı tanıyın” adlı imzatoplama aksiyası keçirərdilərmi? “Hicab fərdin şəxsi seçimidir, haqqıdır” deyib boğaz yırtanlar fikir babalarına “bu, fərdin seçimidirsə, onda hər kəsin seçim haqqını özünə tanıyın, kimsə o haqqı özünə rəva bilmirsə, onu rahat buraxın, küçələrdə “hicab qaydalarına əməl etmə” reydləri insan haqlarına ziddir. ““Hicab qaydalarına əməl etmir” ittihamıyla yüzlərlə qadını dəyənəkləyib həbsə atmayın” adlı imzatoplama keçirərlərmi? Konstitusiyanın bir maddəsinə istinad edənlərdən həmin maddədə nəzərdə tutulan “Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır” müddəasına münasibətini bilmək maraqlı olardı. “Çadraçı”lar və onların fikir babaları fərdin hər hansı dinə etiqad etmək, dinə münasibətini ifadə etmək, yaxud heç bir dinə etiqad etməmək hüququnu tanıyırlarmı? “Heç bir dinə etiqad etməyən”ə çadraçıların və onları təlimatlandıranların münasibəti necədir, onları hansı adla çağırırlar? (Münasibətləri bəllidir və həmin adlardan biri yuxarıda var – “mürtəd”. Bu hələ ən yumşaq halıdır).

Aksiyaya qoşulanların kimlikləri də ilgincdir. Əksəriyyəti kişilərdir. Özü də o kişilər ki, öz evində, öz ailəsi içərisində səs verib dəstək nümayiş etdirdikləri nəsnəni tətbiq etmirlər, nə xanımları, nə qızları “çadralı” deyillər. Və ya çadraya dəstək vərən “başıaçıq” xanımlar. Bu xanımların dəstəyini başa düşmək olar. Müsəlman toplumu içərisində hicaba açiq-aşkar “yox” deyə bilmək qadından “qadınüstü” cəsarət tələb edir ki, bu bizim toplumda heç əksər kişilərdə rast gəlinən özəllik deyil. Çadraya yox deyən qadın avtomatik özünü çadrasızlara qarşı yönəlmiş ittihamlar qarşısında qoymuş olur. Kimdir öz “ağrımayan başına buz bağlayan”? Bəziləri də bunu fərdin seçimi, azadlığı kimi qavrayıb, ümumi psixozdan uzaqlaşa bilmirlər. Ancaq burada unudurlar ki, çadra hələ əlifba öyrənən, yetkinlik yaşına çatmamış, nəyin nə olduğuna müstəqil qərar vermək imkanında olmayan bir körpənin seçimi ola bilməz. Əgər din və çadra şəxsi seçimlə verilən qərarla fərdin özünə seçdiyi yaşam tərzidirsə, o zaman hələ oxuması-yazması olmayan bir məktəblinin dini araşdırıb bəlli bir nəticəyə gəlməsi necə mümkündür? Bu, kimin seçimi sayılmalıdır? Başına çadra salınıb dünyası qaranlığa bələnən körpələrin, yoxsa balasının başını bağlamaqla, onun qaranlığa gömülən dünyasıyla alver edib, özünə “namuslu” titulu qazanan atalarının? Sizlər ataların seçimi qarşısında zavallı körpələri köməksiz buraxmaqla bu rəzalətə şərik olmursunuzmu, sayın “başıaçıq” (həm də mənəvi baxımdan), həmin qaranlığı hətta yetkin yaşında belə özünə rəva bilməyən aydın xanımlar? İkinci bir tərəfdən, sabah sizə də zorla çadra örtülsə, bu gün sizlərin çadralanmasına yardım etdiyiniz, guya haqqını müdafiə etdiyiniz xanımlar imza toplayıb “çadra geyinməmək də onların hqqıdır” dəstəyi nümayiş etdirəcəklərmi? Eyni humanist addımı çadralanmş zehniyyət daşıyıcısı olan qadın da atıb, sizin seçmədiyiniz, istəmədiyiniz geyimi geymək əzabından xilas olmanıza yardım edəcəkmi? Bu gün sizin çadraya soxduğunuz körpənin çarşablı zehniyyətiylə ərsəyə gətirəcəyi gələcək sizə çadrasızlığı bağışlayacaqmi? Körpə yaşındaykən çadralanmış qadını olan cəmiyyət bu gedişlə vaxt gələcək sizi də öz işində əridəcək, bunu unutmayın!

İ.S. Yazını bitirdikdən sonra nəzərimə qəzetlərdən birində bu məsələylə bağlı tanınmış bir alimin qeyri-səlis məntiqə söykənən ağlı ilə ustalıqla əlaqələndirdiyi elə o qədər də qeydi-səlis məntiqi münasibətini oxudum. Dünyanı dolaşıb sonucda öz ölkəsinə çadra ilə (öz başında deyil) və çadra üçün dönən alimi olan millətin sabahı elə çadranın rəngi və mahiyyəti ilə həmrəng olar! Əvvəllər məmləkətdən cahil gedən elm, təhsil, mədəniyyət görüb “Kefli İsgəndər” simasında geriyə dönürdü, indi “elm dalınca gedənlər”imiz də “şeyx nəsrullahlaşıb” qayıdırlar. Necə deyərlər, “bığ dalınca getmişdi, saqqalı da bada verdi”.

 

Xural” qəzeti,

İl: 9, sayı: 030 (438),07-13 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

2 şərh

  1. Turkun Dushunen beyni dondurulub,Vuran qollari iflic veziyyetindedi.Turkiye iqtidari (milleti yox) Erdoganlar burnun ucunda cibrigi cixarilan Azerbaycani qoyub Erebistanin hayindadi,turku islamin qaranliqlarina surukleyir.Oz iptidarimizda yena da ela.Har shey uzde,her shey bayagi.iranin tasirina dushmek qorxusu olmasa Azerbaycan hokumetida hicaba raziliq verardi,her dongede bir mescid,bir medrese tikdirerdi.Ziyalilarimizda onun kimi. Yena yaxshi ki senin kimi dushunen yazarimiz,insanimiz var. Yaz qardash yaz bu milletin derdini .Qelem tutan barmaqlarina quzu keserem.

  2. tanidigim bütün dindarlar psixoloji problemi olan adamlardi. psixi problemi olan adamlarinsa sekse ,cinsiyyete münasibeti aydindi.ve sehvetini idare ede bilmeyen adamlar din adlanan örtüye bürünerek namus adlanan silahi ellerine alaraq meisetimize soxulur .namus sözünü mehz qadinin cinsi orqanina baglayan bu psixi xesteler her cür vehsilikler töredir ve özlerini haqli sayirlar .diktaturanin hökm sürdüyü ölkelerde bele xestelerin sayi hemise cox olub.ümidin qapilari baglananda dinin qapilari acilir .onlara etiraz etmeye cesaret edenleri namussuzluq damgasi ,cemiyyetin qinagi hakimiyyetin hücumlari ve daha neler neler gözleyir.bizse bir millet olaraq aciz,qorxaq,ve psixi xesteyik .sovet hökumeti bizi zorla müalice edirdi.indi dagilmis imperiyanin xarabaliqlari altinda 20% torpaqlari ermeni tapdagi altindan olan aciz .korrupsioner hakimiyyete quyruq bulayan qorxaq ,arvadlarini ,qizlarini cadra altinda gizeltmek seviyyesinde alimi olan xeste bir millet görünür.eziz fexri ,bu milletin saglam baslisi ya sizin kimi mühaciret edir uzaqdan-uzaga mehv olan milletine baxib qovrulur,ya da öz hücresine cekilib ölümünü gözleyir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button